Məhkəmə qərarları › İş №1(049)-32/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-32/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-32/2023 19.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15.15 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon-şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1967-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq nаrkоtik vаsitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamаqlа dаşımışdır. Bеlə ki, o, 2022-ci ilin avqust ayında, Lənkəran şəhərində, məlum olmayan mənbədən və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, beş ədəd sellofan kəsiyi bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri, 0,232 qram, 0,192 qram, 0,177 qram, 0,189 qram, 0,167 qram, ümumi təmiz çəkisi 0,957 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 21 avqust 2022-ci il tarixdə, saat 19:00-da Lənkəran şəhərrayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən qeyd edilən çəkidə və bükümdə narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən on ildir ki, narkotik vasitədən istifadə edir, əvvəllər də bu əməllərinə görə məhkum edilmişdir. Onun üçün bir həftəyə bir qram narkotik vasitə heroin bəs edir, çünki gün ərzində 3-4 dəfə heroin qəbul edir. 21 avqust 2022-ci il tarixdə, saat 17 radələrində Lənkəran şəhərində bazar ərazisində tanımadığı şəxsdən 35 manata beş büküm heroini şəxsi istifadəsi üçün almışdır. Həmin gün, saat 19 radələrində Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində piyada hərəktədə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş və orada ona dövlət hesabına vəkil təyin edilmiş, daha sonra vəkilin iştirakı və videoçəkilişlə üzərinə baxış keçirilərkən ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi bildirilmiş və o, da əynindəki şalvarın sol yan cibindən sellofana bükülmüş beş bükümü təqdim etmişdir. Polis əməkdaşları tərəfindən bükümün içərisinə baxış keçirilmiş və içərisində heroin aşkar edilmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlandıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və onunla birlikdə polis əməkdaşları Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 21 avqust 2022-ci il tarixdə, saat 19 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Hüseynov X2 şəhəri, Z.Əliyeva küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, müdafiəçi təmin edildikdən sonra üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdim etməsi təklif edildikdən sonra sonuncu şalvarının sol yan cibindən beş ədəd sellofan bükümdə olan kütlə təqdim etmişdir. Təqdim edilən bükümlərə keçirilən zaman içərilərində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Baləddin oğlu ifadəsində göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 avqust 2022-ci il tarixdə, saat 19 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Hüseynov X2 şəhəri, Z.Əliyeva küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, müdafiəçi təmin edildikdən sonra üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdim etməsi təklif edildikdən sonra sonuncu şalvarının sol yan cibindən beş ədəd sellofan bükümdə olan kütlə təqdim etmişdir. Təqdim edilən bükümlərə keçirilən zaman içərilərində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilərək araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 cinayət işinin 82-84-cü vərəqlərində olan ifadəsindən görünür ki, ifadəsində göstərdi ki, Lənkəran Şəhər Rayon X5 Patrul Xidməti Bölüyündə polis nəfəri vəzifəsində işləyir. 21 avqust 2022-ci il tarixdə, saat 19 radələrində keçirilən əməliyyataxtarış tədbirləri zamanı Hüseynov X2 şəhəri, Z.Əliyeva küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, müdafiəçi təmin edildikdən sonra üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdim etməsi təklif edildikdən sonra sonuncu şalvarının sol yan cibindən beş ədəd sellofan bükümdə olan kütlə təqdim etmişdir. Təqdim edilən bükümlərə keçirilən zaman içərilərində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib edilərək imzalanmışdır. Cinayət işinin 36-37-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi haqqında” 21 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 05 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmin narkotik vasitənin çəkisi 1.18 qram olmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin heroin olduğunu və öz istifadəsi üçün Lənkəran şəhərində tanımadığı şəxsdən 35 manata aldığını bildirmişdir. Cinayət işinin 49-50-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 avqust 2022-ci il tarixli, 19/867 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş beş ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri, 0,232 qram, 0,192 qram, 0,177 qram, 0,189 qram, 0,167 qram, ümumi təmiz çəkisi 0,957 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, kimyəvi tərkiblərinə görə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manatdır. Cinayət işinin 67-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 22 avqust 2022-ci il tarixli, 861 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, müayinə olunan Təqsirləndirilən şəxs tiryək alkoidlərindən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nin arayışına əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstərişi vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 107-111-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 16 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, tədqiqat keçirildikdən sonra qalan 0,807 qram çəkidə narkotik vasitə heroin isə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli qərarından qeyd edilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 5(049)-300/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ibtidai istintaq zamanı məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, müdafiə tərəfinin, yəni təqsirləndirilən şəxsin və müdafiəçinin təklifi ilə məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0.957 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət işinin 18-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Tutulma haqqında” 21 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:15-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 78-79-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 21 avqust 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 88-89-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Cinayət işinin 93-96-cı vərəqlərinndə olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Tolyati Şəhər Avtozavodsk Rayon Xalq Məhkəməsinin 07 fevral 1991-ci il tarixli hökmü ilə CM-nin (köhnə redaksiyada) 224-cü maddəsinin 3-cü hissəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Lənkəran Rayon Xalq Məhkəməsinin 26 dekabr 2000-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 02 oktyabr 2007-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 23 avqust 2011-ci il tarixli hökmü ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən iki il keçməmiş 21 avqust 2022-ci il tarixdə hazırkı cinayət əməlini törətdiyindən o, CM-nin 83.1-ci maddəsinə əsasən məhkumluğu olan şəxsdir və törətdiyi əməli cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtrardıqdan az müddət keçməmiş yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 22 avqust 2022-ci il tarixli, 861 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,807 qram qalıq çəkisi olan heroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 avqust 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.807 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar