Məhkəmə qərarları › İş №1(049)-364/2022

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-364/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-364/2022 11.10.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxx 1994-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq nаrkоtik vаsitə оlаn hеrоini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamаqlа dаşımışdır. Bеlə ki, о, 30 may 2022-ci il tarixdə, saat 20 radələrində Lənkəran şəhəri, Nizami küçəsində yerləşən bazarın yaxınlığında məlum olmayan şəxsdən 18 manata satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi-1,363 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək, üzərində saxlamaqla daşımış və 31 may 2022-ci il tarixdə, saat 14 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, həmin gün, saat 14:00 dəqiqədə yaşadığı Lənkəran şəhəri Bala Məmməd küçəsi ev 2/4 nömrəli evin yaxınlığında saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman 1,363 qram çəkidə narkotik vasitə olan heroin 1 (bir) ədəd şəffaf rəngi sellofan kəsiyinə bükülmüş halda əynindəki cins şalvarının sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmamışdan təxminən 5-6 ay əvvəldən başlayaraq aradabir narkotik vasitə olan heroin istifadə etmişdir. Heroini Lənkəran şəhərindəki bazarın yaxınlığında adını bilmədiyi üzdən tanıdığı şəxsdən almışdır. 30 may 2022-ci il tarixdə, saat 20 radələrində yenə həmin ünvana gedərək həmin şəxsi gözləmiş, bir qədər sonra heroin satan şəxs gəlmiş və o, 18 manata sonuncudan heroin alaraq cibinə qoymuşdur. Həmin gün heroin istifadə etməmişdir. 31 many 2022-ci il, saat 14 radələrində evinin yaxınlığında heroin qəbul etmək üçün yer axtararkən polis əməkdaşları yaxınlaşaraq onu polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə bölməyə gəldikdən sonra ona vəkil təyin edilmiş və polislər və vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı o, özü şalvarının sol yan cibində olan və istifadə etmədiyi heroini çıxararaq təqdim etmişdir. Heroin orada çəkilimiş və 1,64 qram olmuşdur. Bundan sonra protokol tərtib edilmiş və o, da imza etmişdir. Hazırda əməlindən çox peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 оğlu ifаdəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin, X3 şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 31 may 2022-ci il tarixdə, saat 10 radələrində icraatına Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı tərəfindən dərhal rəhbərliyə raportla məruzə edildikdən sonra təxirəsalınmadan əməliyyat tədbiri keçirilməsi haqqında qərar qəbul edilərək onun rəhbərliyi altında Regional Şöbənin əməliyyat müvəkkili Şahid1 və polis nəfəri Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdə, saat 14:00-da yaşadığı Lənkəran şəhəri, Bala Məmməd küçəsi 2/4 nömrəli evin yaxınlığında saxlanılaraq, Lənkəran şəhərində yerləşən Regional şöbənin inzibati binasına gətirilmiş, təhqiqatçı tərəfindən onların və dəvət edilmiş müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə varsa təqdim edilməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoyaraq bükülünün içərisində heroin olduğunu bildirmişdir. Həmin bükülünün içərisinə baxış keçirilmiş və baxış zamanı içərisindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs heroinin özünə məxsus olduğunu və 30 may 2022-ci il tarixdə, saat 20 radələrində Lənkəran şəhərində yerləşən bazarın yaxınlığında adını bilmədiyi şəxsdən 18 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Bundan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin, Baş Narkotiklərlə Mübarizə idarəsinin, X3 şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 31 may 2022-ci il tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbirlərində o, da iştirak etmiş və Təqsirləndirilən şəxs həmin gün, saat 14:00-da yaşadığı Lənkəran şəhəri, Bala Məmməd küçəsi 2/4 nömrəli evin yaxınlığında saxlanılaraq, Lənkəran şəhərində yerləşən Regional şöbənin inzibati binasına gətirilmiş, təhqiqatçı tərəfindən onların və dsəvət edilmiş müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü təqdim edərək içərisində heroin və Lənkəran şəhərində yerləşən bazarın yaxınlığında adını bilmədiyi şəxsdən 18 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Bundan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin, Baş Narkotiklərlə Mübarizə idarəsinin, X3 şöbəsinin polis nəfəri vəzifəsində işləyir. 31 may 2022-ci il tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbirlərində o, da iştirak etmiş və Təqsirləndirilən şəxs həmin gün, saat 14:00-da yaşadığı Lənkəran şəhəri, Bala Məmməd küçəsi 2/4 nömrəli evin yaxınlığında saxlanılaraq, Lənkəran şəhərində yerləşən Regional şöbənin inzibati binasına gətirilmiş, təhqiqatçı tərəfindən onların və dəvət edilmiş müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü təqdim edərək içərisində heroin və Lənkəran şəhərində yerləşən bazarın yaxınlığında adını bilmədiyi şəxsdən 18 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 30-31-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması” 31 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmin narkotik vasitənin çəkisi 1.64 qram olmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin heroin olduğunu və öz istifadəsi üçün Lənkəran şəhərində tanımadığı şəxsdən 18 manata aldığını bildirmişdir. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakları ilə tədqiq edilmiş Şəxsi axtarış və götürmə aparılması barədə” 31 may 2022-ci il tarixli əməliyyat axtarış tədbirinin videogörüntüsündən də görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmin narkotik vasitənin çəkisi 1.64 qram olmuş, sonuncu həmin narkotik vasitənin heroin olduğunu və öz istifadəsi üçün Lənkəran şəhərində tanımadığı şəxsdən 18 manata aldığını bildirmişdir. Cinayət işinin 39-42-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 31 may 2022-ci il tarixli, 19/649 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 1,363 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanan narkotik vasitə heroindir. Cinayət işinin 72-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 02 iyun 2022-ci il tarixli, 635 nömrəli ekspert rəyindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 100-105-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 26 iyul 2022-ci il tarixli qərardan görünür ki, tədqiqat keçirildikdən sonra qalan 1.313 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli qərarından qeyd edilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 5(049)-200/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin barədə qərar ibtidai istintaq zamanı məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,363 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cinayət işinin 28-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “şübhəli şəxsin tutulması” 31 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15.00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 70-71-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 31 may 2022-ci il tarixdən hesab edilmişdir. Cinayət işinin 88, 95 və 96-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran şəhər 1 nömrəli sahə ərazi dairəsinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1-də tək yaşayır, yaşadığı dövrdə qonşularla və məhəllə sakinləri ilə münasibətləri normal olmuş, heç bir yerdə işləməmiş, məhəllədə keçirilən tədbirlərdə iştirak etmişdir. Cinayət işinin 90-cı vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməllərini etiraf edərək peşman olmasını, əvvəllər məhkum olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, əldə edilməklə saxlanılmış narkotik vasitənin miqdarını, eyni zamanda narkomaniyadan əziyyət çəkməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs qısa müddət azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 02 iyun 2022-ci il tarixli, 635 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomanioyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,313 qram qalıq çəkisi olan heroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 31 may 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,313 qram qalıq çəkisi olan heroin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar