Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-31/2025 05.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin hüquqi varisi X2 oğlu və müdafiəçi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Lənkəran rayonu Mamusta kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Lənkəran rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli hökmü ilə barəsində 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə 01 ay 13 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşamış, 15 iyul 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə Lənkəran rayonu Mamusta kəndində ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2024-cü ilin iyul ayında Lənkəran şəhəri, Böyük bazar adlanan ərazidə istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) bükümdə, təmiz çəkisi-0,309 qram olub xeyli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 13 iyul 2024-cü il tarixdə, saat 11:30-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Mirmustafaxan küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən həmin bükümdə və çəkidə narkotik vasitə olan heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittiham edildiyi cinayət hadisəsini törətməmişdir. Belə ki, narkotik vasitəsi onda aşkar edilməmişdir. Polis əməkdaşları onu 13 iyul 2024-cü il tarixdə saat 11:30-da Lənkəran şəhəri, MirMustafaxan küçəsində deyil, başqa ərazidə, yəni Böyük bazar ərazisində 13 iyul 2024-cü il tarixdə saat 05:30-da saxlayaraq, polis şöbəsinə aparmışlar. O, həmin vaxt polis tərəfindən saxlanılarkən həmin ərazidə xidmət göstərən Amil adlı polis əməkdaşı da orada olmuşdur. Lənkəran Şəhər Rayon Polis Şöbəsində narkotik vasitə polis əməkdaşlar tərəfindən onun üzərinə qoyularaq, özünə məxsus olmasını bildirməsi üçün polis əməkdaşları tərəfindən ona fiziki təsir göstərilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılan ifadəsində özünü ona qarşı irəli sürülən ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, Lənkəran rayonu, Mamusta kəndində yaşayır, heç bir yerdə işləmir. Uzun müddətdir ki, narkotik vasitə heroini tüstü yolu ilə qəbul edir. İstifadəsi üçün narkotik vasitəni Lənkəran şəhəri ərazisində tanımadığı müxtəlif şəxslərdən alır. 13 iyul 2024-cü il tarixdə səhər saatlarında Lənkəran Mərkəzi bazarı ərazisində olduğu zaman əvvəllər də bir iki dəfə narkotik maddə heroin aldığı tanımadığı şəxsi görüb ona yaxınlaşaraq öz istifadəsi üçün heroin satmasını istəmiş, həmin şəxs də onu kənar bir yerə çəkib, özündə heroin olduğunu və 1 bükümünü 15 manata satdığını bildirmişdir. O da həmin şəxslə razılaşıb, 15 manat verib ondan 1 büküm heroin alıb və onun yanından uzaqlaşmışdır. Həmin heroin bükümünü öz istifadəsi üçün əynindəki şalvarının sol yan cibinə qoyub saxlamışdır. Həmin tarixdə saat 11:30 radələrində Lənkəran şəhəri, Mirmustafaxan küçəsində yolla tək piyada getdiyi zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmış, özlərini təqdim edib, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını demişdilər. Polis əməkdaşları ona narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib, onu Lənkəran şəhər rayon polis şöbəsinə gətirmişlər. Lənkəran şəhər-rayon polis şöbəsinin inzibati binasında ona şübhəli şəxs kimi tutulduğunu elan edib, onun üçün müdafiəçi dəvət edib, müdafiəçinin iştirakı ilə üstündə axtarış aparmağa başlamışlar. Üzərinə axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və maddə olduğu təqdirdə onları təqdim etməyi təklif olunmuşdur. O da əynindəki şalvarının sol yan cibindən Mərkəzi Bazar ərazisində alıb istifadəsi üçün saxladığı 1 büküm heroini çıxarıb təqdim etmişdir və həmin 1 ədəd bükümdə heroin olduğunu və onu öz istifadəsi məqsədilə 15 manata alıb saxladığını bildirmişdir. Üzərinə axtarış zamanı şalvarının cibindən 3 ədəd 1 manatlıq pul əskinasından başqa hər hansı predmet əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 1 bükümdə heroin elektron tərəzidə çəkilmiş, çəkisi 0,42 qram olmuşdur. Sonra aşkar olunmuş 1 bükümdə heroini ekspertizaya təqdim olunması məqsədilə kağız paketə qoyub bağlamış və möhürləmişlər. Zərfin üstünü o və müdafiəçisi Vəliəhəd Həbibov imzalamışlar. Üzərinə axtarış keçirilməsi prosesi zamanı videoçəkiliş aparılmış, axtarış aparılması barədə protokol yazıb onlara oxumuşlar. Protokolu o və başqa iştirakçılar imzalamışlar. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmiş, ona qarşı hansısa qanunsuzluq edilməmişdir. Bundan başqa o, narkotik vasitələrin satışı ilə indiyə kimi məşğul olmamışdır. Özü narkotik vasitə olan heroin istifadəçisidir və ondan çəkmə üsulu ilə istifadə edir. İstintaq zamanı iş üzrə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Lənkəran rayonu Mamusta kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində daşıması və saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı icraatına daxil olmuşdur. Əməliyyat məlumatının doğruluğu tərəfindən yoxlanıldıqdan sonra raportla şöbə rəisinə məruzə edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərliyi özü edirmiş, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və PPXB-nin polis serjantı Şahid3 da qrupun üzvləri olmuşlar. 13 iyul 2024-cü il tarixdə, saat 11:30-da keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Hüseynov X3 şəhəri Mirmustafaxan küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə videoçəkiliş vasitəsi ilə və müdafiəçi Vəliəhəd Həbibovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 01 ədəd gümüşü kağıza bükülmüş bükümü təqdim etdi. Həmin bükümə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmiş, tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə aparılmış şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş həmin kütlə ona məxsusdur, narkotik vasitə heroindən zərdə çəkmə yolu ilə qəbul edir. Üzərindən aşkar edilmiş həmin kütləni Lənkəran şəhəri, Böyük Bazar deyilən ərazidə tanımadığı şəxsdən 15 manat pulun qarşılığında əldə etmişdir. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. İş üzrə dindirilmiş şahidlər Şahid2 və Şahid3 digər Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İşin məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Lənkəran Şəhər Rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində xidmət edir. Xidməti ərazisi adətən Lənkəran şəhəri, Böyük bazar alanan ərazidə olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Eyni zamanda 13 iyul 2024-cü il tarixdə onu Böyük bazar ərazisində görməmişdir. İşin məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhərində yerləşən Böyük bazarda alverlə məşğul olur. Təqsirləndirilən şəxs da bazardan tanıyır. Belə ki, Seyran da arabir gəlib bazarda meyvə satır. 13 iyul 2024-cü il tarixdə səhər saat 6 radələrində bazara işə gələrkən Seyranı da orada görmüşdür. Sonradan həmin əraziyə xidməti polis avtomobilinin gəldiyini də görmüşdür. Bir müddətdən sonra Seyranı daha orada görməmişdir. Lakin başı işə qarışdığından Seyanın kiminlə getdiyini və yaxud onu kimin apardğını görməmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxsin hüquqi varisi X4 oğlu Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə yaşadığı Lənkəran rayonu, Mamusta kəndində öldüyünü bildirərək, mərhum oğlu barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini etiraz etmədiyini bildirmişdir. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, həmçinin təqsirləndirilən şəxsin ifadəsi və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 13 iyul 2024-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilən şəxsi axtarışın videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən, yəni əynindəki şalvarın sol yan cibindən 01 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin 01 ədəd bükümdə olan narkotik vasitə olan heroinin çəkisi 0,42 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə heroindir, həmin kütlə özünə məxsusdur. Həmin kütləni Lənkəran şəhəri, Böyük Bazar adlanan ərazidə tanımadığı şəxsdən 01 bükümdə, 15 manat qarşılığında almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X1 Bölməsi tərəfindən “məhkəmə-kimyəvi ekspertizası” üzrə verilmiş 13 iyul 2023-cü il tarixli 19/548 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə.....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,309 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş ambulator məhkəmə-narkoloji ekpertizasının 15 iyul 2024-cü il tarixli, 592 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2024-cü il tarixdə saat 12:10 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur. 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və tutulmadan azad edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,309 qram olan narkotik vasitə heroin və şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,259 qram olan narkotik vasitə heroin Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarışın 01 ədəd DVD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən tərtib edilmiş 25 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Lənkəran rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib barəsində 02 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Xətai rayon Məhkəməsinin qərarı ilə 01 ay 13 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Lənkəran şəhər İHB-nın Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 oktyabr 2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Hüseynov X3 rayonu, Mamusta kəndində yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 09 oktyabr 2024-cü il tarixli, 4174 nömrəli arayışından görünür ki, Hüseynov X3 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. AZ-İİ seriyalı, 482868 saylı ölüm haqında şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2025-ci il tarixdə ölmüşdür. Doğum akt qeydiyyatından çıxarışdan görünür ki, X4 xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs anasıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 5 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək polis əməkdaşının narkotik vasitəni psixotrop maddəni üstünə qoyması, şəxsi axtarış zamanı təqdim edərək, özünə məxsus olmasını bildirməsini ondan tələb etməsi, şəxsi axtarış zamanı üzərində olan narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması və polis əməkdaşı tərəfindən üzərinə qoyulması barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu və əlavə edilmiş DVD disk, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Məhkəmə, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında dindirilən şahidlərdən Şahid5 münasibət bildirərək, qeyd edir ki, Şahid5, Təqsirləndirilən şəxs tanımadığını bildirmiş, Şahid4 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını bildirsə də 13 iyul 2024-cü il tarixdə səhər saat 6 radələrində polis əməkdaşlarının onu saxladığını görmədiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsini subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı üzərindən cinayətini törətməsini etiraf etməsini, məhkəmə araşdırması zamanı isə ziddiyyətli ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyrisəmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi üçün əsaslar vardır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət təqibinə xitam verilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi və təqsirləndirilən şəxsin hüquqi varisinin, işə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazları olmadığından cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,259 qram olan narkotik vasitə heroin məhv edilməli və 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, eləcə də ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat dövlət nəfinə aid edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.5, 43, 373 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5 və 43.3-1-ci maddələrinə əsasən cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,259 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat dövlət nəfinə aid edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərarda apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-31/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-31/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver