Məhkəmə qərarları › İş №1(049)-311/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-311/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-311/2023 13.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 10.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1965-ci ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla Yardımlı rayonu, Şıxlar kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs avtomobili idarə edən şəxs kimi yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 11 yanvar 2023-ci il tarixdə saat 08 radələrində “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus “VAZ 21063” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri Ş.Xiyabanı küçəsi avtomobil yolununun Lənkəran şəhəri Z.Əliyeva küçəsidən keçən hissəsində Lənkəran şəhər istiqamətində 20- 30 km/saat sürətlə hərəkətdə olduğu zaman yolu soldan sağa adi yerişlə keçən piyada Zərərçəkmiş şəxs görüb, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin “hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” tələbini pozaraq, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbir görməli olduğu halda, bunu etmədən ehtiyatsızlıqdan avtomobilin qabaq sol hissəsi ilə piyadanı vurmuş, onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ qamış sümüyünün proksimal hissəsinin sınığı kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almasına səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 oktyabr 2023-cü il tarixdə “VAZ 21063” markalı **-BO-*** qeydiyyat nömrə nişanlı avtomobil almışdır. 11 yanvar 2023-cü il tarixdə, səhər saat 07 radələrində qeydiyyatda olduğu Lənkəran rayonu İstisu qəsəbəsindən Lənkəran rayon Mərkəzi bazarına gələrkən Lənkəran şəhəri Şəhidlər xiyabanı dairəsi ərazisindən keçib Zərifə Əliyeva küçəsində olan zaman asvalt yolla Mərkəzi bazar istiqamətində hərəkət etmişdir. Həmin vaxt qar yağdığı üçün avtomobilini saatda 20-30 km sürətlə idarə etmişdir. Qarşısında yəni onunla eyni istiqamətdə dövlət qeydiyyat nömrəsini bilmədiyi bir sarı PAZ avtobusu hərəkət etmişdir. Həmin avtobus yolun sağında dayanmışdır. İdarə etdiyi avtomobil ilə, həmin avtobusun ara məsafəsi təxminən 25-30 metr təşkil etmişdir. Yolun solundan arakəsmədən bir orta yaşlı qadının da həmin avtobusa çatmaq üçün tələsik yəni qaçaraq yolu soldan sağa keçdiyini görmüşdür. Lakin idarə etdiyi avtomobilinin sürətini azaltsa da, həmin qadını sonda idarə etdiyi avtomobilin sol ön hissəsi ilə vurmuşdur. Nəticədə həmin qadın asfalt üstə yerə yıxılmışdır. O avtomobildən düşərək həmin qadını yerdən qaldırıb öz avtomobilinə əyləşdirib həmin qadını yaşadığı evinə aparmışdır. Evdə həmin qadının adının Xanımbacı olduğunu ərindən öyrənmişdir. Sonra Xanımbacının evindən çıxıb getmişdir. Hadisədən təxminən 10 gün sonra ondan şikayət etmişlər. Hadisə vaxtı spirtili içkinin təsiri altında olmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş zərəri tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 11 yanvar 2023-cü il tarixdə, səhər saat 08 radələrində yaşadığı evindən piyada Lənkəran şəhəri Z.Əliyeva küçəsinə çıxmış, yolu keçib avtobusa yaxınlaşmaq isatəyən zaman Lənkəran şəhəri Şəhidlər xiyabanı dairəsi ərazisindən Zərifə Əliyeva küçəsinə hərəkət edən Vaz 2106 markalı, **-BO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil asvalt yolla avtomobilini saatda 20-30 km sürətlə idarə etmiş, yolun sağ ehtiyyat hissəsində nömrəsini bilmədiyi bir sarı PAZ avtobusu dayanmışdır. Onunla Vaz 2106 markalı, **-BO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil arasında ara məsafəsi təxminən 25-30 metr olmuşdur. O da yolu soldan sağa keçən zaman həmin Vaz 2106 markalı, **-BO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yolun ortasında avtomobilinin sol ön hissəsi ilə onu vurmuşdur. O yerə yıxılandan sonra sürücü adını sonradan bildiyi Təqsirləndirilən şəxs onu yerdən qaldırıb öz avtomobilinə əyləşdirmiş və evə aparmışdır. Təqsirləndirilən şəxs öz avtomobilinə əyləşib övladının öldüyünü, üzürlü olduğunu deyib çıxıb getmiş və bir daha onun səhhətilə maraqlanmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam olaraq ödənilmişdir. Hazırda onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 19-26-cı vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 04 fevral 2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə Lənkəran şəhəri Z.Əliyeva küçəsinin avtomobil yolunda baş vermişdir və təqsirləndirilən şəxs X4 idarə etdiyi VAZ 21063 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə piyadanı vurduğu yeri göstərmişdir. Cinayət işinin 30-31-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 04 fevral 2023-cü il tarixli avtomobilə baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs piyadanı özünə məxsus idarə etdiyi VAZ 21063 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur. Cinayət işinin 105-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Azərbaycan Respublikası DİN BDYPİ-nin Lənkəran Rayonlararası Qeydiyyat İmtahan və X7 08 may 2023-cü il tarixli, 3-13-16-5/2-4622/2023 saylı məktubda göstərilmişdir ki, Lənkəran rayonu İstisu kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə “BC” kateqoriyalı AE-442750 saylı sürücülük vəsiqəsinin verildiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. Cinayət işinin 90-cı vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin 86-cı vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 100-103-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X2 Məhkəmə Psixatrik Ekspertizasının 04 may 2023-cü il tarixli 1225 saylı rəyində Təqsirləndirilən şəxs hal-hazırda şizofreniya paranoid forma müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki sənədlər, anamnestik məlumatlar (uzun müddətdir psixi vəziyyəti dəyişməsi, əsəbi olması, şübhələri olması, gecə yuxusunun pozulması, dəfələrlə psixatriya xəstəxanasında stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasında “Şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyatda olması) və hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (ünsiyyətə sərbəst daxil olması, təfəkkürünün autik olması, maraq dairəsinin bir qədər məhdud olması və sair) sübut edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs şizofreniya paranoid forma xroniki pxixi xəstəliyinin gedişində natamam remissiya vəziyyəti qeyd olunmuşdur. Təqsirləndirilən şəxs müəyyən edilən şizofreniya paranoid forma, natamam remissiya vəziyyəti öz ifadə dərəcəsinə görə onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunduğu halda anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respubliksı CM-nin 21-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs anlaqlağı istisna etməyən psixi pozuntusu olan şəxs kimi hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında deyil. Buna görə də hazır ki, psixi xəziyyətinə əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respubliksı CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. CM-nin 22.1ci maddəsində qeyd olunmuşdur ki, anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Cinayət işinin 37-39-cu vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 152 saylı görünür ki, Zərərçəkmiş şəxs bədənində sağ qamış sümüyünün proksimal hissəsinin sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişdir, о cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan minik avtomaşının qabarıq hissəsi ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdi və sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Cinayət işinin 40-43-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 23 fevral 2023-cü il tarixli, 8/441 saylı rəyində göstərilmişdir ki, VAZ 21063 markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 116-122-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 10 iyun 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə X1 idarə etdiyi VAZ 21063 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs verilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 13 iyul 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənildiyindən, o, sonuncu ilə barışmışdır və ona qarşı heç bir şikayət yoxdur. Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 43.1 və 43.1.2-ci maddəsinə görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı bu əməlin inzibati xəta tərkibinin əlamətləri olduqda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə hesab edir ki, hazırkı halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran ŞRPŞ-nin X9 Şöbəsinə göndərilməlidir. CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, CM-in 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Maddi sübut - VAZ 21063 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs verilməklə icra edilmiş hesab edilməlidir. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizası üzrə 85 manat aparılmış tədqiqatların dəyəri olaraq Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 43.1.2, 321, 321.2.1 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-сi bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Maddi sübut - VAZ 21063 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs verilməklə icra edilmiş hesab edilsin. Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X9 Şöbəsinə göndərilsin. Qərardan elan edildiyi gündən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar