Məhkəmə qərarları › İş №1(049)-384/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-384/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-384/2023 22.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Babalı oğlunun iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu Əlyar Əliyev (köhnə Anaşkin) küçəsi ev 7, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 28 may 2023-cü il tarixdə, saat 13 radələrində “A BE CE D” dərəcəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi X5 məxsus, “MAN 18350” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtobusla Lənkəran rayonu Xanbulan kəndindən üzü Lənkəran şəhəri istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinə əsasən, maksimum hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının tələblərinə uyğun olaraq avtomobili icazə verilən 50km/saat sürətdən artıq idarə etməməli olduğu halda, həmin maddələrin tələblərini pozaraq, yəni avtobusu rayonun Xanbulan kəndi ərazisində 65 km/saat sürətlə idarə edib yolun sağ tərəfində yerləşən “X7” adlanan otel-restorandan hərəkət hissəsinə çıxmağa çalışan Lənkəran şəhəri, Dədə Qorqud küçəsi ev 11-də qeydiyyatda olmaqla yaşamış 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 idarə etdiyi özünə məxsus “Nissan Tiida minik” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı hərəkət zolağına çıxıb onun nəqliyyat vasitəsinin yanından ötüb getməsi üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna əməl etməyib, avtobusu hərəkət etdirərək avtobusun qabaq sağ hissəsi ilə Zərərçəkmiş şəxs2 idarə etdiyi “nissan tiida” markalı “10VP971” dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi toqquşmuş, onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olub, dərəcəsinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malik – qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, subaraxnoidal qansızma, alın, hər iki gicgah və kəllə əsası sümüklərinin sınıqları, hər iki körpücük sümüyünün sınığı kimi xəsarətlər alıb, ağır kəllə beyin travması ilə əlaqədar kəllə sümüklərinin sınığı, baş beyinin ağır dərəcədə əzilməsindən ölməsinə səbəb olan, “Nissan Tiida minik” markalı “10VP971” dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində arxa sol oturacaqda əyləşmiş Lənkəran şəhər sakini 1951-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 sağ kürək sümüyünün sınığı, sağ İİ, İİİ, İV, V, Vİ qabırğaların yerinidəyişmiş sınıqları, başın təpə nahiyəsində əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, atası X5 məxsus “Man” 18350 markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtobusu etibarnamə əsasında idarə edir. Həmin avtobusla Azərbaycanın bütün bölgələrinə sərnişin daşıyaraq gəlir əldə edir. 28 may 2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi avtobusla Saatlı rayonuna gedərək orada qəbul etdiyi sifariş əsasında X14 müəllim və tələbə heyətini Lənkəran rayonu, Xanbulan qəsəbəsində yerləşən “Xanbulan” gölünə aparmışdır. Avtobusunda ondan başqa 54 sərnişin olmuşdur. Onlar Xanbulan gölünə çatdıqdan sonra orada təxminən iki saata yaxın bir vaxtda sərnişinlər istirahət etmişlər və bundan sonra sərnişinləri Lerik rayonunda yerləşən “Təbəssüm” restoranına günorta yeməyini yemək üçün aparacağını bildirmişdir. 28 may 2023-cü il tarixdə, saat təxminən 13 radələrində Xanbulan gölündən üzü Lənkəran şəhəri istiqamətində olan yolla saatda təxminən 55-60 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin yolda hərəkəti istiqamətində sağ tərəfdə olan “X7” adlanan kafedən hərəkət etdiyi yola tərəf çıxan qara rəngdə, **-VP-*** dövlət qeydiyyat nişanlı, “Nissan Tiida” markalı avtomobil çıxmışdır. Həmin vaxt o, elə zənn etmişdir ki, “Nissan Tiida” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobilini sürərək hərəkət etdiyi zolaqdan üzü hərəkətinin əksi istiqamətində yola çıxmışdır. O, həmin avtomobili görən zaman aralarındakı məsafə təxminən 40 metr olmuşdur. O, avtomobilin yola çıxdığını gördükdən dərhal sonra ayağını avtobusun əyləcinə sıxmış və “Nissan Tiida” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmamaqdan ötrü avtobusu sola tərəf meyilləndirmişdir. Həmin vaxt avtobusa tormoz verdikdə avtobusu 25 metr məsafə qət etmişdir. Avtobusu sola meyilləndirdikdən sonra avtobusun sağ qabaq tərəfi “Nissan Tiida” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq tərəfindən, sürücü tərəfdən toqquşmuşdur. Toqquşmadan sonra “Nissan Tiida” markalı avtomobilin qabaq tərəfi hərəkəti istiqamətində fırlanmış, avtomobilin arxa sol tərəfi də avtobusuna çırpılmış və bundan sonra həmin “Nissan Tiida” markalı avtomobil yolun sağ çiynində onun hərəkətinin əks istiqamətində dayanmışdır. Avtobusu “Nissan Tiida” markalı avtomobillə toqquşduqdan sonra təxminən 20-25 metr məsafə qət edərək yolun sol tərəfində torpaq qatına çırpılaraq dayanmışdır. Hadisə zamanı avtobusunda olan 54 sərnişinə və ona heç bir xəsarət dəyməmişdir. Avtobusu ilə toqquşan “Nissan Tiida” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü baş nahiyəsindən xəsarət almış, həmin avtomobildə olan sərnişinlərdən birinin də alın nahiyəsindən xəsarət aldığını görmüşdür. Avtomobilin qabaq oturacağında oturmuş sərnişinin isə hər hansı bir xəsarət almadığını görmüşdür. Hadisə zamanı idarə etdiyi avtomaşını saxlamaq imkanı olmamışdır. O, avtobusun əyləcini sıxıb avtobusu sola meyilləndirsə də avtobusun hərəkətini məhdudlaşdıra bilməmişdir. Ona görə də avtobusu ilə yolun hərəkət hissəsində “Nissan Tiida” markalı avtomobili qabaq sol tərəfindən vurmuşdur. Daha sonra hadisə yerinə avtobusunda olan sərnişinlər və ətrafda olan tanımadığı adamlar gəlmişlər. Daha sonra təcili tibbi yardıma zəng edərək kömək çağırmışdır. Bundan sonra 102 Polis xidmətinə zəng edərək məlum avtoqəza barədə məlumat vermişdir. O, “Nissan Tiida” markalı avtomobilin yola çıxdığını gördükdən sonra dərhal əyləcə sıxaraq avtobusu sola meyilləndirmiş və bu zaman avtobusu asfaltda təxminən 25 metr məsafədə tormoz izi qoymuşdur. O, heç bir spirtli içkidən istifadə etməmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, onların maddiz ziyanını tam ödəmişdir və ondan heç bir şikayətləri yoxdur. Məhkəmədən onun barəsində bəraət hökmü çıxarmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi kimi iddiaçı X6 ifadəsində göstərmişdir ki, mərhum atası Məmmədov X4 şəhərində yaşamışdır. Atasının avtomobili idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. 28 may 2023cü il tarixdə, saat 15 radələrində Bakı şəhərində evdə olarkən anası Rahiyyə ona zəng vuraraq atasının yol nəqliyyat hadisəsi törətdiyini, Masallı şəhərində yerləşən Bioloji təbabət klinikasında olduqlarını, atasının vəziyyətinin pis olduğunu və bunun üçün onun Lənkəran rayonuna təcili gəlməyini istəmişdir. O, da tələsik evdən çıxıb yol avtomobili ilə Lənkəran şəhərinə qayıtmışdır. Lənkərana çatan zaman yolda ona məlum olmuşdur ki, atası yol nəqliyyat hadisəsi zamanı artıq vəfat etmişdir. Keçirilən yas mərasimi zamanı ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində tələbələrin 25 illik yubileyi ilə bağlı keçirilən ziyafətə gedərkən atası Ramiz özünə məxsus “Nissan Tiida” markalı, **- VP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Lənkəran rayonu, Xanbulan qəsəbəsində yerləşən “X7” adlanan otel-restoranın qarşısından keçən yolda adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs yüksək sürətlə idarə etdiyi “Man 18350” markalı 90HP634 dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuş və nəticədə atası Zərərçəkmiş şəxs2 müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona dəyən ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Lənkəran Dövlət Universitetində Riyaziyyat- İnformatika kafedrasında baş müəllim vəzifəsində işləyir. 28 may 2023-cü il tarixdə, saat 13 radələrində müəllim tanışları Şahid1 və Zərərçəkmiş şəxs2 ilə birlikdə məktəbi bitirmiş şagirdlərin 25 illik və 30 illik tədbirlərinə gedirmişlər. Mərhum Zərərçəkmiş şəxs2 idarə etdiyi “Nissan Tiida” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonu, Xanbulan kəndində yerləşən “X7” adlanan otel-restorana getmişlər. Ora çatdıqdan sonra şagirdlərin biri ilə əlaqə saxlamışlar və həmin şagirdlər birazdan tədbir keçirilən yerə gələcəklərini bildirmişlər. Bu zaman Zərərçəkmiş şəxs2 bildirmişdir ki, onlar gedib 25 illik məzunların olduğu yerə də baş çəksinlər və şagirdlərin tədbir keçirdiyi yerin harada olduğunu da öyrənsinlər. Daha sonra onlar Zərərçəkmiş şəxs2la razılaşmışlar və birlikdə Ramizin maşınına oturub 25 illik məzunların olduğu yerə tərəf gəlmişlər. Həmin vaxt avtomobili Zərərçəkmiş şəxs2 idarə etmişdir. Tahir müəllim avtomobildə qabaq oturacaqda oturmuş, o isə arxa oturacaqda, sürücünün arxasında oturmuşdur. Həmin vaxt onlar avtomobillə “X7” adlanan otel-restorandan çıxıb Xanbulan gölünə tərəf olan yol istiqamətində hərəkət etmək üçün asfalt örtüyünün kənarına yaxınlaşmışlar. Elə bu zaman yolun hərəkət hissəsinin sol tərəfindən təxminən 50 metr məsafədən sərnişin avtobusunun gəldiyini görmüşlər. Həmin avtobusun sürəti yüksək olmuşdur. Ramiz müəllim yola çıxmazdan əvvəl sağ və sol hissədən avtomobilin gəlmədiyini görüb avtomobili hərəkət etdirmişdir. Həmin vaxt sol tərəfdən gələn avtobusun sürəti yüksək olduğu üçün onların sərnişini olduqları “Nissan Tiida” markalı avtomobilə çırpılmışdır. Çox güman ki, Zərərçəkmiş şəxs2 yola çıxarkən avtobusun uzaqda olması və avtobusun sürücüsünün onların avtomobilinin yola çıxdığını görüb onlara yol verəcəyini düşünmüşdür. Lakin, Ramiz müəllim avtobusun sürətlə gəlməsinə fikir verməmişdir. Daha sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və sərnişini olduğu avtomobildən Tahir və Ramiz müəllimlə birlikdə onu da Lənkəran RMX-na gətirmişlər. Hadisə nəticəsində sağ kürək nahiyəsində çat əmələ gəlmiş və sağ qabırğalarından üç ədədinin sınması kimi xəsarətlər almışdır. Aldığı xəsarətlərə görə ona təxminən 500 manatdan çox maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra avtobus sürücüsü olan, sonradan adını bildiyi Təqsirləndirilən şəxs özü və ailə üzvlərindən heç kim ona baş çəkməmişdir. Hadisə nəticəsində sonradan öyrənmişdir ki, Zərərçəkmiş şəxs2 xəstəxanada dünyasını dəyişmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 28 may 2023-cü il tarixdə saat 13 radələrində müəllim tanışları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə birlikdə məktəbi bitirmiş şagirdlərin 25 illik və 30 illik tədbirlərinə getmişlər. Mərhum Zərərçəkmiş şəxs2 idarə etdiyi Nissan Tiida markalı, 10VP971 dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonu Xanbulan kəndində yerləşən “X7” adlanan otel-restorana getmişlər. Ora çatdıqdan sonra şagirdlərin biri ilə əlaqə saxlamış və onlar birazdan tədbir keçirilən yerə gələcəklərini bildirmişlər. Bu zaman Zərərçəkmiş şəxs2 bildirmişdir ki, onlar gedib 25 illik məzunların olduğu yerə də baş çəksinlər və onların tədbir keçirdiyi yerin harada olduğunu da öyrənsinlər. Daha sonra onlar Ramizlə razılaşmış və birlikdə Ramizin maşınına oturub 25 illik məzunların olduğu yerə tərəf gəlmişlər. Həmin vaxt avtomobili Zərərçəkmiş şəxs2 idarə edirmiş, Şakur müəllim avtomobildə arxa oturacaqda oturmuş, özü isə qabaq oturacaqda sürücünün yanında oturmuşdur. Həmin vaxt onlar avtomobillə X7 adlanan otel-restorandan çıxıb Xanbulan gölünə tərəf olan yol istiqamətində hərəkət etmək üçün asfalt örtüyünün kənarına yaxınlaşmışlar. Elə bu zaman yolun hərəkət hissəsinin sol tərəfindən təxminən 50 metr məsafədən sərnişin avtobusunun gəldiyini görmüşlər. Həmin avtobusun sürəti yüksək imiş, Ramiz müəllim yola çıxmazdan əvvəl sağ və sol hissədən avtomobilin gəlmədiyini görüb avtomobili hərəkət etdirmişdir. Həmin vaxtı sol tərəfdən gələn avtobusun sürəti yüksək olduğu üçün onların sərnişini olduğu Nissan Tiida markalı avtomobilə çırpılmışdır. Çox güman ki, Zərərçəkmiş şəxs2 yola çıxarkən avtobusun uzaqda olması və avtobusun sürücüsünün onun avtomobilin yola çıxdığını görüb ona yol verəcəyini düşünmüşdür. Lakin avtobusun sürətlə gəlməsinə fikir verməmişdir, belə ki, o, toqquşmadan sonra affekt vəziyyətində imiş və hadisənin şokundan bir müddət çıxa bilməmişdir. Daha sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və sərnişini olduğu avtomobildən Şakur və Ramiz müəllimlə birlikdə onu da Lənkəran RMX-na gətirmişlər. Hadisə nəticəsində o, heç bir xəsarət almamışdır. Şakur müəllimin isə sağ kürək nahiyəsindən və sağ qabırğalarından üç ədədinin sınması kimi xəsarətlər aldığını öyrənmişdir. Bildirmək istəyirəm ki, baş vermiş yol nəqliyyat hadisəsindən sonra avtobus sürücüsü sonradan adını bildiyi Təqsirləndirilən şəxsdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs2 xəstəxanada dünyasını dəyişmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid2 ifadəsində göstərmişdir ki, 28 may 2023-cü il tarixdə DYPB-nün inspektoru, polis baş serjantı Şahid3 ilə birlikdə o, bölmədə xidmətdə olmuşdur. Saat 13 radələrində ona məlumat daxil olmuşdur ki, Lənkəran rayonu, Xanbulan kəndi ərazisində “Man 18350” markalı avtobusla “Nissan Tiida” markalı avtomobil toqquşmuşdur. Dərhal Şahid3 ilə birlikdə idarə etdiyi xidməti avtomobillə Lənkəran rayonu, Xanbulan kəndində hadisə baş verən yerə getmişlər. Onlar hadisə yerinə gedəndə “Nissan Tiida” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan 2 nəfərin xəsarət aldığını görmüşlər. “Nissan Tiida”avtomobilinin sürücüsünün isə X12 klinikasında vəfat etdiyi məlum olmuşdur. Orada avtobus sürücüsü Təqsirləndirilən şəxs ilə şifahi söhbət zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 28 may 2023-cü il tarixdə, saat təxminən 13 radələrində Xanbulan gölündən üzü Lənkəran şəhəri istiqamətində olan yolla saatda təxminən 60-65 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin yolda hərəkəti istiqamətində sağ tərəfdə olan “X7” adlanan kafedən hərəkət etdiyi yola tərəf çıxan qara rəngdə **-VP-*** dövlət qeydiyyat nişanlı, Nissan Tiida markalı avtomobil çıxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs elə zənn etmişdir ki, Nissan Tiida markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobilini sürərək hərəkət etdiyi zolaqdan üzü hərəkətinin əksi istiqamətində yola çıxmışdır. Meyti həmin avtomobili görən zaman aralarındakı məsafə təxminən 40 metr olmuşdur. Təqsirləndirilən şəxs avtomobilin yola çıxdığını gördükdən dərhal sonra ayağını avtobusun əyləcinə sıxmış və Nissan Tiida markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmamaqdan ötrü avtobusu sola tərəf meyilləndirmişdir. Həmin vaxt avtobusa tormoz verdikdə avtobusu 25 metr məsafə qət etmişdir. Avtobusu sola meyilləndirdikdən sonra avtobusun sağ qabaq tərəfi Nissan Tiida markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq tərəfindən sürücü tərəfdən toqquşmuşdur. Toqquşmadan sonra Nissan Tiida markalı avtomobilin qabaq tərəfi hərəkəti istiqamətində fırlanmış, avtomobilin arxa sol tərəfi də avtobusuna çırpılmış və bundan sonra həmin nissan avtomobili yolun sağ çiynində onun hərəkətinin əks istiqamətində dayanmışdır. X15 markalı avtomobillə toqquşduqdan sonra təxminən 20-25 metr məsafə qət edərək yolun sol tərəfində torpaq qatına çırpılaraq dayanmışdır. Hadisə zamanı avtobusumda olan 54 sərnişinə və Təqsirləndirilən şəxs heç bir xəsarət dəyməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi **-HP-*** dövlət qeydiyyat nişanlı “Man 18350” markalı avtobus şöbənin duracağına təmin edilmiş, sürücü özü sərxoşluq vəziyyətinin yoxlanılmasından ötrü narkoloji dispanserə aparılmış və daha sonra müstəntiqə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin DYPB-nün polis nəfəri polis serjantı Şahid3 ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 12 iyul 2023-cü il tarixli 8/1764 saylı rəyindən görünür ki, “İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən: “MAN 18350” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin aşılması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 07 iyul 2023-cü il tarixli, 660 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Mərhum: Zərərçəkmiş şəxs2 bədəni üzərində - qaapalı kəllə beyin travması, baş beynin əzilməsi, subaraxnoidal qansızma, alın, hər iki gicgah və kəllə əsası sümüklərinin sınıqları, hər iki körpücük sümüyünü sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə idarə etdiyi minik avtomaşınının avtobusla toqquşması zamanı avtomaşının salonunun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. Belə güman etmək olar ki, Zərərçəkmiş şəxs2 ölümünə - ağır kəllə-beyin travması ilə əlaqədar kəllə sümüklərinin sınığı, baş beyinin ağır dərəcədə əzilməsi səbəb olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən 19 avqust 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının 835 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 bədəni üzərində- sağ kürək sümüyünün sınığı, sağ İİ, İİİ, İV, V, Vİ qabırğaların yerini dəyişmiş sınıqları, başın təpə nahiyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə sərnişini olduğu minik avtomaşını avtobusla toqquşması zamanı avtomaşın salonunun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən sürücülük vəsiqəsinin surətindən görünür ki, AD137962 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “A BE CE D kateqoriyalı sürücülük hüququ vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən 28 may 2023-cü il tarixli 001364 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə zamanı sürücü- Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 iyun 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarından olan BDYP-nin Lənkəran Rayonlararası Qeydiyyat İmtahan və Texniki baxış şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-165/2-2577/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2018-cü il tarixdə “ABCDE” kateqoriyalı AD- 137962 saylı sürücülük vəsiqəsi verildiyi, sürücülük hüququndan məhrum olunanlar və sürücülük hüququ məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. Baki şəhəri Sabuncu rayon 148 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri – həyat yoldaşı X8, övladları: 2011-ci il təvəllüdlü X9, 2013-cü il təvəllüdlü X10 və 2015-ci il təvəllüdlü X11 ilə birlikdə ünvan 1 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 28 may 2023-cü il tarixli “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol nəqliyyat hadisəsi yeri Lənkəran rayonu Xanbulan kəndində yerləşən ərazidə baş vermişdir. Belə ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi “MAN 18350” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtobusla Lənkəran rayonu Xanbulan kəndindən üzü Lənkəran şəhəri istiqamətinə 60-65 km/saat sürətlə hərəkətdə olarkən ehtiyyatsızlıq edərək onun hərəkəti istiqamətində yolun sağ tərəfindən yolun qarşı hərəkət zolağına keçmək istəyən Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs2 idarə etdiyi Nissan Tiida markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ tərəfindən qarşı hərəkət zolağına keçərək Xanbulan gölünə tərəf hərəkət etmək istəmişdir. Bu zaman avtobus sürücüsü Təqsirləndirilən şəxsNissan Tiida markalı avtomobilin dayanaraq onu gözləyəcəyini zənn edib hərəkətinə davam etmiş və lakin Nissan Tiida markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkət edərkən yola çıxmış və həmin vaxt avtobusla onun arasındakı məsafə 40 metr olmuşdur. Avtobus sürücüsü Nissan Tiida markalı avtomobilin yola çıxdığını gördükdən sonra əyləcə sıxmış və avtobusunu sola meyilləndirərək qarşı hərəkət zolağına çıxmışdır. Lakin bütün bunlara baxmayaraq sağ tərəfdən asfaltın başlanğıcından 2,2 metr yolun hərəkət hissəsinə doğru məsafədə “Nissan Tiida” markalı avtomobillə toqquşmuşdur. Avtobus sürücüsü “Nissan Tiida” markalı avtomobili görərkən aralarında təxminən 40 metr məsafə olmuşdur. Təhlükəsizlik tədbiri kimi avtobus sürücüsü əyləcə sıxmış və avtobusu sola meyilləndirmişdir. Baxış zamanı avtobus sürücüsü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə yaranan anda nəqliyyat vasitəsinin olduğu yeri göstərmiş, həmin yerlə toqquşma yerinə qədər olan məsafənin 40 metr olduğu müəyyən edilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 20 avgust 2023-cü il tarixli qərardan görünür ki, «MAN 18350 » markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı və “Nissan Tiida minik” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzrə əhmiyyət kəsb edə biləcəyinə görə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan qəbzlərdən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış “MAN 18350” markalı ** HP *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs və “Nissan Tiida” markalı ** VP *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 hüquqi varisi X3 təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədə qeyd etmişdir ki, hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona dəyən ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı və notarial qaydada təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizədə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs he bir şikayəti yoxdur, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilib və onunla barışmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə görə, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün ifadəsi ilə yanaşı, bunu tamamlayan zərər çəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək hadisə onun təqsiri üzündən baş verməməsi və barəsində bəraət hökmünün çıxarılması barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş və zərərçəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələri, ekspert rəyləri və əlavə edilmiş DVD disk, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs və zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, onlara dəymiş ziyanın ödənilməsini, ondan şikayətlərinin olmamasını, təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. CM-nin 263.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında göstərilmiş əməlin törədilməsinə görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hadisənin baş vermə şəraitini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 60.1-ci maddəsi tətbiq edilməklə ona CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Təqsirləndirilən şəxs CM-nin 56.1.1-ci maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddəti Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut kimi tanınmış “MAN 18350” markalı ** HP *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “Nissan Tiida” markalı ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 hüquqi varisi X3 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – “MAN 18350” markalı ** HP *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “Nissan Tiida” markalı ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 hüquqi varisi X3 təhvil verilməsi nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar