Məhkəmə qərarları › İş №1(049)-390/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-390/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-390/2023 22.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 2005-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 6B-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdə saat 22 radələrində bibisi X3 yaşadığı ünvan 1 ünvanında qonaq olarkən, evin birinci mərtəbəsində kirayədə yaşayan Zərərçəkmiş şəxs otağında olmamasından istifadə edərək otağın qapısından qanunsuz daxil olub oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə hərəkət edərək, masanın üzərində 1 ədəd 450 manat qiymətində qızılı rəngli, “Apple” markalı, “İphone 8 plus” modelli, 64 GB yaddaş tutumlu mobil telefon olmaqla, Zərərçəkmiş şəxs məxsus ümumilikdə 450 manat qiymətində əmlakı yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 04 iyun 2023-cü il tarixdə Lənkəran şəhərində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) bükümdə təmiz çəkisi-1,948 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 04 iyun 2023-cü il tarixdə, saat 12:40-da Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Lənkəran şəhəri, B.Mirsalayev küçəsində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən göstərilən çəkidə və sayda olan psixotrop maddə metamfetamin əynindəki göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bundan başqa o, təkrarən, 22 iyun 2023-cü il tarixdə Lənkəran şəhərində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) bükümdə təmiz çəkisi-0,318 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 22 iyun 2023-cü il tarixdə, saat 12:50-də Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Lənkəran şəhəri, B.Mirsalayev küçəsində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən göstərilən çəkidə və sayda olan psixotrop maddə metamfetamin əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 5-6 aydır ki, "kakos", yəni psixotrop maddə metamfetaminvə "şüşə" psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. Tələbatına görə hər gün alıb zərdə çəkmək yolu ilə qəbul edir. Narkotik vasitə və psixotrop maddələri aldığı şəxsləri üzdən tanısa da, adları və yaşadığı ünvanları bilmir. Narkotik vasitələrin və psxiotrop maddələrin satışı ilə məşğul deyildir. Çox vaxt Lənkəran şəhəri, ərazisində tamadığı şəxsələrdən alır. Daimi iş yeri və gəliri olmadığına görə psixotrop maddə metamfetamini almağa pulu olmamışdır. 03 iyun 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı evdə olan zaman yuxudan oyanıb evdə anası və nənəsinin olmadığnı görmüşdür. Bu zaman anası Səkinə və nənəsi Gövhərin Lənkəran şəhəri Vaqif küçəsi, dalan 2, ev 1-də yaşayan bibisi Yeganə Əliyevanın yaşadığı evə qızının ad gününə getdiyini bilmişdir. Buna görə yaşadığı evdən çıxıb həmin ünvana getmişdir. Bibisi Yeganənin yaşadığı mənzilə gedib, təxminən 1 saat onlarla birlikdə oturub söhbət etdikdən sonra onlarla sağollaşıb aşağı düşmüşdür. Bu zaman evin birinci mərtəbəsində yaşayan tələbələrin qaldığı mənzilə girmək qərarına gəlmişdir. Həmin vaxt mənzilin qapısını itələdikdə mənzilin qapısının qıfıllı olmadığını görmüşdür. Sonra digər mənzillərdə də səs gəlmədiyindən sakitcə qapısı açaraq mənzilə daxil olmuşdur. Bu zaman həmin otaqda olan masanın üzərində enerjiyə qoyulmuş mobil telefon diqqətini çəkmişdir. Dərhal həmin telefonu əlinə alıb cibinə qoyub həyətə düşmüşdür. Bu zaman bir müddət həyətdə qalıb həmin telefonu oğruladıqdan sonra nə edəcəyini düşünmüşdür. Sonra fıkrini qətiləşdirib həyətdən çıxmış və yaşadığı ünvana getmişdir. 04 iyun 2023-cü il tarixdə saat 09 radələrində anası Şahid2 ondan bibisigilə məxsus evdə kirayədə qalan tələblərdən mobil telefonu oğurlandığını və onun bu işdən xəbərinin olub-olmadığını soruşduqda o, həmin telefonu oğurlamadığını və bu haqda məlumatın olmadığını bildirmişdir. Bundan başqa 04 iyun 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı evdən çıxıb, metamfetamin almaqdan ötrü piyada şəkildə Lənkəran şəhəri 5 saylı tam orta məktəbin qarşısına getmişdir. Lənkəran şəhəri 5 saylı orta məktəbin qarşısında əvvəllər də metamfetamin aldığı şəxsi küçədə görüb onunla salamlaşmış və ondan tələbatına görə təxminən 2 qrama yaxın şüşə, yəni psixotrop metamfetmin satmasını istəmişdir. Bu zaman o, üzərindən 1 büküm çıxararaq onlarda təxminən 2 qrama yaxın metamfetamin olduğunu bildirib, ona 20 manata satacağını demişdir. Cibindən 20 manat pulu çıxarıb ona verib 1 büküm metamfetamini almışdır. Sonra piyada Lənkəran şəhəri Misralayev küçəsinə gəlmişdir. Saat 12 radələrində aldığı metamfetamindən qəbul etmək istəyən zaman zaman polis əməkdaşları ona yaxınlaşıb qolundan tutmuş və onlarla birlikdə şöbəyə gəlmişdir. Polis şöbəsində videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı əynimdə olan göy rəngli cins şalvarımın sol yan cibində saxladığı şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində psixotrop maddə əldə etmək üçün yaşadığı evdən çıxıb Lənkəran şəhəri, Böyük Bazar ərazisinə getmişdir. Orada əvvəllərdə metamfetamin aldığı şəxsi küçədə görüb onunla salamlaş və ondan tələbatına görə təxminən yarım qrama yaxm şüşə, yəni psixotrop metamfetmin satmasını istəmişdir. Bu zaman o, üzərindən 1 büküm çıxararaq onlarda təxminən yarım qrama yaxın metamfetamin olduğunu bildirib, onu 10 manata satacağını demişdir. O da cibindən 10 manat pulu çıxarıb ona verib 1 büküm metamfetamini almışdır. Sonra piyada Lənkəran şəhəri Mirsalayev küçəsinə gəlmişdir. Saat 12 radələrində aldığı metamfetamindən qəbul etmək istəyən zaman polis əməkdaşları ona yaxınlaşıb qolundan tutub ona üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin gəzdirməsində şübhələri olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsindən ötrü şöbəyə dəvət etmişlər. Polis şöbəsində şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığı şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Zərərçəkmiş şəxs vurduğu ziyanı ödəmişdir və onunla barışmışdır. Tutduğu əməlindən peşmandır. Göstərilənlərə əsasən ona ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs kimi tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o X2 Aqrar və Mühəndislik fakültəsinin Aqronom ixtisasının 1-ci krus tələbəsidir. Təhsili ilə əlaqədar olaraq ünvan 1 ünvanında yerləşən, Yeganə Əliyevaya məxsus fərdi yaşayış evinin 1-ci mərtəbəsində olan otaqlardan birində kirayədə qalır. Həmin otaqda onunla bərabər LDU-nun tələbəsi Şahid1 da kirayədə qalmışdır. İkisi birlikdə kirayə evə 200 manat aylıq pul verirmiş. Evin birinci mərtəbəsində yaşadığı otaqdan başqa 2 otaqda vardır ki, orada da 3 nəfər tələblər yaşayır. 03 iyun 2023-cü il tarxidə saat 23 radələrində otaq yoldaşı Şahid1la birlikdə Lənkəran şəhərini gəzmək üçün çıxdığı zaman istifadə etdiyi “İphone 8 plus” markalı mobil telefonumun enerjisinin olmadığını və sönmüş vəziyyətdə olduğunu görüb enerji yığması üçün otaqdakı masanın üzərində qoymuş və “Samsung A10” markalı mobil telefonu götürüb evdən çıxmışdır. Evdən çıxan zaman otağın qapısını qıfıllamamışdır. Həmişəki kimi otağın qapısı açıq vəziyyətdə qalmışdır. Otaq yoldaşı Fuad Kərimovla bilrikdə 1 saata yaxın Lənkəran şəhəri ərazisində gəzdikdən sonra yaşadığı evə gəlmişlər. Otağa daxil olduqdan sonra enerji yığmaq üçün masanın üzərində qoyduğu “İphone 8 plus” markalı, üzərində 055 427 05 18 mobil telefonun masanın üzərində olmadığını görmüşdür. Həmin vaxt qaldığı otağı axtarsa da, mobil telefonu tapa bilməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir və ondan heç bir şikayət və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1ı ifadəsində göstərmişdir ki, təhsililə əlaqədar olaraq ünvan 2 ünvanında yerləşən, Yeganə Əliyevaya məxsus fərdi yaşayış evinin 1-ci mərtəbəsində olan otaqlardan birində kirayədə yaşayır. Həmin otaqda onunla bərabər LDU-nun tələbəsi Zərərçəkmiş şəxs da kirayədə qalır. Hər ikisi birlikdə 200 manat aylıq pul verir. Zərərçəkmiş şəxs istifadəsində “İphone 8 plus” və “Samsung A10” markalı mobil telefonları vardır. 03 iyun 2023-cü il tarxidə saat 23 radələrində otaq yoldaşı Zərərçəkmiş şəxsla birlikdə Lənkəran şəhərini ərazinə gəzmək üçün çıxdığı zaman Mirkazım istifadə etdiyi “İphone 8 plus” markalı mobil telefonunun enerjisinin olmadığını və sönmüş vəziyyətdə olduğunu görüb enerji yığması üçün otaqdakı masasının üzərində qoymuş və “Samsung A10” markalı mobil telefonunu götürüb evdən çıxmışdır. Evdən çıxan zaman otağın qapısını qıfıllamamışlar. Birlikdə 1 saata yaxın Lənkəran şəhəri ərazisində gəzdikdən sonra yaşadığı evə gəlmişlər. Otağa daxil olduqdan sonra Mirkazım enerji yığmaq üçün masanın üzərində qoyduğu “İphone 8 plus” markalı, üzərində 055 427 05 18 mobil telefonun masanın üzərində olmadığını görmuş və həmin vaxt qaldığı otağı axtarsa da, mobil telefonu tapa bilməmişlər. Bu barədə səhəri gün saat 06-07 radələrində ev sahibəsi Yeganə Əliyevaya məlumat vermiş və oğurluq hadisəsindən qardaşı oğlu Təqsirləndirilən şəxs şübhələndiklərini bildirmişlər. Sonradan Riyadın anası Səkinə adlı qadın ora gəlib hadisə barədə soruşduqda, ona mobil telefonun oğlurlandığını və bu hadisədən oğlu Riyaddan şübhələndiklərini bildirmişlər. Bu zaman Səkinə adlı qadın oğlu Riyaddan hadisə barədə soruşduğunu, oğlunun oğurluq etməsini etiraf etmədiyini bildirmişdir. Bundan sonra DİN-in 102 xidmətinə məlumat vermişlər. Sonradan polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanıldığını və mobil telefonu onun oğurladığını öyrəndiyini göstərmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yeganə övladıdır. Bir neçə müddətdir ki, o da narkotik vasitələr və psixotrop maddələrdən istifadə etməyə başlamışdır. Bununla bağlı ona bir valideyn kimi pis vərdişindən uzaqlaşdırmağa çalışsa da, heç bir nəticəsi olmamışdır. 03 iyun 2023-cü il tarixdə baldızı X1 ad günü olduğuna görə həmin tarixdə dəvət əsasında saat 17 radələrində qaynanası Gövhər Əliyeva ilə birlikdə onun yaşadığı ünvan 1 ünvanına qonaq getmişlər. Saat 22 radələrində oğlu Təqsirləndirilən şəxs də həmin məclisə gəlmişdir. Bir müddət orada əyləşib, çay içib qonaqlarla söhbətləşdikdən sonra təxminən 23 radələrində o evin həyətinə düşüb ondan pul istəmişdir. O da oğlu Təqsirləndirilən şəxs 2 manat pul vermişdir. Sonra evin ikinci mərtəbəsinə qonaqlar olan yerə getmişdir. Həmin tarixdə saat 23 radələrində qaynanası ilə birlikdə yaşadığı evə gəlmişdir. Səhəri gün saat 07 radələrində baldızı Səkinə ona zəng edərək, onlara məxsus evin birinci mərtəbəsində kirayədə qalan tələbələrdən birinin mobil telefonunun oğurlandığını və hadisədən oğlu Riyaddan şübhələndiklərini bildirmişdir. O da yuxudan oyanıb Riyaddan bu barədə soruşduqda, Təqsirləndirilən şəxs hadisədən xəbərinin olmadığını bildirib, bu barədə məlumatının olmadığını demişdir. Yaşaıdığı evdən çıxıb baldızı Yeganə Əliyevanın yaşaıdğı evə getmişdir. Bu zaman onun evində kirayədə qalan tələbələrlə söhbətləşdikdə, onlara oğlu Riyaddan telefon oğurluğu ilə bağlı soruşduğunu və Riyadın ona bu məsələ ilə bağlı məlumatının olmadığını bildirmişdir. DİN-in 102 xidmətinə hadisə ilə bağlı məlumat verdilər. X8 polis məməkdaşlar tərəfindən saxlanıldığını, oğruladığı mobil telefonun və psixotrop maddələrin üzərindən aşkar olunduğunu bilmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı ev 2 mərtəbəli fərdi yaşayış evidir. Evin birinci mərtəbəsində 3 otaq vardır. Həmi otaqları başqa rayonda gələn tələbələrə kirayəyə verir. Bir otaqda bir nəfər olmaqla qalan iki otaqda iki nəfər olmaqla ümumilikdə 5 nəfər kirayədə qalır. Evinin ikinci mərtəbəsi öz istifadəsindədir. Hər mərtəbənin öz giriş-çıxışı vardır. Təqsirləndirilən şəxs qardaşı oğludur. O, bir neçə müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 03 iyun 2023-cü il tarixdə qızı Rəqsanə Əlizadənin doğum günü münasibəti ilə yaşaıdğı evdə ad günü məclisi təşkil etmişdir. Həmin tarixdə saat 17 radələrində qardaşı arvadı Şahid2 və anası Gövhər Əliyeva ilə birgə yaşadığı evə qonaq gəlmişdir. Həmin zaman evdə təxminən 20 nəfərə yaxın qonaq iştirak etmişdir. Saat 22 radələrində yaşadığı evə qardaşı oğlu Təqsirləndirilən şəxs gəlmişdir. Təxminən 1 saat məclisdə iştirak etdikdən sonra oranı tərk edib getmişdir. 04 iyun 2023-cü il tarixdə saat 07 radələrində yaşadığı evin birinci mərtəbəsində kirayədə qalan tələbə Zərərçəkmiş şəxs qaldığı otaqdan mobil telefonun oğurlandığını və həmin oğurluğu etməkdən qardaşı oğlu Təqsirləndirilən şəxs şübhələndiyini bildirmişdir. O da bu barədə qardaşı arvadı Səkinə Əliyevaya demişdir. Səkinə Əliyeva da onun yaşadığı ünvana gələrək, Zərərçəkmiş şəxs oğlu Riyadın mobil telefonun oğurlanması ilə bağlı ondan soruşduğunu və sonuncunun bu barədə məlumatı olmadığını bildirmişdir. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhər rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis kiçik leytenantı rütbəsindədir. İcraatına ünvan 6-də yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə edib üzərində saxlaması, gəzdirməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. 04 iyun 2023-cü il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, B.Mirsalayev küçəsində piyada hərəkət edərkən görüb onu nəzarətə götürmüş, ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə gəzdirməsində şübhələrin olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini vacibliyini bildirib və onu ünvan 3 ünvanında yerləşən inzibati binasına dəvət etdikdə sonuncu razılaşmışdır. Polis şöbəsində olan inzibati otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduqda əynində olmuş cinş şalvarın sol yan cibindən 01 (bir) ədəd şəffaf rəngli selofana bükülmüş bükümü təqdim etmişdir. Götürülmüş 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümün içinə baxıldıqda bükümün içərisində psixotrop maddə metammfetamin olduğunu bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 2,39 qram olması məlum olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlələr ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini saxlanlan günü Lənkəran şəhəri 5 saylı məktəbin yaxınlığında adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa təhqiqatçı tərəfindən ona hər hansı başqa bir cinayət əməli törədibtörətməməsi sualına Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdə saat 23 radələrində ünvan 4 ünvanında yaşayan bibisi Yeganə Əliyavnın evində kirayə qalan tələblərdən birinin “İphone 8 markalı” mabil telefonunu oğurladığını və sata bilmədiyini bildirmişdir. Bundan başqa icraatına Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrdən istifədə etməsi və üzərində gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, onun həmin maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmadığını, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini Lənkəran şəhəri, 5 saylı məktəbin yanxılığında tanımadığı şəxsdən əldə etdiyini bildirsə də, keçirilmiş əməliyyat tədbirləri zamanı həmin şəxsi kimliyini müəyyən etməmək mümkün olmamış və bu istiqamətdə əməliyyat tədbirləri davam etdirildiyini, onun Lənkəran şəhəri, Vaqif küçəsində yaşayan bibisi Yeganə Əliyevanın evində kirayə yaşayan tələbə- Zərərçəkmiş şəxs məxsus “iphone 8 plus” markalı mobil telefonu oğurladığını və sonradan həmin telefonu istintaqa təqdim etdiyini göstərmişdir. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran CAB-ın baş əməliyyt müvəkkili, polis kapitanı –Məstiyev X5 Fuad Rizvan oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhər rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis baş leytenantı rütbəsindədir. İcraatına ünvan 6-də yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə edib üzərində saxlaması, gəzdirməsi ilə bağlı icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. 22 iyun 2023-cü il tarixdə, saat 12:50 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran şəhəri, B.Mirsalayev küçəsində piyada hərəkət edərkən görüb onu nəzarətə götürmüş, ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə gəzdirməsində şübhələrin olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini vacibliyini bildirib və onu ünvan 3 ünvanında yerləşən inzibati binasına dəvət etmişlər. O da Lənkəran ŞRPŞ-ya gəlməyə razılaşmışdır. Polis şöbəsində olan inzibati otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə polis sahə rəisi, polis kapitanı Fuad Fətəliyev tərəfindən çəkilməklə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, əynində olmuş cinş şalvarın arxa sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli selofana bükülmüş bükümü təqdim etmişdir. Götürülmüş 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümün içinə baxıldıqda bükümün içərisində psixotrop maddə metammfetamin olduğunu bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0,40 qram olması məlum olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlələr ekspertizaya göndərilməsi məqsədilə zərfə müvafiq qaydada qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini saxlanlan günü Lənkəran şəhəri “Böyük Bazar” adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa icraatına Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrdən istifədə etməsi və üzərində gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, onun həmin maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmadığını, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini Lənkəran şəhəri, “Böyük Bazar” ərazisində tanımadığı şəxsdən əldə etdiyini bildirsə də, keçirilmiş əməliyyat tədbirləri zamanı həmin şəxsi kimliyini müəyyən etməmək mümkün olmamış və bu istiqamətdə əməliyyat tədbirləri davam etdirildiyini göstərmişdir. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nın NMQ-nın əməliyyt müvəkkili, polis mayoru – Şahid6 ifadələrində əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, həmçinin təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarında olan: 04 iyun 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, həqiqətən də, Zərərçəkmiş şəxs ünvan 1 ünvanında kirayədə yaşadığı otaqdan oğurluq hadisəsi baş vermiş, daxil olan şəxs orada masa üzərində qoyduğu “İphone 8 plus” markalı mobil telefonu oğurlamışdır. 04 iyun 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 04 iyun 2023-cü il tarixdə saat 12:40 dəqiqədə Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, B.Mirsalayev küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olmuş boz rəngli şalvarın sol yan cibindən 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüş və zərfə qoyularaq möhürlənmişdir. Üzərindən aşkar olunmuş psixotrop metamfetamini Lənkəran şəhəri, 5 saylı məktəbin ərazisində olan zaman tanımadığı şəxsdən 20 manata almışdır. Həmçinin, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşının şifahi suallarına cavab olaraq psxiotrop maddə metamfetamin istifadəçisi olduğunu, üzərindən aşkar olunaraq götürülmüş kütlələrin ona məxsus olduğunu və 03 iyun 2023-cü il tarixdə Lənkəran şəhəri, Vaqif küçəsi yaşayan bibisinin evində kirayədə qalan tələbələrdən birinin otağından “İphone 8” mobil telefonu oğurladığını, lakin sata bilmədiyini bildirmişdir. 22 iyun 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdə saat 12:50 dəqiqədə Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, B.Mirsalayev küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olmuş boz rəngli şalvarın arxa yan cibindən 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüş və zərfə qoyularaq möhürlənmişdir. Üzərindən aşkar olunmuş psixotrop metamfetamini Lənkəran şəhəri, “Böyük Bazar” ərazisində olan zaman tanımadığı şəxsdən 10 manata almışdır. Həmçinin, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşının şifahi suallarına cavab olaraq psxiotrop maddə metamfetamin istifadəçisi olduğunu, üzərindən aşkar olunaraq götürülmüş kütlələrin ona məxsus olduğunu bildirmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 04 iyun 2023-cü il tarixli 19/614 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi -1,948 qram olan ağ rəngli kristallardan ibartət olan maddə metamfetamindir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 22 iyun 2023-cü il tarixli 19/677 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi -0,318 qram olan ağ rəngli kristallardan ibartət olan maddə metamfetamindir. 05 iyun 2023-cü il tarixli 592 nömrəli məhkəmə narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İbtidai istintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, ünvan 6– də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin istifadəçisidir. Lakin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Onun 04 iyun 2023cü il tarixdə üzərindən aşkar edilmiş bir bükümdə psxiotrop maddə metamfetamini Lənkəran şəhəri, 5 saylı orta məktəbin yaxınlığında tanımadığı şəxsdən, 22 iyun 2023-cü il tarixdə üzərindən aşkar olunmuş bir bükümdə psxiotrop maddə metamfetamini isə Lənkəran şəhəri, “Böyük Bazar” ərazisində tanımadığı şəxsdən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirsədə, qeyd olunan ərazilərdə keçirilmiş əməliyyat tədbirlər zamanı həmin şəxslərin kimliyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin onun, 03 iyun 2023-cü il tarixdə bibisi Yeganə Əliyevaya məxsus olan ünvan 1-də yerləşən fərdi yaşayış evin birinci mərtəbəsində kirayədə yaşayan Zərərçəkmiş şəxs oluna məxsus “İphone 8 plus” markalı mobil telefonu oğurlamışdır. Bu istiqamətdə əməliyyat-axtarış tədbirlərimiz davam etdirildiyi, müsbət nəticə əldə olunarsa istintaqa əlavə məlumat veriləcəyi bildirilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 iyul 2023-cü il tarixli 19/648 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd qızılı rəngli “Apple” markalı, “iphone 8 plus” modelli, 64 GB yaddaş tutumlu, mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını, istifadə olduğunu və yuxarıdakı xüsusiyyətləri nəzərə alınmaqla 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti təxminən 250,00 manat müəyyən olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun 19 iyun 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi - 1,948 qram psixotrop maddə metamfetamin 01 ədəd bükümdə 0,318 qram psixotrop maddə metamfetamin, bir ədəd qızılı rəngli, “Apple” markalı, “İphone 8 plus” modelli, 64 GB yaddaş tutumlu mobil telefon və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin videogörüntüsünü əks etdirən 02 (iki) ədəd DVD disk maddi sübut hesab edilmişdir. Ekspertizadan sonra qalıq qalmış - 01 ədəd bükümdə təmiz çəkisi -1,848 qram psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə 0,268 qram psixotrop maddə metamfetamin və “Apple” markalı, “İphone 8 plus” modelli, 64 GB yaddaş tutumlu mobil telefon Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarış və götürmə keçirilməsinin videogörüntüsünü əks etdirən 2 ədəd DVD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış və notarial qaydada təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizədə qeyd edilmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir və ondan heç bir şikayət və tələbi yoxdur. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2023-cü il tarixdə saat 13:10-da şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 4(049)-170/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində «həbs» növündə qətimkan tədbiri seçilməsinə dair Lənkəran rayon prokurorunun təqdimatı təmin edilməyərək, onun qərar elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında litizam” qətimkan tədbiri seçilmişdir. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdə saat 13:25-də şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 4(049)-193/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə «həbs» növündə qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 iyun 2023-cü il saat 12:50-dən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Lənkəran ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nənəsi 1955-ci il təvəllüdlü X4, atası 1982-ci il təvəllüdlü X10 və anası 1987-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 6 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs ümumi dəyəri 450 manat olan əşya oğurlamışdır ki, bu əməl onun oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. CM-in 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəzalar təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanın ödənilməsini, ondan şikayətin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti təkrar törətməsini (CM-nin 234.1-ci maddəsinə münasibətdə) onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-nin 60-cı maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-nin 68.1.1-1-ci maddəsinə əsasaən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, cəzanın fərdiləşdirilməsi prinsipindən çıxış edərək hesab edir ki, təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin hər biri üzrə ayrılıqda cəza təyin edilməklə qəti cəza müəyyən edilməlidir. Bu baxımdan məhkəmə ilk olaraq qeyd edir ki, təqsirləndirilən şəxslərin ittiham olunduğu CM-nin 177.2.3-cü maddəsi üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmağı, vurulmuş ziyanı ödəməsi, habelə zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmaması nəzərə alınmaqla hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 177.2.3-cü maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxsin CM-nin 234.1-ci maddəsi ilə ittiham olunğu cinayətin xarakteri və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cəmiyyətdən müəyyən müddət təcrid olunmaqla tərbiyə və islah oluna bilər. Buna görə də hər iki şəxsə CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla azadlıqdan məhrum edilməsini məqsədəmüvafiq qəbul etdiyindən hesab edir ki, ona CM-nin 177.2.3-cü maddəsi ilə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla toplandıqdan sonra qəti cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 04 iyun 2023-cü il tarixdən 06 iyun 2023-cü il tarixədək olan müddətdə şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, onun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı 22 iyun 2023-cü il tarixdən hesablanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minədədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində maddi sübutların saxlama kamerasında saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1 (bir) bükümdə 1,848 qram təşkil edən psixotrop maddə - metamfetamin və 1 (bir) bükümdə 0,268 qram təşkil edən psixotrop maddə - metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut Lənkəran Şəhər Rayon Polis Şöbəsində maddi sübutların saxlama kamerasında saxlanılan “Apple” markalı, “İpone 8 plus” modelli mobil telefon Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 175 (yüz yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 177.2.3-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 04 iyun 2023-cü il tarixdən 06 iyun 2023-cü il tarixədək olan müddətdə şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablansın və onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minədədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində maddi sübutların saxlama kamerasında saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1 (bir) bükümdə 1,848 qram təşkil edən psixotrop maddə - metamfetamin və 1 (bir) bükümdə 0,268 qram təşkil edən psixotrop maddə - metamfetamin məhv edilsin. İş üzrə maddi sübut Lənkəran Şəhər Rayon Polis Şöbəsində maddi sübutların saxlama kamerasında saxlanılan “Apple” markalı, İpone 8 pluse modelli mobil telefon Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 175 (yüz yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar