Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-358/2022 14.09.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 18.35 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas X2, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və zərərçəkmiş şəxsin nümayəndəsi: Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1982-ci il tarixdə Lənkəran rayonu, Port İliç şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq nаrkоtik vаsitə оlаn hеrоini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamаqlа dаşımış, habelə anbara daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bеlə ki, о, 10 may 2022-ci il tarixdə, saat 23 radələrində V.Həsənov adına Liman şəhər 2 saylı tam orta məktəbin həyətindəki anbara qapısının qıfılını sındırıb açmaqla qanunsuz daxil olaraq anbardan bir ədədinin qiyməti 105 manat olan cəmi 210 manat qiymətində çuğun metalından hazırlanmış 2 ədəd sobanı və anbarın tavanına qoyulmuş bir ədədinin qiyməti 63 manat olan cəmi 189 manat dəyərində 3 ədəd dəmir barmaqlıqlı çərçivəni gizli yolla talayaraq V.Həsənov adına Liman şəhər 2 saylı tam orta məktəbə cəmi 399 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, 13 may 2022-ci il tarixdə, saat 11 radələrində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində yerləşən “kiçik bazar” adlanan ərazidə məlum olmayan şəxsdən 10 manata satıq məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,791 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, Liman polis bölməsinin əməkdaşlarının radələrində keçirrdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün, saat 18.10 dəqiqədə yaşadığı Liman şəhəri, M.Müşfiq küçəsində hərəkətdə olarkən saxlanılaraq Liman polis bölməsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman 0,791 qram narkotik vasitə olan heroin 1 ədəd qırmızı rəngli siqaret kağızı kəsiyi bükümündə əynindəki qara rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Narkotik vasitə olan heroindən mütəmadi istifadə edir, heroni həmişə kiçik bazar deyilən yerdə tanımadığı şəxslərdən alır. 10 may 2022-ci il tarixdə heroin almağa pulu olmadığına görə oğurluq edib həmin pula narkotik almaq istəmiş və həmin gün, saat 23 radələrində Liman şəhər 2 saylı tam orta məktəbin həyətinə hasardan tullanıb həyətda olan anbarın qapısının qıfılını sındırmış və anbara daxil olaraq oradan iki ədəd çuğun soba və üç ədəd dəmir çərçivə götürərək öz yaşadığı evə gətirmişdir. Həmin əşyalardan dəmir barmaqlıqları qonşuluqda yaşayan və dəmir yığılması ilə məşğul olan Şahid2 23 manat satmış, iki ədəd çuğun sobanı isə səhəri gün Liman şəhərində tanımadığı şəxsə 80 manata satmışdır. Həmin pullara o heroin alaraq istifadə etmişdir. 13 may 2022-ci il tarixdə, saat 11 radələrində kiçik bazarda tanımadığı şəxsdən 10 manata bir büküm heroin alaraq istifadə etmək üçün şalvarının sol yan cibinə qoymuşdur. Həmin gün, saat 18 radələrində yaşadığı Liman şəhəri, M.Müşfiq küçəsində gəzərkən polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ona müdafiəçi təyin edilmiş və müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilən zaman səhər saatlarına aldığı heroini təqdim etmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs оğlu ifаdəsində göstərdi ki, Lənkəran rayonu, Liman şəhəri V.Həsənov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir. Məktəb Liman şəhər, M.Müşfiq küçəsi 67 ünvanında yerləşir. 11 may 2022-ci il tarixdə, saat 8 radələrində işə gələrkən məktəbin təsərrüfat müdiri Şahid1 ona yaxınlaşaraq, gecə məktəbin həyətində yerləşən anbarın qıfılını sındırıldığını, anbardan çuqun metalından hazırlanmış iki ədəd sobanı və anbarın tavanına qoyulmuş üç ədəd dəmir barmaqlıqlı çərçivələri oğurlandığını demişdir. O, anbara yaxınlaşaraq həmin əşyaların yerində olmadığını görüb dərhal Liman polis bölməsinə zəng edib oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Liman polis bölməsinin əməkdaşları orta məktəbin həyətinə gələrək anbara baxış keçirmişlər. Sonra isə Liman polis bölməsinə getmiş və baş vermiş oğurluq hadisəsi barədə ərizə ilə müraciət etmişdir. Sonradan ona Liman polis bölməsinin əməkdaşı həmin əşyaların Liman şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bildirmişdir. Anbarda baş vermiş oğurluq hadisəsi nəticəsində V.Həsənov adına Liman şəhəri 2 saylı tam orta məktəbə cəmi 399 manat ziyan dəymişdir. Həmin əşyalardan üç ədəd barmaqlıq ona qaytarılsa da, çuğun sobalar qaytarılmamışdır. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərdi ki, Lənkəran rayonu, Liman şəhəri V.Həsənov adına 2 saylı tam orta məktəbin təsərrüfat müdiri vəzifəsində işləyir. 10 may 2022-ci il tarixdə, saat 17 radələrində məktəbin həyətində yerləşən anbarında hər şeyin qaydasında olduğunu görüb evə getmişdir. 11 may 2022-ci il tarixdə, saat 07 radələrində işə gələrkən anbarın qıfılını sındırıldığını, anbardan çuqun metalından hazırlanmış iki ədəd sobanı və anbarın tavanına qoyulmuş üç ədəd dəmir barmaqlıqlı çərçivələri yerində olmadığını görmüşdür. Təxminən yarim saat sonra məktəbin direktoru Zərərçəkmiş şəxs işə gəldikdə ona bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs anbara yaxınlaşaraq həmin əşyaların yerində olmadığını görüb dərhal Liman polis bölməsinə zəng edib oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Liman polis bölməsinin əməkdaşları orta məktəbin həyətinə gələrək anbara baxış keçirmişlər. Sonradan Liman polis bölməsinin əməkdaşından eşitmişdir ki, həmin əşyaların Liman şəhər sakini Təqsirləndirilən şəxs oğurlamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğİunu tanıyır. O, iki azyaşlı uşaqlarını saxlamaq üçün həyətində metal yığıb sataraq çörək pulu qazanır. O, metalları Liman şəhər sakinlərindən alır və metalları aldığı adamların adlarını dəftərində qeyd edir. Bundan sonra isə Liman polis bölməsinə metal aldığı adamlar barəsində məlumat verir. 11 may 2022-ci il tarixdə, gecə saat 01 radələrində həyət qapısının döyüldüyünü eşidib evdən küçəyə çıxmış və Rəşadın həyət qapısının qarşısında dayandığını görmüşdür. O, Rəşaddan nə üçün gəldiyini soruşmuş və Rəşad da pula ehtiyacı olduğu üçün həyətində olan üç ədəd dəmir barmaqlıqlı çərçivələri ona satmaq üçün gətirdiyini bildirmişdir. O, yerdə 3 ədəd dəmir barmaqlıqlı çərçivələrin olduğunu görmüşdür. O, Rəşada düzünü deməsini, gətirdiyi reşotkaları oğurlayıb-oğurlamasını soruşduqda Rəşad da həmin dəmir barmaqlıqlı çərçivələri oğurlamadığını, öz həyətindən gətirdiyini bildirmişdir. Bundan sonra, o, həmin dəmir metalından olan 3 ədəd çərçivəni elektron tərəzidə çəkmiş və ümumi çəkisi 84 kq olmuşdur. O, dəmir metalının 1 kq-nı 27 qəpikdən hesablayıb Rəşada 23 manat pul vermişdir. Rəşad həmin üç ədəd dəmir barmaqlıqlı çərçivələri daşıyıb onun həyətinə qoymuş, sonra isə həyətindən çıxıb getmişdir. O. dəftərində Rəşadın ona üç ədəd dəmir barmaqlıqlı çərçivələr gətirib satması barədə qeydiyyat aparmışdır. Rəşad birinci dəfə idi ki, ona metal satırdı. O, Rəşadın narkoman olduğunu eşitdiyi üçün qərara gəlmişdir ki, səhər açılan kimi bu barədə Liman polis bölməsinə məlumat versin. Səhərisi günü, yəni 11 may 2022-ci il tarixdə, saat 11 radələrində Liman polis bölməsinə getmiş və gecə vaxtı Rəşadın ona üç ədəd dəmir barmaqlıqlı çərçivələr gətirib satdığı barədə məlumat vermişdir. 13 may 2022-ci il tarixdə, saat 20 radələrində Əzim onun mobil telefonuna zəng edərək, Rəşadın, ona satdığı üç ədəd dəmir barmaqlıqlı çərçivələri Liman şəhəri 2 nömrəli tam orta məktəbdən oğurladığını bildirmişdir. O, Rəşadın ona satdığı 3 ədəd dəmir barmaqlıqlı çərçivələri polisə könüllü olaraq təhvil vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, X9 əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 may 2022-ci il tarixdə icraatına Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə tərəfindən rəhbərliyə raportla məruzə edildikdən sonra əməliyyat tədbiriləri keçirilməsi haqqında qərar qəbul edilmiş, əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar onun rəhbərliyi altında, polis serjantı Şahid4 və polis baş serjantı Şahid5 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdə, saat 18:10 dəqiqədə yaşadığı Liman şəhəri M.Müşfıq küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Liman polis bölməsinə gətirilmiş, təhqiqatçı tərəfindən, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə varsa təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd qırmızı rəng siqaret kağızı bükümünü çıxarıb masanın üzərinə qoyaraq həmin bükülünün içərisində "kakos" deyilən narkotik vasitə heroin olduğunu və həmin heroini özü istifadə etmək üçün 13 may 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhərində yerləşən "Kiçik bazar" adlanan yerdə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin bükülü baxış keçirildikdən sonra 1,06 qram olduğu müəyyən edilib qablaşdırılmışdır. Təqsirləndirilən şəxs törətmiş olduğunu cinayət əməlindən başqa digər cinayət əməli törətməsi soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, 10 may 2022-ci il tarixdə, axşam saatlarında Liman şəhərində yerləşən 2 saylı tam orta məktəbin anbarından üç ədəd dəmir barmaqlıqlı çərçivə və iki ədəd çuqun metalından hazırlanmış soba oğurlamışdır. Keçirilmiş tədbir barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, X9 polis serjantı vəzifəsində işləyir. 13 may 2022-ci il tarixdə yaradılmış əməliyyat qrupunda iştirak etmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdə, saat 18:10 dəqiqədə yaşadığı Liman şəhəri M.Müşfıq küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Liman polis bölməsinə gətirilmiş, təhqiqatçı tərəfindən, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd kağızı bükümü aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bükülünün içərisində "kakos" deyilən narkotik vasitə heroin olduğunu və həmin heroini özü istifadə etmək üçün 13 may 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhərində yerləşən "Kiçik bazar" adlanan yerdə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğunu cinayət əməlindən başqa digər cinayət əməli törətməsi soruşulduqda bildirmişdir ki, 10 may 2022-ci il tarixdə, axşam saatlarında Liman şəhərində yerləşən 2 saylı tam orta məktəbin anbarından üç ədəd dəmir barmaqlıqlı çərçivə və iki ədəd çuqun metalından hazırlanmış soba oğurlamışdır. Keçirilmiş tədbir barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış şahid X5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, X9 polis serjantı vəzifəsində işləyir. 13 may 2022-ci il tarixdə yaradılmış əməliyyat qrupunda iştirak etmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdə, saat 18:10 dəqiqədə yaşadığı Liman şəhəri M.Müşfıq küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Liman polis bölməsinə gətirilmiş, təhqiqatçı tərəfindən, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd kağızı bükümü aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bükülünün içərisində "kakos" deyilən narkotik vasitə heroin olduğunu və həmin heroini özü istifadə etmək üçün 13 may 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhərində yerləşən "Kiçik bazar" adlanan yerdə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğunu cinayət əməlindən başqa digər cinayət əməli törətməsi soruşulduqda bildirmişdir ki, 10 may 2022ci il tarixdə, axşam saatlarında Liman şəhərində yerləşən 2 saylı tam orta məktəbin anbarından üç ədəd dəmir barmaqlıqlı çərçivə və iki ədəd çuqun metalından hazırlanmış soba oğurlamışdır. Keçirilmiş tədbir barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 32-33-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Şəxsi axtarış və götürmə barədə” 13 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmin narkotik vasitənin çəkisi 1.06 qram olmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin heroin olduğunu və öz istifadəsi üçün Lənkəran şəhərində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakı ilə tədqiq edilmiş “Şəxsi axtarış və götürmə barədə” 13 may 2022-ci il tarixli əməliyyat axtarış tədbirinin videogörüntüsündən də görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmin narkotik vasitənin çəkisi 1.06 qram olmuş, sonuncu həmin narkotik vasitənin heroin olduğunu və öz istifadəsi üçün Lənkəran şəhərində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Cinayət işinin 53-56-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 may 2022-ci il tarixli, 19/582 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,791 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanan narkotik vasitə heroindir. Cinayət işinin 121-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 16 may 2022-ci il tarixli, 573 nömrəli ekspert rəyindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 129-cu vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Cənub qiymətləndirici MMC tərəfindən verilmiş 18 may 2022-ci il tarixli arayışdan (mütəxəssis rəyindən) görünür ki, təqdim olunmuş 3 ədəd dəmir barmaqlıqlı çərçivələrin hər birinin qiyməti 63 manat olmaqla cəmi 189 manatdır. Cinayət işinin 66-69-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 11 may 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Lənkəran rayonu, Liman şəhəri, 2 saylı tam orta məktəbdir və məktəbin həyətində olan anbarın kilidi sındırılmış vəziyyətdədir. Cinayət işinin 79-81-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında” 14 may 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid2 3 ədəd dəmir barmaqlıqlı çərçivəni təqdim edərək həmin əşyaları 11 may 2022-ci il tarxidə, saat 01 radələrində Təqsirləndirilən şəxs ona 23 manata satdığını bildirmişdir. Cinayət işinin 90-cı vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Tanımaya təqdim etmə haqqında” 15 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunan dəmir çərçivləri boyasından tanıyaraq 2 saylı tam orta məktəbə aid olduğunu bildirmişdir. Cinayət işinin 116-120-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “İfadənin yerində yoxlanılması barədə” 16 may 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətini etiraf edərək ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani şəkildə göstərmişdir. Cinayət işinin 130-131-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Maddi sübut kimi tanınma haqqında” 19 may 2022-ci il tarixli qərardan görünür ki, Şahid2 təqdim etdiyi 3 ədəd dəmir barmaqlıqlı çərçivələr maddi sübut hesab edilərək saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəsinə verilmişdir. Cinayət işinin 132-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 19 may 2022-ci il tarixli qəbzdən görünür ki, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs 3 ədəd dəmir barmaqlıqlı çərçivələri təhvil almışdır. Cinayət işinin 160-170-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 15 iyul 2022-ci il tarixli qərardan görünür ki, tədqiqat keçirildikdən sonra qalan 0, 741 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsi, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli qərarından qeyd edilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 5(049)-249/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə qərar ibtidai istintaq zamanı məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, müdafiə tərəfinin, yəni təqsirləndirilən şəxsin və müdafiəçinin təklifi ilə məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2, Şahid3 və X3 ifadələrini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,791 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs 2 saylı tam orta məktəbin anbarının kilidini qıraraq oraya qanunsuz daxil olmuş və anbardan ümumi dəyəri 399 manat olan əşya oğurlamışdır ki, bu əməllər onun oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, oğurluq nəticəsində talanmış əmlakların qiymətinə dair təklif olunmuş sübutları araşdıraraq hesab edir ki, iki ədəd çuğun soba artıq satılaraq realizə olunduğu üçün həmin sobaların qiyməti zərərçəkmiş şəxsin nümayəndəsinin bildirdiyi qiymət əsasında, yəni hər biri 105 manat olmaqla cəmi 210 manat kimi qəbul edilməli, üç ədəd dəmir barmaqlıqlı çərçivlərin də qiyməti zərərçəkmiş şəxsin nümayəndəsi və mütəxəssis arayışına əsasən hər biri 63 manat olmaqla cəmi 189 manat kimi qəbul edilməli və vurulmuş ümumi ziyan 399 manat kimi müəyyən edilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət işinin 15-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “tutma haqqında” 13 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18.05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 108-112-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 15 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 may 2022-ci i, saat 18.05-dən hesab edilmişdir. Cinayət işinin 152-153-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Liman şəhər inzibati ərazi dairəsinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Liman şəhəri, M.Müşfiq küçəsi, ev 59-da tək yaşayır, yaşayış müddəti ərzində tüfeyli həyat tərzinə üstünlük vermiş, heç bir əməklə məşğul olmamışdır. Cinayət işinin 137-139-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 1(049)-33/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 134-136-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Salayev X4 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhum edilmiş, Lənkəran rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 1(049)-33/2021 nömrəli hökmü ilə ona təyin edilmiş cəzadan Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən azad edilmişdir. 08 noyabr – Zəfər Günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 7-ci bəndinə əsasən böyük ictimai təhlküə törətməyən və az ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin məhkumluğu götürülmüşdür. Təqsirləndirilən şəxs məhkum olunaraq amnistiya tətbiq edildildyi CM-nin 234.1-ci maddəsi həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayət hesab olunduğundan məhkəmə hesab edir ki, o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Bu baxımdan onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum edilməsinə dair yuxarıda sadalanan hökmlər onun üçün heç bir hüquqi nəticə yaratmır və ittiham aktında onun əməlinin cinayətlərin residivi olmasına dair qeydi əsassızdır və nəzərə alınmamalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməllərini etiraf edərək peşman olmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun üçün hüquqi nəticə yaratmasa belə əvvəllər dəfələrlə azadlıqdan məhrum edilməsini, həyat tərzini, yəni tüfeyli həyat keçirməsini, oğurluq etməkdə məqsədinin narkotik vasitə əldə etmək olmasını, başqalarının əmlaklarını gizli yolla talayaraq ucuz qiymətə satmaqla gündəlik narkotik vasitə tələbatını ödəməsini, başqa sözlə təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız müəyyən müddət azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 16 may 2022-ci il tarixli, 573 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomanioyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,741 qram qalıq çəkisi olan heroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd dəmir barmaqlıqlı çərçivələr CPM-nin 132.1.1ci maddəsinə əsasən qanuni sahibinə qaytarılmalıdır. İş üzrə tədqiq olunmuş qəbzdən dən görünür ki, həmin əşyalar zərərçəkmiş şəxsin nümayəndəsinə təhvil verilmişdir, buna görə də bu hal nəzərə alınmaqla maddi sübut haqqında məsələ bu hissədə icra edilmiş hesab edilməlidir. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən vurulmuş ziyanın ödənilməmiş hissəsi olan 210 manat dəyərində iki ədəd çuğun sobaya görə mülki iddia vermədiyindən ona vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 5 (beş) saata görə 30 (otuz) manat pul vəsaiti CPM-nin 197.1.5 və 197.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Lənkəran Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 177.2.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 may 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,741 qram qalıq çəkisi olan heroin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. 3 ədəd dəmir barmaqlığın zərərçəkmiş şəxsin nümayəndəsinə təhvil verilməsi nəzərə alınmaqla icra edilmiş hesab edilsin. Məhkəmə məsrəfi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Zərərçəkmiş şəxsin nümayəndəsinə vurulmuş ziyanın ödənilməmiş hissəsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 5 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Lənkəran Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-358/2022
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-358/2022
14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver