Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-33/2023 09.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda - iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,206qram, 0,182qram, ümumi təmiz çəkisi 0,388 qram ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və 29 avqust 2022-ci il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saat 19:55-də Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq şəhər-rayon polis şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən qeyd olunan bükümlərdə və çəkilərdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, bədəninin ağrısından əziyyət çəkir. altı-yeddi aydır ki, ünvan 1 ünvanında özünə məxsus evdə anası Cavahir Məhərrəmova ilə birlikdə yaşayır. Avtomobil ustası işləmişdir. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən yandırıb tüstüsünü udmaqla istifadə edir. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhəri Kiçik bazar deyilən ərazidə, məscidin yanında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 5 manata iki bükümdə psixotrop maddə metamfetamin almış, metamfetamini alıb istifadə etmək üçün cibinə qoymuşdur. Həmin günü saat 20 radələrində, Ş.Xiyabanı küçəsi ilə piyada gedərkən yanında avtomobil saxlamış, həmin avtomobildən bir neçə mülki geyimdə şəxs ona yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib üzərində narkotik vasitə olması şübhəsi olduğunu bildirərək Lənkəran şəhər-rayon polis şöbəsinə aparmışlar. Şöbədə xidməti otaqların birində videoçəkiliş vasitəsi ilə və müdafiəçisini iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən üzərində şəxsi istifadəsi üçün saxladığı iki büküm metamfetamini təqdim etmişdir. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə tutduğu əməlindən son dərəcə peşman olduğunu, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi törətdiyi cinayət əməlini etiraf etməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CABnin əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində işləyir, 29 avqust 2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə olunmuş və məlumatın yoxlanılması ona həvalə edildiyindən, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişdir. 29 avqust 2022-ci il tarixdə, saat 19 radələrində Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində Təqsirləndirilən şəxs müşahidəyə götürülmüş və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində küçədə piyada hərəkətdə olarkən saxlanılmışdır. Həmin yerdə insanların və avtomobillərin intensiv hərəkətini nəzərə alaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasından ötrü Lənkəran ŞRPŞnin inzibati binasına gətirmişlər. Lənkəran ŞRPŞ-nin xidməti otaqlarının birində, müdafiəçisinin iştirakı və videoşəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində iki büküm psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan şalvarın sağ yan cibindən iki ədəd büküm, sol yan cibindən bir ədəd qara rəngli “nokia” markalı mobil telefonu çıxarıb masanın üzərində qoymuşdur. Təqsirləndirilən şəxsla aparılan şifahi sorğu zamanı üzərində aşkar edilmiş kütlə metamfetamin olmaqla ona məxsus olduğunu, özü qəbul etmək üçün saxlanılan gün, səhər saatlarında Lənkəran şəhəri Kiçik bazar ərazisində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 5 manata alaraq üzərində saxladığını bildirmişdir. Sonda protokol tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında Şahid2 Şahid1 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 29 avqust 2022-ci il tarixli «şəxsi axtarış keçirilməsi haqqında» protokoldan və ona əlavə edilmiş CD diskdəki videogörüntülərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sağ yan cibindən 2 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edlərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 30 avqust 2022-ci il tarixli, 19/892 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr...” sözlər və imzalar olan zərfdəki, 2 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri: -0,206qr: -0,182qram: ümumi təmiz çəkisi: -0,388qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər. Ekspertiza tədqiqatı üçün – 0,1 qram (hər,ob,-0.05 qram) heroin istifadə edilmiş, 0,288 qram metamfetamin qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 01 sentyabr 2022-ci il tarixli, 898 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs metamfetamindən sui-isifadə edilməsi ilə nəticələnən toksikomaniya xəstəliyi aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran Rayon Məhkəməsinin 4(049)-258/2022 saylı, 31 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 5 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sübutların qiymətləndirilməsi haqqında 17 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: - 0,206qram, -0,182 qram, ümumi təmiz çəkisi -0,388 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamin və şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntü özündə əks etdirən 1 ədəd CD disk maddi sübut qismində tanınmış, metamfetaminin ekspertiza tədqiqatından qalıq qalan hissəsinin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi, CD diskin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran şəhər İHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışından görünür ki, Təqsirləndirilən şəxs anası X3 ilə birlikdə ünvan 1 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqında əməlini etiraf edərək səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, habelə həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 29 avqust 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində toksikomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 0,288 qram çəkidə iki ədəd bükümdə narkotik vasitə metamfetamin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd CD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1(bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzaçəkmə müddətinin başlanğıcı 29 avqust 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində toksikomaniydan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 0,288 qram çəkidə iki ədəd bükümdə narkotik vasitə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd CD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 65(altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-33/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-33/2023
09.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver