Məhkəmə qərarları › İş №1(049)-33/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-33/2024

08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-33/2024 08.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat 11:00 xx xxxx 1968-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, xx.xx.2010-cu ildə Azərbaycan Respublikası CM-nın 206.2 234.4.3, 66.3 və 93.1.4-cü maddələri ilə təqsirli bilinib Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-1038/2010 nömrəli hökmünə əsasən 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, Kələntərlilər küçəsi, ev 49A-da qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 12 iyun 2023-cü il tarixdə Lənkəran şəhəri “böyük bazar” adlanan ərazidən istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) bükümdə ümumi təmiz çəkisi - 0,346 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə məlumat almış Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin əməkdaşlarının 12 iyun 2023-cü il tarixdə saat 19:50-də Lənkəran şəhəri, Kələntərlilər küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin küçədə piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən qeyd olunan çəkidə və bükümdə narkotik vasitə heroin sellofan kəsiyinə bükülmüş halda əynində olmuş şalvarın sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, uzun illər müxtəlif növ narkotik vasitələrdən istifadə etmişdir. Lakin son dövrlərdə narkotik vasitələrdən istifadə etməmişdir. 12 iyun 2023-cü il tarixdə saat təqribən 16-17 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin üç nəfər əməkdaşı yaşadığı ünvana gələrək, “məlumat var, bizimlə getməlisən” deyib onu polis şöbəsinə aparmışlar. Yaşadığı ünvandan polis şöbəsinə aparılmasını anası, qardaşı və qonşuları görmüşdür. Polis şöbəsində polis əməkdaşları ona hazırda ittihamda qeyd olunan bir bükümdə narkotik vasitə heroini onun qarşısına qoyaraq, “ya bunu öz üzərinə götürəcəksən, ya da bundan da ağırı olacaq” deyiblər. O da göstərilən psixoloji təzyiq qarşısında ona verilən bükümü üzərinə götürmüş, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı, həmçinin ibtidai istintaq dövründə etirafedici izahat və ifadələr vermişdir. Həqiqətdə isə Lənkəran ŞRPŞ-yə aparılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. Polis işçiləri onu döyməmiş, lakin göstərilmiş psixi təsir nəticəsində ona aid olmayan narkotik vasitəni öz üzərinə götürməyə məcbur olmuşdur. Təqsirləndirilən şəxs son sözündə Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında dövlət itthamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhəri, Kələntərlilər küçəsi ev 49 A-da qeydiyyatda olamaqla yaşayır. 30 ildən çoxdur ki, müxtəlif növ narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələrə aludəçiliyi o həddədir ki, qəbul etmədiyi vaxtlarda bədənində şiddətli ağrılar olur. Narkotik vasitə heroini zərdə çəkmək yolu ilə qəbul edir. Əvvəllər bir neçə dəfə Rusiya Federasiyasında azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Sonuncu dəfə xx.xx.2010-cü il tarixdə Azərbaycan Respublikasının CM-nın 206.2, 234.4.3, 66.3 və 93.1.4-cü maddələri ilə təqsirli bilinib Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmənin hökmü ilə 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. Narkotik vasitələrə olan tələbatını ödəmək üçün Lənkəran şəhərinin müxtəlif ərazilərində tanımadığı şəxslərdən narkotik vasitələr qəbul edir. Lakin narkotik vasitələrin satışı ilə məşğul deyildir. 12 iyun 2023-cü il tarixdə saat 10 radələrində narkotik vasitə heroin almaqdan ötrü yaşadığı evdən çıxıb, piyada şəkildə Lənkəran şəhəri, “böyük bazar” ərazisinə getmişdir. “Böyük bazar” ərazisində əvvəllər də narkotik vasitə heroin aldığı üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsi görüb ona yaxınlaşıb ondan narkotik vasitə heroin olub-olmadığını soruşmuş və olduğu təqdirdə satmasını istəmişdir. Həmin şəxs də onu bir qədər kənara çəkib, cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə heroin çıxarıb 10 manata satdığını demişdir. O da həmin şəxsə üzərində olan cəmi 10 manat pulu verib, heroin bükümünü ondan alıb, oradan uzaqlaşıb yaşadığı evə tərəf piyada yola çıxmışdır. Bu zaman həmin küçədə piyada hərəkət edərək, Lənkəran şəhəri Kələntərlilər küçəsinə yaxınlaşmışdır. Küçədə qalıb siqaret çəkib, havanın qaralmasını gözləmişdir. Həmin tarixdə saat 19:50-da Lənkəran şəhəri Kələntərlilər küçəsi ilə piyada hərəkət edərək aldığı narkotik vasitə heroini çəkməkdən ötrü sakit bir yer axtaran zaman mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşıb, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib ona narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib, onu Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə gətimişlər. Lənkəran ŞRPŞ-nin inzibati binasında ona şübhəli şəxs kimi tutulduğunu elan edib, onun hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edib, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparmağa başlamışlar. Üzərinə axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və maddə olduğu təqdirdə onları təqdim etməyi təklif olunmuşdur. Bu zaman o, tanımadığı şəxsdən 10 manata istifadəsi üçün aldığı və üzərində saxladığı 1 ədəd bükümdə heroinin bükümünün polis əməkdaşlarının üzərinə axtarış keçirdiklərində cibindən aşkar ediləcəyini bilib, həmin bükümü çıxarıb təqdim etmiş və bükümdə narkotik vasitə heroin saxladığını bildirmişdir. Sonra gödəkçənin sol ön cibindən 9 ədəd 1 manatlıq əskinas olmaqla cəmi 9 manat pul aşkarlanmışdır. Üzərindən aşkar edilmiş 1 bükümdə heroin elektron tərəzidə çəkilmiş və çəkisi 0,41 qram olmuşdur. Sonra aşkar olunmuş 1 bükümdə heroini ekspertizaya təqdim olunması məqsədilə kağız paketə qoyularaq bağlanmış və möhürlənmişdir. Sonra üzərindən aşkar olunmuş 9 manat pul təhqiqatçı tərəfindən iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Zərflərin üzəri o və müdafiəçisi Bəhrəm Muxtarov tərəfindən imzalanmışdır. Üzərinə şəxsi axtarış keçirilməsi prosesi zamanı videoçəkiliş aparılmış, bu barədə protokol yazıb onlara oxunmuşudur. Protokol o və başqa iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilmədiyini, ona qarşı hansısa qanunsuzluq edilmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, üzərində aşkar olunmuş narkotik vasitə heroini şəxsi istifadə məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis baş leytenantı rütbəsindədir. İcraatına ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və gəzdirməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Fəxrəddin Məmmədovun cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibətləri olmamışdır. 12 iyun 2023-cü il tarixdə, saat 19:50 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Kələntərlilər küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürüb, ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələrin olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini vacibliyini bildirmiş və onu Lənkəran şəhər-rayon polis şöbəsinə dəvət etmişlər. Fəxrəddin Məmmədov də onlarla razılaşaraq Lənkəran ŞRPŞ-ya gəlməyə razılaşmışdır. Polis şöbəsində olan inzibati otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmşdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etməyi təklif olunmuşdur. O da əynində olmuş şalvarının sol yan cibindən 1 (bir) ədəd şəffaf rəngli selofana bükülmüş bükümü təqdim etmişdir. Götürülmüş 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümə baxıldıqda bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisi 0,41 qram olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənərək imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini saxlanlan günü Lənkəran şəhəri “böyük bazar” adlanan ərazidə olan zaman adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifədə etməsi və üzərində gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da onun həmin maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmamış, onun üzərindən aşkar olunmuş narkotik vasitə heroini üzdən tanııdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata aldığını bildirsə də, keçirilmiş əməliyyat tədbirləri zamanı həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamasını göstərmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda deyil, 12 iyun 2023-cü il tarixdə, saat 19:50 dəqiqədə yaşadığı ünvanın yaxınlığında Lənkəran şəhəri, Kələntərlilər küçəsində piyada hərəkətdə olarkən saxlanılmış, polis şöbəsində nə özü, nə də digər polis əməkdaşları tərəfindən ona hər hansı təzyiq və ya təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlanları Elşən və Vahidlə birlikdə Lənkəran şəhəri, Kələntərlilər küçəsi, ev 49A-da qeydiyyatda olmaqla yaşayır. Dəqiq tarixi xatırlamasa da 2023-cü ilin yay aylarında mülki geyimdə olan polis əməkdaşları yaşadığı ünvana gəlib özlərinin polis işçiləri olduqlarını bildirib oğlu Təqsirləndirilən şəxs soruşmuş, lakin sonuncu evdə olmadığından çıxıb getmişlər. 2-3 gün sonra yenidən həmin mülki geyimli polis əməkdaşları saat təqribən 17-18 radələrində onların yaşadığı ünvana gəlmişlər. Həmin vaxt evdə onunla oğlu Təqsirləndirilən şəxs başqa heç kəs olmamışdır. O, Elşəni nə üçün axtardıqlarını soruşduqda, həmin şəxslər Elşənin dostu olduqlarını, onu bir məsələ ilə bağlı polis şöbəsinə aparıb yenidən gətirəcəklərini bildirmişlər. O, evə gələn polis işçiləri ilə mehriban rəftar etmiş, hətta onları evə dəvət də etmişdir. Lakin, onlar evə qalxmamış, Elşəni özləri ilə birgə aparmışlar. Evə gələn polis əməkdaşlarının neçə nəfər olmalarını xatırlamır. Həmin gün Təqsirləndirilən şəxs evə qayıtmadığından onun polis şöbəsinə saxlanıldığını öyrənmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı Elşən və anası Fəridə birlikdə Lənkəran şəhəri, Kələntərlilər küçəsi, ev 49A-da qeydiyyatda olmaqla yaşayır. Dəqiq tarixi xatırlamasa da 2023-cü ilin yay aylarında mülki geyimdə olan iki nəfər polis əməkdaşı yaşadığı ünvana gəlib qardaşı Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs aparılanda saat təqribən 12-1 radələri olmuşdur. Polis əməkdaşlarının daha əvvəl Təqsirləndirilən şəxs ardıyca onların evinə gəlməsini görməmiş və eşitməmişdir. Elşən polis işçiləri ilə birlikdə gedərkən anasının halı pisləşdiyindən o, anası ilə məşğul olmuş, Elşənin ardıyca küçəyə çıxmamışdır. Həmin gün qardaşı Təqsirləndirilən şəxs evə qayıtmadığından onun polis şöbəsinə saxlanıldığını öyrənmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Yaşadıqları həyətin hüdudları daxilində 4 fərdi yaşayış evi vardır. Dəqiq tarixi xatırlamasa da 2023-cü ilin yay aylarında o evinin pilləkənində əyləşərkən mülki geyimdə olan bir nəfər şəxsin yaşadığı ünvana gəlib Təqsirləndirilən şəxsla birlikdə həyəti tərk etdiyini görmüşdür. Saatı dəqiq xatırlamasa da, günorta namazından qısa müddət əvvəl Elşən yaşadığı evdən getmişdir. Elşənin anası X5 gedən şəxsin kimliyini soruşduqda o, həmin şəxsin polis işçisi olduğunu bildirmişdir. Həmin şəxs mülki geyimdə olmuş və onu daha əvvəl yaşadığı evin həyətində görməmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Yaşadıqları həyətin hüdudları daxilində 4 fərdi yaşayış evi vardır. Dəqiq tarixi xatırlamasa da 2023-cü ilin yay aylarında günorta saatlarında yaşadığı evin eyvanında siqaret çəkərkən qonşusu Təqsirləndirilən şəxs iki nəfər mülki geyimli şəxslə birlikdə yaşadığı evin həyətindən çıxdığını görmüşdür. Elşənin qardaşı X7 gedən şəxslərin kimliyini soruşduqda o, həmin şəxslərin polis işçisi olduğunu bildirmişdir. Həmin şəxslər mülki geyimdə olmuş və onları daha əvvəl yaşadığı evin həyətində görməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2023-cü il tarixdə saat 19:50-də saxlanılmış, həmin gün saat 20:20-də şübhəli şəxs qismində tutulmuşdur. 12 iyun 2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olmuş sarı rəngli şalvarın sol yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər şəffaf rəngli bükümləri təqdim etmiş və şifahi verilən suallara cavab olaraq təqdim etdiyi həmin 1 ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri “böyük bazar” ərazisində tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli digər predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 bükümdə narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və zərflə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 13 iyun 2023-cü il tarixli 19/641 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs olunun üzərindən aşkar olunan kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,346 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. 13 iyun 2023-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun xx.xx.2023-cü il tarixli cavabından və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, xx.xx.2010-cu ildə Azərbaycan Respublikası CM-nin 206.2 234.4.3, 66.3 və 93.1.4-cü maddələri ilə təqsirli bilinib Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-1038/2010 nömrəli hökmünə əsasən 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)- 1038/2010 nömrəli, 11 avqust 2010-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 234.4.3, 66.3 və 93.1.4-cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şübhəli şəxs qismində tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbiri seçmək haqqında 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da Lənkəran ŞRPŞ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Maddi sübut hesab edilməsi haqqında” 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,346 qram olan narkotik vasitə heroin və üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin videogörüntüsünü əks etdirən 01 ədəd DVD disk maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,296 qram olan narkotik vasitə heroin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. Lənkəran şəhər Psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli, 10358 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. Lənkəran şəhər İHB-nın Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamə və Arayışından görünür ki, Məmmədov X2 şəhəri, Kələntərlilər küçəsi, ev 49A-da qeydiyyatda qeydiyyatdadır, həmin ünvanda anası X1 və qardaşı X3 ilə birlikdə yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il tarixdə saat 12:30-da Lənkəran rayonu ərazisində saxlanılaraq Lənkəran ŞRPŞ-nin MSY-yə təhvil verilmişdir. CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin və müdafiə tərəfinin çıxışının «təqsirləndirilən şəxsin üzərində hər hansı narkotik vasitə olmaması, onun polis əməkdaşları tərəfindən psixi təsirə məruz qoyularaq üzərinə narkotik vasitə qoyulması» barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin ifadələr özünümüdafiə xarakterli olmaqla təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin, müdafiə tərəfinin çıxışlarının və müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahidlərin ifadələrinin «polis əməkdaşlarının təqsirləndirilən şəxsi 12 iyun 2023-cü il tarixdə saat 19:50-də Lənkəran şəhəri, Kələntərlilər küçəsində deyil, onun yaşadığı Lənkəran şəhəri, Kələntərlilər küçəsi, ev 49A ünvanından polis şöbəsinə aparması» barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin ifadələr özünümüdafiə xarakterli olmaqla təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, təqsirləndirilən şəxsin özünün məhkəmə istintaqında verdiyi və müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahidlərin ifadələrində Təqsirləndirilən şəxs yaşadığı ünvandan hansı tarixdə neçə nəfər polis əməkdaşı tərəfindən saat neçədə aparılması ilə bağlı əhəmiyyətli ziddiyyətlər vardır. Eyni zamanda müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş dörd nəfər şahiddən iki nəfəri onun anası və qardaşı, digər iki nəfər isə onun qonşusu olmaqla təqsirləndirilən şəxsin xeyrinə ifadə vermələri ehtimalı kifayət qədər güclüdür. Qeyd olunan ifadələr arasında olan ziddiyyətlər həmin ifadələrin mötəbərliyini şübhə altında qoymaqla təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas rolunda çıxış edə bilməz. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi, yəni satış məqsədi olmadan, qanunsuz olaraq öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 0,346 qram olan narkotik vasitə heroini əldə edərək, qanunsuz olaraq üzərində saxlayaraq daşıması və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının 12 iyun 2023-cü il tarixdə saat 19:50-də Lənkəran şəhəri, Kələntərlilər küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin küçədə piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən qeyd olunan çəkidə və bükümdə narkotik vasitə heroin sellofan kəsiyinə bükülmüş halda əynində olmuş şalvarın sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülməsi 12 iyun 2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokol və videogörüntüləri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadələrlə yanaşı şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadələri deyil, ibtidai istintaq zamanı verdiyi ifadələrini daha inandırıcı və səmimi hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində psixi təzyiq tətbiq edildiyi üçün ibidai istintaq zaman aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını bildirməsi barədə dəlillərini məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa yönəlmiş ifadələri kimi qiymətləndirir. Belə ki, şəxsi axtarışın DVD diskindəki videogörüntülərdən də görünür ki, Təqsirləndirilən şəxs təhqiqatçının sualına cavab olaraq, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini, müdafiəçinin suallarına cavab olaraq isə aşkar edilmiş narkotikin ona məxsus olduğunu, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməllərin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətin residivinin olmasını isə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 65.2-ci maddəsinin (CM-nin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.) tələbi baxımından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməli, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyun 2023-cü il tarixdən 14 iyun 2023-cü il tarixdədək 2 gün şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2024-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 0,296 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyun 2023-cü il tarixdən 14 iyun 2023-cü il tarixdədək 2 gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 1 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 0,296 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar