Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-358/2023 01.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1997-ci ildə il tarixdə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, satıcı işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 297.1 və 307.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmiş, həmçinin şahid qismində bilə-bilə yalan ifadə vermişdir. Belə ki, o, ərinin əmisi oğlu X14 ilə 2015-ci ildən mövcud olan intim münasibətinin aşkara çıxmaması üçün sonuncunun 23 fevral 2020-ci il tarixdə saat 01 radələrində onun ailə üzvləri ilə birgə yaşadığı Ağcabədi şəhəri, Xan Şuşinski küçəsində yerləşən 62 nömrəli fərdi yaşayış evində 1962-ci il təvəllüdlü qayınanası X2 yastıqla boğaraq tənəffüs yollarını davamlı qapamaqla qəsdən öldürməsindən sonra Seymur Cəfərovun cinayət məsuliyyətinə və cəzaya məruz qalmamasında ifadə edilən şəxsi niyyətlə həmin cinayəti gizlətmək və Fəxrəndə İbrahimovanın guya evin həyətindəki sanitar qovşağından evə qayıdarkən pilləkənlərin üzərində huşunu itirib yıxılaraq ölməsi görüntüsünü yaratmaq məqsədi ilə Seymur Cəfərovun tapşırıqlarını yerinə yetirərək, eyni zamanda cinayətin izlərinin itirilməsi məqsədi ilə Fəxrəndə İbrahimovanın meyitinin divandan aşağı endirilməsi üçün mütəkkə gətirərək döşəmənin üzərinə qoymaqla və Seymur Cəfərov tərəfindən Fəxrəndə İbrahimovanın meyiti sürütlənərkən meyitin əynində olan xalatı fərdi yaşayış evinə giriş qapısının cəftəsinə ilişdiyi yerdən ayırmaqla, hava işıqlandıqdan sonra gecə geyimində küçəyə qaçıb qonşusu Şahid2, daha sonra isə digər qonşularına, qohumlarına və məlumat əsasında hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşlarına qayınanasının yıxılaraq pilləkənlərin üzərində qalması ilə bağlı yalan məlumat verməklə qabaqcadan vəd etmədən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan xüsusilə ağır cinayəti gizlətmişdir. Bundan əlavə o, X5 barəsində Azərbaycan Respublikası Baş prokurorluğunun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə şahid qismində dindirilərkən ifadələrində qayınanası X4 Cəfərov tərəfindən öldürülməsini bildirsə də, həmin cinayət işinə xx.xx.2022-ci il tarixdə saat 17.00 radələrində ünvan 3 ünvanında yerləşən Cəlilabad Hərbi Məhkəməsinin inzibati binasında və xx.xx.2022-ci il tarixdə saat 15.00 radələrində Bakı- Astara şosesinin Lənkəran şəhəri ərazisindən keçən hissəsində yerləşən Lənkəran Ağır Cinayət Məhkəməsinin inzibati binasında baxılarkən Seymur Cəfərovun cinayət məsuliyyətinə və cəzaya məruz qalmamasında ifadə edilən şəxsi niyyətlə ibtidai istintaq zamanı vermiş olduğu ifadələrini dəyişərək əvvəlki ifadələrini narkotik maddələrin təsiri altında verdiyini, X4 Cəfərov tərəfindən öldürüldüyünü bildiyi halda qayınanasının ölümündə nə onun, nə də ki, Seymur Cəfərovun rolu olduğunu, həmçinin qayınanasının öz əcəli ilə öldüyünü bildirərək şahid qismində bilə-bilə yalan ifadələr vermişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 297 və 307.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Elşad Cəfərovla 2012-ci ilin noyabr ayında qanuni nikaha daxil olub ailə qurmuşdur. Elşadla xx.xx.2023-cü il tarixdə Ağcabədi rayon məhkəməsinin qərarı ilə rəsmi olaraq boşanmış və həmin vaxtdan övladları ataları ilə birgə yaşayırlar. 22 fevral 2020-ci il tarixdə saat 23 radələrində Seymur onun yaşadığı evin yerləşdiyi küçəyə gəlmişdir. Həmin vaxt evdə ondan başqa övladları Tuncay və Mehman, eləcə də qayınanası Faxrəndə olmuşlar. Elşad isə pul qazanmaq məqsədilə Bakı şəhərində olmuşdur. Seymur ona zəng edərək artıq yaşadığı məhəlləyə gəldiyini, əmisi oğlu Fərmanın da yanında olduğunu, lakin Fərmanın tələsdiyini demişdir. O, Seymura yataq otağının pəncərəsinə yaxınlaşmasını və onu pəncərədən evə salacağını bildirmişdir. Həmin vaxt yataq otağında olan övladları Tuncay və Mehman isə yatılı olmuşlar. Faxrəndə isə qonaq otağında olan divanda yatılı olmuşdur. Seymur yataq otağının pəncərəsinə yaxınlaşmış və o, Seymura kömək edərək onu pəncərədən otağına salmışdır. Daha sonra otağın işıqlarını yandırmadan Seymurla bir-birlərini görmək üçün mobil telefonunun işığını yandırmaq qərarına gəlmişdir. Lakin telefonunun cərəyanı az olduğundan qayınanası Faxrəndənin yatdığı qonaq otağında, televizorun yanında olan cərəyan cihazını götürmək məqsədilə qonaq otağına getmişdir. Qonaq otağına keçəndə Seymur da onun arxasınca çıxmış, o, qonaq otağına daxil olan kimi qayınanası Faxrəndə bir anlıq ayılıb onu görmüş və ondan nə axtardığını soruşduqda telefonun cərəyan cihazını axtardığını demiş, elə bu anda qayınanası Faxrəndə arxadan baş tərəfində kiminsə olduğunu hiss edib divanda arxası üstdə uzandığı yerdən başını çevirəndə Seymuru görmüşdür. Elə bu anda Seymur qəfildən divanın üzərində olan yastıqlardan birini götürüb həmin yastıqla Faxrəndənin üzünü tutaraq onu boğmağa başlamışdır. Seymur Faxrəndəni yastıqla boğarkən Faxrəndə yastığın altında qalan əlləri ilə yastığı üzündən itələməyə çalışmışdır. Təxminən 5-10 dəqiqə ərzində Faxrəndə müqavimət göstərmiş, daha sonra hərəkətsiz vəziyyətdə arxası üstdə uzanıqlı vəziyyətdə yerində qalmışdır. Faxrəndənin artıq öldüyünü başa düşmüş, həmin vaxt uşaqları yatılı olmuşdur. Faxrəndənin yatdığı divanın aşağı hissəsində, divandan təxminən bir metr aralıda yerində donub qalmışdır. Seymur bir neçə dəqiqə düşündükdən sonra cinayətin üstünü örtmək məqsədilə Faxrəndənin meyitini aparıb həyətdəki pilləkənlərin üstünə qoyaraq, guya sonuncunun həyətdəki ayaqyolundan gələrkən başının gicəllənməsi və yıxılaraq başının daş pilləkənlərə dəyməsi səbəbindən ölməsi görüntüsü yaratmaq lazım olduğunu bildirmişdir. Seymurdan növbəti gün necə olacağını, nə edəcəyini soruşduqda Seymur bir qədər düşünmüş və ertəsi gün yuxudan oyanan kimi gecə paltarı ilə küçəyə qaçıb qonşuları səsləməsini və qayınanasının həyətdəki pilləkənlərin üzərində ölmüş vəziyyətdə qalması ilə bağlı qışqır-bağır salmasını bildirmişdir. Seymur Faxrəndəni dartaraq divandan yerə salmış və sonra Seymur hər iki əli ilə Faxrəndənin hər iki topuq nahiyəsindən tutaraq arxası üstdə sürüməklə qonaq otağından çölə çıxartmışdır. Qonaq otağının qapısından çıxan zaman meyitin əynindəki xalatın arxa hissəsi həmin otağın qapsının aşağı hissəsində olan bərkidici dəmirə ilişmişdir. Bu zaman Seymur ondan meyitin paltarını ilişdiyi yerdən ayırmasını istəmişdir. Qayınanasının xalatını qapının aşağı hissəsindəki cəftədən ayırmışdır. Seymur isə meyiti sürüməyə davam etmişdir. Seymur meyiti arxası üstdə sürüyüb pilləkənlərin üstünə qoymuş və Seymur çıxıb getmişdir. O, öz otağına keçərək havanın işıqlanmasını gözləmişdir ki, Seymurun dediyi kimi səhər açıldıqda qonşulara hay-haray salsın. Faxrəndənin meyiti isə səhər açılanadək üzü üstdə uzanıqlı vəziyyətdə həyətdəki pilləkənlərin üzərində qalmışdır. Seymurun dediyi kimi 23 fevral 2020-ci il tarixdə səhər saat təxminən 09 radələrində qayınanasının guya yıxılıb həyətdə qalması ilə bağlı hay-haray salmaq məqsədilə yaşadığı evin həyətindən çölə çıxmışdır. Bu vaxt qonşusu Şahid2 maşınına oturmağa hazırlaşdığını görüb, Nazimi köməyə çağıraraq qayınanasının pilləkənlərdə yıxılıb qaldığını demişdir. Bundan sonra isə Nazim yaşadıqları evin həyətinə gələrək meyitin pilləkənlərin üstündə qaldığını görmüşdür. Sonra isə təcili yardıma, eləcə də qonşulara məlumat vermişdir. Hadisə yerinə gəlmiş qohumlarının və qonşuların köməkliyi ilə qayınanasının meyitini qonaq otağında döşəmə üzərinə uzatmaqla üstünü örtmüşlər. Təxminən beş-on dəqiqə sonra təcili tibbi yardım briqadasının həkimləri gələrək Faxrəndəni müayinə edib artıq öldüyünü demişlər. Meyit dəfn olunmuş və 2022-ci ilin fevral ayınadək həmin cinayət bağlı qalmışdır. Cinayət işi açıldıqdan sonra xx.xx.2023-cü il tarixdə saat 20 radələrində tutulmuş, növbəti gün saat 18 radələrində həbsdən azad olunmuşdur. X5 barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə ibtidai istintaq zamanı düzgün ifadələr versə də, xx.xx.2022-ci il tarixdə Cəlilabad Hərbi Məhkəməsinin inzibati binasında və Lənkəran Ağır Cinayətlər Məhkəməsində X5 cinayət işi ilə əlaqadar məhkəməyə vermiş olduğu ifadə zamanı hədə-qorxulara və şantaja məruz qaldığından və qorxduğundan yalan ifadə vermək, məcburiyyətində qalmışdır. Həmin cinayət işi ilə əlaqadar ibtidai istintaq dövründə verdiyi ifadələr ilə hazırki cinayət işinin məhkəmə baxışında verdiyi ifadələri doğrudur. Həmin ifadələri heç bir yan təsirə məruz qalmadan vermiş və doğruluğunu təsdiq edir. Əməlindən çox peşmandır. Himayəsində iki azyaşlı övladının olduğunu, atasının vəfat etdiyini, ailəsinin yeganə qazanc mənbəyi olduğunu, xəstə anasına baxdığını nəzərə alaraq barəsində olan cinayət məcəlləsinin 297-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə və digər maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Elşad Cəfərov və Seymur Cəfərov əmisi oğlanlarıdır. Onlarla normal münasibətləri olmuşdur. 22 fevral 2020-ci il tarixdə saat 18 radələrində Seymur ona Ağcabədi şəhərində yaşayan bir qızla tanış olmuş, qızla görüşmək üçün birlikdə Ağcabədi şəhərinə getməsini xahiş etdikdə Seymurla razılaşmışdır. Həmin günü saat 21 radələrində Seymurun onu səslədiyini eşidərək evdən çıxmışdır. “Ford” markalı maşını Seymur idarə etmiş, o da yanında əyləşərək birlikdə Ağcabədi şəhərinə yola düşmüşlər. Yolda olan zaman o, Seymurdan qızın kim olduğunu soruşmuş, Seymur isə “başqa adamdır” deyərək ona cavab verməkdən yayınmışdır. “Dördyol” adlanan yerdə magistral yoldan çıxıb Ağcabədi şəhərinə daxil olduqda maşını özünün idarə etməsini Seymurdan xahiş etmişdir. Seymur da onunla razılaşmış və yerlərini dəyişmişlər. Ağcabədi şəhərini tanımadığı üçün yolu ona Seymur izah etmişdir. Saat 23 radələrində onlar ünvana çatmışlar. Seymurun sözü ilə o, maşını asfalt örtüklə döşənmiş küçədə saxlamışdır. Bu küçənin sağ tərəfindən digər ara küçələrə giriş var idi. Seymur maşından aşağı enərək ara küçələrdən birinə daxil olmuşdur. Maşından enən zaman Seymur ona işini qurtaranda zəng edəcəyini və gəlib onu götürməsini bildirmişdir. Maşını döndərib geri qayıtmış və orada olan market kimi yerin qarşısında dayanıb gözləməyə başlamışdır. Təxminən 1,5-2 saat Seymuru gözlədikdən sonra Seymur ona 2-3 dəfə “vızıv” atmışdır. Maşını işə salıb irəliləmiş, lakin Seymurun daxil olduğu ara küçənin yerini unutduğu üçün asfalt küçə ilə yuxarı-aşağı 3-4 dəfə gedibqayıtmışdır. Yolu tapa bilmədiyi üçün Seymura zəng etmişdir. Seymur da onu gördüyünü, həmin küçədən içəri girməsini bildirmişdir. Həmin ara küçənin girişində, yolun solunda 3-4 nəfər cavan oğlan dayanmışdır. Seymura həmin küçəyə girsə problem olacağını demiş, Seymur da ona qorxmamasını və gəlməsini bildirmişdir. Ara küçəyə daxil olduqda həmin 3-4 nəfər oğlan ona maşını saxlamasını deyib maşının sol tərəfindən, yəni sürücü oturacağının pəncərəsindən ona yaxınlaşmışlar. Maşının şüşəsi işləmədiyi üçün o, qapını açıb oğlanlarla söhbət etməyə başlamışdır. Həmin vaxt gecə olmasına baxmayaraq küçə işıqlı olmuşdur. Qapını açdığı üçün maşının salon işıqları yanmış və oğlanlar onu rahatlıqla görə bilmişlər. Həmin şəxslər ondan bu küçədə nə işi olduğunu soruşmuş, o da iş yoldaşını bu küçəyə düşürtdüyünü, onu götürməyə gəldiyini bildirmişdir. Oğlanlar da onu buraxıb arxadan baxdıqlarını, iş yoldaşını götürdükdən sonra küçədən çıxmasını demişlər. O, həmin ara küçə ilə bir qədər irəli getdikdən sonra Seymurun qarşıdan, divarın dibi ilə iti addımlarla ona tərəf gəldiyini görüb maşını saxlamış, lakin maşın işlək vəziyyətdə qalmışdır. Seymur qaçmamış, özünü gizlətməyə çalışdığını görmüşdür. Seymur sürücü tərəfdən maşına yaxınlaşıb maşını özünün sürəcəyini bildirmişdir. Söhbət əsnasında küçənin başında 3-4 nəfər oğlanın onu saxladıb sorğu-sual etdikləri barədə Seymura demişdir. Bu vaxt bir nəfər başqa oğlan qonşu evlərin birindən çıxıb onlara yaxınlaşaraq maşının tam qarşısında dayanmış, onlardan burada nə etdiklərini soruşmuşdur. Seymur ona Beyləqana getmək istədiklərini, küçənin başındakı oğlanların onlara bu yola girməsini dediklərini bildirmişdir. Əslində belə söhbət olmamışdır. Həmin oğlan da onlardan şübhələndiyi üçün Seymura maşının yük yerinə baxmaq istədiyini bildirdikdə Seymur yük yerini açdıqda həmin oğlan maşında sadəcə kukuruz olduğunu görmüş və onları buraxmışdır. Daha sonra Seymur sürücü yerində, o isə sərnişin yerində oturmuş, Seymur maşını döndərib küçədən çıxmış, bu zaman küçənin başında dayananlara siqnal verib keçmişdir. Seymur nədənsə həyəcanlı olmaqla maşını da rahat idarə edə bilmirdi. “Dördyol” deyilən yerə çatıb magistral yola çıxdıqda Seymur maşını saxlayıb avtomobili onun idarə etməyini xahiş etmişdir. Maşından düşərək Seymurla yerlərini dəyişmişlər. Mən Seymurdan nə baş verdiyini soruşduqda, Seymur ona heç nə deməmişdir. Növbəti gün onlarla eyni kənddə yaşayan bibisi Raya Elşadın anası Faxrəndənin vəfat etdiyini bildirmişdir. Faxrəndənin ölümü ilə bağlı Elşad hüquq mühafizə orqanlarına şikayət verən zaman ona məlum olmuşdur ki, Seymur Elşadın arvadı Əfsanə ilə sevgi münasibəti yaşayırmış, Seymurun o vaxt onunla Ağcabədi şəhərində yanına getdiyi qız da Əfsanə olmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X8 tanıyır, onun qonşusudur. Elşad həmin evdə anası Faxrəndə, arvadı Əfsanə və iki azyaşlı övladı ilə birlikdə yaşayırdı. Onlarla normal qonşuluq münasibətləri olmuş, aralarında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. Bildiyinə görə Əfsanə ilə Faxrəndənin münasibətləri yaxşı olmamışdır. Faxrəndə hansısa səbəblərdən Əfsanəni həmişə nəzarətdə saxlamış, onu təkbaşına küçəyə çıxmağa, mağazaya və başqa yerlərə getməyə qoymamışdır. Bəzi vaxtlarda onların evlərindən dava-dalaş səsləri də eşitmişdir. Əfsanənin əxlaqsız hərəkətlərinə şahid olmasa da qonşuların söhbətlərindən Əfsanənin başqa kişilərlə yaxın münasibət qurduğunu, bəzi hallarda Elşadın evinə qonaq çağırdığı dostları ilə yaxınlıq etdiyi eşitmişdir. Əfsanənin geyimləri də rayon mühitinə uyğun olmamışdır. Əksər hallarda Əfsanə açıq-saçıq, dar paltarlar geyinmiş və bu hallar qonşuların qınağına səbəb olmuşdur. 23 fevral 2020-ci il tarixdə saat 08 radələrində övladları övladları Fərrux və Nicatı bazara düşürüb evə qayıtmışdır. Saat 09-dan sonra artıq evində olmuşdur. Saat 10 radələrində isə evə ərzaq almaq üçün darvazanı açaraq evdən çıxmış, həmin vaxt Əfsanənin öz evləri tərəfdən qaça-qaça ona tərəf gəldiyini görmüşdür. Əfsanə “dayı, dayı” deyərək onu səsləmişdir. Əfsanə həmin vaxt pijamada olmuş və ondan dərman preparatının qoxusu gəlmişdir. Əfsanə ondan təcili onların evinə gəlməyini istəmiş, o da nə isə hadisə olduğunu ehtimal edərək onların evinə doğru getmişdir. Darvazadan içəri keçdikdə Faxrəndənin həmin pilləkəndə üzü üstə uzanmasını görmüşdür. Onun duruş vəziyyətindən ehtimal etmək olardı ki, pilləkənlərdən yuxarıya çıxan zaman pilləkənlərin üzərinə yıxılmışdır. Başı yuxarıdan ikinci pillədə, sol gicgahı üzərində idi, yəni başı sağa baxırdı. Əynində tuman və jaket var idi, ayaqları yalın idi və ətrafda ayaqqabı və ya çəkələk görməmişdir. Beldən aşağısında tumandan başqa heç nə olmamışdır. İki barmağı ilə Faxrəndənin boyun nahiyəsindən onun nəbzini yoxladıqda nəbzinin dayandığını görüb, buna görə də onun öldüyünə əmin olmuşdur. Meyiti arxası üstə çevirmək üçün qaldırmağa çalışmış, lakin meyit bərkidiyindən onu tərpədə bilməmişdir. Meyitin bədəni də çoxdan soyumuşdur. Faxrəndəgillə qonşuluqda yaşayan onun əmisi qızı Yeganə və arvadı Gülbənizi səsləyərək çağırmışdır. Bundan sonra “103” xidmətinə zəng edərək təcili tibbi yardım briqadası da çağırmışdır. Təxminən 20 dəqiqə sonra təcili tibbi yardım briqadasının həkimləri gəlib Faxrəndənin öldüyünü təsdiq etmişlər. Əfsanədən Elşadın telefon nömrəsini alıb zəng edərək anasının öldüyünü bildirmişdir. Elşadla həmsöhbət olan zaman Elşad onu da bildirmişdi ki, anasının Əfsanə və onun münasibətdə olduğu şəxs tərəfindən öldürüldüyündən şübhələnir. O da Elşada tövsiyə etmişdir ki, bu barədə rayon prokurorluğuna məlumat versin. Bundan sonra Elşad və Əfsanə “ARB” telekanalında yayımlanan “Səni axtarıram” verilişində iştirak etmişlər. Həmin verilişin aparıcısı Ağcabədi şəhərinə gələrək süjet hazırlamış və ona da bəzi suallara şahidi olduğu hadisələr barədə məlumat vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, həmçinin təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi və s. sübutlarla təsdiq olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: Cinayət işi materiallarına əlavə edilmiş Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-cü il tarixli T 137/2022 nömrəli rəyindən görünür ki, X1 meyitinə baxış keçirilərkən sifətin sağ yarısını, sağ üst və alt göz qapağını əhatə edən sıyrıq, sağ diz oynağında iki ədəd, sağ baldırda bir ədəd, boynun sağ yan səthində aşağıda bir ədəd qançır, gözlərin ağlı qişasında nöqtəvari qansızmalar, sifətin sianotik olması aşkar edilmişdir. xx.xx.2022-ci il tarixdə F.H.İbrahimovanın meyiti ekskumasiya olunarkən kəskin çürümə dəyişikləri fonunda hər hansı xəsarət və ya onun izi aşkar edilməmiş, meyitdən götürülmüş dilaltı sümüyün tibbi-kriminalistik tədqiqatı zamanı onun tam olması müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni sifətin sağ yarısını əhatə edən geniş sıyrıq, gözlərin ağlı qişasına nöqtəvari qansızmalar, sifətin sianotik olması burun dəlikləri və ağızın yumşaq əşya ilə xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən sıxılması və ani olaraq sağa doğru sürüklənməsi, boynun sağ yan səthinin aypara formalı qançırı isə zərərçəkmişin bunun qarşısını almaq üçün əli ilə maneəni aradan qaldırmasına cəhd etməsi zamanı yaranmasına uyğun gəlir. Sağ üst və alt göz qapağı, sağ diz oynağı və sağ baldırdakı sıyrıqlar isə ölüm baş verdikdən qısa müddət sonra meyitin pilləkənlə daşınması zamanı hər hansı tinli əşyalara dəymə zamanı yaranmasına uyğun gəlir. F.H.İbrahimovanın ölümünə səbəb burun dəlikləri və ağızın davamlı qapanmasından yaranmış mexaniki asfiksiya olmuşdur ki, bu, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Sifətin sağ yarısının geniş sıyrığı, boynun sağ yan səthinin aypara formalı qançırı isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Mərhum F.H.İbrahimovanın meyitinə baxış keçirilərkən qeyd edilən ilkin meyit əlamətləri ölümün xx.xx.2020-ci il tarixdə də baş verə bilməsini inkar etmir. F.H.İbrahimovanın meyitinin məhkəmə-tibbi ekspertizası zamanı deşici-kəsici alətlə yetirilməyə uyğun xəsarət aşkar edilməmişdir. Mərhum F.H.İbrahimovanın meyitində öz boyu hündürlüyündən sərbəst yıxılma zamanı yaranmağa xas xəsarətlər müəyyən edilmədi. F.H.İbrahimovanın ekshumasiya olunmuş meyiti kəskin çürüməyə məruz qaldığından onun sağlığında hər hansı bir xəstəlikdən əziyyət çəkməsini müəyyən etmək mümkün olmadı. F.H.İbrahimovanın meyiti kəskin çürüməyə məruz qaldığından güclü və zəhərləyici maddələrin, o cümlədən alkoqol qəbul etməsinin təyini üçün məhkəmə-kimyəvi tədqiqata material götürmək mümkün olmadı. Cinayət işi materiallarına əlavə edilmiş Məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 233/2022-MTBŞ saylı rəyindən görünür ki, 1. X5 ABO sistemi üzrə qan qrupu B/İİİ/. 2. X1 ABO sistemi üzrə qan qrupu A/İİ/. 3. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu A/İİ/. 4. Ekspertizaya təqdim edilmiş Elşad Cəfərovun təqdim etdiyi mələfə üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri alındı. Bu qan ləkələri A-beta(H)/İİ/ qruplu şəxsə (şəxslərə), o cümlədən mərhum X3 və ya eyni qruplu Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər onların qanında müşayiətçi H antigeni vardırsa). 5. Ekspertizaya təqdim edilmiş mələfə üzərində olan qan ləkələrində yararlı hüceyrə elementləri aşkar olunmadığı üçün, qanın regionunu (bədənin hansı nahiyəsinə aid olması) təyin etmək mümkün olmadı. 6. Ekspertizaya təqdim edilmiş X3 məxsus xalat, mayka, büstqalter, trusik hissəcikləri üzərində olan ləkələrdə qan aşkar olunmadı. 7. Ekspertizaya təqdim edilmiş mələfənin üzərində olan qan ləkələrinin hansı müddətdə əmələ gəlməsi barədə olan suala dəqiq elmi əsaslandırılmış metod olmadığı üçün cavab vermək mümkün olmadı. 8. Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən təqdim etdiyi bir ədəd yastıq, bir ədəd mütəkkə və bir ədəd məhraba üzərində qana şübhəli ləkə aşkar olunmadı. Cinayət işi materiallarına əlavə edilmiş Məhkəmə-psixoloji ekspertizasının 17 may 2022-ci il tarixli, 11/163 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı emosional halında iş üçün hüquqi əhəmiyyət kəsb edən hər hansı kəskin dəyişikliklər müəyyən olunmur. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətləri rəyin tədqiqi hissəsində açıqlanmışdır. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. Cinayət işi materiallarına əlavə edilmiş Məhkəmə-genetik ekspertizasının 24 may 2022-ci il tarixli, 22/387R saylı rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: təqdim edilmiş 01 (bir) ədəd mələfə üzərində aşkar edilmiş qanabənzər ləkələrin tərkibində olan bioloji mənşəli materiallar deqradasiya əlamətlərini özündə əks etdirir və DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən 01 (bir) ədəd mələfədə aşkar edilmiş qanabənzər ləkələrin üzərində müqayisəli molekulyar-genetik identifikasiya tədqiqatının keçirilməsi və ekspertiza qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmadı. Cinayət işi materiallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(099)-433/2022 saylı hökmündən görünür ki, X14 Azərbaycan Respublikası CM-nin 120.2.9-cu maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirli bilinərək, 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli 1(106)-108/2023 saylı hökmündən görünür ki, təqsirləndirliən şəxs X5 müdafiəçisi X19 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-433/2022 saylı, 02 dekabr 2022-ci il tarixli hökmü apelyasiya şikayətinə əsasən dəyişdirilmiş, X5 əməli Azərbaycan Respublikası CM-nin 120.2.9-cu maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilmiş və o, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək ona 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 1(099)-433/2022 saylı “Birinci instansiya məhkəməsində məhkəmə baxışı iclasının protokolu”-dan görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 120.2.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə ünvan 3 ünvanında yerləşən Cəlilabad Hərbi Məhkəməsinin inzibati binasında baxılarkən şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, əvvəlki ifadələrini narkotik maddələrin təsiri altında vermiş və həmin ifadələrini təsdiq etmir. O, Elşad Cəfərovdan ayrılmaq istəsə də, sonuncu bununla razılaşmamış, bu səbəbdən də qayınanası Faxrəndə İbrahimovanı öldürdüyünü uydurmuşdur ki, onu həbs etsinlər və Elşad ondan ayrılsın. 22 fevral 2020-ci il tarixdə axşam saat 23 radələrində Seymur Cəfərov onlara gəlmiş, həmin vaxt Elşad Cəfərov Bakı şəhərində olmuş və Seymur Elşadı soruşduqdan sonra çıxıb getmişdir. Faxrəndə İbrahimovanın ölümündə nə onun, nə də ki, Seymur Cəfərovun rolu olmuşdur, qayınanası öz əcəli ilə ölmüşdür. Hal hazırda onun narkotik maddələrin təsiri altında istintaqa vermiş olduğu yalan ifadələrə görə Seymur Cəfərov həbs olunmuşdur. X13 İbrahimovanın ölümündə heç bir təqsiri yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 1(099)-433/2022 saylı “Birinci instansiya məhkəməsində məhkəmə baxışı iclasının protokolu”-dan görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 120.2.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı-Astara şossesinin Lənkəran şəhər ərazisindən keçən hissəsində yerləşən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında baxılarkən şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, əvvəlki məhkəmə iclasında verdiyi ifadələrini tam təsdiq edir, istintaq zamanı verdiyi ifadələrini narkotik maddələrin təsiri altında vermiş və həmin ifadələrini təsdiq etmir. Faxrəndə İbrahimovanın ölümündə nə onun, nə də ki, Seymur Cəfərovun rolu olmuşdur, qayınanası öz əcəli ilə ölmüşdür. X13 İbrahimovanın ölümündə heç bir günahı yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 1(099)-433/2022 saylı qərarından görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs bilə-bilə yalan ifadə verdiyinə görə onun barəsində toplanmış materiallar əməlinə hüquqi qiymət verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-dən rayon prokurorluğuna daxil olmuş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Cəfərova X9 Ağır Cinayətlər Məhkəməsində xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə şahid qismində dindirilərkən bilə-bilə yalan ifadələr verməsinə görə sonuncuya zor tətbiq olunmamış, hədə-qorxu gəlinməmiş, pulla ələ alınmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə qayınanasının öldürülməsindən sonra xüsusilə ağır cinayətin izlərini gizlədərkən ona kömək edən, onu bu əməli törətməyə təhrik edən, cinayətin təşkilatçısı, digər icraçısı olan iştirakçıları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə qayınanasının öldürülməsindən sonra xüsusilə ağır cinayətin izlərini gizlədərkən ətrafda Seymur Cəfərovdan başqa kənar şəxslər olmamışdır. Təqsirləndirilən şəxs barəsində Lənkəran ŞRPŞ-də şikayət ərizəsi, məlumat və ya təqsirləndirici material aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Ağcabədi rayon polis şöbəsindən rayon prokurorluğuna daxil olmuş xx.xx.2023-cü il tarixli 57/3-13-60/2-13906/2023 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, Bakı şəhərində yaşayır, ünvanı dəqiqləşdirmək hələlik mümkün olmamışdır. Hazırda istifadəsində olan ***-***-**-** saylı mobil əldə olunmuşdur. Bundan əlavə sonuncunun həyat tərzi barədə əldə olunmuş məlumata əsasən yüngül həyat tərzi keçirir, Bakı şəhərində yaşadığı üçün hər hansı şəxslərlə aralarında narazılıq və dava-dalaş olması xidməti ərazimizdə qeydə alınmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin 28 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs DİN-nin Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 1505 saylı arayışından və xasiyyətnamədən görünür ki, Cəfərova X10 şəhəri, Sultan bəy küçəsi, ev 236 ünvanında qeydiyyatda olmaqla ailə üzvü – anası X6 ilə birgə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-da keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri ərazisində tutularaq aidiyyəti üzrə Ağcabədi RPŞ-nin MSY-ə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə saat 18:00-da “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həbsdən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-891/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(017)-44/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rəşad Nuriyev) iddia təmin edilmiş, iddiaçı X15 ilə cavabdeh Təqsirləndirilən şəxs arasında 07 aprel 2016-cı il tarixdə Ağcabədi rayon Qeydiyyat şöbəsində bağlanmış 77 saylı nikah qeydinin pozulması, tərəfiərin birgə nikahından 12 aprel 2016-cı il tarixdə anadan olmuş X16 və 30 may 2017-ci il tarixdə anadan olmuş X17 adlı iki nəfər uşaqların iddiaçı - atası X7 yanında qalmalarının müəyyən edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sözügedən qətnaməsi ilə cavabdeh Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, 2(106)-891/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə qüvvədə saxlanılmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 297.1 və 307.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 297.1-ci maddəsinin dispozisiyasına görə məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 297-ci maddəsinin “qeyd” hissəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 297.1-ci maddəsində göstərilən şəxslər təhqiqatın, ibtidai istintaqın gedişində, məhkəmə baxışında məhkəmə tərəfindən hökm və ya qətnamə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qərar çıxarılanadək verdikləri ifadənin, rəyin və ya etdikləri tərcümənin yalan olduğunu könüllü olaraq bildirdikdə cinayət məsuliyyətindən azad olunurlar. CM-nin 307.3 maddəsinin dipozisiyasına əsasən, Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə—iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 297.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə məhkəmə istintaqı zamanı X5 Azərbaycan Respublikası CM-nin 120.2.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı ilə əlaqadar xx.xx.2022-ci il tarixdə Cəlilabad Hərbi Məhkəməsinin inzibati binasında və Lənkəran Ağır Cinayətlər Məhkəməsində xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə şahid qismində dindirilərkən bilə-bilə yalan ifadənin yalan olduğunu könüllü olaraq bildirmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Göründüy kimi, Təqsirləndirilən şəxs təqsirləndirlidiyi CM-nin 297.1-ci maddəsi həmin maddənin «Qeyd» hissəsinin 1-ci bəndinin tələblərinin təsiri altına düşdüyündən cinayət məsuliyyətindən azad edilməli və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 43.1 və 43.1.2-ci maddəsinə görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin CM-nin 297-ci maddəsinin “qeyd” hissəsinin 1-ci bəndinə əsasən, Təqsirləndirilən şəxs məhkəmə baxışında məhkəmə tərəfindən hökm çıxarılanadək verdiyi ifadənin yalan olduğunu könüllü olaraq bildirdiyini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı hissədə xitam verilməlidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Lakin, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 307.3-cü maddə ilə barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət əməlini səmimi etiraf etməsini, tutduğu əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdən 07 may 2023-cü il tarixədək tutulduğu 1 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı 01 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri dəyişdirilərək o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsinin «Qeyd» hissəsinin 1-si bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı hissədə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdən 07 may 2023-cü il tarixədək tutulduğu 1 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablansın və onun üzərində qəti olaraq 2(iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 01 noyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri dəyişdirilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. İş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-358/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-358/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver