Məhkəmə qərarları › İş №1(049)-34/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-34/2024

29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-34/2024 29.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 17:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Raqib Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1988-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 1(049)-117/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, Lənkəran rayonu Balıqçılar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayətlərini törətmişdir. Belə ki, o, 01 avqust 2023-cü il tarixdə saat 08 radələrində Lənkəran rayonun Balıqçılar qəsəbəsində, keçmiş üzümçülük sahəsində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətləri zəminində, yəni o, Zərərçəkmiş şəxs sahəyə girib-çıxan şəxslərin adını ona deməsini istədiyi, Zərərçəkmiş şəxs isə deməyəcəyini bildirdiyi üçün əvvəlcə Zərərçəkmiş şəxs sinə, sonra isə çənə nahiyyələrinə qəsdən təpik zərbələri vuraraq Zərərçəkmiş şəxs sol alt çənə bucağı nahiyəsindəki yumşaq toxumaların əzilməsihematoması, bel nahiyəsində qançır ilə müşayiət olunan xəsarət yetirməklə ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa o, 2023-cü ilin avqust ayının əvvəllərində, Lənkəran şəhəri mərkəzi bazar ərazisində, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 03 (üç) ədəd sellofan bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,264 qram, 0,319 qram, 0,215 qram, ümumi təmiz çəkisi 0,798 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 01 avqust 2023-cü il tarixdə saat 17:30 dəqiqədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Liman polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Balıqçılar qəsəbəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis bölməsinin ünvanı ünvan 2 və üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən qeyd edilən çəkidə və bükümdə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında dindirilmiş təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərdi ki, 01 avqust 2023-cü il tarixdə, səhər saat 08 radələrində qəsəbədə yerləşən keçmiş üzümçülük sahəsinə getmiş və orada qoyun otaran Zərərçəkmiş şəxsla rastlaşmışdır. Sədayıldan üzümçülük sahəsinə həmin gün və əvvəlki günlərdə gəlib-gedən şəxsin olub-olmadığını soruşmuşdur. Sədayıl ona məlumat vermədiyinə görə o, qoyun sürüsünə tərəf getməyə başlamışdır. Həmin vaxt Sədayıl ona sürüyə oğurluq üçün gəldiyini demiş, o da əsəbləşərək Sədayılın sinəsindən tutub itələmiş və Sədayıl tikanlığa yıxılmışdır. Həmin vaxt Sədayılın anası və qonşusu həmin sahəyə gəlmiş, bir müddət sonra isə polis əməkdaşları gələrək onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu saat 14-ə kimi saxlamışlar və üzərinə baxış keçirilərkən narkotik vasitə aşkar edilməmişdir. Onun saat 17:00-da saxlanması yalandır. Azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyindən üzərində elektron nəzarət vasitəsi olmuşdur. Onun hərəkət traektoriyası izlənilir. Həmin gün onu bütün günü polis şöbəsində saxlamışlar. Polis şöbəsində təziqə məruz qalmışdır və onu polis əməkdaşları döymüşlər. Əlində və dişlərində xəsarətlər vardır. Təqsirləndirilən şəxs son sözündə zərərçəkmiş şəxslə barışdığını, anasının xəstə olmasını və himayəsində azyaşlı uşağının olmasını nəzarə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Dövlət ittihamçının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran rayonu Balıqçılar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda valideynləri ilə birlikdə yaşayır. Evlidir, 12, 13, 14 və 15 yaşlı dörd oğlu var. Övladları və həyat yoldaşı Rusiya Federasiyasındadır. O da orada orada yaşayırmış. Pandemiyadan əvvəl valideynlərinə baş çəkmək üçün ölkəyə gəlmiş, lakin daha sonra yol bağlandığından Rusiya Federasiyasına qayıda bilməmişdir. Rəsmi iş yeri yoxdur. Təxminən, 5 ilə yaxın bir müddətdir ki, narkotik vasitə olan tiryək və qurudulmuş marixuanadan istifadə edir. Son zamanlar psixotrop maddə metamfetamindən də istifadə etməyə başlamışdır. Psixotrop maddəni Lənkəran şəhərində üzdən tanıdığı, lakin şəxsiyyəti barədə hər hansı məlumata malik olmadığım şəxslərdən alır. 01 avqust 2023-cü il tarixdə, səhər saat 08 radələrində qəsəbədə yerləşən keçmiş üzümçülük sahəsinə getmişdir. Həmin yer əvvəllər üzümçülük sahəsi olub, indi isə həmin sahə boş ərazidir. Orada həmkəndlisi Sədayılı görmüşdür. Sədayıl qoyun otarırmış. Sədayıldan bugün üzümçülük sahəsinə gəlib-gedən şəxs olub-olmadığını soruşmuş, həmçinin Sədayıla hər gün burda qoyun otardığından ona sahəyə giri-çıxan şəxslərin adlarını deməsini istəmişdir. Sədayıl da deməyəcəyini bildirmişdir. O, Sədayılın qoyun sürüsünə tərəf yaxınlaşmışdır. Sədayıl ona sürüyə oğurluq üçün yaxınlaşdığını demiş, o da əsəbləşmiş, cibində bir bıçaq olmuşdur, bıçağı çıxarmış, sonra isə əsəbi halda Sədayıla xəsarət yetirə biləcəyindən qorxmuş, bıçağı kənara atmış və Sədayılın üzərinə hücum etmişdir. Əvvəlcə sinəsi ilə Sədayıla vurmuş, Sədayıl tikanlığa yıxılmış, dərhal da qalxmışdır. Sədayıl qalxdıqdan sonra sonuncunun qarnına təpik zərbəsi vurmuş, ikinci zərbəsi isə Sədayılın çənəsinə dəymiş və yenidən yıxılmışdır. O daha Sədayılı vurmamışdır. Bir az sonra Sədayılın anası və qonşusu Valid gəlmişdir. Sonra isə polis əməkdaşları gəlmiş və onu oradan uzaqlaşdırmışlar. Ona növbəti gün izahat verməli olduğunu bildirmiş, o da bölməyə gələcəyini demişdir. Bundan sonra isə Lənkəran şəhəri mərkəzi bazar ərazisinə gedib orada əvvəllər bir neçə dəfə psixotrop maddə aldığı şəxsə yaxınlaşıb ondan şəxsi istifadəsi üçün 30 manat qarşılığında 3 ədəd bükümdə metamfetamin almış və ağrıları olan zaman qəbul etmək üçün şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün axşam saatlarında Lənkəran rayonu Balıqçılar qəsəbəsində piyada hərəkətdə olarkən tanımadığı üç şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis şöbəsinin əməkdaşı kimi təqdim etmişlər. Ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu, bu səbəbdən də üzərində polis bölməsinin inzibati binasında şəxsi axtarış keçirilməli olduğunu deyib onu bölməyə dəvət etmişlər. O da müqavimət göstərməyin mənasız olduğunu görüb təkliflərini qəbul etmişdir. İnzibati binada özünü Murad Adilzadə kimi təqdim edən polis əməkdaşı ona şübhəli şəxs qismində tutulduğunu deyib vəkillərin siyahısını təqdim etmiş və müdafiəçi seçməyini istəmişdir. O da Müdafiəçi adlı vəkili seçmişdir. Həmin müdafiəçi polis bölməsinə dəvət edildikdən sonra videoçəkilişlə üzərimdə şəxsi axtarış həyata keçirilməyə başlanmlşdır. Şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində qanunla qadağan edilmiş predmet olduğu halda könüllü təqdim etməyini təklif etmişdir. O da əynində olan şalvarının sağ yan cibində saxladığı, içərisində psixotrop maddə metamfetamin olan üç ədəd bükümü çıxarıb masanın üzərində qoymuşdur. Təhqiqatçı ondan həmin bükümlərdə nə olduğunu soruşmuş, o da metamfetamin olduğunu və şəxsi istifadəsi üçün Lənkəran bazarında tanımadığı şəxsdən 30 manat qarşılığında aldığını bildirmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və çəkiləri 0,98 qram olmuşdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs X1 onun həmkəndlisidir. Yaşadıqları qəsəbədə ona məxsus köhnə üzümçülük sahəsində həmkəndlilərinin qoyunlarını otarır. 01 avqust 2023-cü il tarixdə, səhər saat 08 radələrində həmin sahədə qoyunları otararkən Ramazan Nuralıyevin qoyunların içərisinə girdiyini görmüşdür. Həmin vaxt Ramazan ondan hər gün həmin üzümçülük sahəsinə girib-çıxan şəxslərin adını ona deməsini istədikdə o da, deməyəcəyini bildirmişdir. Ramazandan qoyunların içərisində nə etdiyini soruşduqda Ramazan ona “Sənə nə?!” – deyərək onu təhqir etmişdir. Ramazandan qoyunları oğurlamaq üçün həmin yerə girdiyini soruşmuşdur. Bu zaman Ramazan şalvarının arxa hissəsindən bıçağı çıxararaq onun üzərinə gəlmiş, sinəsi ilə onun sinəsinə vurmuş və o, tikanlığa yıxılmışdır. Qalxdıqdan sonra isə Ramazan təpiklə onun qarın və çənə nahiyyəsinə zərbələr vurmuşdur. Bu zaman su gətirməsi üçün evə göndərdiyi oğlu Kənan gəlmişdir. Kənana nənəsinə xəbər verməsi üçün evə getməsini demişdir. Kənan da evə qaçıb anasına xəbər vermiş və anası hadisə yerinə gəlmişdir. Anası gəlib Ramazanla söhbət etməyə başlamış, sonuncudan niyə belə etdiyinin səbəbini soruşmuşdur. Bir az keçdikdən sonra polis əməkdaşları hadisə yerinə gəlib Ramazanı polis bölməsinə aparmışlar və onun xəstəxanaya çatdırılmağına köməklik etmişlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərmişdir ki, 01 avqust 2023-cü il tarixdə evdə olarkən nəvəsi Kənan evə gələrək atası Ramazanın döyüldüyünü və üzümçülük sahəsində olduğunu ona demişdir. O, da həmin sahəyə getmiş, sahəyə çatanda Sədayılın yerdə uzandığını görmüş və Sədayıldən nə baş verdiyi soruşmuşdur. Sədayıl ona sahədə qoyun otaran zaman Ramazan sahəyə gəlib ondan sahəyə giribçıxan şəxslərin adlarının ona deməsini bildirmiş, Sədayıldə onunla razılaşmadığı üçün Ramazan onu döymüşdür. Ramazan hələdə sahədə olduğu üçün, onun gəldiyi görüb ona yaxınlaşmışdır. Ramazandan Sədayılı niyə döydüyünü soruşduqda, təkrar o, Sədayılın ünvanın təhqir edici ifadələr işlətməyə başlamışdır. Bundan sonra o, baş vermiş hadisə barədə DİN-102 xidməti-zəng mərkəzinə məlumat vermiş və bir müddət sonra polis əməkdaşları hadisə yerinə gələrək Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, 01 avqust 2023-cü il tarixdə yaşadığı evdə olarkən Sədayılın döyüldüyünü eşidib maşını ilə həmən yerə getmişdir. Hadisə yerinə çatdıqda Sədayılın oturduğunu, qolundan qan axdığını və Gülxanımında yanında olduğunu görmüşdür. Sədayıldan nə baş verdiyini soruşduqda, Ramazanın onu döydüyünü bildirmişdir. Həmin vaxt Ramazandan Sədayılı niyə döydüyünü soruşduqda, Ramazan onu döymədiyini bildirmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək Ramazan Nuralıyevi polis bölməsinə aparmışlar. Məhkəmə istintaqında şahid Lənkəran şəhər-rayon polis şöbəsinin Liman polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Balıqçılar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib həm saxlaması, daşıması, həm də istifadəsi ilə məşğul olması barədə əldə etdiyi əməliyyat məlumatının dəqiqliyini bir neçə mötəbər mənbədən yoxlayandan sonra sonuncu ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirmək üçün bölmə rəhbərliyinə müraciət etmişdir. Rəhbərlik tərəfindən Ramazanın cinayətkar əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılmış,qrupun rəhbəri o təyin olunmuş, qrup üzvləri isə bölmənin polis nəfərləri Şahid4 və Şahid5 olmuşdur. 01 avqust 2023-cü il tarixdə saat 17 radələrində onun göstərişi ilə Təqsirləndirilən şəxs ətrafında müşahidlər aparmağa başlamışlar və bir müddətdən sonra Ramazanı həmin qəsəbədə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra Ramazana narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olduğunu və bu səbəbdən də üzərində şəxsi axtarış keçirilməsinin vacib olduğunu bildirərək onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində müdafiəçinin iştirakı və videoçəkiliş müşayiəti ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda təqdim etməyi təklif edilmişlər və bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən üç ədəd büküm çıxarıb təqdim etmişdir. Ramazanın üzərindən aşkar edilmiş sellofan bükümlər elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs həmin bükümlərdə metamfetamin olduğunu və Lənkəran şəhəri böyük bazar ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Məhkəmə istintaqında Şahid5 və Şahid4 ifadələrində digər Şahid3 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişlər. (Buna görə də məhkəmə həmin ifadələri hökmdə təkrarlamağa zərurət görmür) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında olunmaqla tədqiq edilmiş: Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 03 avqust 2023-ci il tarixli, 4(049)-220/2023 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbetmənin əvvəli 01 avqust 2023-cü il tarixdən hesablanmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında 16 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran rayonu Balıqçılar qəsəbəsində yerləşən ərazidə baş vermişdir. Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin məhkəmə-tibbi ekspertizasının 02 avqust 2023-cü il tarixli, 774 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol alt çənə bucağı nahiyyəsindəki yumşaq toxumaların əzilməsi – hematoması, bel nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Şəxsi axtarış və götürmə aparılması haqqında 01 avqust 2023-ci il tarixli, protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən ilkin çəkisi 0,98 qram olan üç ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdılaraq götürülmüş, Təqsirləndirilən şəxs psixotrop maddənin ona məxsus olmasını etiraf etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 avqust 2023-cü il tarixli 19/766 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər üç ədəd bükümdə olan kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,264 qram, 0,319 qram, 0,215 qram, ümumi təmiz çəkisi 0,798 qram qram olan ağ rəngli kristal formada olan maddələr metamftamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqatdan sonra qalıq çəkisi 0,648 qramdır. Aparılmış ekspertizanın dəyəri 60 manat müəyyən edilmişdir. Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkaloji Xəstəxanasında ambulator məcburi narkaloji tibbi yoxlamanın 03 avqust 2023-cü il tarixli, 781 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında 02 sentyabr .2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 03 ədəd sellofon kəsiyi bükümündə,təmiz çəkisi 0,798 qram olan psixotrop maddə metanfetaminin ekspertizadan qaytarılmış 0,648 qram qalığı, həmçinin şəxsi axtarış istintaq hərəkətlərinin qeydə alındığı videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış, psixotrop maddə metanfetaminin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilməsi və 1 ədəd DVD diskin isə iş materiallarında saxlanılması qərara alınmışdır. DİN-nin BƏSİİ tərəfindən verilmiş arayışdan və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin Məhkəmənin 02 mart 2023-cü il tarixli, 1(049)- 117/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lənkəran rayon İcra Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəmənin 02 mart 2023-cü il tarixli, 1(049)-117/2023 nömrəli hökmü ilə təyin edilmiş 1 il 5 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının 3 ay 21 gününü çəkmiş, 1 il 2 ay 5 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Lənkəran şəhər İHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 avqust 2023-cü il tarixli,12-27/314 nömrəli arayışdan və elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, X1 atası X2, anası X7, arvadı X11, övladları – xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2011ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X6 ilə birlikdə Lənkəran rayonu, Balıqçılar qəsəbəsində yaşayırlar və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Lənkəran Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, CM-nin 207.6-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs döyülməsi faktının araşdırılması məqsədi ilə həmin tarixdə Lənkəran Rayon Prokurorluğuna məktub göndərilmişdir. Zərərçəkmiş şəxs Qəzənfər oğlunun ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona dəymiş ziyan tam ödənilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 128 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməməsi, üzərinə şəxsi axtarış keçirilərkən hər hansı qanunla qadağan olunmuş əşyanın olmaması, yalnız polis əməkdaşı tərəfindən döyülməsi və təziqə məruz qalması ilə bağlı ifadələrinə qiymət verərək hesab edir ki, həmin dəlillər iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlar təkzib edildiyindən özünü müdafiə xarakterli dəlillərdir və təqsirləndirilən şəxsə elan edilmiş ittiham üzrə bəraət verilməsi üçün əsas kimi qəbul olun bilməz. Beləliklə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarlar Təqsirləndirilən şəxs tərəfindən CM-nin 128-ci və CM-nin 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq olunur. Məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 128 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamlar üzrə əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs həmin maddələrlə bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə Təqsirləndirilən şəxsyə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını vədəymiş ziyanı ödəməsini CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən (CM-nin 128-ci maddəsinə münasibətdə) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə qanunun qeyd edilən tələbini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 128-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası, CM-nin 234.1-ci maddələrinin sanksiyasında isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağırcinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir.Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş əməllərin ictimai təhlükəlilik dərəcəsini, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla, CM-nin 67.1-ci maddəsinə əsasən Lənkəran Rayon Məhkəmənin 02 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 1 il 2 ay 5 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsnin CM-nin CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 01 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyatda olması alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza keçiriləndən sonra qalıq qalmış 0,648 qram narkotik vasitə metamfetamin məhv edilməli, şəxsi axtarış videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar, həmçinin iş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 03(üç) ay müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 01(bir) il 01(bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəmənin 02 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 1(bir) il 2(iki) ay 5(beş) gün hissəsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub hesablanmaqla həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirirək Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut - ekspertiza keçiriləndən sonra qalıq qalmış 0,648 qram narkotik vasitə metamfetaminin məhv edilsin, şəxsi axtarış videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş ürzə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar