Məhkəmə qərarları › İş №1(049)-353/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-353/2023

02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-353/2023 02.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmamış, ailəli, işləməyən, Masallı rayon Təzəkənd kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 31 mart 2023-cü ildə saat 20:40 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Hyundaı H1” minik markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobillə, Ələt-Astara–İran sərhədi yolunun Lənkəran rayon Qumbaşı kəndi ərazisindən keçən 179,7-ci km\də Ələt qəsəbə istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, yolun hərəkət hissəsinin sağ kənarı ilə eyni istiqamətdə hərəkətdə olan piyada ilə təhlükəsiz yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin etdikdən sonra keçib getməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, yolun hərəkət hissəsinin sağ kənarı ilə Ələt qəsəbə istiqamətdə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs arxadan vurmuş, nəticədə ehtiyyatsızlıqdan piyada Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyinin kontuziyası, baş beynin əzilməsi, dislokasiya verməyən subdural hemotama, çoxsaylı hemorragik kontuziya ocaqları, koma 2, hər iki ağ ciyərin kontuziyası, tənəffüsün pozulması ilə müşayət olunan iki tərəfli minimal hemotraks kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətdikdən sonra, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla, hadisə yerində, həmçinin hadisədən sonra özünün sürücü olması ilə əlaqədar hər hansı məlumatı müvafiq dövlət qurumlarına və ya polisə bildirmədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 və 264-cü maddələri ilə ittiham elan edilmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Hyundaı H1” minik markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün “BC” katiqoriyalı sürücülük vəsiqəsi vardır. 31 mart 2023-cü ildə saat 20:40 radələrində idarə etdiyi “Hyundaı H1” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə saatda təxminən 45-50 km sürətlə sağ zolaqla hərəkətdə olmuşdur. Həmin vaxtda avtomaşında dörd sərnişin olmaqla, yük olmamışdır. Lənkəran rayon Qumbaşı kəndi ərazisindən keçdikdə, təxminən 5-6 metr məsafədən qarşısında piyada Zərərçəkmiş şəxs adi yerişlə hərəkətdə olduğunu görmüşdür. Həmin piyadaya az qalmış ani olaraq piyada bir qədər sola doğru meyillənmiş, bu zaman idarə etdiyi avtomaşının qabaq sağ hissəsi piyadaya arxadan çırpılmışdır. Sonra avtomaşından düşməklə piyadaya yardım etmş, daha sonra səhətində problem olduğundan sükan arxasına əyləşməklə Masallı rayon Təzəkənd kəndindəki evinə getmişdir. Yaşadığı evə çatdıqda halı pisləşmiş, bu zaman əmisi Tofiq avtomaşının sükanı arxasına əyləşərək sürücü özü olduğu demişdir. Lakin sonradan polisə gələrək hadisə zamanı “Hyundaı H1” minik markalı avtomaşının sükanı arxasında özü olduğunu və hadisəni törətməsini etiraf etmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışlar və ona dəyən ziyanı ödəmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində olan CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsini və CM-nin 264-cü maddəsi ilə yüngül cəza verilməsini xahiş etdi. İşin məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 31 mart 2023-cü ildə saat 20:40 radələrində köhnə Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə yolun sağ hissəsi ilə adi yerişlə hərəkətdə olmuşdur. Lənkəran rayon Qumbaşı kəndi ərazisindən keçdikdə arxadan nəyinsə ona çırpıldığını hiss etmiş, həmin anda ağır xəsarət aldığından huşunu itirmiş, ayıldıqda xəstəxanada olduğunu bilmişdir. Ramizin idarə etdiyi “Hyundaı H1” minik markalı avtomaşının hadisə zamanı ona arxadan çırpıldığını sonradan bilmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Masallı rayon Təzəkənd kəndində yaşayır. 31 mart 2023-cü ildə saat 20:40 radələrində Ramizin idarə etdiyi “Hyundaı H1” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt istiqamətdə sağ zolaqla hərəkətdə olmuşlar. Lənkəran rayon Qumbaşı kəndi ərazisində keçəndə ani olaraq Ramizin idarə etdiyi “Hyundaı H1” minik markalı avtomaşının qabaq sağ hissəsi eyni istiqamətdə adi yerişlə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs arxadan çırpılmışdır. Həmin vaxtda Ramiz avtomaşını saxlamaqla avtomaşından yerə düşmüş, daha sonra onunla birgə piyada İlkinə yardım etmişlər. Daha sonra Ramiz hadisə yerində özünü yaxşı hiss etmədiyindən hadisə yerindən getmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı təyin edilmiş yol nəqliyyat hadisəsi ekspertizasının 31 may 2023-cü il tarixli 8\1407 saylı rəyindən görünür ki, “Hyundaı H1” minik markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş üzrə ekspertiza xərci 85 (səksən beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş Masallı rayon “MTE və PA” şöbəsinin 01 may 2023-cü il tarixli 380 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - qapalı kəllə beyin travması, baş beyinin kontuziyası, baş beynin əzilməsi, dislokasiya verməyən subdural hemotama, çoxsaylı hemorragik kontuziya ocaqları, koma 2, hər iki ağ ciyərin kontuziyası, tənəffüsün pozulması ilə müşayət olunan iki tərəfli minimal hemotraks müəyyən olundu. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaları) təsirindən törənmişdir. Qeyd edilən xəsarələr 31 mart 2023-cü il tarixdə baş vermiş avtomobil qəzası zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş DİN BDYPİ QİS-in 19 may 2023-cü il tarixli 3-13-16\2-64419\2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci ildə AE serialı 429454 nömrəli “BC” katiqorialı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə alkotester müayinəsinin nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən praktiki ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 03 iyul 2023-cü il tarixli qərardan görünür ki, “Hyundai H1” minik markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş qəbzdən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış “Hyundai H1” minik markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş AZ-İİİ seriyalı, 734222 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2016-cı il təvəllüdlüdür, atası – Təqsirləndirilən şəxsdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilməsinə baxmayaraq məhkəmə istintaqı zamanı araşdırılmış sübutlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 16-cı bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CM-nin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Məhkəmələrin diqqəti həm də ona cəlb edilsin ki, CM-nin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 yanvar 2004-cü il tarixli Qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərər çəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərər çəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni CM-nin 264-cü maddəsi CM-nin 143cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Buna görə, CM-nin 263 və 263- 1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmiş şəxsin zərərçəkmişi təhlükədə qoymaqla bu kimi hallarda özü haqqında məlumat verməsi onun CM-nin 264-cü maddəsi ilə məsuliyyətini istisna edən əsas kimi qiymətləndirilə bilməz. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxsı tərəfindən imzalanmış və Lənkəran rayon notariat ofisinin xüsusi notariusu tərəfindən 19 sentyabr 2023-cü il tarixdə təsdiqlənmiş (reyestr № 8İ-43730) ərizədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs yolnəqliyyat hadisəsi nəticəsində ona dəymiş ziyanı tam olaraq ödəmişdir və aralarında barışıq əldə olunmuşdur. Ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də ərizəni nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin ediməməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 1(049)-353/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilmişdir. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın ödənildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, himayəsində iki azyaşlı övladının olduğunu və törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması—üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 263.1 maddəsinə əsasən, “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin məcəllənin 263.1-1 maddəsinə əsasən, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Masallı rayonu, Təzəkənd kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Maddi sübut – “Hyundai H1” minik markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddianın və müsadirə olunmalı əmlakın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı Masallı rayonu, Təzəkənd kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Masallı rayon İcra və Probasiya şöbəsinən həvalə edilsin. Maddi sübut – “Hyundai H1” minik markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar