Məhkəmə qərarları › İş №1(049)-380/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-380/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-380/2023 05.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 11:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Lənkəran rayonu Hirkan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 127.1-ci maddəsi ilə cinayət əməli törətməsi haqqında məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs ilə 12 avqust 2023-cü il tarixdə saat 00:15 radələrində Lənkəran rayonu Hirkan qəsəbəsində şəxsi münasibətləri zəminində, yəni Təqsirləndirilən şəxs sonuncunun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən onun tərəfindən başlanmış və aralarında yaranmış münaqişə zamanı qəsdən yumruq ilə Zərərçəkmiş şəxs bədən nahiyəsinə vurmaqla onu tutub yerə yıxaraq ona zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sol dirsək sümüyünün proksimal ucunun xətti sınığı və sol dirsək nahiyəsində sıyrıqlardan ibarət xəsarət yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Evlidir. 1 uşaq atasıdır. Heç kimlə düşmənçilik və şəxsi ədavəti yoxdur. Təsərüfatla məşğul olmaqla ailəsinin dolanışığını təmin edirdir. Zərərçəkmiş şəxs qonşusudur. xx.xx.2023-cü il tarixdə qonşusu Kənana onunla birlikdə çörək yeməsini təklif etmişdir. Lakin Kənan onunla çörək yemək istəmədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Hirkan qəsəbəsində yerləşən kafedə oturaraq çörək yeyərək içki içmişdir. Həmin gün saat 00:15 radələrində yaşadığı evə gedən zaman yolda qonşusu Zərərçəkmiş şəxs görmüşdür. Kənana yaxınlaşaraq nə səbəbə onunla dünən oturub çörək yemədiyini soruşmuşdur. Kənanda onun ünvanına nalayiq ifadələr işlətmişdir. Əsəbləşərək Kənanın sinəsinə yumruq vuraraq yerə yıxmışdır. Kənan yerə yıxılanda qolunun əzildiyini bildirmişdir. Belə olduğunu görərək çıxıb getmişdir. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanın tamamilə ödəmişdir. Buna görə də onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat mateiallarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Mahir onunla birlikdə kafeyə gedərək çörək yeməyi təklif etmişdir. Mahirlə oturmaq istəmədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində yaşadığı evə gedən zaman yolda Mahir qarşısına çıxmışdır. Mahir onu görərək onunla nə səbəbə kafeyə gedərək çörək yemədiyimi soruşmuşdur. Mahirə içki içmədiyini demişdir. Mahirdə onun üzərinə gələrək onunla çörək yeməyərək içki içmədiyi üçün mübahisə etməyə başlamışdır. Mahirə uzaq durmasını bildirmişdir. Mahirdə onun sinə nahiyəsinə yumruq vuraraq tutub yerə yıxmışdır. Yerə yıxılan zaman sol qolu əzilərək xəsarət almışdır. Olanlar barədə DİN-nin 102 xidmətinə məlumat verərək Lənkəran rayon mərkəzi xəstəxanasına getmişdir. Qoluna ilkin tibbi yardım göstərilmişdir. Qolunun sındığını xəstəxanada müəyyən etmişdir. Daha sonra Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxsla barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Buna gördə cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə-tibbi ekspertizasının 14 avqust 2023-cü il tarixli, 819 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol dirsək sümüyünün proksimal ucunun xətti sınığı, sol dirsək nahiyəsində sıyrıq aşkar aşkar edilmişdir. Qeyd olunan xəsarətlət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş Arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə Moskva şəhəri Rutovsk rayonu məhkəməsinin hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318 maddəsinin 1-ci hissəsi, 167-ci maddəsinin 1-ci hissəsi və 69-cu maddəsinin 2-ci hissəsi ilə təqsirli bilnərək məhkum olunmuşdur. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin cinayət əməlini törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 127.1-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə görə qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Məhkəmə qeyd olunan hüquq normasının tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Əzizovun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməli olduğundan, seçilmiş «həbs» qətimkan tədbiri də ləğv edilməli, o dərhal məhkəmə iclası zalından həbsdən azad olunmalıdır. Göstərilənlərə əsasən və CPM-nin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalından dərhal həbsdən azad olunsun. Qərarın icrası Təqsirləndirilən şəxs həbsdən azad edilməsi hissəsində Lənkəran ŞRPŞ-yə həvalə edilsin. Qərardan, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar