Məhkəmə qərarları › İş №1(049)-39/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-39/2024

02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-39/2024 02.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hüquq təhsilli, subay, işləməyən, Astara Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2, 234.1-ci maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay müddətə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 02 fevral 2024-cü il tarixdə, saat 12.52-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşımışdır. Belə ki, o, 11 iyul 2023-cü il tarixdə Lənkəran şəhərində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə təmiz çəkisi 1,083 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 11 iyul 2023-cü il tarixdə, saat 20:10-da Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Lənkəran şəhəri, Vağzal küçəsində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən göstərilən çəkidə və sayda olan psixotrop maddə metamfetamin əynindəki şalvarın şalvarının sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə hazırlıq iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, tutulduğu zaman və ondan sonra polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixiki təsir göstərilmədiyini və əməlindən peşman olduğunu bildirmişdir. Hazırda, məhkəmə iclasında da o, ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir. Fərdi əməklə məşğul olur. 3 ildən çoxdur ki, "şüşə", yəni psixotrop maddə metamfetamindən istifadə edir. Tələbatına görə hər gün alıb qəbul edir. Həmin maddələri zərdə çəkmək yolu ilə qəbul edir. Psixotrop maddə aldığı şəxsləri üzdən tanısa da, adlarını və yaşadığı ünvanları bilmir. Psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul deyildir. Çox vaxt Lənkəran şəhəri, ərazisində tanımadığı şəxsələrdən almışdır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 206.2 234.1-ci maddələri ilə məhkum olunmuşdur. 11 iyul 2023-cü il tarixdə səhər saat 18 radələrində yaşadığı evdən çıxıb, metamfetamin almaqdan ötrü piyada şəkildə Lənkəran şəhəri, Böyük Bazar adlanan əraziyə getmişdir. Bu zaman həmin ərazidə əvvəllər də metamfetamin aldığı şəxsi küçədə görüb onunla salamlaşmış və ondan tələbatına görə təxminən bir qrama yaxın şüşə, yəni psixotrop maddə metamfetamin satmasını istəmişdir. Bu zaman o, üzərindən 1 büküm çıxararaq təxminən bir qrama yaxın metamfetamin olduğunu bildirib, ona 15 manata satacağını demişdir. O da cibindən 15 manat pulu çıxarıb ona verib 1 büküm metamfetamini almışdır. Sonra piyada Lənkəran şəhəri, Vağzal küçəsinə gəlmişdir. Həmin günü saat 20 radələrində aldığı metamfetamindən qəbul etmək istəyən zaman polis əməkdaşları ona yaxınlaşıb qolundan tutmuş və ona üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin gəzdirməsində şübhələri olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsindən ötrü şöbəyə dəvət etmişlər. Həmin vaxt, o, polis əməkdaşlarına tabe olmuş və onlarla birlikdə şöbəyə gəlmişdir. Polis şöbəsində hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməyi xahiş edilmişdir. Bu təklifdən sonra o, əynində olan şalvarının sol yan cibində saxladığı şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirildikdə üzərindən digər qanunla qadağan edilmiş predmet və ya əşya aşkar olunmamışdır. Aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və metamfetamin bükümünün ümumi çəkisinin 1,27 qram olması məlum olmuşdur. Həmin büküm zərfə qoyularaq qablaşdırılmış və üzərində o və müdafiəçisi tərəfindən imzalanmışdır. Həmin psixotrop maddələri istifadəsi üçün üzərində saxlamışdır. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilmədiyini, ona qarşı hansısa qanunsuzluq edilmədiyini, psixotrop maddələrin və ya narkotik vasitələrin satışı ilə məşğul olmadığını, üzərində aşkar olunmuş psixotrop maddə metamfetamini şəxsi istifadə məqsədilə üzərində gəzdirdiyini göstərmişdir. Təqsirləndirilən şəxs cinayəti törətməsi ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokolla, həmin istintaq hərəkətlərinin aparılmasının qeydə alındığı DVD diskdə olan videogörüntü ilə, götürülmüş maddi sübutla, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertiza rəyləri ilə, əməliyyat tapşırığına verilmiş cavab raportu, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, icraatına Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq psixotrop maddələrin qanunusuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibətləri də, olmamışdır. 11 iyul 2023-cü il tarixdə, saat 20:10 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Cavanşir küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüş və ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduğunu bildirib təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq psixotrop maddə gəzdirməsində şübhələrin olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsinin vacibliyini bildirmiş və onu Lənkəran şəhər rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlarla Lənkəran ŞRPŞ-ya gəlməyə razılaşmışdır. Polis şöbəsində olan inzibati otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, əynində olmuş şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümü təqdim etmişdir. Götürülmüş 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümə baxıldıqda bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və metamfetaminə bənzər kütlənin çəkisi 1,27 qram olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənərək imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini saxlanlan günü Lənkəran şəhəri ‘‘Böyük Bazar” adlanan ərazidə olan zaman adını bilmədiyi şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs Psixotrop maddələrdən istifədə etməsi və üzərində gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, onun həmin maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmamış, keçirilmiş əməliyyat tədbirləri zamanı onun üzərindən aşkar olunmuş metamfetamini əldə etdiyi şəxsin kimliyini müəyyən etməyin mümkün olmadığını göstərmişdir. O, əlavə olaraq göstərmişdir ki, təqsirləndirlən şəxsi saxladıqları zaman tanımış, onun psixotrop maddələrin qanunusuz daşıması, gəzdirməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuş, saxlanıldığı zaman və ondan sonra ona qarşı zor tətbiq olunmamış, o, psixotrop maddənin adını bilmədiyi şəxsdən aldığını dediyindən, mənbəni müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 Şahid1 ilə oxşar məznunda ifadə verərək onun ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olmuş şalvarın sol yan cibindən 1 ədəd bükümdə psxiotrop maddə metamfetaminə bənzər şəffaf rəngli bükümü təqdim etmiş və şifahi verilən suallara cavab olaraq təqdim etdiyi həmin 1 ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri “Böyük Bazar” ərazisində tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 15manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli digər predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 iyul 2023-cü il tarixli 19/720 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində " M. Səfərli üzərindən aşkar edilmiş kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1,083 qram olan maddə ağ rəngli kristallardan ibraət olan maddə metamfetamindir. Tədqiqatdan sonra metamfetaminin qalığı 1,033 qram olmuşdur. Ekspertiza xərci 65 manat təşkil eləyir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 732 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İbtidai istintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, təqsirləndirilən şəxs - Lənkəran şəhəri, Cavanşir küçəsi ev 5-də qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs psixotrop maddələrin istifadəçisi, daşınması ilə məşğul olması barədə əməliyyat aparatına əməliyyat məlumatları daxil olsa da, onun həmin maddələrin satışı ilə məşğul olması barədə məlumatları daxil olmamışdır. Aşkar edilmiş psixotrop maddə metamfetamini Lənkəran şəhəri “Böyük Bazar” adlanan ərazidən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirsədə, keçirilmiş tədbirlər zamanı həmin vasitəni əldə etdiyi şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. Bu istiqamətdə əməliyyataxtarış tədbirləri davam etdirilir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 685 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. İşdə olan tələbnamə, hökm və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib cəzanın əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay müddətə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzadan azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi -1,803 qram (qalıq -1,033 qram) olan psixotrop maddə metamfetamin və şəxsi axtarış istintaq hərəkətinin əks olunduğu 1 ədəd DVD diskdə videogörünütü maddi sübut hesab edilmişdir. İşdə olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subay olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə tədqiq edilmiş şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib özündə saxlaması kifayət qədər sübuta yetmişdir. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi, həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 26 aprel 2022-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Qeyd olunan dəyişiklik 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. CM-nin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs etdiyi əmələ görə peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində–onlar cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. CM-nin 234.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi üç il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin əməli az ağır cinayətlər təsnifatına aiddir. İş materiallarından görünür ki, təqsirləndirlən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay müddətə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. CM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan ümumi qalıq çəkisi 1,033 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ekspertiza dəyərini təşkil edən 65 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci (köhnə redaksiyada) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan ümumi qalıq çəkisi 1,033 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar