Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-339/2023 06.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 15:15 xx xxxx 1983-cü ildə Lənkəran rayonu, Sütəmurdov kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla orada yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 14 aprel 2023-cü il tarixdə Lənkəran şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,307 qram, 0,223 qram, ümumi təmiz çəkisi 0,530 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 16:25-də Lənkəran ŞRPŞ-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu Sütəmurdov kəndində yolda saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçəsinin sol yan cibində olan siqaret qutusundan qeyd edilən çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşağı vardır. Heç bir yerdə işləmir, fəhləliklə məşğul olub ailəsini dolandırır. Ailəsinin yeganə qazanc gətirən şəxsidir. Bir neçə ildir ki, narkotik vasitə heroindən və şüşə adlanan metamfetamindən istifadə edir. Narkotik vasitə heroini Lənkəran şəhərində tanımadığı şəxslərdən alıb istifadə edir. Narkotik vasitəni və psixotrop maddəni zər kağızında yandırmaqla tüstüsünü qəbul edir. Şəxsi istifadə məqsədi ilə 14 aprel 2023-cü il tarixdə saat 11 radələrində Lənkəran şəhəri “böyük bazar” adlanan ərazidə üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 2 bükümdə 10 manata narkotik vasitə heroin almışdır. Həmin bükümləri əynində olan gödəkçəsinin sol yan cibində olan “Rothmans” markalı siqaret qutusunun içərisinə qoymuşdur. Həmin gün saat 16 radələrində Lənkəran rayonu, Sütəmurdov kəndində piyada hərəkətdə olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olması barədə məlumatları olduğunu bildirmiş və onu Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. O, heç bir etiraz etməyib avtomobillə polis əməkdaşları ilə birlikdə Lənkəran ŞRPŞ-yə gəlmişdir. Orada ona şübhəli şəxs kimi tutulduğunu elan edib, vəkillə təmin olunmuşdur. Təhqiqatçı üzərinə videoçəkilişlə şəxsi axtarış keçirməyə başlamışdır. Təhqiqatçı ona üzərində narkotik vasitə və ya digər qanunla qadağan edilmiş əşya olduğu təqdirdə təqdim etməsini təklif etmiş, o da əynində olan gödəkçəsinin sol yan cibində siqaret qutusunda saxladığı 2 bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən başqa heçnə aşkarlanmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş iki büküm heroini elektron tərəzidə çəkildikdən sonra həmin kütlələr zərfə qoyularaq qablaşdırılmışdir. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşağı olmasını və ailəsinin yeganə qazanc gətirən şəxsi olduğunu nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin X1 əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi və üzərində saxlaması barədə məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs hərəkətlərini müəyyən edib, ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə şöbənin rəisi tərəfindən əməliyyat qrupu yaradılmış, təsdiq edilmiş 14 aprel 2023-cü il tarixli əmrə əsasən o, Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfərləri polis serjantları Şahid3 və Şahid2 ilə birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. 14 aprel 2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi, Lənkəran rayonu, Sütəmurdov kənd ərazisini müşahidəyə götürmüşlər. Həmin gün saat 16:25-də Təqsirləndirilən şəxs Sütəmurdov kəndində küçə ilə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu, narkotik vasitələri üzərində gəzdirməsində və istifadə etməsində şübhəli olduğunu bildirərək, Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və onu avtomobillə Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, predmet və narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol yan cibində siqaret qutusunda saxladığı 2 bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ondan başqa daha heçnə aşkarlanmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümdə heroinə bənzər kütlələr elektron tərəzidə çəkildikdə çəkildikdən sonra zərfə qoyulub qablaşdırılmışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr narkotik vasitə heroindir, ona məxsusdur, həmin narkotik vasitəni Lənkəran şəhəri “böyük bazar” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata alaraq istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə, saat 16:25-də saxlanılmış, həmin tarixdə saat 17:10-da isə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 16 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00-da saxlanıldığı Lənkəran ŞRPŞ-nin MSY–dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 14 aprel 2023-cü il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə olunmuş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sol yan cibində saxladığı siqaret qutusundan iki bükümdə 0,60 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, o, həmin narkotik vasitənin özünə məxsus olduğunu, istifadəsi üçün üzərində gəzdirdiyini göstərmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 15 aprel 2023-cü il tarixli, 19/461 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 2 ədəd bükümlərdə ayrı-ayılıqda təmiz çəkiləri: - 0,307 qr: -0,223 qram: ümumi təmiz çəkisi: 0,530 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Məhkəmə ambulator-narkoloji ekspertizasının 15 aprel 2023-cü il tarixli, 441 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 28 aprel 2023-cü il tarixli, 207 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. Sübutların qiymətləndirilməsi haqqında 05 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd bükümdə 0,530 qram narkotik vasitə heroin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 0,430 qram narkotik vasitə heroin saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş, 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Lənkəran ŞİHB-nin Sütəmurdov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Hüseynov X2 rayonu Sütəmurdov kəndində arvadı və uşaqları – xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadəsinə, ekspertiza rəylərinə və işin digər materallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını CM-nin 59.1.4, törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətdikdən sonrakı davranışını nəzərə alıb ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdən 16 aprel 2023-cü il saat tarixdək həbsdə olduğu 2 gün müddət - bir günə iki gün hesablanmaqla, 4 gün müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci olan 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 1 ədəd zərfdə 2 ədəd bükümdə 0,430 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdən 16 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanıldığı müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 4 gün təyin edilmiş cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran rayonu, Sütəmurdov kəndində yaşadığı evi təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd zərfdə, 2 ədəd bükümdə 0,430 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materillarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-339/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-339/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver