Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-326/2023 01.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 12:15 xx xxxx 1977-ci ildə Lənkəran rayonu, Port-İliç (indiki Liman) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Lənkəran Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 1(049)-266/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 7(049)- 37/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli "Amnistiya" qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, 21 oktyabr 2022-ci il tarixdə cəza müddəti bitmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 20 aprel 2023-cü il tarixdə, saat 11 radələrində Lənkəran şəhəri, Nizami küçəsində yerləşən "Böyük bazar" adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 30 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 6 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,162 qr; -0,168 qr; -0,166 qr; - 0,181 qr; -0,186 qr: -0,190 qram; ümumi təmiz çəkisi -1,053 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edərək, üzərində saxlamaqla, daşımış və Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşlarının 20 aprel 2023-cü il tarixdə, saat 19 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində, həmin gün saat 18:45 dəqiqədə yaşadığı Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Liman polis bölməsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman qeyd olunan çəkilərdə psixotrop maddə olan metamfetamin 6 (altı) ədəd ağ rəngli sellofan kəsiklərinə bükülmüş halda əynindəki göy rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Psixotrop maddə olan metamfetamindən siqaretin zərli kağızında yandırıb tüstüsünü udmaqla istifadə etmişdir. İstifadə etdiyi metamfetamini Lənkəran şəhərində yerləşən "Böyük bazar" adlanan ərazidə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən almışdır. O, 20 aprel 2023-ci il tarixdə, saat 10 radələrində özü istifadə etmək üçün metamfetamin almaq məqsədilə Liman şəhərində avtobusa əyləşib Lənkəran şəhərinə getmişdir. O, Lənkəran şəhərində yerləşən bazarın yanında avtobusdan düşmüş və bir neçə metr piyada getdikdən sonra "Böyük bazar" adlanan ərazidə bir evin tinində dayanıb ona metamfetamin satan üzdən tanıdığı, amma adını bilmədiyi şəxsi gözləməyə başlamışdır. Saat 11 radələrində həmişə ona metamfetamin satan şəxsin piyada gəldiyini görmüş, həmin şəxsə yaxınlaşmış və ondan istifadə etmək üçün bir neçə bükümdə metamfetamin istəmişdir. Həmin şəxsdən 30 manata bir ədəd sellofanda altı bükümdə olan metamfetamin almış və əynində olan göy rəngli şalvarının sağ yan cibində gizlətmişdir. Sonra isə bazarın yanında avtobusa əyləşib Liman şəhərinə getmişdir. Həmin gün saat 19 radələrində aldığı metamfetaminin bir bükümünü istifadə etmək üçün yaşadığı evdən küçəyə çıxmış və M.Ə.Rəsulzadə küçəsində piyada gəzərək metamfetamindən istifadə etmək üçün yer axtarmağa başlamışdır. Bu zaman Liman polis bölməsinin işçiləri onu saxlayaraq Liman polis bölməsinə gətirmişlər. Polis işçisi, vəkillərin siyahısını ona təqdim etmiş və özünün seçdiyi vəkil və polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış aparmışdır. Axtarış aparılmazdan əvvəl polis işçisi, üzərində axtarışın videoçəkilişlə aparılacağı barədə ona məlumat vermişdir. Bundan sonra adını bilmədiyi polis işçisi mobil telefonunun video kamerası ilə çəkiliş aparmağa başlamışdır. Polis işçisi, ona hüquq və vəzifələrini izah etmişdir. Ona üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə olduğu təqdirdə təqdim olunması təklif edilmiş, o da əynində olan göy rəngli şalvarının sağ yan cibində gizlətdiyi içərisində 6 bükümdə metamfetamin olan bir ədəd sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuş, həmin bükülünün içərisində 6 bükümdə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra, polis işçisi həmin bükülünün içərisindəki 6 bükümdə olan metamfetamini çıxardıb masanın üzərinə qoymuşdur. Polis işçisi, içərisində metamfetamin olan 6 ədəd bükülünü elektron tərəzidə çəkmiş və o, elektron tərəzinin ekranına baxan zaman onların cəmi çəkisinin 1,17 qram olduğunu görmüşdür. Bundan sonra, polis əməkdaşı içərisində metamfetamin olan 6 ədəd bükülünü bir zərfə qoymuş və həmin bir ədəd zərfin üzərinə möhür vurmuşdur. Sonda tərtib edilmiş protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq olmamışdır. Təqsirləndirilən şəxs son sözündə həm ibtidadi istintaq, həm də məhkəmə istintaqı zamanı törətmiş olduğu cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, üçüncü dərəcə əlilliyi olduğunu və himayəsində iki nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 20 aprel 2023-cü il tarixdə, saat 15 radələrində icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrdən istifadə etməsində və üzərində saxlayaraq daşımasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə tərəfindən Liman polis bölməsinin rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə təxirəsalınmadan ətrafında əməliyyat tədbiriləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Liman polis bölməsinin rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar onun rəhbərliyi altında, Liman polis bölməsinin sahə polis nəfərləri, polis serjantı Şahid3 və polis baş serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə, saat 18:45 dəqiqədə Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Liman polis bölməsinə gətirilmişdir. Sonra isə Təqsirləndirilən şəxs, baş təhqiqatçı, polis mayoru Mircan Quliyevin xidməti otağına aparmışlar. Mircan Quliyev tərəfindən, onun, Şahid3, Şahid2 və Lənkəran rayon Vəkil bürosunun vəkili İntiqam Hüseynovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Mircan Quliyev tərəfindən, üzərində axtarışın videoçəkilişlə aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir. Axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə olduğu halda təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təhqiqatçı həmin bükülünü açmış və bükülünün içərisindən 6 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin 6 bükümdə olan metamfetamini 20 aprel 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhərində yerləşən "Böyük bazar" adlanan ərazidə tanımadığı şəxsdən özü istifadə etmək üçün cəmi 30 manata aldığını bildirmişdir. Daha sonra metamfetaminə bənzər kütlələr olan həmin 6 ədəd bükülünü elektron tərəzidə çəkilmiş və 6 ədəd bükülünün cəmi çəkisi 1,17 qram olmuşdur. Bundan sonra, içərisində metamfetaminə bənzər kütlələr olan 6 ədəd bükülü zərfə qoyulmuş və həmin zərfin üzərinə Liman polis bölməsinin 134 nömrəli möhürü vurulmuşdur. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran Rayon Məhkəməsinin 22 aprel 2023-cü il tarixli, 4(049)-127/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20 aprel 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 20 aprel 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən 6 (altı) ədəd bükülüdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs həmin 6 (altı) ədəd bükülüdə psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş məhkəməkimyəvi ekspertizasının 21 aprel 2023-cü il tarixli, 19/480 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6 ədəd bükümlərdə kütlə......" sözlər və imzalar olan bir ədəd zərfdəki, 6 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri-0,162 qr;-0,168 qr;-0,166 qr;- 0,181 qr;-0,186 qr:-0,190 qram; ümumi təmiz çəkisi -1,053 qram olan ağ rəngli kristallardan ibarət olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş məhkəmə narkoloji ekspertizasının 24 aprel 2023-cü il tarixli, 469 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin ƏƏSMNnin yanında DSMF-nin təqdim etdiyi 3-17-1/2-134727 nömrəli arayışına əsasən İİİ qrup əlil olması səbəbindən məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Ağazadə X3 Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 1(049)-266/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 7(049)- 37/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli "Amnistiya" qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, 21 oktyabr 2022-ci il tarixdə cəza müddəti bitmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməməsini CM-nin 18.4.4-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almamalıdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 1(049)-266/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 21 oktyabr 2022-ci il tarixli məlumatdan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 1(049)-266/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 7(049)-37/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli "Amnistiya" qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış və Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını tam çəkib qurtarmış və xx.xx.2022-ci il tarixdə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran Şəhər Psixatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 688 №-li arayışından görünür ki, Ağazadə X3 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran rayonu, Liman şəhəri Mənzil təsərrüfatı təmir-istismar təsərrüfat hesablı sahəsi tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli, 36 №-li arayış və xasiyyətnamədən görünür ki, Ağazadə X3 rayonu, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsi bina 43, mənzil 12 ünvanında arvadı X4 və uşaqları xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 ilə birlikdə yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Sübutların qiymətləndirilməsi haqqında” 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 6 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri -0,162 qr; -0,168 qr; -0,166 qr; - 0,181 qr; -0,186 qr: -0,190 qram; ümumi təmiz çəkisi -1,053 qram (ekspertiza tədqiqatından sonra qalıq qalan 0,873 qram) ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamin və şəxsi axtarış və götürmə keçirilməsinin videogörüntüsünü əks etdirən 01 (bir) ədəd DVD disk maddi sübut qismində tanınmış, 0,873 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılmışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, şahidlərin tədqiq edilmiş ifadələrinə, ekspert rəylərinə və işin digər materiallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, həm ibtidadi istintaq, həm də məhkəmə istintaqı zamanı törətmiş olduğu cinayət əməlini etiraf edərək əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ailənin yeganə gəlir gətirən şəxsi olmasını, üçüncü dərəcə əlilliyi olduğunu və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətdikdən sonrakı davranışını, şəxsiyyətini və əldə etdiyi narkotik vasitənin miqdarını nəzərə alıb ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator məcburi narkoloji tibbi yoxlama nəticəsində verilən rəyə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış altı ədəd bükümdə 0,873 qram qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-ekspertizası tədqiqatının xərci olan 60 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6 ədəd bükümdə 0,873 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci olan 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-326/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-326/2023
01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver