Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-340/2023 06.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə 14 avqust 1997-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə Lənkəran şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 6 (altı) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,174 qram, 0,153 qram, 0,184 qram, 0,169 qram, 0,159 qram, 0,139 qram, ümumi təmiz çəkisi 0,978 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 18:15-də Lənkəran ŞRPŞ-nın Liman PBnın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu Göyşaban kəndində yolda saxlanılaraq polis bölməsinə gətirilmiş və bölmədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçəsinin sağ yan cibindən qeyd edilən çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2022-ci ilin noyabr ayından narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitə heroini damarına vurur. Hər gün narkotik vasitələrdən istifadə edirdi. Narkotik vasitə heroini Lənkəran şəhərində tanımadığı şəxslərdən alıb istifadə edir. 14 aprel 2023-cü il tarixdə saat 13 radələrində Lənkəran şəhəri “Kiçik bazar” adlanan ərazidə üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 6 bükümdə 30 manata narkotik vasitə heroin almışdır ki, istifadə etsin. Həmin bükümləri əynində olan gödəkçəsinin sağ yan cibində qoymuşdur ki, istifadə edər. Həmin gün saat 17-18 radələrində Lənkəran rayonu Göyşaban kəndinə getmişdir. Həmin gün saat 18 radələrində Lənkəran rayonu Göyşaban kəndində küçədə piyada hərəkətdə olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu demişlər və onu Liman PB-nə dəvət etmişlər. O heç bir etiraz etməyib avtomobillə polis əməkdaşları ilə birlikdə Liman PB-nə gəlmişdir. Polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçəsinin sağ yan cibində saxladığı 6 bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. O, narkotik maddələri heç vaxt satmamışdır. Tutduğu əməlindən peşmandır. Göstərilənlərə əsasən ona ən yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanıdır. Lənkəran şəhəri Ş.Xiyabanı küçəsi ev 5/3-də qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi, üzərində saxlaması və satması barədə məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini müəyyən edib, ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün raportla Lənkəran ŞRPŞ-nin Liman PB-nin rəisinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə şöbənin rəisi tərəfindən əməliyyat qrupu yaradılmış, təsdiq edilmiş 14 aprel 2023-cü il tarixli əmrə əsasən o, Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin polis nəfərləri polis serjantı Şahid2 və Şahid3 ilə birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. 14 aprel 2023-cü il tarixdə saat 17 radələrindən Təqsirləndirilən şəxs ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Həmin gün saat 18:15-də Təqsirləndirilən şəxs Lənkəran rayonu Göyşaban kəndində küçə ilə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu, narkotik vasitələrin üzərində gəzdirməsində və istifadə etməsində şübhəli olduğunu demişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və bu səbəbdən də, onu avtomobillə Lənkəran ŞRPŞ-nin Liman PB-nə gətirmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, predmet və narkotik vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən 6 ədəd bükümdə sellofanları çıxarıb təqdim etmişdir. Həmin 6 ədəd bükümlərə baxdıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütlələr elektron tərəzidə çəkildikdə çəkisi 1,09 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr bir zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, zərfin üstü imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin 6 ədəd bükümdə narkotik vasitə heroini tanımadığı şəxsdən aldığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nın polis nəfərləri Şahid2 və Şahid3 ifadələrində Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, həmçinin təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 14 aprel 2023-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmiş DVD diskdə olan videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sağ yan cibindən altı bükümdə 1,09 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, o, həmin narkotik vasitənin özünə məxsus olduğunu, istifadəsi üçün üzərində gəzdirdiyini göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi tərəfindən təqdim edilmiş 15 aprel 2023-cü il tarixli, 19/460 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 6 ədəd bükümlərdə ayrı-ayılıqda təmiz çəkiləri: - 0,174 qr: -0,153 qr: -0,184 qr: -0,169 qr: -0,159 qr: -0,139 qram: ümumi təmiz çəkisi: 0,978 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 15 aprel 2023-cü il tarixli, 442 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə saat 18:37-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 16 aprel 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2023-cü il tarixdə saat 17:20-də saxlandığı Lənkəran ŞRPŞ-nin MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnaməyə əsasən, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Sübutların qiymətləndirilməsi haqqında 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 6 ədəd bükümdə 0,978 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə heroinin ekspertizadan sonra qalıq qalmış 0,738 qram hissəsi Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarışın 1 ədəd DVD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət əməlini səmimi etiraf etməsini, tutduğu əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdən 16 aprel 2023-cü il tarixədən şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş « başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilsin və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Cəzaçəkmə müddətinin başlanğıcı 06 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi naroloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,738 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdən 16 aprel 2023-cü il tarixədən şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 06 sentyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş « başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi naroloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,738 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-340/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-340/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver