Məhkəmə qərarları › İş №1(049)-359/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-359/2023

21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-359/2023 21.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 15:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə hərəkət edərək 10 may 2023-cü il tarixdə saat 01 radələrində Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən Zərərçəkmiş şəxs icarəyə götürdüyü başqa saxlanc yeri hesab edilən “Hüseyn” marketin sol tərəfində yerləşən pəncərəsinin şüşəsini sındırıb qanunsuz olaraq marketə daxil olub orada açıq şəkildə olan hər birinin qiyməti 4 manat cəmi qiyməti 200 manat olan üzərində “sobranie” yazısı yazılmış 50 ədəd siqaret qutusu, hər birinin qiyməti 4 manat cəmi qiyməti 120 manat olan üzərində “kent 1” yazısı yazılmış 30 ədəd siqaret qutusu, hər birinin qiyməti 4 manat cəmi qiyməti 80 manat olan üzərində “kent 4” yazısı yazılmış 20 ədəd siqaret qutusu, qiyməti 10 manat olan 3 kiloqram banan və qiyməti 340 manat olan 01 ədəd təhlükəsizlik kameralarına aid yaddaş qurğusu olmaqla zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs ümumilikdə 750 (yeddi yüz əlli) manat qiymətində əmlakını başqa saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən “Hüseyn” supermarketində xx.xx.2023-cü il tarixdə baş vermiş oğurluq hadisəsini özü törətmişdir. Əvvəllər Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən “Palıdlı Sahil” otel-restoranında ofisiyant işləmişdir. Daha sonra oradan işdən çıxmışdır. İşdən çıxdıqdan sonra pula ehtiyacı yaranmışdır. Siqaret çəkən olduğu üçün gündəlik siqaret almağa və digər şəxsi xərclərini ödəmək üçün pula ehtiyacı yaranmışdır. Məhz buna görə də kənddə yerləşən “Hüseyn” supermarketindən oğurluq etmək qərarına gəlmişdir. 09 may 2023-cü il tarixdən 10 may 2023-cü il tarixə keçən gecə, saat təxminən 01 radələrində “Hüseyn” yaxınlığından keçərkən marketin açıq olub-olmamasını yoxlamışdır. Market bağlı olduğuna və ətrafda heç kimin olmamasına əmin olduqdan sonra “Hüseyn” marketin sol tərəfində yerləşən pəncərənin şüşəsini yerdən bir daş götürərək sındırmışdır. Şüşəni sındırdıqdan sonra həmin sındırdığı yerdən marketə daxil olmuşdur. Marketə daxil olduqdan sonra oradan üzərində “Sobranie”, “Kent” yazıları yazılmış təxminən 30 qutu siqaret, 2-3 kq banan və marketdə olan təhlükəsizlik kameralarına düşməyini başa düşüb həmin kameraların yaddaşının olduğu yeri tapmış və yerindən söküb özü ilə götürmüşdür. Daha sonra girdiyi yerdən çıxaraq marketi tərk etmişdir. Daha sonra o, Sütəmurdov kəndində yerləşən çay kənarına gəlmişdir. Marketdən götürdüyü təhlükəsizlik kamerasının yaddaşını çaya atmış, bananı isə yemişdir. Siqaretlərin bir hissəsini çay kənarında gizlətmiş və bir hissəsini də özü ilə götürmüşdür. Oğurladığı siqaretləri çəkərək qurtarmışdır. Törətdiyi oğurluq hadisəsindən bir neçə gün keçmişdir ki, Lənkəran ŞRPŞ-nin əməkdaşları onu Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. O, polis şöbəsinə gəldikdən sonra burada törətdiyi oğurluq hadisəsini könüllü etiraf etmişdir. Etdiyi əməldən olduqca peşmandır. Zərərçəkmişə dəymiş maddi ziyanı ödəmiş, onunla barışmışdır. Məhkəmədən ona ittiham olunduğu maddənin sanksiyası həddində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən “Hüseyn” marketi icarəyə götürmüşdür. 10 may 2023-cü il tarixdə, səhər saat 06 radələrində marketi açmaq üçün Sütəmurdov kəndinə gəlmişdir. Marketə çatandan sonra marketin sol tərəfində yerləşən pəncərənin şüşəsinin qırıldığını görmüşdür. Daha sonra marketin təhlükəsizlik kameralarının quraşdırıldığı yerə getmiş və kamera görüntülərindən marketə kimin girməyini baxmaq istəmişdir. Lakin, təhlükəsizlik kameralarının quraşdırıldığı yerdə kameraların yaddaş qurğusunun yerində olmadığını görmüşdür. Marketə daxil olan oğru həmin yaddaş qurğusunu da oğurlamışdır. Daha sonra o, marketdə daha nələrin oğurlanmasını öyrənmək üçün marketdə gəzməyə başlamışdır. Marketin siqaret qutularının olduğu bölməsində açıq vəziyyətdə qoyulmuş 50 ədəd üzərində “Sobranie” yazılmış siqaret qutusu, 30 ədəd üzərində “Kent 1” yazılmış siqaret qutusu, 20 ədəd üzərində “Kent 4” yazılmış siqaret qutusu, 2-3 kq banan və 01 ədəd təhlükəsizlik kameralarına aid yaddaş qurğusunun oğurlandığını görmüşdür. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 750 manat dəyərində maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi ilə bağlı 10 may 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. Bundan sonra Lənkəran ŞRPŞ-nin əməkdaşları hadisə yerinə gələrək hadisə yerini müayinə etmişlər. “Hüseyn” marketdən konkret olaraq 50 ədəd üzərində “Sobranie” yazısı yazılmış siqaret qutusu, 30 ədəd üzərində “Kent 1” yazılmış siqaret qutusu, 20 ədəd üzərində “Kent 4” yazısı yazılmış siqaret qutusu, 2-3 kq banan və 01 ədəd təhlükəsizlik kameralarına aid yaddaş qurğusu oğurlanmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir, onunla barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 10 may 2023cü il tarixdə, səhər saatlarında Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində yerləşən Hüseyn marketdə oğurluq hadisəsinin baş verməsini öyrənmiş və bundan sonra hadisə yerinə gəlmişlər. Hadisə yerində Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs ona məxsus olan icarədarı olduğu Hüseyn marketə naməlum şəxs və ya şəxslər tərəfindən dükanın sol tərəfində yerləşən pəncərəsinin sındırılması yolu ilə dükana daxil olaraq oradan 100 ədəd müxtəlif adda tütün məmulatları, 3 kq banan və 01 ədəd təhlükəsizlik kamerasına aid yaddaş qurğusunu oğurlamışlar. Hadisə yerinə çıxmış təhqiqatçı hadisə yerini müayinə etmiş və bundan sonra hadisə yerindən şöbənin kriminalisti tərəfindən əl-barmaq izləri götürülmüş və qablaşdırılmışdır. Bundan sonra üzərindən bir neçə gün keçmişdir ki, həmin dükana girmiş şəxsin Lənkəran rayonu Sütəmurdov kənd sakini Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, belə ki, götürülmüş əl-barmaq izlərinin cavabından da müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən Hüseyn marketə daxil olaraq oradan oğurluq etmişdir. 16 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-ya dəvət olunmuş, polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs Əl oğlu törətdiyi oğurluq cinayətini etiraf etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus Hüseyn marketdən 100 ədəd tütün məmulatları, 3 kq banan və 01 ədəd təhlükəsizlik kamerasına aid yaddaş qurğusunu oğurlamışdır. İş üzrə Şahid2 məhkəməyə teleqramla müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin İTB- nin polis sahə rəisi vəzifəsində xidmət edir, polis mayorudur. 10 may 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində yerləşən Hüseyn marketdə oğurluq hadisəsinin baş verməsini öyrəndikdən sonra hadisə yerinə getmişlər. Hadisə yerində Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs ona məxsus olan icarədarı olduğu Hüseyn marketə naməlum şəxs və ya şəxslər tərəfindən dükanın sol tərəfində yerləşən pəncərəsinin sındırılması yolu ilə dükana daxil olaraq oradan 100 ədəd müxtəlif adda tütün məmulatları, 3 kq banan və 01 ədəd təhlükəsizlik kamerasına aid yaddaş qurğusunu oğurlamışlar. Hadisə yerinə çıxmış təhqiqatçı hadisə yerini müayinə etdikdə hadisə yerindən şöbənin kriminalisti tərəfindən əl-barmaq izləri götürülərək qablaşdırılmışdır. Götürülmüş əl-barmaq izlərinin cavabından da müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən Hüseyn marketə daxil olaraq oradan oğurluq etmişdir. 16 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfimizdən Lənkəran ŞRPŞ-ya dəvət olunmuşdur. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs Əl oğlu törətdiyi oğurluq cinayətini etiraf etmişdir. Təqsirləndirilən şəxs Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus Hüseyn marketdən 100 ədəd tütün məmulatları, 3 kq banan və 01 ədəd təhlükəsizlik kamerasına aid yaddaş qurğusu oğurlamışdır. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı özünün, zərərçəkmiş və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən mütəxəssis rəyi, özünün etirafedici ifadəsi və s. sübutlarla təsdiq olunur. İş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq edilən: 10 may 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən “Hüseyn” marketdir. Naməlum şəxs və ya şəxslər mağazanın çöl şüşəsini sındıraraq mağazaya daxil olmuş və içəridən 2-3 kq banan, “Divyav” kamera aparat sistemini, müxtəlif bloklardan açıb götürülərək siqaret paçqaları oğurlanmışdır. Mütəxəssis rəyindən görünür ki, qeyd olunmuş 01 ədəd üzərində “Sobranie” yazısı yazılmış siqaret qutusunun qiyməti 4 manatdır, 50 ədəd siqaret qutusunun qiyməti 200 manatdır. Qeyd olunmuş 01 ədəd üzərində “Kent” yazısı yazılmış siqaret qutusunun qiyməti 4 manatdır, 30 ədəd siqaret qutusunun qiyməti 120 manatdır. Qeyd olunmuş 01 ədəd üzərində “Kent 4” yazısı yazılmış siqaret qutusunun qiyməti 4 manatdır, 20 ədəd siqaret qutusunun qiyməti 80 manatdır. Qeyd olunmuş 03 kq bananın qiyməti 10 manatdır Qeyd olunmuş 01 ədəd təhlükəsizlik kamerasının yaddaş qurğusunun qiyməti 340 manatdır. DİN-nin KTİ-nin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, təqdim edilmiş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 02 ədədi (girilən şüşə və vitrin şüşəsi üzərlərindən götürülmüş), (daktiloskopik xəritəsi BƏSİİ-dən daxil olmuş) xx.xx.1997-ci ildə Lənkəran şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət, sol əlinin adsız barmaqlarının (daktiloskopik xəritəsi İAMAS-da olan) əksi ilə eynilik müəyyən edilmişdir. Digər eynilik aşkar olunmamışdır. DİN-nin KTİ-nin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2023cü il tarixdə Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən, Zərərçəkmiş şəxs işlətdiyi marketdə baş vermiş oğurluq faktı üzrə hadisə yerindən götürülmüş 01 (bir) ədəd tampon üzərində olan qan nümunəsi (Lənkəran ŞRPŞ-nin xx.xx.2023-cü il tarixli, 3-13-96/2- 14962/2023 №-li məktubu ilə) Təqsirləndirilən şəxs məxsusdur. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 4(049)-151/2023 saylı, 18 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində üç ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir və həbs etmənin 16 may 2023-cü il saat 17:00-dan hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən tərtib edilmişxx.xx.2023-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2016-cı il tarixli, 1(089)-245/2016 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına mhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-1363/2018, xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cinayət əməli CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək, ona təyin edilmiş 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası 05 ilə azaldılmış və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. CM-nin 83-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Lənkəran şəhər İHB-nın Lənkəran rayon Sütəmurdov kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonunun Sütəmurdov kəndində yaşayır və yaşayış yerindən mənfi xarakterizə olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən ərizədə qeyd etmişdir ki, halhazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddiz ziyan tam olaraq ödənilmişdir, onunla barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1- 177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazadan 750 manat dəyərdində əmlakı əmlakı oğurlamışdır ki, bu əməl onun oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar talamabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə CM-nin 177.2.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanı tam ödədiyini və zərərçəkmiş şəxslə barışdığını CM-nin 59.1.12, 59.1.13-cü maddələrinə, törətdiyi cinayəti etiraf edib peşman olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdən 21 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 5 (beş) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 8 ay 10 gün müddət təyin edilmiş cəzadan çıxlmaqla Təqsirləndirilən şəxs qəti cəza saxlanılmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilərək o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlakın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdən 21 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 5 (beş) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilərək o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddia və maddi sübutun olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar