Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-39/2023 02.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 16:45 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət əməli törətməsi haqqında məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayının ortalarında, istintaqla dəqiq müəyyən edilməyən tarixdə, Bakı şəhərindən Lənkəran şəhərinə gələrkən idarə etdiyi “Mersedes” markalı avtomobildə sərnişin qismində olan, sonradan tanıdığı Türkmənistan vətəndaşı, ünvan 3 yaşayan Zərərçəkmiş şəxs qızına guya onu qaçaq yolla İran İslam Respublikasına, oradan da Türkiyə Cümhuriyyətinə keçirdəcəyini yalandan vəd edərək, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs özünün bu sahə ilə məşğul olan yaxın tanışlarının olmasına inandırıb, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, 2021-ci ilin noyabr ayının ortalarında Lənkəran şəhərində vahid niyyətlə ilk olaraq nağd şəkildə 1000 manat, daha sonra öz zəhmət haqqı kimi 300 manat almağa və 19 noyabr 2021-ci il tarixində öz adına olan “Kapital Bank”a məxsus **********177468 saylı kart hesabına 3000 manat göndərilməsinə nail olaraq Zərərçəkmiş şəxs qızının ümumilikdə 4300 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1-də atası və anası ilə birlikdə yaşayır. Subaydır, əvvəllər mühafizə şirkətində mühafizəçi kimi işləmişdir. Hal-hazırda işsizdir. 2021-ci ildə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitə istifadəçisi olduğu üçün saxlanılmışdır. Lənkəran rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə ilə təqsirli bilinərək, 02 il 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, hal-hazırda cəzasını çəkir. Türkmənistan vətəndaşı olan, Bakı şəhəri, Nərimanov rayonunda yaşayan Zərərçəkmiş şəxs qızını və onun qızı X3 tanıyır. Belə ki, futbol oynadığı illərdə ayağı sındığı üçün müalicə məqsədilə 2021-ci lin oktyabr ayında Bakı şəhərinə getmişdir. Növbəti gün Lənkərana qayıdarkən Xanım adlı qadın ona zəng edərək 2 nəfər qadının Lənkəran şəhərinə getdiyini bildirərək onun maşını ilə gedə biləcəklərini ona bildirmişdir. O da razılıq verdikdən sonra Bakı şəhəri, Nərimanov rayonuna gedərək yaşadıqları binanın qarşısında 2 nəfər qadını götürmüşdür. Yolda gələrkən onlarla həmsöhbət olmuş və onların Türkmənistan vətəndaşı Zərərçəkmiş şəxs və Şahid2 olduqlarını öyrənmişdir. Daha sonra Zərərçəkmiş şəxs Türkiyəyə getmək istədiyini, lakin sənədlərinin qaydasında olmadığını öyrənmişdir. Gecə saatlarında Lənkəran şəhərinə çatdıqdan sonra onları Lənkəran şəhərində yerləşən “Starvay” otelində yerləşdirmişdir. Daha sonra Zərərçəkmiş şəxs ondan 1000 manat borc istəmiş və tez bir zamanda qaytaracağını ona bildirmişdir. O, “benveto” mərc oyununda 21000 manat uduş qazanmış və həmin uduşun 11000 manatını nağdlaşdırdığı üçün üzərində pulu olmuş və Lənkəran şəhərində Zərərçəkmiş şəxs 1000 manat vermişdir. Növbəti gün Zərərçəkmiş şəxs və qızını Lənkəran şəhərində yerləşən “Dalğa” restoranına aparmışdır. Orada nahar etdikdən sonra Zərərçəkmiş şəxs onu Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində yaşayan Xəyalə adlı qadının evinə aparmasını istəmişdir. O da razılaşaraq Esmira və qızını Xəyalə adlı qadının evinə aparmışdır. Daha sonra Esmira ondan yenidən borca pul istəmişdir. O da üstündə olan 600 dolları Esmiraya vermişdir. Bir müddət keçdikdən sonra Esmira onunla əlaqə saxlayaraq Bakı şəhərinə getmək istədiyini bildirmişdir. O da Esmiranı öz avtomobili ilə Bakı şəhərinə aparmışdır. Esmira yenidən ondan 1000 manat pul istəmiş və o da Esmiraya 1000 manat pul vermişdir. Esmira ondan borca pul istəyərkən aldığı pulları Rauf adlı şəxsin qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs Bakı şəhərində olarkən onunla əlaqə saxlamış və sənədlərinin qaydasında olmadığı üçün ölkə xaricinə gedə bilmədiyini bildirmişdir. O da bu məsələ ilə maraqlanacağını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs müəyyən əlaqələrinin olduğunu, onu qaçaq yolla İran İslam Respublikasına oradan da Türkiyəyə keçirdə biləcəyini bildirmiş və ona bu işin 5000 manata başa gələcəyini bildirmişdir. Zərərçəkmiş şəxs 5000 manatın çox olduğunu bildirdikdən sonra bu işin daha az məbləğə başa gəlməsi üçün çalışacağını bildirmişdir. Yenidən Zərərçəkmiş şəxs ilə əlaqə saxladıqda 3000 manata alınacağını bildirmişdir. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs Lənkəran şəhərinə gəlmiş, onunla görüşüb bu məsələ ilə bağlı danışmış və 3000 manatı ona verəcəyini bildirmişdir. Esmira onunla əlaqə saxlayarkən Xəyalə və onu marketə aparmasını, həmçinin bankomatdan pul çıxardacağını bildirmişdir. O da Xəyalə adlı qadının evinə gedərək onu və Esmiranı götürmüş onları marketə və bankomata aparmışdır. Daha sonra onları evə gətirdikdən sonra Esmira növbəti gün onunla əlaqə saxlamış və ondan 3000 manatı göndərməsi üçün kart hesabı istəmişdir. O da öz adına olan “Kapital Bank”a məxsus **********156302 saylı kart hesabını Esmiraya göndərmişdir. 3000 manat kart hesabına köçdükdən sonra Esmira ilə əlaqə saxlamış və pulun onun kart hesabına köçdüyünü bildirmişdir. Bundan sonra o, Lənkəran rayonu Kərgəlan kənd sakini, taksi fəaliyyəti ilə məşğul olan, Zəka adlı şəxslə əlaqə saxlayaraq Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində bir qadını götürüb Biləsuvar rayonuna aparmaq lazım olduğunu ona bildirmişdir. Zəka da onunla razılaşmışdır. Zəka Esmiranı Ş.Xiyabını küçəsindən götürdükdən sonra yola düşmüşlər. Yolda olarkən Esmira ilə əlaqə saxlayaraq artıq onu İran İslam Respublikasına keçirdəcək şəxslərin getdiyini, Esmiranın gecikdiyini ona bildirmişdir. Esmira da telefonda ağlamağa başlamışdır. Ona niyə belə hərəkət etdiyini, ondan polis şöbəsinə şikayət edəcəyini bildirmişdir. Daha sonra Esmiranı aparan taksi onu yenidən Ş.Xiyabanı küçəsinə gətirmişdir. Həmçinin ifadəsində bildirmişdir ki, ümumiyyətlə heç bir kəsi qaçaq yolla xarici ölkəyə keçirməmiş, bu işlərlə məşğul olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs belə vəd verməsinin səbəbi ona verdiyi 3000 manat pulu geri almaq olmuşdur. Zərərçəkmiş şəxs borc verərkən yanında heç bir şəxs olmamışdır. Zərərçəkmiş şəxs 3000 manat aldığını, əlavə pul almadığını bildirmişdir. “Vhatsapp” yazışmaları zamanı Zərərçəkmiş şəxs onu qaçaq yolla xaricə keçirdəcəyini bildirərkən, ondan 5000 manat istəmiş, daha sonra 4700 manata başa gələciyini bildirdiyini etiraf etmişdir. Məhkəmə baxışında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızı ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qızı Şahid2 ilə birlikdə yaşayır. subaydır. Hal-hazırda heç bir yerdə işləmir. Türkmənistan Respublikasında anadan olmuşdur. 2010-cu ildən Bakı şəhərinə gəlmişdir. 2013-cü ilədək ara-sıra Türkməsitan Respublikasına gedib-gəlmişdir. Lənkəran ŞRPŞ-ya etdiyi şikayət ərizəsini təsdiqləyir. Qızı Şahid2 Lənkəran şəhərində yerləşən “Spirings” oteldən iş təklifi gəldiyi üçün 2021-ci ilin oktyabr ayında Lənkəran şəhərinə gəlməliymişlər. Bu səbəbdən Bakıda tanışı olan Xanım adlı şəxslə əlaqə saxlamışıdır. Xanım ona tanışı olan, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə getməyini bildirmişdir. o da Xanımla razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs onların yaşadığı ünvandan onu və qızını götürərək Lənkəran şəhərinə yola düşmüşdür. Yolda həmsöhbət olarkən Təqsirləndirilən şəxs onlardan haralı olduqlarını, nə səbəbə Lənkəran şəhərinə getdiklərini soruşmuşdur. O da Türkmənistan vətəndaşı olduqlarını, Lənkəran şəhərində yerləşən yerləşən “Springs” oteldən qızı Şəkəraya iş təklifi gəldiyi üçün ora getdiklərini bildirmişdir. Həmçinin həmsöhbət olduqları zaman o Türkiyəyə getmək istədiyini, lakin sənədlərinin qaydasında olmadığı səbəbindən ora gedə bilmədiyini bildirmişdir. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs onu qaçaq yolla Türkiyəyə keçirdə biləcəyini bildirərək bu işi necə gördüyünü danışmağa başlamışdır. Belə ki, müəyyən əlaqələrinin olduğunu, əvvəllər də bu işlə məşğul olduğunu bildirərək çox sayda insanın qaçaq yolla xarici ölkəyə keçməsinə köməklik etdiyini bildirmişdir. Ona qısa vaxt ərzində bu işi həll edə biləcəyini bildirmişdir. O da Əhmədə sabaha bu işi dəqiqləşdirməsini bildirmişddir. Əhməd də razılaşmışdır. Onlar Lənkərana çatan zaman Əhməd onları Lənkəran şəhərində yerləşən “Starvay” otelinə yerləşdirmişdir. Səhəri gün onları “Dalğa” restoranına aparmışdır. Onlar Lənkəranda olarkən bütün maddi xərclərini özü ödəmişdir. Lənkəranda olarkən qızı ilə birlikdə “Springs” otelə getmişlər. Qızı Şəkəra orada iş görüşməsi ilə bağlı müraciət etmişdir. Lakin onun işi alınmamışdır. Daha sonra Bakıdakı tanışı olan Xanım adlı qadınla əlaqə saxlayarkən ona qaldıqları otelin baha olduğunu bildirmişdir. Xanım da ona Lənkəran şəhəri Ş.Xiyabanı ünvanında yaşayan Xəyalə adlı qadının evində 3 günü 50 manata qala biləcəyini bildirmişdir. Əhmədlə əlaqə saxlayaraq onu və qızı Şəkəranı Ş.Xiyabanı küçəsində yaşayan Xəyalə adlı qadının evinə aparmasını istəmişdir. Əhməd də onları deyilən ünvana aparmışdır. Növbəti gün Şəkəranı Lənkəran şəhərindəki taksi sürücülərindən biri ilə Bakıya yola salmışdır. Daha sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq onu xarici ölkəyə qaçaq yolla keçirmək işi alınacağını bildirmişdir. İlk olaraq İran İslam Respublikasına, Gürcüstan vasitəsilə də Türkiyə Cümhuriyyətinə keçəcəyini ona bildirmişdir. O da Əhmədlə razılaşmışdır. İlk olaraq Təqsirləndirilən şəxs onunla əlaqə saxlayarkən vəd verdiyi işi 5000 manata həll edə biləcəyini bildirmişdir. O da 5000 manat çox olduğunu Əhmədə demişdir. Təqsirləndirilən şəxs müəyyən “əlaqələri” ilə danışdıqdan sonra onunla əlaqə saxlayarkən 300 manat çıxıldığını, 4700 manat olacağını bildirmiş və ona pulu hazırlamağı demişdir. Aralarındakı danışıqlar zamanı Əhməd ilk olaraq 1000 manat, Gürcüstandan sonra da 3000 manat lazım olacağını, bu işi ümumilikdə 4000 manata həll edəcəyini ona bildirmişdir. O da razılaşmışdır. Qaçaq yolla Türkiyə Cümhuriyyətinə getməyi ilə bağlı Türkmənistan Respublikasında yaşayan keçmiş həyat yoldaşı X4 da məlumat verirmiş. Rafael də onunla razılaşmışdır. Daha sonra o yenidən Lənkəran şəhərinə gələrək Xəyalə adlı qadının evinə getmişdir. Orada olarkən Təqsirləndirilən şəxs onunla əlaqə saxlamış vəd verdiyi iş ilə əlaqdar ilk olaraq 1000 manat lazım olduğunu bildirmişdir. O da keçmiş əri Rafaelə demişdir. Rafael də Bakı şəhərində yaşayan tanışı ilə əlaqə saxlamış, həmin şəxsin Xəyalə adlı qadının kart hesabına göndərdiyi puldan Lənkəran şəhərində yerləşən bankomatların birində 1000 manat pul nağdlaşdıraraq Xəyalə adlı qadının yanında Əhmədə 1000 manat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan öz zəhmət haqqı kimi bu işlə bağlı 300 manat istəmişdir. O da Ş.Xiyabanı ünvanında Əhmədlə görüşərək ona 300 manat vermişdir. Bir müddət keçdikdən sonra Əhməd ona qalan 3000 manatı da ona verməyini, daha heç yerdə pul verməyəcəyini ona bildirmişdir. Bu zaman yenidən Rafaelə bu haqda məlumat vermişdir. Xəyalə də onun yanında 3000 manatı Təqsirləndirilən şəxs kart hesabına göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun telefon zənglərinə cavab verməmişdir. Bir müddət keçdikdən sonra ona ***-***-**-** saylı mobil nömrədən zəng gəlmişdir. Zəng edən şəxs nömrəni Əhməddən aldığını bildirərək, onu Biləsuvar rayonuna aparacağını bildirmişdir. O, Əhmədlə əlaqə saxlamış, Əhməd onun Biləsuvar rayonu vasitəsilə İran İslam Respublikasına keçəcəyini, Gürcüstan Respublikası vasitəsilə də Türkiyə Cümhuriyyətinə gedə biləcəyini bildirmişdir. Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində həmin şəxslə görüşmüşdür. Həmin şəxs gəldiyi Vaz2107 markalı maşınına onu mindirmişdir. Sürücünün adı Zəka olmuşdur. Zəka qazi olduğunu bildirmişdir. Yolda olarkən Əhməd onunla əlaqə saxlamış, telefonu sürücüyə verməsini istəmiş, sonrada gec olduğunu onun gecikdiyini bildirmişdir. O da ağlamağa başlamışdır. Zəka onu yenidən Ş.Xiyabanı ünvanına gətirmişdir. Bu zaman Əhməd tərəfindən aldadıldığını bilmişdir. Bu məsələ ilə bağlı Əhmədgilə gedərək valideynlərinə şikayət etmək istəmişdir. Lakin evlərində heç kim olmamışdır. Şikayət ərizəsində və təhqiqat araşdırması zamanı Əhmədin ondan 4500 manat aldığını bildirmişdir. Aralarındakı danışıqlar zamanı Əhməd ondan 200 manat borc istəmiş, o da borc olaraq Əhmədə 200 manat vermişdir. Əhməd vəd verdiyi iş ilə bağlı onda 4300 manat almışdır. Ona dəyən maddi ziyanın 4300 manat olduğunu bildirmiş və maddi ziyanın ödənilmədiyini qeyd etmişdir. Həmçinin bu məsələ ilə bağlı Əhmədlə aralarında “Vhatsapp” ani mesajlaşma proqramında yazışmaları olmuşdur. İlkin təhqiqat araşdırması zamanı həmin yazışmaları təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİNnin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən, Lənkəran rayon məhkəməsinin hökm və qərarından, həmçinin Lənkəran rayon icra və probasiya şöbəsinin əqdim etdiyi məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2021-ci il tarixində Lənkəran rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran Rrayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qərarı ilə cəzası 01 il azaldılmış, daha sonra həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 ay 25 günü 27 gün müddət azadlıqdan məhrum etmə cəzasına dəyişdirilmiş və cəzasını çəkib qutarmışdır. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətdiyini etiraf etmiş, həmçinin səmimi peşmanlıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı tamamilə ödədiyini bildirmişdir. Eyni zamanda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizəsini təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona görə də onun cinayət məsuliyyətindən azad edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan CM-nin 178.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları, həmçinin cinayət əməlini törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı aradan qaldırmasını nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət işinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunan hüquq normasının tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından dərhal həbsdən azad olunsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından dərhal həbsdən azad olunsun. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-39/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-39/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver