Məhkəmə qərarları › İş №1(049)-370/2022

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-370/2022

25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-370/2022 25.08.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 18.45 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon-şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1990-cı ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda nаrkоtik vаsitə əldə edib, saxlamаqlа dаşımışdır. Bеlə ki, о, 2022-ci ilin iyun ayının əvvələrində Lənkəran şəhərində məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, iki ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.185 qram və 0.195 qram olmaqla ümumi təmzi çəkisi 0.380 qram olan xarici görünüşünə və kimyəvi tərkibinə görə eyni olan tiryəkdən hazırlanan heroini əldə edib üzərində saxlayaraq daşımış, 11 iyun 2022-ci il tarixdə, saat 18.50-də Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Sütəmurdov kəndində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.185 qram və 0.195 qram olmaqla ümumi təmzi çəkisi 0.380 qram olan xarici görünüşünə və kimyəvi tərkibinə görə eyni olan tiryəkdən hazırlanan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ittiham aktında qeyd edilənlər yalandır. 11 iyun 2022-ci il tarixdə Lənkəran rayonu, Sütəmurdov kəndində evinin qarşısında olarkən 70 nəfərə yaxın polis əməkdaşı onun üzərinə hücüm edərək məcburi avtomobilə əyləşdirib Lənkəran Şəhər polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində onu Raqif və Əlvan adlı polis işçiləri döymüş, işgəncələr vermiş, yazılanlara məcbur olub imza etmişdir. Ona imza etməsə daha ağır maddə ilə qeydiyyata alacaqlarını bildirmişlər, o da, məcbur olub, polis əməkdaşları dediyi kimi etmişdir. Onun bədənində xəsarət izləri olmuş, döyülməsi haqqında barəsində qətimkan tədbiri seçilərkən məhkəmədə bu barədə bildirmişdir. Məhkəmə hazırlıq iclası zamanı səhv başa düşdüyü üçün ona işgəncə verilmədiyini bildmirmişdir. Barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində göstərmişdir ki, təxminən üç ildir ki, heroindən istifadə edir və heroini Lənkəran şəhəri və Sütəmurdov kəndində tanımadığı şəxslərdən almışdır. 11 iyun 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhərində tanımadığı şəxsdən 10 manata 2 büküm narkotık vasitə heroin almışdır. Həmin gün saat 18-19 radələrində Sütəmurdov kəndində piyada gəzən zaman tanımadığı üç şəxs ona yaxınlaşaraq özlərini Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşı kimi təqdim edib onu polis şöbəsinə dəvət etmişdir. O, da razılaşaraq polis əmıkdaşlarının müşayiəti ilə polis şöbəsinə getmişdir. Orada ona müdafiəçi təyin edilmiş və müdafiəçi, polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibində qoyduğu 2 ədəd heroin bükümlərini çıxarıb polis əməkdaşlarına təqdim etmiş və həmin heroini şəxsi istifadəsi uçun 10 manata Lənkəran şəhərində üzdən tanıdğığı adamdan aldığını bildirmişdir. Daha sonra protokol tərtib edilmiş və imzalamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 Baləddin oğlu ifadəsində göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbirində o, da iştirak etmişdir. 11 iyun 2022-ci il tarixdə, saat 18.30 radələrdində Təqsirləndirilən şəxs nəzarətə götürmüşlər və təxminən, 15-20 dəqiqə izlədikdən sonra Sütəmurdov kəndində piyada hərəkətdə olan zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi ilə bağlı əsaslı şübhələr olduğuna görə üzərinə şəxsi axtarış keçirilməsinin vacibliyini izah edib şöbəyə dəvət etmişlər. Polis şöbəsinə gətiriləndən sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı sağ yan cibindən 2 ədəd sellofan kəsiyinin içərisində heroin aşkar edilmişdir. Daha sonra protokol tərtib edilmiş və imzalanmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran Şəhər Rayon X4 Patrul Xidməti Bölüyündə polis serjantı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbirində o, da iştirak etmişdir. 11 iyun 2022-ci il tarixdə, saat 18.30 radələrdində Təqsirləndirilən şəxs nəzarətə götürmüşlər və təxminən, 15-20 dəqiqə izlədikdən sonra Sütəmurdov kəndində piyada hərəkətdə olan zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi ilə bağlı əsaslı şübhələr olduğuna görə üzərinə şəxsi axtarış keçirilməsinin vacibliyini izah edib şöbəyə dəvət etmişlər. Polis şöbəsinə gətiriləndən sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı sağ yan cibindən 2 ədəd sellofan kəsiyinin içərisində heroin aşkar edilmişdir. Daha sonra protokol tərtib edilmiş və imzalanmışdır. Məhkəmədə ifadəsi müdafiə tərəfinin razılığı ilə araşdırılmış Şahid3 оğlu cinayət işinin 74-75-ci vərəqlərində olan ifаdəsində göstərmişdir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edib üzərində saxlanılması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasınnda onun rəhbərliyi ilə Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 11 iyun 2022-ci il tarixdə, saat 18.30 radələrdində Təqsirləndirilən şəxs nəzarətə götürmüşllə və təxminən, 15-20 dəqiqə izlədikdən sonra Sütəmurdov kəndində piyada hərəkətdə olan zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi ilə bağlı əsaslı şübhələr olduğuna görə üzərinə şəxsi axtarış keçirilməsinin vacibliyini izah edib şöbəyə dəvət etmişlər. Polis şöbəsinə gətiriləndən sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz predmet varsa təqdim etməy təklif olunmuşdur. O da əynindəki şalvarın sağ yan cibindən 2 ədəd sellofan kəsiyi bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Sellofan kəsiyi bükümündə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra 2 ədəd sellofan kəsiyi bükümləri elektron tərəzidə çəkildikdə 0,46 qram olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz predmet aşkar olunmamışdır. Daha sonra protokol tərtib edilmiş və imzalanmışdır. Cinayət işinin 30-31-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması” 11 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 02 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmin narkotik vasitənin çəkisi 0.46 qram olmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin heroin olduğunu və öz istifadəsi üçün Lənkəran şəhərində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakı ilə tədqiq edilmiş Şəxsi axtarış və götürmə aparılması barədə” 11 iyun 2022-ci il tarixli əməliyyat axtarış tədbirinin videogörüntüsündən də görünür ki, Təqsirləndirilən şəxs üzərindən 02 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmin narkotik vasitənin çəkisi 0.46 qram olmuş, sonuncu həmin narkotik vasitənin heroin olduğunu və öz istifadəsi üçün Lənkəran şəhərində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Cinayət işinin 42-44-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 iyun 2022-ci il tarixli, 19/693 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.185qram və 0.195 qram olmaqla ümumi təmiz çəkisi 0.380 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanan narkotik vasitə heroindir, kimyəvi tərtkiblərinə görə eynidirlər. Cinayət işinin 68-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 13 iyun 2022-ci il tarixli, 680 nömrəli ekspert rəyindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 109-113-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 23 iyul 2022-ci il tarixli qərardan görünür ki, tədqiqat keçirildikdən sonra qalan 0.280 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, müdafiə tərəfinin, yəni təqsirləndirilən şəxsin və müdafiəçinin təklifi ilə məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Məhkəmə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə, polis əməkdaşları tərəfindən fiziki zora məruz qaldığına görə sənədlərə imza etməsinə dair ifadəsini aşağıdakı səbəblərə görə qanunvericilik baxımından sübut növü kimi qəbul etmir. İlk öncə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə fiziki, psixi və ya hər hansı digər formada zora məruz qalıb qalmaması barədə hazırkı işin məhkəmə hazırlıq iclası zamanı sual verilmiş və təqsirləndirilən şəxs ona qaşrı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Digər tərəfdən məhkəmədə proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş şəxsin şəxsi müayinəsi zamanı lentə alınmış videogörüntüdən də görünür ki, istintaq hərəkəti zamanı müdafiəçi ona eyni məzmunlu sual vermiş və Təqsirləndirilən şəxs ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Həmçinin həm ibtidai istintaq, həm də məhkəmə araşdırması zamanı eyni müdafiəçinin işitrak etməsi özülüyündə Təqsirləndirilən şəxs qeyri-səmimi ifadələrinin aşkara çıxarılmasını təmin edir. Bunlardan başqa, iş materialarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 546 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs oğunun bədəni üzərində hər hansı bir xəsarət izi yoxdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi onun əvvəllər məhkum edilmiş şəxs kimi hüquq mühafizə orqanlarına qarşı neqativ yanaşmasının təzahürü olmaqla bərabər gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsi subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli qərarından qeyd edilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 5(049)-251/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin barədə qərar ibtidai istintaq zamanı məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0.380 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cinayət işinin 13-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 11 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19.10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 66-67-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 11 iyun 2022-ci il tarixdən hesab edilmişdir. Cinayət işinin 79-80-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran şəhər Sütəmurdov kənd inzibati ərazi dairəsinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Sütəmurdov kəndində ailəsi ilə birlikdə yaşayır, yaşadığı müddətdə işgüzarlığı, qabiliyyəti və səmimiyyəti ilə kənd ağsaqqallarının və kənd ziyalılarının hörmətini qazanmış, kəndin ictimai işlərində daima fəal iştirak etmişdir. Cinayət işinin 81-82 və 95-105-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş müvafiq olaraq tələbnamə və hökmlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 9 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il cəzasının sonu ilə azad olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 may 2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-nin 18.4.4-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyindən onun əməlində cinayətlərin residivi yoxdur. Bununla yanaşı, CM-nin 83.3.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumkluq ödənilmiş hesab edirlir. Hazırda isə Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmədiyi müəyyən olunur. Məhkəməyə təqdim edilmiş Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin 22 avqust 2022-ci il tarixli, 69 nörməli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1 il 8 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməllərini etiraf edərək peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə narkotik vasitənin şəxsi istehlak miqdardından az miqdarda çox olmasını müəyyən etsə də, yuxarıda sadalanan cinayət qanunvericilyinin normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun üçün hüquqi nəticə yaratmasa da əvvəllər də eyni xarakterli cinayət əməlinə görə məhkum edilməsini, həmin əmələ görə məhkumluğunun ödənilməməsini, habelə həmin əmələ görə müəyyən edilmiş cəzanın çəkilməsi dövründə hazırkı cinayət əməlini törətməsini, nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş daha sərt cəza növünə yəni azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 8 gün müddəti göstərilən qayda ilə hesablanmaqla ona təyin ediləcək ümumi cəzaya hesablanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 13 iyun 2022-ci il tarixli, 680 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomanioyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.280 qram qalıq çəkisi olan heroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 5 (beş) saata görə 30 (otuz) manat pul vəsaiti, habelə ibtidai istintaq zamanı iştirak etdiyi müddətə görə 42 (qırx iki) manat, ümumilikdə 72 (yetmiş iki) manat pul vəsaiti CPM-nin 197.1.5 və 197.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Lənkəran Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 8 gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 6 (altı) ay 4 (dörd) gün azadlıqdan məhrum etmə cəzası hesab edilərək hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirməklə ona qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 iyun 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.280 qram qalıq çəkisi olan heroin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmədə və ibtidai istintaq iştirak etdiyi vaxta cəmi 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Lənkəran Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar