Məhkəmə qərarları › İş №1(049)-38/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-38/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-38/2023 22.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Lənkəran şəhərində doğulmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lənkəran şəhəri, ünvan 3 qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2022-ci ilin aprel ayında tanışı Zərərçəkmiş şəxs daxili işlər orqanlarında polis nəfəri kimi işə qəbul olunmaq istəməsindən xəbər tutub, sonuncuya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində rəhbər vəzifədə işləyən səlahiyyətli yaxın general rütbəli tanışının vasitəsilə onu daxili işlər orqanlarına polis nəfəri kimi işə qəbul etdirəcəyini yalandan vəd edərək Zərərçəkmiş şəxs özünə inandırdıqdan sonra, sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, özgə əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədilə 2022-ci ilin may ayının ortalarından 2022-ci ilin iyun ayının sonuna qədər olan müddətdə Lənkəran şəhəri ərazisində vahid niyyətlə hissə-hissə olmaqla, xeyli miqdar təşkil edən ümumilikdə 5600 (beş min altı yüz) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs qəbul edib ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlarla özünü tam olaraq təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hal-hazırda Lənkəran şəhər Füzuli küçəsində icarəyə götürdüyü sexdə avtomobil təmiri ilə məşğul olur. O, avtomobil təmirində elektrik kimi bacardığı işləri yerinə yetirir. Zərərçəkmiş şəxs təxminən 2-3 il əvvəldən tanımışdır. Rüfət onun dostu Orxanın qohumudur. Rüfətlə birlikdə dəfələrlə çayxanada oturub söhbət etmişdir. Rüfət özü ona əvvəllər polisə işə düzəlmək istədiyini demişdir. 2022-ci ilin aprel ayının ortalarında ona pul lazım olmuşdur. Həmin vaxtlarda təsadüfən o Rüfətlə yolda rastlaşmışdır. Onunla hal-əhval tutduqdan sonra bir qədər söhbət edib Rüfətdən işləyib işləmədiyini soruşmuşdur. Rüfət də ona işsiz olduğunu bildirmişdir. Birdən Rüfətin polisə düzəlmək istəməsi yadına düşüb qərara gəlmişdir ki, onu aldadıb 5-6 min manat pulunu ələ keçirsin. Buna görə o Rüfətdən soruşmuşdur ki, “sən polisə düzəlmək istəyirsən?”. Rüfət ona bildirmişdir ki, əvvəllər düzəlmək istəmişdir, lakin boyunun uzunluğu tələb olunan normaya uyğun olmadığı üçün qəbul ola bilməmişdir. Bundan sonra o Rüfəti inandırmaq üçün Rüfətə onun Daxili İşlər Nazirliyində general qohumunun olduğunu deyib, Rüfəti polisə düzəltmək onun üçün adi bir iş olduğunu və onun işə düzəlməsi üçün 6000 manata qədər pul lazım olduğunu bildirmişdir. Rüfət ona boyunun 174 sm olduğunu dedikdə, o Rüfətə bildirmişdir ki, narahat olmasın onun boyu normaya uyğundur. Rüfət hal-hazırda 6000 manat pulunun olmadığını dedikdə, o Rüfətdən pulu aldadaraq ələ keçirmək üçün hissə-hissə verməsini bu işdə ona köməklik edəcəyi barədə vəd vermişdir. Rüfət də onunla razılaşmışdır. O, Rüfətə səhəri gün şəxsiyyət vəsiqəsi ilə birlikdə onun işlədiyi sexə gəlməsini bildirmişdir. Rüfət səhəri gün onun işlədiyi sexə gəlmişdir. O, Rüfətə məxsus şəxsiyyət vəsiqəsini alıb onu inandırmaqdan ötrü öz mobil telefonu vasitəsilə DİN-nin saytından işə qəbul olunmaq üçün Rüfətin adından qeydiyyatdan keçmişdir. O, Rüfətə qeydiyyatdan keçmək barədə sms bildirişi gəldikdən sonra pulu hazırlamasını bildirmişdir. İki gün sonra Rüfət ona zəng vuraraq DİO işə qəbul olunmaq üçün sms gəldiyini demişdir. O, da Rüfətə qeydiyyatdan keçdiyini və Rüfətə pulu hazırlamasını bildirmişdir. O Rüfətdən 2022-ci ilin aprel ayının sonlarından iyun ayının sonuna kimi hissə-hissə tarixlərini və məbləğlərini dəqiq xatırlamadığı vaxtda ümumilikdə 5600 manat pul almışdır. Həmin pulu o maddi ehtiyacları üçün xərcləmişdir. Rüfət 2022-ci ilin iyul ayında işə düzəlmədiyini görüb ondan pulunu tələb etməyə başlamışdır. Onu aldatdığını bilməməsi üçün Rüfətə narahat olmamağını onun işə düzəlməsi barədə əmrinin tez bir zamanda veriləcəyini bildirmişdir. Lakin sonradan onun barəsində Rüfət şikayət etmişdir. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, zərərçəkmiş şəxslə razılığa gəlmiş, onunla barışmış, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Əməlindən səmimi peşimandır. Bütün bunları nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə, yəni atası Şahid2 və anası X3 ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Orta təhsilli olmaqla 2014-cü ildə Lənkəran şəhər 1 nömrəli tam orta məktəbi bitirmişdir. Məktəbi qurtardıqdan sonra 2015-2017-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif yerlərdə satıcı, kassir kimi işləmişdir. Müxtəlif yerlərdə işləsə də, onun uşaqlıqdan arzusu polis orqanlarında xidmət etmək olmuşdur. Ali təhsili olmadığından polisə serjant kimi düzəlib işləmək qərarına gəlmişdir. Bu məqsədlə o polisə işə düzəlmək üçün maraqlandıqda polis nəfəri kimi işləmək üçün müəyyən meyarlar olduğu, xüsusilə boyun uzunluğunun 180 sm və daha çox olmasının tələb olunduğunu öyrənmişdir. Onun boyu 174 sm olduğundan polisdə işləyə bilməyəcəyini anlamış, elə bu səbəbdən sənədlərini toplayıb rəsmi müraciət etmək fikrindən daşınmışdır. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, 2020-ci ilin dəqiq xatırlamadığı ayından etibarən tanıyır. Təqsirləndirilən şəxs avtomobil ustasıdır, elektrik işi ilə məşğul olur, Lənkəran şəhərində yerləşən “Əli” marketin yaxınlığında onun sexi vardır. Belə ki, Təqsirləndirilən şəxs onun yeznəsi X4 dostudur. Orxan və Orxanın qohumu və dostu Əli ilə birlikdə çayxanada bir neçə dəfə oturub çay içib söhbət edən Təqsirləndirilən şəxs də onlarla birlikdə oturmuş və söhbətlər etmişlər. O, həmin vaxtlarda Orxana, Əliyə və Elminə polis orqanlarında işləmək istədiyini, lakin boyu çatmadığından işləyə bilməyəcəyini, bunun uşaqlıq arzusu olduğunu bildirmişdir. 25 aprel 2022-ci il tarixdə, saat 20 radələrində Lənkəran şəhəri, M.Nəsirli küçəsində yerləşən dostuna məxsus bərbərxananın qarşısında dayanıb siqaret çəkən zaman Elminin gəldiyini görmuş, Elmin yaxınlaşaraq onunla salamlaşmış və onlar söhbət etməyə başlamışlar. Söhbət əsnasında Elmin ondan polis orqanlarına işə düzəlib-düzəlmədiyini soruşmuş, o Elminə boyunun müəyyən edilmiş normadan aşağı olmasına görə düzələ bilməyəcəyini demişdir. Elmin ondan boyunun uzunluğunu soruşmuş, o boyunun 174 sm olduğunu bildirib müəyyən edilmiş normanın 180 sm olduğunu demişdir. Elmin isə ona narahat olmamağını, Daxili İşlər Nazirliyində yaxın tanışının olduğunu, 174 sm boy ilə onu polis orqanlarına işə düzəldə biləcəyini, bunun müqabilində 5000-6000 manat civarında pul lazım olduğunu, həmin pulu nazirlikdə işləyən tanışına verəcəyini və onu işə düzəldəcəyini bildirmişdir. O da Elmini təxminən 2 ildir ki, tanıdığından ona inanmışdır. Eyni zamanda Elmin ertəsi gün onun şəxsiyyət vəsiqəsi ilə birlikdə Elminin işlədiyi sexə gəlməyini, Daxili İşlər Nazirliyində onu qeydiyyatdan keçirdəcəyini demişdir. O, hazırda o qədər pulu verə bilməyəcəyini, hissəhissə verə biləcəyini demiş, Elmin də onunla razılaşmışdır. Ertəsi gün, yəni 26 aprel 2022ci il tarixdə, saat 12 radələrində Elminin işlədiyi sexə getmiş, Elmin onun şəxsiyyət vəsiqəsini ondan almış və özünə məxsus telefonla onun bilmədiyi səhifəyə daxil olub bir neçə məlumatları qeyd etmiş və ona qeydiyyatdan keçdiyini bildirmişdir. 30 aprel 2022-ci il tarixdə, saat 10:42-də onun mobil telefonuna “DİN məlumat”dan Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətin 001-29898H-4122 nömrəsi ilə qeydiyyata alınması ilə bağlı sms gəlmişdir. Bundan sonra o daha da Elminin onu polisə işə düzəldəcəyinə inanmışdır. Elminə bu barədə məlumat vermiş, Elmin işin qısa müddət ərzində düzələcəyini deyib pulu onun dediyi vaxta verməyini bildirmişdir. Təxminən 2022-ci ilin may ayının ortalarında Elmin istifadəsində olan 050 ***-**-** mobil nömrəsi ilə onun istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəyə zəng edib pulu Daxili İşlər Nazirliyində olan tanışının istədiyini bildirmiş və pulu onun işlədiyi sexə gətirməyini demişdir. Yadında qaldığı qədər o 1000 manat məbləğində pulu sexdə ikilikdə Elminə vermişdir. Elmin həmin pulu Nazirlikdə işləyən tanışına göndərəcəyini, qalan pulu da qısa müddətdə gətirməyini demişdir. O da Elminlə razılaşmışdır. Həmin 1000 manat puldan əlavə 2022-ci ilin iyun ayının sonlarına kimi Elminə işə düzəlməyi üçün ümumilikdə 4600 manat məbləğində pul vermişdir. Beləliklə, 2022-ci ilin may ayının ortalarından iyun ayının sonlarına kimi Elminə işə düzəlməyi üçün müxtəlif vaxtlarda, 150, 200, 300, 400 və sair məbləğlərdə ümumilikdə 5600 manat məbləğində pul vermişdir. Elmin hər dəfə pulları Nazirlikdə işləyən tanışına verəcəyini deyib ondan almış, o da Elminin həmin pulları Nazirlikdəki adama verəcəyini düşünmüşdür. Pulları o verdikcə Elmin qısa müddətdə polisə işə düzələcəyimi bildirərək səbrli olmağını demişdir. 2022-ci ilin iyun ayının sonlarından 22 avqust 2022-ci il tarixədək onu müxtəlif bəhanələrlə aldadaraq işə düzələcəyini desə də, nəticə olmadığından o şikayət etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydada ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ondan şikayət və tələbi yoxdur. Buna görə də Təqsirləndirilən şəxs barəsində qanunla yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadə verərək bildirmişdir ki, o, Lənkəran şəhəri ünvan 3 ünvanında ailə üzvləri anası X6 və qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Atası İlqar anası ilə o uşaq olduğu vaxtlarda ayrılmışdır. Hazırda işləmir. Qardaşı Təqsirləndirilən şəxs icarəyə götürdüyü maşın təmiri sexində usta işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, o əvvəllər Zərərçəkmiş şəxs tanımamışdır. Qardaşı usta olduğu üçün onun işlədiyi sexə hərdən bir getmiş, lakin onun Rüfətlə dost olduğunun və münasibətlərinin olmasından xəbəri olmamışdır. 22 avqust 2022-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs ona telefon vasitəsilə zəng vuraraq bildirmişdir ki, hal-hazırda Lənkəran şəhər rayon polis şöbəsində şübhəli şəxs kimi saxlanılmışdır. Qardaşı Elmin ona bildirmişdir ki, Zərərçəkmiş şəxs adlı şəxsə borcu vardır. O, Elmindən nə üçün borc aldığını soruşduqda, Elmin ona bildirmişdir ki, 2022-ci ilin aprel ayının axırlarından başlayaraq 2022-ci ilin iyun ayının axırlarına qədər Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs polis orqanlarına işə düzəltmək adı ilə aldatmış, guya Daxili İşlər Nazirliyində general qohumunun olması barədə Rüfəti inandırmış və onun 5600 manat pulu ələ keçirmişdir. Elmin həmçinin bildirmişdir ki, pulu Rüfətdən alan vaxtlarda aldığı pulu general tanışına vermək adı ilə almışdır. O, da dərhal Zərərçəkmiş şəxs ilə əlaqə saxlamış və onunla görüşmüşdür. 24 avqust 2022-ci il tarixdə Elminin Rüfəti aldadaraq ələ keçirdiyi 5600 manat pulu Rüfətin yaşadığı ünvan 4 ünvanında Rüfətə vermişdir. Sonra Zərərçəkmiş şəxs Lənkəran şəhər rayon polis şöbəsinə ona dəymiş ziyanın ödənilməsi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Şahid2 məhkəməyə gəlməmiş, teleqramla müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ünvan 1 ünvanında ailə üzvləri arvadı və oğlu Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Hal-hazırda işləmir. Mahiyyəti üzrə bildirmişdir ki, o əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Onun oğlu Zərərçəkmiş şəxs hərbi xidməti başa vurduqdan sonra DİO işə düzəlmək istəmişdir. DİO işə qəbul olunmaq üçün boyun 180 sm-dən yuxarı olması tələbi olduğundan, oğlu Zərərçəkmiş şəxs də boyu 174 sm olduğu üçün polis orqanlarına işə düzələ bilməmişdir. O, polis orqanlarına işə düzəlmək üçün boy tələbinin olduğunu şifahi olaraq bildiyi üçün Rüfət də rəsmi olaraq müraciət etməmişdir. 2022-ci ilin aprel ayının axırlarında oğlu Zərərçəkmiş şəxs ona bildirmişdir ki, Lənkəran şəhərində yaşayan dostu Təqsirləndirilən şəxs vasitəsilə polis orqanlarına işə düzəlmək istəyir. Oğlu Rüfət mənə bildirmişdir ki, Təqsirləndirilən şəxs ona demişdir ki, Daxili İşlər Nazirliyində işləyən tanışı vasitəsilə Rüfəti polis orqanlarına işə qəbul etdirə biləcəkdir. Həmçinin Rüfət bildirmişdir ki, polis orqanlarına işə düzəlmək üçün Təqsirləndirilən şəxs 6000 manata yaxın pul istəmişdir ki, Elmin DİN-də işləyən vəzifəli tanışına versin. O da oğlu Rüfətə həmin məbləğdə pulunun hazırda olmadığını, lakin hissə-hissə verə biləcəyini demişdir. O, Rüfətə boyunun 174 sm olduğu halda, polis orqanlarına necə düzələcəyini soruşduqda, Rüfət bildirmişdir ki, Təqsirləndirilən şəxs tanışı onun boy məsələsini həll edəcəkdir. 2022-ci ilin aprel ayının 30-da Rüfətin telefonuna “DİN məlumatdan” Daxili İşlər Nazirliyinə ünvanlandığı müraciətinə qeydiyyata alınması barədə sms gəlmişdir. Həmin sms oğlu Rüfətin telefonuna gəldikdən sonra o Rüfətin polis orqanlarına işə düzəlməsinə daha da inanmışdır. Sonra 2022-ci ilin may ayının ortalarında Rüfət Təqsirləndirilən şəxs ilə razılaşmasına əsasən evdə olan pulundan 1000 manat pulu Elminə verməyə getmişdir. 2022-ci ilin may ayının ortalarında iyun ayının sonuna kimi Rüfət evdə olan pulundan 1000 manatdan əlavə 4600 manat aparıb Təqsirləndirilən şəxs vermişdir. Rüfət hər dəfə Elminə pul verdikdə, Elmin ona narahat olmamağı yaxın vaxtlarda DİO-da işə düzələcəyini bildirmişdir. 2022-ci ilin avqust ayının 22-də Elminin müxtəlif bəhanələr gətirərək Rüfəti hər dəfə aldatdığından Rüfət Lənkəran ŞRPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 4(049)-250/2022 №-li, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o dərhal məhkəmə iclasından həbsdən azad olunmuşdur. Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə İƏD üzrə nümayəndəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, o, Lənkəran şəhəri Füzuli küçəsi ev 37 ünvanında yaşadığı müddətdə qonşular, ailə üzvləri və məhəllə sakinləri ilə normal münasibətdə olmuş, qonşular və inzibati orqanlardan heç bir ərizə və şikayət daxil olmamışdır, ailə üzvləri anası X6 və qardaşı Şahid1 ilə Lənkəran şəhəri Füzuli küçəsi ev 37 ünvanında birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ona görə CM-nin 178.2.4 və 34.2, 312.1-ci maddələri ilə ittiham elan edilmişdir ki, sonuncu 2022-ci ilin aprel ayında tanışı Zərərçəkmiş şəxs daxili işlər orqanlarında polis nəfəri kimi işə qəbul olunmaq istəməsindən xəbər tutub, sonuncuya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində rəhbər vəzifədə işləyən səlahiyyətli yaxın general rütbəli tanışının vasitəsilə onu daxili işlər orqanlarına polis nəfəri kimi işə qəbul etdirəcəyini yalandan vəd edərək səlahiyyətli vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə, yəni işə qəbul edilməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini bildirib, Zərərçəkmiş şəxs özünə inandırdıqdan sonra, sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, guya tanışı olan səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs təhrik etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədilə 2022-ci ilin may ayının ortalarından 2022-ci ilin iyun ayının sonuna qədər olan müddətdə Lənkəran şəhəri ərazisində vahid niyyətlə hissə-hissə olmaqla, xeyli miqdar təşkil edən ümumilikdə 5600 (beş min altı yüz) manat məbləğində pul vəsaitini səlahiyyətli vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkət müqabilində onun üçün birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulun rüşvət qismində verilməsinə təhrik edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs həmin məbləğdə pul vəsaitini qəbul edib ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin dispozisiyasına görə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinin dispozisiyasına görə rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsidir. Həmin Məcəllənin 32.4-cü maddəsində göstərilmişdir ki, ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran şəhər Füzuli küçəsində icarəyə götürdüyü sexdə avtomobil təmiri ilə məşğul olmaqla ailəsini dolandırır. 2022-ci ilin aprel ayının ortalarında pul lazım olduğu üçün hazırki cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində rəhbər vəzifədə işləyən səlahiyyətli yaxın general rütbəli tanışı olmamış, zərərçəkmiş şəxs Rüfət Hüseynovun pulunu məhz bu kimi yalan vədlərlə aldadıb inandırdıqdan sonra xeyli miqdarda pulunu ələ keçirmişdir. Hətda, Rüfət Hüseynovun inandırmaq üçün sonuncuya məxsus şəxsiyyət vəsiqəsini alıb öz mobil telefonu vasitəsilə DİN-nin saytından işə qəbul olunmaq üçün Rüfət Hüseynovun adından qeydiyyatdan keçmişdir. (Rüfət Hüseynovun xx.xx.2022-ci il tarixdə 001-29898H-4122 nömrəli elektron müraciət etməsi qeydə alınması müəyyən olunmuşdur.) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 36-cı bəndinə dəyişiklik edilərək dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi” - “psevdorüşvətçi”) şəxslər tərəfindən törədilməsi ilə bağlı olan məsələlərə cəlb edilməsi qərara alınmışdır. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” 19 may 2023-cü il tarixli 11/2023 nömrəli Qərarının 36-cı bəndində göstərilmişdir ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik” kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Həmçinin, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi də yalnız dələduzluq kimi qiymətləndirilməlidir”. Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə əsasən, heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Cinayət Məcəlləsinin Ədalət prinsipindən bəhs edən 8-ci madddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 34.1-ci maddəsində göstərilmişdir ki, heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli Qərarına əsasən hüququn hamılıqla qəbul edilmiş eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipini ifadə edən bu konstitusiya normasının mənasına uyğun olaraq, əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitusiya-hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyət etibarı ilə həm qanunvericiliyə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquqtətbiqedicilərə istiqamətlənmişdir. Bir əmələ görə iki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarda da ifadə olunmuşdur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Böyük Palatasının X2rşı iş üzrə 2009-cu il 10 fevral tarixli Qərarındakı mövqeyinə əsasən, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi ikinci cinayətin eyni faktlardan və ya birinci cinayətin əsasında duran faktlarla “əhəmiyyətli dərəcədə” eyni olan faktlardan irəli gəldiyi hallarda şəxsin ikinci “cinayətə” görə cinayət təqibinə məruz qalmasını və məhkəməyə verilməsini qadağan edən norma kimi qəbul edilməlidir (§§ 79- 82). Qanunverici tərəfindən Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsində rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş şəxsə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik” kimi görünən hərəkətlər dələduzluğun üsulu kimi nəzərdə tutulması, həmin əməlin həm də Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsinə əsasən səlahiyyətli vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkət müqabilində onun üçün birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulun rüşvət qismində verilməsinə fiziki şəxsi təhrik etmə kimi tövsifini istisna edir. Əks hal eyni əmələ görə şəxsin Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təkrarən cəzalandırılması ilə nəticələnəcəkdir. Bu isə Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinin tələblərinə ziddir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2010-cu il tarixli Qərarına görə cinayət məsuliyyəti yaradan əməlin qanunda dəqiq, birmənalı və açıq-aşkar şəkildə göstərilməsi tələb edilir. Müvafiq olaraq, təqsirsiz şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına və təqsirli şəxslərin cinayət məsuliyyətindən kənarda qalmasına şərait yaratmamaq məqsədilə məsuliyyəti müəyyən edən cinayət qanununun müddəası qeyri-müəyyən və ikimənalı olmamalıdır. Beləliklə, CM-nin 32.4, 312.1-ci maddəsində rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş şəxsə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik” kimi görünən hərəkətlər dələduzluğun üsulu kimi çıxış etdiyindən həmin əməl işin hallarından aslı olaraq CM-nin 178.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 37-ci bəndində qeyd olunur ki, CPM-in 318.1ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs, 2022-ci ilin aprel ayında tanışı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində rəhbər vəzifədə işləyən səlahiyyətli yaxın general rütbəli tanışının vasitəsilə daxili işlər orqanlarına polis nəfəri kimi işə qəbul etdirəcəyini yalandan vəd edərək inandırdıqdan sonra, sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, guya tanışı olan səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs təhrik etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədilə 2022-ci ilin may ayının ortalarından 2022-ci ilin iyun ayının sonuna qədər olan müddətdə Lənkəran şəhəri ərazisində vahid niyyətlə hissə-hissə olmaqla, xeyli miqdar təşkil edən ümumilikdə 5600 (beş min altı yüz) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, CM-nin 32.4, 312.1-ci maddəsində rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş şəxsə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik” kimi görünən hərəkətlər dələduzluğun üsulu kimi çıxış etdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamdan CM-in 32.4, 312.1-ci maddəsi ilə verilmiş ittiham xaric edilməli və Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4-cü maddəsinə tövsif edilməlidir. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddələrdə nəzərdə tutulan əməlləri törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan məhkəmə iclasında elan edilmiş zərər çəkmiş şəxlərin təsdiqedici ifadələri, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq hərəkətlərin dair digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlinin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması CM-nin 59.1.12-ci və ona vururlmuş ziyanı tamamilə ödənilməsini CM-nin 59.1.13-cü, əməlindən səmimi peşman olmasını, gənc olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. CM-nin 178.2.4-cü maddənin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (vurulmuş ziyanın məbləğini), Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdən halları və cəzanı ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, onun cəmiyyətdən təcrid olunmadan da islah olunması qənaətinə gəlir və hesab edir ki, ona CM-nin 178.2.4-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 22 avqust 2023-cü il tarixdən 24 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün müddət bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4(dörd) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzası üzrə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 avqust 2023-cü il tarixdən 24 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4(dörd) gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun: - yaşadığı Lənkəran rayonu Lənkəran şəhəri ünvan 3 yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar