Məhkəmə qərarları › İş №1(049)-352/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-352/2023

27.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-352/2023 27.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Lənkəran rayonu, Liman şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən təyin edilmiş cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Liman şəhəri, M.Müşfiq küçəsi ev 67 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında 27 oktyabr 2023-cü il tarixdə, 10.25-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o 12 may 2023-cü il tarixdə Lənkəran şəhəri Mərkəzi bazar ərazisndə satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən, öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, 5 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,226 qram; -0,262 qram; -0,235 qram; -0,236 qram; -0,241 qram ümumi təmiz çəkisi -1,200 qram xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2023- cü il tarixdə saat 19:30-da Lənkəran ŞRPŞ-nin Liman PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 1 ünvanı ünvan 2ş və bölmədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən həmin çəkidə və bükümlərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Bədəninin ağrısından əziyyət çəkir. Üç ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Heroini ineksiya yolu ilə damarına vurmaqla qəbul edir. Demək olar ki, hər gün narkotik vasitə olan heroindən istifadə edir. İstifadə etdiyi narkotik vasitəni Lənkəran şəhər ərazisində təsadüfən rastlaşdığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslərdən alır. 12 may 2023-cü il tarixdə saat 16 radələrində Lənkəran şəhəri Mərkəzi bazar adlanan ərazidə əvvəllər tanımadığı bir şəxslə rastlaşmış, söhbət edən zaman bir-birilərinin narkoman olduqlarını bilmişlər. Həmin şəxsdən narkotik vasitə istəmişdir. Həmin şəxs də, ona üzərində narkotik vasitə olduğunu bildirmiş və 30 manata beş bükümdə narkotik vasitə olan heroin satmışdır. O da, həmin şəxsdən aldığı narkotik vasitəni əynindəki şalvarının sağ yan cibinə qoymuş, bədənində ağrılar olan zaman istifadə edəcəkmiş. Elə həmin gün, yəni 12 may 2023-cü il tarixdə saat təxminən 19 radələrində Lənkəran rayonu Liman şəhəri M.Müşfiq küçəsi ərazisində piyada gedən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini ona təqdim etdikdən sonra onu Liman PB-nə dəvət etmişlər. O da, polis əməkdaşları ilə polis bölməsinə gəlmişdir. Polis bölməsində o, şübhəli şəxs kimi tutulmuş və vəkil ilə təmin olunmuşdur. Sonra orada vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı əynindəki şalvarının sağ yan cibindən istifadəsi üçün saxladığı beş büküm narkotik vasitə olan heroin aşkar olunmuşdur. Həmin beş büküm narkotik vasitə olan heroin elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş, protokolu və zərfi o və başqa iştirakçılar imzalamışlar. Tutduğu əməldən son dərəcə peşmandır. Narkotik vasitə olan heroini qəbul etməklə cinayət törətdiyini başa düşür, o narkotik vasitələri heç vaxt satmamışdır. Narkotik vasitələrdən istifadə etməyi bədənində olan ağrılarla bağlı olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün cinayəti etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, üzərində şəxsi axtarış keçirilməsi haqqında protokol, üzərindən aşkar olunmuş maddi sübutlar, ekspertiza rəyləri, habelə ilkin əməliyyat və təhqiqat sənədləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməliyyat müvəkkili Şahid2 göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir. Lənkəran ŞRPŞ-nin Liman PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. 12 may 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin Liman PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Həsənov X2 rayonu Liman şəhəri M.Müşviq küçəsi ev 67-da qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə məlumat əldə etmişdi. Polis baş leytenantı Şahid1 Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü raportla bölmə rəisinə müraciət etmiçş, bölmə rəisi tərəfindən təsdiq edilmiş 12 may 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, polis serjantı Şahid3 oğlundan və məndən ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlanmış, saat 19 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Liman şəhəri M.Müşfiq küçəsi yolla piyada hərəkət etməsi müəyyən olunaraq Təqsirləndirilən şəxs yaxınlaşıb özümüzü ona təqdim etmişlər. Həmin vaxtı yolda gediş-gəliş çox olduğundan və Təqsirləndirilən şəxs üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu Liman PB-nə dəvət etmişlər. Bölməyə gəldikdən sonra polis baş leytenantı Şahid1 bu barədə raportla bölmə rəisinə müraciət etmiş, Şöbənin təhqiqatçısı, polis mayoru Mircan Quliyev tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq, şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş beş bükümdə qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli başqa hər hansı bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5 bükümdə narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkildi, çəkisi təqribən 1,27 qram olmuşdur. Sonra heroinə bənzər həmin kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs ilə şifahi sorğu keçirilərkən bildirdi ki, təxminən üç ildir ki, narkotik vasitə heroindən istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitə heroini 12 may 2023-cü il tarixdə Lənkəran şəhəri mərkəzi bazar ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən otuz manata aldığını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilərək o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis nəfəri Şahid3 da Şahid2 ifadəsinə oxşar ifadə vermişdir. İşdə olan 12 may 2023-cü il tarixli, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını göstərmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 13 may 2023-cü il tarixli, 19/545 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5 (beş) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,226 qram; 0,262 qram; 0,235 qram, 0,236 qram, 0,241 qram ümumi təmiz çəkiləri- 1,200 qram olan tiryəkdən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni narkotik vasitə heroindirlər. Tədqiqatdan sonra heroinin qalığı 0,950 qram olmuşdur. Ekspertiza xərci 65 manat təşkil eləyir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 15 may 2023-ci il tarixli, 534 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan DİN BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Əsədli X4 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 11 ay 28 gün azadlıqdan məhrum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı aministiya qərarının 4-cü bəndinə əsasən 24.06.21-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş qalan hissəsi 06 ay azaldılmışdır. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan 12 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib özündə saxlaması kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirkar şəxsin islah olunmasına və ailəsinin həyait şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə və qoca anasının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə iclasında müəyyən olundu ki, bu cinayət əməlindən əvvəl Təqsirləndirilən şəxs ağır cinayət əməlini törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasını çəkib qurtardığı xx.xx.2021-ci il tarixdən 02 il keçməmişdir. Buna görə onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi üç il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs müəyyən olunacaq cəza üç ilin yarısından az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan qalıq çəkisi 0,950 qram olan narkotik vasitə-heroin, hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərci - 65 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ saxlanılan qalıq çəkisi 0,950 qram olan narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar