Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-299/2023 28.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Canıyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat:15:15 xx xxxxx 1984-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-212/2016 saylı, 12 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran şəhəri, Ş.Zahid küçəsi ev 40 A-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 26 mart 2023-cü il tarixdə Lənkəran şəhərində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,459 qram, 0,413 qram, ümumi təmiz çəkisi 0,872 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 27 mart 2023cü il tarixdə saat 17:05-də Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Ş.Zahid küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçəsinin sağ yan cibində olan siqaret qutusundan qeyd edilən çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2023-cü ilin yanvar ayının 17-də cəzasının sonu ilə azad edilmişdir. 2007-ci il tarixdən narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitədən istifadə etməsi bədənində olan ağrılarla bağlı olmuşdur. 26 mart 2023-cü il tarixdə, saat 16 radələrində özünü ona “Elçin” kimi təqdim edən şəxsdən iki bükümdə 50 manata narkotik vasitə heroin almışdır. “Elçin” adlı şəxsdən aldığı heroin olan bükümləri istifadə etmək məqsədi ilə əynində olan gödəkçəsinin sağ yan cibində olan “Rothmans” markalı siqaret qutusunun içərisinə qoymuşdur. 27 mart 2023-cü il tarixdə saat 17 radələrində Lənkəran şəhəri, Ş.Zahid küçəsində olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu demiş və onu Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. O, heç bir etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Orada ona şübhəli şəxs kimi tutulduğunu elan edib, vəkillə təmin olunmuşdur. Üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən öncə polis əməkdaşı ona üzərində narkotik vasitə və ya digər qanunla qadağan edilmiş əşya olduğu halda təqdim etməsini təklif etmişdir. O, əynində olan gödəkçəsinin sağ yan cibində saxladığı siqaret qutusundakı 2 bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Daha sonra əynində olan şalvarının arxa sağ cibindən 1 ədəd istifadə etdiyi “Nokia” markalı mobil telefonu təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heçnə aşkarlanmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş iki büküm heroini elektron tərəzidə çəkmişlər və çəkisi 0,93 qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş iki büküm heroini bir zərfə qoyub bağlamışlar və möhürləmişlər. Həmin zərfin üzərini o və vəkili imzalamışlar. Sonda protokol tərtib edilmişdir. İlkin sorğusual zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini Lənkəran şəhəri, “kiçik bazar” adlanan ərazidən “Elçin” adlı şəxsdən aldığını polis əməkdaşlarına bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə, əməlindən səmimi peşman olduğunu, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf etməsini nəzərə alıb, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması ilə məşğul olması barədə məlumat əldə etmişdir. Ona görə də Təqsirləndirilən şəxs hərəkətlərini müəyyən edib ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün 27 mart 2023-cü il tarixdə raportla şöbəsinin rəisinə müraciət etmişdir. 27 mart 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin rəisi tərəfindən təsdiq edilmiş qərara əsasən, o Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. Həmin gün saat 17:05-də Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Zahid küçəsində olduğunu görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərinin təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması barədə məlumatı olduğunu demişlər. Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. Baxşiyev X5 ŞRPŞ-də müdafiəçi ilə təmin olunmuş, Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Murad Adilzadə tərəfindən şübhəli şəxs qismində tutulmuş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. İlk növbədə, Təqsirləndirilən şəxs üzərində narkotik maddələr və digər cinayət xarakterli əşya və predmet olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən “Rothmans” siqaret qutusunu çıxarıb, həmin siqaret qutusunda şəffaf sellofana bükülmüş iki ədəd bükümdə içərisində narkotik vasitə olan heroinə bənzər kütlələri təqdim etmişdir. Həmin sellofan bükümlərinə baxış keçirildikdə içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyənləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının arxa sağ cibindən bir ədəd işlək vəziyyətdə “Nokia” markalı mobil telefonu təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, üzərindən hər hansı bir narkotik maddə, psixotrop maddə və digər cinayət xarakterli əşya və predmet aşkar olunmamış və götürülməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlər narkotik vasitə heroindir və öz istifadəsi üçün üzərində saxlamış, həmin heroin bükümlərini 26 mart 2023-cü il tarixdə Lənkəran şəhəri “kiçik bazar” ərazisində “Elçin” adlı şəxsdən 50 manata almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 büküm içərisində narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkildikdə çəkisi 0,93 qram olmuşdur. Təqsirləndirilən şəxs verdiyi məlumat əsasında “Elçin” adlı şəxs müəyyən edilərək məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarışın keçirilməsi haqqında 27 mart 2023-cü il tarixli protokoldan və protokola əlavə olunmuş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən iki bükümdə 0,93 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, o, həmin narkotik vasitənin özünə məxsus olduğunu, istifadəsi üçün üzərində gəzdirdiyini və 26 mart 2023-cü il tarixdə Lənkəran şəhəri “kiçik bazar” ərazisində “Elçin” adlı şəxsdən 50 manata aldığını göstərmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 28 mart 2023-cü il tarixli, 19/353 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 2 ədəd bükümlərdə ayrı-ayılıqda təmiz çəkiləri: - 0,459 qr, -0,413 qram, ümumi təmiz çəkisi 0,872 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manat müəyyən edilmişdir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 30 mart 2023-cü il tarixli, 336 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2008-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib Yasamal Rayon Məhkəməsinin hökmü ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 12 avqust 2010cü il tarixdə Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 fevral 2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan sonra o, 12 may 2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 18 və 83-cü maddələrininin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-212/2016 saylı, 12 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 17 iyul 2015-ci il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 28 aprel 2023-cü il tarixli, 398 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. Lənkəran Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 4(049)-100/2023 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 27 mart 2023-cü il tarixdən hesablanmışdır. Lənkəran ŞİHB-nin Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyun 2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Baxşiyev X5 şəhəri Ş.Zahid küçəsi ev 40 A ünvanında atası 1945-ci il təvəllüdlü X3 və anası 1955-ci il təvəllüdlü X1 ilə birgə yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. «Sübutların qiymətləndirilməsi» haqqında 02 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükümdə ümumi çəkisi 0,872 qram narkotik vasitə heroin və şəxsi axtarışın videogörüntüləri olan DVD disk maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan iki ədəd bükümdə 0,772 qram narkotik vasitə heroin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi, şəxsi axtarış zamanı videoçəkilişə dair 1 ədəd DVD diskin maddi sübut qismində iş materiallarında saxlanılması qərara alınmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadələrinə, ekspert rəylərinə və işin digər materiallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edildiyi qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cinayətə görə məhkumluğu ödənilməmiş və götürülməmiş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf etməsini, yaşayış yeri müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1 və 65.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli və bu cəzanın müddəti onun təqsirli bilindiyi maddədə nəzərdə tutulan daha ciddi cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 18.1 və 65.2-ci maddəsinin tələbi baxımından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 27 mart 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 2 ədəd bükümdə 0,772 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 01 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 27 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan iki ədəd bükümdə 0,772 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-299/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-299/2023
28.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver