Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-306/2023 27.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:10 Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1987-ci il tarixdə Lənkəran rayonu, Viyən kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan və yaşayan, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində xx.xx.2023-cü il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri Nizami küçəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,381 qram, 0.480 qram, 0.332 qram və 0.328 qram, ümumi təmiz çəkisi 1.521 qram olan, tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və həmin tarixdə saat 14:10-da Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı Lənkəran rayonu Viyən kəndində küçədə piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən qeyd olunan bükümlərdə və çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etməmiş, qanunsuz olaraq narkotik vasitə əldə etməmiş və saxlamamışdır. Lakin son bir ildir ki, Psixoloji problemlərim olduğu üçün 2-3 gündən bir narkotik vasitədən istifadə edir. Lakin xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır. Həmin gün üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin ona aid olmamış, həmin narkotik vasitə onun üzərinə polis əməkdaşı Şahid1 tərəfindən qoyulmuşdur. Bundan sonra ona qarşı edilən təzyiqlərə dözməyib polis əməkdaşlarının dediklərini olduğu kimi təsdiq edib sənədlərə imza etmişdir. O, Şahid1 əvvəllər tanımamış, lakin üzərinə narkotik vasitə qoyduğuna görə sonradan adını və soyadını öyrənmişdir. xx.xx.2023-cü il tarixdə o, polis şöbəsinə aparılanda və üzərində şəxsi axtarış keçiriləndə vəkil ilə təmin edilmiş və videoçəkilişdən istifadə edilməklə axtarış aparılmışdır. Həmin vaxt polis əməkdaşları onu vurmamış, fiziki və psixi təsir göstərməmişlər, ancaq qorxduğu üçün, yəni narkotik vasitənin özünə məxsus olduğunu deməsə, polis əməkdaşlarının onu döyəcəklərindən ehtiyat etdiyi üçün üzərində şəxsi axtarış aparılarkən narkotik vasitəni çıxarıb özünə məxsus olduğunu demişdir. Həmin narkotik vasitənin onun üzərinə polis əməkdaşı tərəfindən qoyulması ilə bağlı vəkilinə də bildirməmiş, sonradan da heç kimə bu barədə məlumat verməmişdir. Psixoloji problemləri olduğu üçün şikayət etməmiş və məhkəmə istintaqını gözləmişdir. Narkotik vasitənin özünə aid olduğunu deməyə onu heç kim məcbur etməmiş, qorxduğu üçün özü bu cür ifadə vermək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Viyən kəndində valideynləri ilə birlikdə yaşayır. Əvvəllər Ukrayna vətəndaşı ilə evli olmuş, sonra boşanmışdır. Onun iki övladı var və övladları anaları ilə birlikdə Ukrayna Respublikasında yaşayırlar. O, heç bir yerdə işləmir və əvvəllər məhkum olunmamışdır. Təxminən, 1 ildir narkotik vasitə heroini zərdə yandırıb tüstüsünü udmaqla qəbul edir. Həmçinin, metadon da istifadə edir. Heç bir psixi və ya nevroloji dispanser qeydiyyatında deyildir. xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Lənkəran şəhərində “Böyük bazar” adlanan ərazidə, Nizami küçəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 15 manata dörd bükümdə heroin alıb cibinə qoymuşdur ki, sonra istifadə edər. Həmin gün saat 14 radələrində yaşadığı evin yaxınlığındakı küçədə piyada gedərkən bir avtomobil yanında saxlamış, həmin avtomobildən mülki geyimdə bir neçə şəxs düşərək ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona üzərində narkotik vasitə olmasında şübhəsi olduğunu bildirib Lənkəran ŞRPŞ-yə gətirmişlər. Polis şöbəsində otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o, hüquqlarını müdafiə etməsi üçün həmin siyahıdan Vəliəhəd Həbibovu özünə vəkil seçmişdir. Şöbədə xidməti otaqların birində, videoçəkiliş vasitəsi ilə, müdafiəçi Vəliəhəd Həbibovun iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış, polis əməkdaşı Bəhruz adlı şəxs tərəfindən ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya varsa, təqdim etməsi təklif olunmuşdur. O da əynində olan şalvarın sağ yan cibində şəxsi istifadəsi üçün saxladığı dörd büküm heroini çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümlər polis işçisi Bəhruz tərəfindən götürülmüşdür. Polis əməkdaşları üzərindən aşkar edilmiş heroini haradan və nə məqsədlə əldə etməsi barədə onunla sorğu-sual etmişlər, o da aşkar edilmiş heroini saxlanıldığı gün Lənkəran şəhərində “Böyük bazar” adlanan ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilən heroin polis əməkdaşları tərəfindən götürülmüş, elektron tərəzidə çəkilmiş və çəkisinin 1,66 qram olması müəyyən edilmiş, daha sonra zərfdə qablaşdırılmış, zərfin üzərində o və vəkili tərəfindən də imza edilmişdir. Protokol tərtib edilmiş, o da heç bir təsir və təzyiq altında olmadan müdafiəçisinin iştirakı ilə tərtib edilmiş sənədlərə imza etmişdir. Onun üzərindən qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar olunmamışdır. Müdafiəçinin ona verdiyi suala cavab olaraq aşkarlanmış narkotik vasitəni 4 bükümdə aldığını, saxlanılarkən və ya polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən heç bir formada zor və ya güc tətbiq edilmədiyini, üzərindən aşkarlanmış narkotik vasitənin ona məxsus olduğunu, polis əməkdaşlarından şikayətinin olmadığını bildirmişdir. O, narkotik vasitəni üzdən tanıdığı şəxslərdən əldə edir, həmin şəxslərin adlarını bilmir. Lakin o, narkotik vasitələrin satışını həyata keçirmir, əldə edən zaman özü istifadə edir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun ifadəsinin xx.xx.2023-cü il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin ona aid olmadığı, həmin narkotik vasitənin onun üzərinə polis əməkdaşı tərəfindən qoyulduğu, qorxduğu üçün narkotik vasitənin özünə aid olduğunu bildirdiyinə dair hissəsi cinayət məsuliyyətindən azad olunmaq niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin narkotik vasitənin onun üzərinə polis əməkdaşı tərəfindən qoyulduğuna dair hissəsi məhkəmə araşdırması zamanı sübut olunmadığından, əksinə, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə haqqında” protokol, ekspertiza rəyləri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə onun özünün və vəkilin iştirakı ilə şəxsi axtarış aparılarkən 4 ədəd bükümdə narkotik vasitə onun əynində olan şalvarın cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu, özü üçün aldığını, saxlanılarkən və ya polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı təsir və ya təzyiq göstərilmədiyini müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman demiş, hətta bunu məhz müdafiəçinin sualına cavab olaraq bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində özü də etiraf etdi ki, polis şöbəsinə aparılanda polis əməkdaşları onu vurmamış, fiziki və psixi təsir göstərməmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsə də, onun həmin cinayət əməlini törətməsi cinayətin törədilməsi şəraiti, yeri, vaxtı və üsulu barədə şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə haqqında” protokol, ekspertiza rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, Lənkəran rayonu Viyən kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində saxlaması barədə xx.xx.2023-cü il tarixdə oun icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat barədə raportla şöbənin rəhbərliyinə məruzə olunmuş və məlumatın yoxlanılması ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:10-da Təqsirləndirilən şəxs rayonun Viyən kəndində müşahidəyə götürülmüş və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində küçədə piyada hərəkətdə olarkən saxlanılmışdır. Həmin yerdə insanların və avtomobillərin intensiv hərəkətini nəzərə alaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasından ötrü Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Lənkəran ŞRPŞ-nin xidməti otaqlarının birində, videoçəkiliş vasitəsilə müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmazdan əvvəl bir daha hüquq və vəzifələri izah olunmaqla, üzərində qanunsuz əşya olduğu təqdirdə özünün təqdim etməsi təhqiqatçı Bəhruz Qurbanov tərəfindən ona təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan cins şalvarın sağ yan cibindən dörd ədəd büküm çıxarıb masa üzərində qoymuşdur. Bundan sonra təhqiqatçı Bəhruz Qurbanov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər əşya aşkar olunmamışdır. Aşkarlanmış dörd ədəd bükümün içərisinə baxdıqda narkotik vasitə olan heroinə oxşar maddələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış 4 bükümdə narkotik vasitə heroinə bənzər kütlənin çəkisi elektron tərəzidə çəkilərək 1,66 qram olması müəyyən edilmiş, kütlələr ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlələr “kakos” deyilən narkotik vasitə heroindir, özünə məxsusdur, həmin kütlələri Lənkəran şəhərində “Böyük bazar” adlanan ərazidə üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün ümumilikdə 15 manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, polis şöbəsinə gətirilərkən və ya sonrakı mərhələlərdə polis əməkdaşları tərəfindən hər hansı fiziki, psixi təzyiqə məruz qalmamış, o özü də müdafiəçini yanında bunu təsdiq etmişdir. Daha sonra protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs də heç bir təzyiq olmadan tərtib olunmuş sənədlərlə müdafiəçisinin iştirakı ilə tanış olub sənədləri imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və İTB-nin polis sahə rəisi Şahid3 da Şahid1 ifadəsinin məzmununa uyğun ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən edilir ki, həmin tarixdə saat 14:55-dən başlayaraq Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən o, əynindəki şalvarın sağ yan cibindən 4 ədəd şəffaf sellofana bükülmüş, heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə narkotik vasitə heroin olmaqla onun özünə aid olduğunu, həmin narkotik vasitəni Lənkəran şəhərində “Böyük bazar” adlanan ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 15 manata aldığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar edilmiş bükümlərdəki kütlələr Təqsirləndirilən şəxs özünün və vəkilin iştirakı ilə elektron tərəzidə çəkilərək çəkisinin 1,66 qram olması müəyyən edilmiş, daha sonra həmin kütlələr ayrı ayrı zərflərə qoyularaq möhürlənmişdir. Qeyd olunan hərəkətlər barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs özü və müdafiəçisi də protokola imza etmişlər. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-X3 regional bölməsinin xx.xx.2023-cü il tarixli 19/435 nömrəli rəyi və həmin tarixli aktla müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4 büküm...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,381 qram, 0,480 qram, 0,332 qram, 0,328 qram ümumi təmiz çəkisi 1,521 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqat obyektinin 0,2 qramdan ibarət hissəsi (hər birindən 0,05 qram) tədqiqata istifadə olunduqdan sonra çəkisi 1,321 qram olan maddə qalığı bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır (Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir). İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran şəhər-rayon X7 Bölməsinin müstəntiqi X1 qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından və xx.xx.2023-cü il tarixli raportdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Lənkəran şəhər-rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Şəxsi axtarış zaman videoçəkiliş aparılmasına dair 1 ədəd CD disk maddi sübut kimi tanınaraq işə əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər narkoloji xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli 405 nömrəli rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər Psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli 630 nömrəli arayışından müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş şübhəli şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:10-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, məhkəmənin həmin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu andan xx.xx.2023-cü il tarixdə saat 14:10-dan hesablanmışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 354 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Viyən kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu Viyən kəndində valideynləri ilə birgə yaşayır. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Viyən kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır və o, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında məhkəmənin qərarı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Həmin qərar əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsi tərəfindən verilmiş, məhkəmə baxışı iclasında elan edilmiş xx.xx.2023-cü il tarixli 2954 nömrəli rəydə qeyd edilmişdir ki, müayinə olunan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin, hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. O, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarındadır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Qeyd olunan dəyişiklik xx.xx.2023-cü il tarixdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (köhnə redaksiya) nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs iki uşağının olduğunu bildirsə də, həmin uşaqların kimliyi, hansı yaş həddində olmaları barədə məhkəməyə hr hansı sənəd təqdim edilmədiyindən məhkəmə hesab edir ki, həmin xüsusat Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin əməlinin xarakterini, ağırlıq dərəcəsini, aşkar edilmiş narkotik vasitənin növünü və miqdarını təqsirləndirilən şəxsin şəxsiyyətini və törədilən cinayət əməlini səciyyələndirən hallar kimi cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələbləri ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş cəzalardan az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Qeyd olunan əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən hazırki cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs narkoloji xəstəxanada qeydiyyata alınması məsləhət görüldüyündən o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 19/435 nömrəli rəyinin və Təqsirləndirilən şəxs barəsində polis əməkdaşlarının tərtib etdiyi “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2023-cü il tarixli protokolun nəticələrini müqayisə edərək narkotik vasitənin çəkisinin məhkəmə-bioloji ekspertizası tərəfindən daha dəqiq müəyyən edilməsini nəzərə almaqla, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitənin xalis çəkisinin ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda - 1.521 qram olmasını qəbul edir. İş üzrə maddi sübut - Lənkəran şəhər-rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 1.321 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparılmasına dair 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 60 manat ekspertiza xərci Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbinin olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (köhnə redaksiya) nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut - Lənkəran şəhər-rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 1.321 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparılmasına dair 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 60 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbinin olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində, həbsdə saxlanılan şəxs tərəfindən isə hökmün ona verildiyi andan 20 gün müddətində həmin hökmdən Lənkəran Rayon Məhkəməsi vasitəsilə, bilavasitə və ya həbsdə saxlanılma yeri vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim:Kamran Süleymanov
Məhkəmə qərarları › İş №1(049)-306/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-306/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver