Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-37/2023 23.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 10:55 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abbaszadə Xalid Fəxrəddin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Lənkəran rayonu Osaküçə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Lənkəran rayonu Osaküçə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayının axırlarında Lənkəran rayonunda 1(bir) bükümdə təmiz çəkisi -0,341 qram olan şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 31 iyul 2022-ci il tarixdə, saat 10:00-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Lənkəran şəhəri, Böyük Bazar ərazisində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bükümdə və çəkidə narkotik vasitə olan heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə olan heroindən uzun müddətdir ki, istifadə edir. 31 iyul 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhəri, Böyük Bazar adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 5 manat pul qarşılığında öz istifadəsi üçün bir bükümdə narkotik vasitə olan heroini almışdır. Həmin gün, yəni 31 iyul 2022-ci il tarixdə, saat 10 radələrində Lənkəran şəhərində, Böyük bazar ərazisində küçə ilə hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu demişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis şöbəsinə dəvət etdikdə etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Şöbənin inzibati binasında müdafiəçisinin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmiş, bu zamanı əynindəki şalvarın sağ yan cibindən həmin bir bükümdə olan heroini çıxarıb təqdim etmişdir. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə tutduğu əməlindən son dərəcə peşman olduğunu, artıq 5 aydır ki, narkotik vasitədən istifadə etmədiyini, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi törətdiyi cinayət əməlini etiraf etməsini, himayəsində biri yetkinlik yaşına çatmayan olmaqla, iki uşağının olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CABnin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Lənkəran rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində daşıması və saxlaması barədə daxil olmuş əməliyyat məlumatının doğruluğu tərəfindən yoxlanıldıqdan sonra raportla şöbə rəisinə məruzə edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərliyi özü etmiş, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Lənkəran ŞRPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 Rəfail oğlu qrupun üzvləri olmuşlar. 31 iyul 2022-ci il tarixdə, saat 10 radələrində polis əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı Kazımov X4 şəhəri, Böyük Bazar ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbədə müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir büküm narkotik vasitə olan heroinə bənzər kütlə təqdim etmişdir. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında Şahid2 Şahid1 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2022-ci il tarixdə saat 10:20-də şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 31 iyul 2022-ci il tarixli protokoldan və DVD diskdəki videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 1 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin 01 ədəd narkotik vasitə olan heroinin çəkisi 0,38 qram olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə heroindir, həmin kütlə ona məxsusdur. Həmin kütləni Lənkəran şəhəri, Böyük Bazar adlanan ərazidə tanımadığı şəxsdən 5 manat qarşılığında almışdır. Məhkəmə-kimyəvi ekspertizasının 31 iyul 2022-ci il tarixli 19/827 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd narkotik maddə olan kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,341 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatı üçün – 0,05 qram heroin istifadə edilmiş, 0,291 qram heroin qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 01 avqust 2022-ci il tarixli 819 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və o tutulmadan azad olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş tələbnamə və hökmün surətindən görünür ki, Kazımov X4 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sübutların qiymətləndirilməsi haqqında 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,341 qram olan narkotik vasitə heroin və şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntü özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut qismində tanınmış, heroinin ekspertiza tədqiqatından qalıq qalan hissəsinin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi, DVD diskin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran şəhər İHB-nın Osaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı X3, övladları – xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X6 ilə birlikdə Lənkəran rayonu, Panbəhi kəndində yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Lənkəran Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilmiş və sonuncunun barəsində axtarış elan edilmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş «axtarışda olan şəxsin tutulması barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin MSY-yə yerləşdirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqında əməlini etiraf edərək səmimi peşiman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar, habelə həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini(aşkar olunmuş narkotik vasitəsinin şəxsi istehlak miqdardında sadəcə 2 dəfə artıq olmasını), Təqsirləndirilən şəxs şəxsiyyətini (məhkumluğunun ödənilməsinə baxmayaraq əvvəllər eyni əməllərin törədilməsinə görə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkməsini), o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-cü maddəsinə müvafiq olaraq cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 16 fevral 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 0,291 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 1(bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 28(iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 fevral 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 0,291 qram çəkidə bir bükümdə narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60(altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-37/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-37/2023
23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver