Məhkəmə qərarları › İş №1(049)-375/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-375/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-375/2023 18.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 10:45 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1964-cü il tarixdə Lənkəran rayonu Port-İliç şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Liman şəhəri M.İbayev küçəsi ev 55A ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə Lənkəran rayonu Liman şəhəri “Dəmiryolu stansiyasının” yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 2,517qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edərək üzərində saxlamaqla daşımış və bu barədə əməliyyat məlumatları əldə etmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 10:25-də Lənkəran rayonu Liman şəhərində “Dəmiryolu stansiyası”nın yaxınlığında küçədə saxlanılaraq, regional şöbənin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilib inzibati binada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən qeyd olunan bükümdə və çəkidə narkotik vasitə tiryək aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, İran İslam Respublikasına avtomobili ilə yük daşımaqla ailəsini saxlayır. Belə ki, onun kreditə aldığı “Volvo” markalı 42CG842 dövlət qeydiyyat nişanlı avtomobili vardır. X10 Respublikasından Bakı şəhərinə paltar, ayaqqabı vəs. karqo şirkətinin yüklərini daşıyır. Təxminən 3 il narkotik vasitə tiryəkdən qəbul etmişdir. Uzun müddətdir ki, uzaq məsafəyə yük avtomobili sürdüyündə tiryəkdən istifadə edirmiş ki, sükan arxasında onu yuxu tutmasın. Lakin sonralar tiryəki tərgidib müalicə olunmuşdur. Bir neçə il tiryəkdən istifadə etməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Liman şəhəri “Dəmiryolu stansiyası”nın yaxınlığında olarkən prostatında ağrı olduğundan orada adını bilmədiyi, lakin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildiyi şəxsdən 10 manata bir bükümdə narkotik vasitə tiryək alıb əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Daha sonra digər oğlu Elnur dəmiryolu stansiyasına gəldiyi üçün tiryəkdən istifadə edə bilməmişdir. Təxminən saat 10 radələrində stansiyada olan çayxananın qarşısında oğlu Elnurla birlikdə dayanarkən yanında nömrəsini xatırlamadığı avtomobil saxlamışdır. Avtomobildən düşən şəxslər özlərini təqdim edib BNMİ-nin cənub bölgəsində regional şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağında şübhəli olduğunu bildirib onu avtomobillə Lənkəran şəhərində yerləşən regional şöbənin inzibati binasına gətirmişlər. Regional şöbədə otaqların birində şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra vəkil siyahısı təqdim edilmişdir. O, həmin siyahıdan özünə müdafiəçi Zaur Qasımovu seçmişdir. Sonra üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Üzərinə şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış olmuş və üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı bildirmişdir ki, əvvəllər məhkum olunmamışdır, narkotik maddə tiryək qəbul edir, tiryəkdən başqa digər narkotik maddələrdən qəbul etmir, satışı ilə məşğul olmur. Sonra ona üzərində qanunsuz əşya və maddə varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki şalvarın sağ yan cibindən «Samsung» markalı mobil telefonu və bir ədəd sellofan bükümdə tiryəki, şalvarının sol yan cibindən bir ədəd alışqanı, içərisində siqaret dənələri olan «Sobraniya» siqaret qutusunu, cəmi 160 manat pulu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi sellofan bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə tiryək aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya, narkotik maddə aşkar olunmamışdır. Sağ əlinin şəhadət barmağında bir ədəd parıltılı materialdan olan üzüyü də aşkar olunmuşdur. Üzük, alışqan, içərisində siqaret dənələri olan «Sobraniya» siqaret qutusu, cəmi 160 manat pul ona qaytarılmışdır. «Samsung» markalı mobil telefonu isə götürülərək protokola əlavə olunmuşdur. Şifahi sorğu zamanı o, bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində narkotik maddə tiryək var, ona məxsusdur, özü qəbul etmək üçün əldə etmişdir, həmin tiryəkdən qəbul etməmiş, heç kimə verməmiş, satmamış, bundan başqa onda narkotik maddə yoxdur. Təqdim etdiyi mobil telefon ona məxsusdur, üzərində iki «Azersell» və «İransell» mobil nömrə kartı vardır. Sonra isə həmin bir ədəd sellofan büküm elektron tərəzidə çəkildikdə tiryək kütləsi 2,64 qram çəkidə olmuş, həmin büküm zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayəti və tələbi yoxdur. Üzərinə şəxsi axtarış keçirilməsi barədə polis əməkdaşları tərəfindən tərtib edilmiş protokolun məzmunu ucadan oxunduqdan sonra imzalarla təsdiq etmişlər. Üzərindən aşkar edilən bir ədəd bükümdə tiryəki saxlanılmamışdan yarım saat qabaq Liman şəhəri Dəmiryolu stansiyasının yaxınlığında adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata almışdır. Ona narkotik vasitəni Liman şəhəri ərazisində satmış şəxsin adını və yaşadığı ünvanı bilmir. Həmin şəxs arıq, qarayanız, orta yaşlarında saqqallı birisi olmuşdur. Həmin şəxsin barəsində başqa heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs son sözündə tutduğu əməlindən son dərəcə peşman olduğunu, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində törətdiyi cinayət əməlini etiraf etməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, 15 iyun 2023-cü il tarixdə ünvan 1-da qeydiyyatda olmaqla Liman şəhəri M.İbayev küçəsi ev 50 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə olunmuş və məlumatın yoxlanılması ona həvalə edildiyindən, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişdir. 15 iyun 2023-cü il tarixdə, saat 10:25-də Lənkəran rayonu Liman şəhərində “Dəmiryolu stansiyası”nın yaxınlığında Təqsirləndirilən şəxs müşahidəyə götürülmüş və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində küçədə saxlanılmışdır. Həmin yerdə insanların və avtomobillərin intensiv hərəkətini nəzərə alaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasından ötrü BNMİ-nin CBRŞ-nin inzibati binasına gətirmişlər. CBRŞ-də xidməti otaqların birində, video çəkiliş vasitəsilə dəvət olunmuş müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmazdan əvvəl bir daha Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla, üzərində qanunsuz əşya olduğu təqdirdə özünün təqdim etməsi təhqiqatçı tərəfindən təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirib, əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm, bir ədəd mobil telefon, şalvarının sol yan cibindən bir ədəd alışqan, 160 manat pul və siqaret qutusu çıxarıb masa üzərində qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə Famil Həsənov tərəfindən şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağında olan bir ədəd üzük aşkar olunmuşdur. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan maddəyə baxış zamanı narkotik vasitə tiryəkə oxşar kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdə kütlənin 2,64 qram olması müəyyən edilmişdir. Həmin büküm zərfə yerləşdirilmiş, zərfin üstü möhürlə möhürləndi və üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Aşkarlanmış bir ədəd alışqan, siqaret qutusu, 160 manat pul və bir ədəd üzük əhəmiyyət kəsb etmədiyi üçün təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Mobil telefon isə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxsla aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə tiryəkdir. Özünə məxsusdur, özü qəbul etmək üçün əldə etmiş, həmin tiryəkdən qəbul etməmiş, heç kimə verməmiş, satmamış, başqa narkotik vasitə onda yoxdur. Təqdim etdiyi mobil telefon özünə məxsusdur. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir formada qanunsuz hərəkətlər edilmədiyini, heç bir şikayətinin olmadığını bildirmişdir. Sonda protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı CBRŞ-nin əməkdaşı Şahid3 tərəfindən videoçəkiliş aparılmış, görüntü bir ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tiryəki öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə icraatına heç bir əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə tiryəki kimdən əldə etməsi istiqamətində əməliyyat tədbirləri keçirilmiş, lakin hələ ki, müsbət nəticə əldə edilməmişdir. Məhkəmə istintaqında Şahid2 və Şahid3 ifadələrində Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə saat 10:25-də saxlanılmış, saat 10:25-də isə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 15 iyun 2023-cü il tarixli protokoldan görünür ki, BNMİ-nin CBRŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Lənkəran rayonu Liman şəhər sakini Təqsirləndirilən şəxs həmin tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu Liman şəhəri “Dəmiryolu stansiyası”nın yaxınlığında saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi üçün CBRŞ-nə gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sağ yan cibindən 01 bükümdə, 2,64qram çəkidə narkotik vasitə tiryəkə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə tiryək olduğunu, öz istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi-axtarış keçirilərkən videoçəkiliş aparılaraq bir ədəd DVD diskə köçürülüb protokola əlavə edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 16 iyun 2023-cü il tarixli, 19/657 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülüdə tiryəkə bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -2,517qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Ekspertiza tədqiqatı üçün 0,05 qram tiryək istifadə edilmiş, 2,467 qram tiryək qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 16 iyun 2023-cü il tarixli, 633 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilməklə azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında 05 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə ümumi təmiz çəkisi 2,517 qram narkotik vasitə tiryək və şəxsi axtarış zamanı videoçəkilişə dair 1 ədəd DVD disk maddi sübut qismində tanınmış, narkotik vasitə heroin ekspertizadan sonra qalıq qalan 2,467 qram hissəsi saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, şəxsi axtarış zamanı videoçəkilişə dair 1 ədəd DVD diskin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Lənkəran rayonu, Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, həyat yoldaşı X6, oğlu X9, oğlu X4, qızı X5, nəvələri X7 və X8 ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla Liman şəhəri M.İbayev küçəsi ev 55A ünvanında olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ailədə yeganə qazanc gətirən şəxs olmasını, əməlindən səmimi peşiman olmasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət törətməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşını, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 15 iyun 2023-cü il tarixdən 17 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 3(üç) gün müddət bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 6(altı) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzası üzrə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 2,467 qram narkotik vasitə tiryək məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdən 17 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 3(üç) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 6(altı) gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11(on bir) ay 24 (iyirmi dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 2,467 qram narkotik vasitə tiryək məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60(altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar