Məhkəmə qərarları › İş №1(049)-364/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-364/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-364/2023 30.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-cı il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Lənkəran rayonu, Darquba kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 2023-cü ilin may ayının əvvəllərində, Lənkəran rayonunda istintaqla dəqiq müəyyən edilməyən vaxtda və mənbədən 01 (bir) ədəd bükümdə, təmiz çəkisi -7,504 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə məlumat alan BNMİ CBRŞ-nin əməkdaşları tərəfindən 04 may 2023-cü il tarixdə, saat 23:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Lənkəran rayonu, Darquba kəndində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən həmin bükümdə və çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təxminən 5-6 aydır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan çəkmək yolu ilə istifadə edir. Tutulmazdan 5 gün əvvəl yaşadığı Lənkəran rayonu, Darquba kəndində çay kənarında balıq tutarkən yerdə sellofan bükümdə kütlə görmüş, sellofanın içinə baxdıqda nəşə olduğunu bilmiş və sonradan istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin narkotik vasitəni üzərində saxlamaqda məqsədi sonradan istifadə etmək olmuşdur. 04 may 2023-cü il tarixdə saat 23 radələrində Lənkəran rayonu, Darquba kəndində yerləşən yaşadığı evin yaxınlığında küçədə tək olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar, özlərini polis əməkdaşı kimi təqdim etmişdirlər və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu ona bildirmişlər. Sonra polis əməkdaşları onu avtomaşınla Lənkəran şəhərində yerləşən baş narkotiklərlə mübarizə idarəsinin cənub regional şöbəsinə gətirmişlər. Regional şöbədə otaqların birində ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl ona üzərində qanunsuz əşya və maddə varsa təqdim edilməsi təklif olunduqda o, əynindəki idman şalvarının sol yan cibində gizlətdiyi bir ədəd gümüş rəngli bükümdə narkotik maddə nəşəni çıxarıb təqdim etmişdir. Ona verilən suallara cavab olaraq etiraf edib bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində narkotik maddə nəşə var, özünə məxsusdur, təxminən 5 gün əvvəl yaşadığı Darquba kəndindən keçən «Lənkəran çayı»nın sahilində olarkən yerdən tapmışdır, özü çəkmək etmək üçün özündə saxlamışdır. Təqdim etdiyi bükümün içərisinə baxıldıqda selofan bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir qanunsuz əşya, narkotik maddə aşkar olunmamışdır. Təqdim etdiyi büküm elektron tərəzidə çəkildikdə qurudulmuş marixuana kütləsi 7,74 qram çəkidə olmuş, sonra həmin büküm ağ kağıza bükülərək zərfə qoyulmuş və qablaşdırılmışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən çox peşmandır. İttiham olunduğu maddənin sanksiyası həddində ona ən yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Lənkəran rayonu, Darquba kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, istifadəsi və üzərində daşıması barədə əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlanıldıqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 04 may 2023-cü il tarixdə, saat 23 radələrində tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Balayev X4 rayonu, Darquba kəndində, küçədə olarkən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə, xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmişdir, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən içərisində kütlə olan bir büküm təqdim etmişdir. Həmin kütləyə baxış keçirildikdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmişdir. Həmin büküm ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr narkotik vasitə qurudulmuş marixuanadır, ona məxsusdur, həmin bükümü 5 gün əvvəl Darquba kəndindən keçən çayın sahilində tapmış, öz istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı özünün ifadəsi və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 04 may 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin 01 ədəd narkotik vasitə olan qurudulmuş marixuanain çəkisi 7,74 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr narkotik vasitə qurudulmuş marixuanadır, ona məxsusdur, həmin bükümü 5 gün əvvəl Darquba kəndindən keçən çayın sahilində tapmış, öz istifadəsi üçün üzərində saxlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən “məhkəmə fiziki-kimyəvi ekspertiza” üzrə verilmiş 05 may 2023-cü il tarixli 19/512 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə, təmiz çəkisi -7,504 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən qəbul edilmiş qərarla “ambulator məhkəmə-narkoloji ekspertiza” üzrə verilmiş 05 may 2023-cü il tarixli, 511 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sendromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Şəhər Rayon X7 bölməsinin müstəntiqi Özcan Quluzadənin 06 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 23 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə, təmiz çəkisi -7,454 qram narkotik vasitə qurudulmuş marixuana və şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən 1 ədəd CD diski iş üzrə maddi sübut kimi tanınmışdır. Lənkəran şəhər İHB-nın Kərgəlan kənd ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı 1988-ci il təvəllüdlü X1, övladları – 2008-ci il təvəllüdlü X5, 2009-cu il təvəllüdlü X2 və 2022-ci il təvəllüdlü X6 ilə birlikdə Lənkəran rayonu. Darquba kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, cinayətini səmimi etiraf etdiyini, əməlindən peşman olduğunu, yaşayış yerindən müsbət xarakterizə olunduğunu və ailənin yeganə qazanc gətirən şəxsi olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 04 may 2023-cü il tarixdən 06 may 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət (həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla) azadlığın məhdudlaşdırılması cəzasının 4 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Lənkəran rayonu, Darquba kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,454 qram təşkil edən narkotik maddə - qurudulmuş marixuana məhv edilməli, 1 ədəd CD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu, Darquba kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi naroloji kabinetində qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,454 qram təşkil edən narkotik maddə - qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar