Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-37/2024 02.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi X2, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsilli olmayan, işləməyən, evli, iki azyaşlı uşağı olan, məhkum olunmamış, Lənkəran rayonu, Türkəncil kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında 02 aprel 2024-cü il tarixdə saat 12.14-də baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan ağacı qanunsuz kəsməklə (götürməklə) təbiətə külli miqdarda ziyan vurmuşdur. Belə ki, o, 2023-cü ilin mart ayında Lənkəran rayonu, Qodəsə kəndində yerləşən, ona məxsus fərdi yaşayış evinin yaxınlığındakı, meşə fonduna daxil olmayan Lənkəran rayonu, Günəhir bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində bitmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli Qərarı ilə təsdiq edilmiş yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi “Qaydası’na 1 nömrəli əlavəyə və əlavənin qeyd hissəsinin 2-ci bəndinə uyğun hesablanmaqla dəyəri 16000 (on altı min) manat olub külli miqdar təşkil edən, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş, 24 sm bioloji inkişafdan dayanmış, 48 sm yaş halda, ümumi diametri 72 sm olan 01 ədəd azat cinsli ağacı şəxsi istifadəsi üçün motorlu mişarla qanunsuz olaraq kəsməsi (götürməsi) nəticəsində təbiətə külli miqdarda - 16000 (on altı min) manat məbləğində ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. xx.xx.2023-cü il tarixdə kəsdiyi ağac yarpaqsız və yararsız olmuşdur. Ağac çürük olmuş və onun içərisində ilan yuva salmışdır. Həmin ağacın kəsildiyi torpaq sahəsi bələdiyyə tərəfindən ona verilmiş və o, həmin torpaq sahəsində ev tikdirmişdir. Lakin həmin torpaq sahəsinə dair sənədi yoxdur. Həmin ağacın kəsilməsinin qanunsuz hərəkət olduğunu bilməmişdir. Qeyd edilən çürük ağacı kəsərək qışda istifadə etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərmişdir ki, Lənkəran rayonu, Qodəsə kəndində ailə üzvləriylə birlikdə yaşayır. Evlidir, iki övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir, şəxsi təsərrüfatla məşğul olur. Əvvəllər məhkumluğu olmamışdır. Təxminən 4 il imiş ki, Lənkəran rayonu, Qodəsə kəndində 500 kvadrat metr torpaq sahəsi istifadəsində olmuşdur. Təxminən 2 il bundan əvvəl həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün kənd bələdiyyəsindən rəsmi qaydada icazə almış və fərdi yaşayış evi tikmişdir. Kənd Bələdiyyəsi tərəfindən istifadəsinə verilən torpaq sahəsində bir hissəsi çürümüş ağac yerləşirmiş. Həmin ağac çürümüşdür, həmçinin o, bir neçə dəfə ağacın içində ilan görmüşdür. Uşaqları gedib həmin ağacın ətrafında oynayırmışlar, qorxmuşdur ki, ağac nə vaxtsa aşa bilər və ya onun içində olan ilanlar uşaqlarına ziyan verə bilər. Bu səbəbdən də, 2023-cü ilin mart ayında, dəqiq xatırlamadığı gündə ona məxsus motorlu mişarla həmin ağacı kökündən kəsmişdir. Daha sonra ağacı hissələrə bölərək yaşadığı həyətdə saxlamışdır, hissə-hissə peçdə yandırmışdır. Hal-hazırda həmin ağacın parçalarından heç nə qalmamışdır. Ağacın yerləşdiyi ərazidə isə hal- hazırda albalı ağacları əkmişdir. Ağacı kəsdikdən bir neçə gün sonra kənd bələdiyyə sədri Tofiq Fərəcov yaşadığı ünvana gələrək ağacı kəsdiyi üçün ona irad bildirmiş, o da bələdiyyə sədrinin bu hərəkətindən qəzəblənərək bələdiyyə ərazisində kəsilən ağaclar barədə Ekologiya Nazirliyinə şikayət etmək qərarına gəlmişdir. Bu məqsədlə tanışı Yazgül Bayramovaya zəng etmişdir ki, Ekologiya Nazirliyinin qaynar xəttinin nömrəsini ondan öyrənsin. Yazgül Bayramova isə ona bildirmişdir ki, özü bu barədə Ekologiya Nazirliyinə məlumat verəcək. Elə həmin gün Yazgül Bayramovanın məlumatı əsasında Ekologiya Nazirliyinin əməkdaşları gələrək ağacə kəsdiyi yerə baxış keçirmişlər, o da baxışın keçirilməsində iştirak etmiş və ağacı kəsdiyini etiraf etmişdir. Azad cinsli ağacın yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu bilirmiş. Kənd bələdiyyəsi tərəfindən ev tikməsi üçün ona torpaq sahəsi ayrılmışdır, azad cinsli ağacı kəsdikdən sonra həmin ağacın yerləşdiyi ərazinin ev tikməsi üçün ayrılmış əraziyə aid olmadığı ona məlum olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə dindirmə protokolları, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 aprel 2023-cü il tarixli 79603 saylı aktı, dəymiş ziyanın hesablanması cədvəli, baxış keçirilməsi haqqında protokol, eləcə də, digər istintaq materialları ilə tam sübuta yetirilir. Belə ki, xx.xx.2024-cü il tarixdə zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi X4 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, Günəhir Bələdiyyəsinin sədridir. Vaxtaşırı bələdiyyənin mülkiyyətində olan torpaq sahələrində monitorinq keçirilərək qiymətli ağaclar siyahıya alınır. Təqsirləndirlən şəxs ondan əvvəl işləmiş bələdiyyənin sədrinə ərizə yazaraq torpaq sahəsinin istifadəsinə verilməsini xahiş etmişdir. Həmin şəxs də bələdiyyənin sədri kimi, torpaq sahəsindən istifadəyə dair təqsirləndirlən şəxsə arayış vermişdir. Lakin, həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətində olaraq qalmışdır. Buna baxmayaraq təqsirləndirlən şəxs bələdiyyənin mülkiyyətində olan həmin torpaq sahəsindəki adı “Qırmızı kitab”a düşən ağacı kəsmişdir. Bundan sonra o, Yargül adlı xanımla birləşib 168 Xidmətinə ondan zəng etmişlər. O da, xx.xx.2023-cü il tarixdə hadisə yerinə getdikdə ağacın yaş vəziyyətdə kəsildiyini və doğranmış halda olduğunu görmüşdür. Ərazisində yaşayan bütün vətəndaşlara “Qırmızı kitab”a düşən ağacları kəsməməyi tövsiyyə edir, lakin təqsirləndirlən şəxsə bu barədə heç nə deməmişdir. Təqsirləndirilən şəxsə qanuna müvafiq köməklik göstərilməsini xahiş etmişdir. İbtidai sitintaq zamanı da X4, analoji ifadə verərək göstərmişdir ki, Lənkəran rayonu, Günəhir bələdiyyəsinin sədri vəzifəsində işləyir. 2020-ci ildən həmin vəzifədə işləyir. 27 mart 2023-cü il tarixdə Lənkəran rayonu, Qodəsə kəndində həmin kənd sakini Təqsirləndirilən şəxs tərəfindən qanunsuz ağac kəsilməsi barədə şifahi məlumat daxil olmuş, o da dərhal Qodəsə kəndinə gedərək ağac kəsilən əraziyə baxış keçirmişdir. Müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən onun yaşadığı evin yaxınlığında bir ədəd böyük diametrli ağac kökboğazından kəsilmişdir. Bundan sonra bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat vermişdir. Həmin idarənin əməkdaşları əraziyə gələrək baxış keçirmişlər. Baxış zamanı idarənin əməkdaşları kəsilən ağacın qırmızı kitabda olan, 72 sm diametrli azad cinsli ağac olduğunu müəyyən etmişlər və ağacın kəsilməsi nəticəsində təbiətə 16.000 manat ziyan dəydiyini hesablamışlar. İdarə əməkdaşları ərazidə baxışı yekunlaşdırıb akt tərtib etmişlər, fotoşəkillər çəkmişlər. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin ağacı kəsdiyini və oduncaq kimi istifadə etdiyini etiraf etmişdir. Həmin ağacın yerləşdiyi torpaq sahəsi Günəhir bələdiyyəsinə məxsusdur. Təqsirləndirilən şəxs ağacı kəsməsi heç kimə məlumat verməmiş, heç bir qurumdan icazə almamış, özbaşına həmin ağacı kəsmişdir. Ekologiya Nazirliyinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən də Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etmişdir. xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında şahid qismində dindirilmiş ETSN 1 saylı regional Ekologiya idarəsində məsləhətçi-müfəttişi Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirlən şəxs tərəfindən ağac yaş halda kəsilmiş və təqsirləndirlən şəxs bildirmişdir ki, həmin yerdə albalı ağacları əkəcəkdir. Kəsilmiş ağac doğranmış halda həyətdə yığılmışdır. Bundan sonra onlar sorğu ilə Meşə Təsərrüfatına müraciət etmiş, oradan bildirmişlər ki, kəsilmiş ağac “Qırmızı kitab”a düşmüş ağac növüdür. Şəxsin özünə məxsus torpaq sahəsində ağac kəsilməsi cinayət əməli hesab edilmir. Şahid3 ibtidai istintaq zamanı isə göstərmişdir ki, vəzifəsi ətraf mühitin qorunmasına nəzarət etmək və hər hansı qanun pozuntuları aşkar etdikdə idarəyə məlumat verməkdən ibarətdir. 25 mart 2023-cü il tarixdə vətəndaş X3 tərəfindən Lənkəra rayonu, Qodəsə kəndində qanunsuz ağac kəsilməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında idarənin xx.xx.2023-cü il tarixli 00070 saylı sərəncamının icrası ilə əlaqədar Lənkəran rayonu, Qodəsə kəndi ərazisində Təqsirləndirilən şəxs fərdi yaşayış evinin yaxınlığındakı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı diametri 72 sm olan 1 ədəd azad cinsli ağacın kəsilməsi və götürülməsi aşkar olunmuşdur. Kəsilmiş ağacın ümumi diametrindən 24 sm hissəsi çürümüş, 48 sm hissəsi isə yaş kök üstə olmuşdur. Baxışda iştirak etməsi üçün kənd bələdiyyə sədri Tofiq Fərəcov da hadisə yerinə dəvət edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, 1 ədəd azad cinsli ağacı özü kəsmişdir, hissələrə bölüb oduncaq kimi isifadə etmişdir. İdarə əməkdaşları ərazidə baxışı yekunlaşdırıb akt tərtib etmişlər, fotoşəkillər çəkilmiş və akt əsasında 800 manat məbləğində təbiətə dəymiş ziyan hesablanmışdır. Lakin azad cinsli ağac Azərbaycan Respublikasının “Qırmızı Kitabı”-na düşdüyündən ziyanın 20 qatı hesablanmış və təbiətə dəymiş ziyan 16.000 manat təşkil etmişdir. Baxış keçirildikdən sonra bələdiyyə sədri Tofiq Fərəcov idarəyə verdiyi arayışda 1 ədəd azad cinsli ağacın kəsildiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu, ağacın kəsilməsi üçün qabaqcadan heç bir icazə alınmadığını göstərmişdir. Lənkəran rayonu Qodəsə kəndində kəsilmiş bir ədəd azad cinsli ağac Təqsirləndirilən şəxs tərəfindən 2023-cü ilin mart ayında kəsilmişdir. Baxış zamanı da Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş ETSN 1 saylı regional Ekologiya idarəsinin ətraf mühitin mühafizəsi və ekoloji monitorinq sektorunun müdiri Şahid1 göstərmişdir ki, onlara zəng daxil olmuşdur ki, bələdiyyə tərəfindən ağac kəsilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, təqsirləndirlən şəxs tərəfindən də ağac kəsilmişdir. Bunu təqsirləndirlən şəxs özü də etiraf etmişdir. Kəsilmiş ağacın 24 sm. inkişafdan dayanmış, 40 sm isə inkişafda olmuşdur. Buna görə də ziyan ağacın yaş hissəsinə görə hesablanmışdır. Bundan sonra material Baş Prokurorluğa göndərilmişdir. “Qırmızı kitab”a düşən ağacların siyahısı ilə bağlı hesabatı onlara bələdiyyələr verirlər. Ağac çürük olanda onun içərisində ilanlar yuva qura bilərlər. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında əlavə olaraq Şahid1 göstərmişdir ki, “Qırmızı kitab”a düşmüş ağacların ərazi aidiyyatları vardır. Həmin kitada düşmüş və təbii yolla bitmiş ağac şəxsə məxsus torpaq sahəsindədirsə, monitoring aparılaraq həmin ağacın kəsilməsinin qadağan olunması izah edilməlidir. Şəxs həmin kitaba düşməli ağacı özü öz sahəsində əkmişsə, onu kəsə bilər. Lakin, təbii yolla bitmiş ağaca görə 20 qat cərimə yazılsa, özü əkdiyi ağacın kəsilməsinə görə 01 qat cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş ETSN 1 saylı regional Ekologiya idarəsinin mühafizə yegeri Şahid2 göstərmişdir ki, idarələrinə daxil olmuş məlumata əsasən ağac kəsilən yerə gedib baxış keçirib müvafiq tədbirlər görmüşlər. Həmin ağacın kəsilməsi barədə aktlaşdırmada iştirak etmişdir. Məlum olmuşdur ki, kəsilmiş ağac “Qırmızı kitab”a düşmüş ağacların növündəndir. Təqsirləndirlən şəxs ağacın kəsildiyi yerin onun həyətyanı torpaq sahəsi olduğunu və həmin ağacda ilan yuvasının olduğunu göstərsə də, bələdiyyənin sədri həmin torpaq sahəsinə təqsirləndirlən şəxsin qanuni istidadə hüququnu təsdiqləyən sənədin olmadığını bildirmişdir. Həmin ağac təqsirləndirlən şəxsin torpaq sahəsində olsa belə, onun həmin ağacı kəsməyə qanuni əsası olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 aprel 2023-cü il tarixli 79603 saylı aktından və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Lənkəran rayonu, Qodəsə kəndində Təqsirləndirilən şəxs tərəfindən ona məxsus fərdi yaşayış evinin yanında 1 (bir) ədəd, 24 sm bioloji inkişafdan dayanmış, 48 sm yaş halda, ümumi diametri 72 sm olan azad cinsli ağac kəsilmişdir. İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına əsasən ağacların kəsilməsi nəticəsində xx.xx.2023-cü il tarixli 79603 saylı akta görə dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, 1 ədəd, yaş halda diametri 48 sm olan azad cinsli ağacın kəsilməsinə görə təbiətə 800 manat ziyan vurulmuşdur. Azad cinsli ağac Azərbaycan Respublikasının “Qırmızı Kitab”-ında olduğu üçün təbiətə vurulmuş ziyan 20 qatına hesablanmış və ziyan 16.000 manat təşkil etmişdir. İşdə olan 08 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, azad cinsli ağacın diametri metr ilə ölçülmüş və ağacın ümumi diametrinin 72 sm təşkil etmiş, diametrin 24 sm hissəsi çürümüş, 48 sm hissəsi isə yaş vəziyyətdə olmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, fərdi yaşayış evinin qarşısında olan azad cinsli ağacı özü kəsmişdir. İşə əlavə edilmiş DƏDK və RPHŞ 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkləməyə ünvanladığı xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, təqsirləndirlən şəxsin kəsdiyi ağacın yerləşdiyi torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən bələdiyyənin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqdır. İşdə olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü Məhəmməd və xx.xx.2018-ci il təvəllüdlü Əliabbas adlı iki azyaşlı uşaq olmaqla o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan tələbnamədən görür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə bərabər məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu, zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadələri, iş materiallarında olan digər sənədlərlə meşə fonduna daxil olmayan, Günəhir kənd bələdiyyəsinin mülkiyyətində olan ağacı qanunsuz kəsməklə küllü miqdarda ziyan vurma cinayətini törətməsi tamamilə sübuta yetirilir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası 259.2.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilib ağacı özünə məxsus torpaq sahəsində kəsdiyini göstərsə də, onun göstərdiyi bu hal məhkəmədə tədqiq edilmiş sübutlarla tam təkzib olunur və özünü müdafiə kimi qiymətləndirilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun himayəsində iki azyaşlı uşağın olmasını, CM-nin 59.2ci maddəsinə əsasən isə ailənin yeganə gəlir gətirən şəxsi olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək miiddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tııtma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafıq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-nin 46.3-cü maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün ictimai işlərə, islah işlərinə əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanıəlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bu cəza növü intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli Qərarının 1-ci bəndində göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafıq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Həmin Qərarın 3-cü bəndinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətləməşğul olma hüquqıından məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi, CM-in 46-cı maddəsinə əsasən yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər: CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tətbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı və qeydiyyatda olduğu yer üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Zərərçəkmiş hüquqi şəxs, Lənkəran rayonu, Günəhir Bələdiyyəsinin nümayəndəsinə maddi ziyanla bağlı təqsirləndirlən şəxsə qarşı mülki qaydada iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 354, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (iki) il 06 (altı ay) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Hökmün Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Zərərçəkmiş hüquqi şəxs, Lənkəran rayonu, Günəhir Bələdiyyəsinin nümayəndəsinə maddi ziyanla bağlı təqsirləndirlən şəxsə qarşı mülki qaydada iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-37/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-37/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver