Məhkəmə qərarları › İş №1(049)-372/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-372/2023

20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-372/2023 20.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat: 11:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, daha sonra Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə barəsində amnistiya tətbiq edilərək təyin edilmiş cəzadan azad olunmuş, lakin məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayının əvvəllərində, Lənkəran şəhəri «kiçik bazar» adlanan ərazidə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,649 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 08 iyun 2023-cü il tarixdə saat 11 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Səttarxan küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən qeyd edilən çəkidə və bükümdə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanda tək yaşayır. Evlidir, 15 yaşlı bir qızı var. Onu ittiham aktında adları qeyd edilmiş şahidlər, yəni polis əməkdaşları onu saxlamamış, onu post patrul xidməti əməkdaşları saxlamışlar. Onu 08 iyun 2023-cü il tarixdə deyil, 07 iyun 2023-cü ildən 08 iyun 2023-cü il tarixə keçən gecə oğurluqda şübhəli olduğuna görə saxlamışlar. Saxladıqdan sonra onu Lənkəran rayon təcili tibbi yardım stansiyasına aparmış, çoxlu miqdarda su içməsinə məcbur edilmişdir. Lakin heç nə aşkar etmədikləri üçün onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona psixi təzyiq göstərilmiş, hədə qorxu gəlinmiş, üzərinə psixotrop maddə metametamin qoymuşlar. Həmin maddələrin ona məxsus olmadığını bildirəcəyi təqdirdə barəsində daha ağır, yəni CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürüləcəyini bildirmişlər. O da məcbur qalıb ibtidai istintaq zamanı özünü təqsirli bildiyini və psixotrop maddələrin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, icraatına Lənkəran şəhəri Arif Bağırov küçəsi ev 19-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri, onların prekursorlarını əldə etməsi, saxlaması və üzərində gəzdirməsi ilə məşğul olması barədə dəqiq və etimad doğuran mənbədən daxil olmuş məlumatların mötəbərliyi tərəfindən yoxlanıldıqdan sonra icrası üçün raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Şöbə rəhbərinin əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qəbul etdiyi qərara əsasən əməliyyat qrupunun tərkibini təsdiq edən əmr imzalanmışdır. Əmrə əsasən qrupun rəhbəri o olmuş, üzvləri isə cinayətaxtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid2 Baləddin oğlu, digər üzvü isə postpatrul xidməti bölüyünün sabiq polis nəfəri X3 olmuşdur. 08 iyun 2023-cü il tarixdə birlikdə Lənkəran şəhəri Səttarxan küçəsinə çıxıb müşahidələr aparmağa başlamışlar. Bir müddət sonra Təqsirləndirilən şəxs həmin küçədə tək şəkildə piyada hərəkətdə olan zaman aşkar etmişlər. Göstərişi ilə ona yaxınlaşmışlar. Özlərini polis əməkdaşı kimi təqdim etmiş, Təqsirləndirilən şəxs ona yaxınlaşmaqlarının səbəbini soruşmuşdur. Onlar sonuncuya barəsində əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də üzərində şəxsi axtarış həyata keçirilməli və onlarla birlikdə polis şöbəsinə gəlməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs gəlməyə razılıq vermişdir. Onlar Təqsirləndirilən şəxs saxladıqları yerdən polis şöbəsinə gətirənə qədər olan müddətdə nəzarətdə saxlamışlar. Polis şöbəsinə gələndən sonra sonuncunu inzibati otaqlardan birinə aparmışlar, araşdırmanın davam etdirilməsi təhqiqat bölməsinin təhqiqatçıya həvalə edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutaraq ona hüquq və vəzifələrini izah etdikdən sonra hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı videoçəkilişin aparılması baş əməliyyat müvəkkili Şahid2 həvalə edilmişdir. Şəxsi axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmamasını soruşmuş, olduğu halda halda könüllü şəkildə təqdim etməsini təklif etmişdir. Sualdan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm, sağ yan cibindən isə bir ədəd mobil telefon çıxararaq təqdim etmişdir. Təhqiqatçı bundan sonra onun üzərində şəxsi axtarış həyata keçirmiş, nəticədə hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Sellofan büküm elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırlıb möhürlənmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün mərkəzi Lənkəran şəhəri dəniz kənarında tanımadığı şəxsdən 25 manat qarşılığında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni şəxsi istifadəsi məqsədilə əldə etdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs özü tərəfindən hər hansı psixi və ya fiziki təsir göstərilməmiş, başqa şəxslərin də ona qarşı psixi və ya fiziki təsir göstərməsini şahidi olmamışdır. Məhkəmə istintaqında Şahid2 Baləddin oğlu digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə hazırda həmin ifadələri təkrarlamağa zərurət görmür. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 08 iyun 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən ilkin çəkisi 0,8 qram olan bir ədəd bükümdə narkotik vasitə heroin aşkar edilib qablaşdılaraq götürülmüş, Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 08 iyun 2023-cü il tarixli 19/625 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə.....» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 0,649 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindir. Ekspertiza tədqiqatı üçün 0,05 qram metamfetamin istifadə edilmiş, 0,599 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 12 iyun 2023-cü il tarixli 619 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran Rayon Məhkəməsinin 4(049)-173/2023 saylı, 09 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 08 iyun 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən, Lənkəran Rayon Məhkəməsinin hökmünün surətindən, 7 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2021-ci il tarixli qərarından və Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şahbazov X2 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, daha sonra Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən barəsində «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 2.4-cü bəndi rəhbər tutulmaqla cəzadan azad olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(011)-619/2021 №-li qərarı ilə Təqsirləndirilən şəxs barəsində hökmlə təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,649 qram olan psixotrop maddə metamfetamin və DVD diskdə videogörüntü maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qaytarılmış qalıq qalan 0,599 qram narkotik vasitə heroin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diskdə videogörüntü cinayət işinin materiallarına əlavə edilmişdir. Lənkəran ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışından görünür ki, Şahbazov X2 şəhəri Arif Bağırov küçəsi ev 19-da yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Beləliklə məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında ifadəsinin və müdafiə tərəfinin çıxışının «təqsirləndirilən şəxsin üzərində hər hansı psixotrop maddə olmaması, onların polis əməkdaşları tərəfindən psixi təsir, yəni hədə qorxu gəlinərək üzərinə psixotrop maddə metamfetamin qoyulması, 07 iyun 2023-cü ildə post patrul xidməti tərəfindən saxlanılaraq aparılması, habelə təqsirləndirildiyi maddə üzrə ona bəraət verilməsi» barədə ifadə və çıxışlarına qiymət verərək həmin ifadələri inandırıcı hesab etmir. Belə ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Təqsirləndirilən şəxs şəxsi istifadə məqsədi ilə psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlamaqla daşıması cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış protokolları və videogörüntü, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, habelə məhkəmə-kimyəvi, məhkəmənarkoloji ekspertizasının rəyi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ünvan 2 ünvanda tək yaşayır. Evlidir, 15 yaşlı bir qızı var. Lakin narkotik vasitə aludəçisi olduğu üçün həyat yoldaşı və qızı bir il bundan əvvəl evi tərk edib getmişlər. Rəsmi şəkildə evli olsa da həyat yoldaşı və qızı ondan ayrı yaşayır. Rəsmi iş yeri yoxdur, fəhləliklə məşğul olmaqla özünü dolandırırmış. Təxminən 20 ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Buna görə əvvəllər dəfələrlə məkum edilmişdir. Sonuncu dəfə 2021-ci ilin aprel ayında məhkum edilmiş, həmin ilin dekabr ayında isə barəsində amnistiya tətbiq edilmiş və azadlığa buraxılmışdır. Psixotrop maddəni Lənkləran şəhər ərazisində üzdən tanıdığı, lakin şəxsiyyəti barədə hər hansı məlumata malik olmadığı bir neçə şəxsdən alırmış. Sonuncu dəfə 08 iyun 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri kiçik bazar ərazisinə - dəniz kənarına gedib orada əvvəllər bir neçə dəfə psixotrop maddə aldığı şəxsə yaxınlaşıb ondan şəxsi istifadəsi üçün 1 ədəd bükümdə metamfetamin almış və ağrıları olan zaman qəbul etmək üçün şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün axşam saatlarında Lənkəran şəhəri Səttarxan küçəsində piyada hərəkətdə olarkən tanımadığı üç şəxs onda yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis şöbəsinin əməkdaşı kimi təqdim etmişlər. Ona narkotik vasitələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu, bu səbəbdən də üzərində polis şöbəsinin inzibati binasında şəxsi axtarış keçirilməli olduğunu deyib onu şöbəyə dəvət etmişlər. O da müqavimət göstərməyin mənasız olduğunu görüb təkliflərini qəbul etmişdir. İnzibati binada özünü Coşqun Qasımov kimi təqdim edən polis əməkdaşı ona şübhəli şəxs qismində tutulduğunu deyib vəkillərin siyahısın təqdim etmiş və müdafiəçi seçməyini istəmişdir. O da Elvin İbrahimov adlı vəkili seçmişdir. Həmin müdafiəçi polis bölməsinə dəvət edildikdən sonra videoçəkilişlə üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarışdan əvvəl müdafiəçi ona hər hansı bir fiziki zora məruz qalıb-qalmamağı ilə bağlı sual vermiş, o da olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində qanunla qadağan edilmiş predmet olduğu halda könüllü təqdim etməyini təklif etmişdir. O da əynində olan şalvarının sağ yan cibində saxladığı, içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükümü və şalvarının sol yan cibində olan, istifadə etdiyi «Alcatel» markalı mobil telefonu eyni anda çıxab masanın üzərində qoymuşdur. Təhqiqatçı ondan həmin bükümdə nə olduğunu soruşmuş, o da metamfetamin olduğunu və şəxsi istifadəsi üçün dəniz kənarında tanımadığı şəxsdən 25 manat qarşılığında aldığını bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 0,8 qram olmuşdur. Daha sonra kütlə qablaşdırılmışdır. Bundan sonra təhqiqatçı tərəfindən üzərində ətraflı şəxsi axtarış həyata keçirilmiş, lakin hər hansı bir qanunsuz predmet aşkar edilməmişdir. Sonda isə protokol tərtib edilmiş, onlar da imza etmişlər. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılarkən elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, aşkar edilmiş psixotrop maddələrin ona məxsus olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Qeyd olunalara əsasən məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zaman daha inandırıcı ifadələr vermiş, məhkəmə istintaqı zamanı isə cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə vermişdir. Belə ki, cinayət işinin materiallarından da müəyyən olunur ki, məhkəmə istintaqında vediyi ifadələrlə bağlı, yəni ona qarşı hədə qorxu gəlinməsi ilə bağlı hər hansı vəsatəti, yazılı yaxud şifahi müraciəti olmamışdır. Halbuki Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildikdən sonra o polis şöbəsində istintaq təcridxanasına köçürülmüş, istintaq təcridxanasına köçürüldükdən sonra ona qarşı olan hədənin (olduğu halda) hər hansı əhəmiyyəti qalmamışdır. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, əməlində cinayətin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Belə ki, CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən azad ağır cinayət törətdiyinə görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən amsnistiya tətbiq edilməklə azad olunduğuna görə Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 7-ci bəndinə görə məhkumluğu ödənilmiş hesab edilir və həmin əmələ görə əməlində residiv müəyyən olunmur. X4 Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən ağır cinayət törətməyə azadlıqdan məhrum etmə cəzasınaq məhkum olunduğundan və cəzasını çəkib bitirdikdən sonra 6 il müddət keçməmiş yenidən qəsdən hazırki cinayət əməlini törətdiyindən Təqsirləndirilən şəxs əməlində cinayətin sadə residivi müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini(aşkar edilmiş psixtrop maddənin miqdarını) Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmaması və cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 65.2-ci maddəsinin (CM-nin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.) tələbi baxımından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından aşağı olmayan cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 08 iyun 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alımalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 0,599 qram çəkidə bir bükümdə narkotik vasitə metamfetamin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzaçəkmə müddətinin başlanğıcı 08 iyun 2023-cü il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 0,599 qram çəkidə 1 bükümdə narkotik vasitə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60(altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE **********0002088501, X1, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar