Məhkəmə qərarları › İş №1(049)-392/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-392/2023

21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-392/2023 21.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X3, xüsusi ittihamçı: X4, xüsusi ittihamçının nümayəndəsi: Prospekt Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə, təqsirləndirilən şəxs: X8 Hüseyn oğlu və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 14 dekabr 1956-cı il tarixdə Lənkəran rayonu, Kirov qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayə yaşayan X8 Hüseyn oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X8 Hüseyn oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini, X8 Hüseyn oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 148-ci maddəsi ilə 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X8 Hüseyn oğluunu tanımır. Bu yaxınlarda tanışları ona Tik Tok sosial şəbəkəsində bir nəfər onun və yaxınlarının ünvanına təhqiredici ifadələr səsləndirmiş və həmin ifadələri dəfələrlə təkrar edərək valideynlərini və əzizlərini heç əsaslı səbəb olmadan aşağılamışdır. Buna dair disk şikayətə əlavə olunmuşdur. Həmin şəxs çıxışında göstərmişdir ki, “Salam hörmətli izləyicilər. Elçin Şıxlı, İsmayıl Şıxlının oğlu. Sənin atanın avtoqraf yazdığın kitabı tulladım. Elçin Şıxlı, deməli, deyirsən ki, canavar deyir ot yaşıldır, eşşək deyir qaradır, gedirlər hakimin yanına, hakim canavara deyib ki, günah səndədir ki, sən eşşəyə baş qoşursan. İndi sən Rasim Balayevi elədin canavar, bizi də elədin eşşək də, kim Rasim Balayevi tənqid eliyib. Biz düz demişik də, Rasim Balayev təşəkkür eləsin prezidentə ki, ona istiqlal ordeni verib, onun nə ixtiyarı var deyə ki, xalqın bütün təbəqələrinin arasındayam hamı sizdən razılıq eliyir. Elçin Şıxlı eşşək sənsən, səni dünyaya gətirlənlərdir, eşşək sənin əzizlərindir, bütün nəslin nəcabətindir. Tərbiyəsiz. Sənin kişiliyin çatırdı səsini qaldırardın. O, Söyüdlüdə, hamımızın ana bacımızı-bunlar hamısı bizim ana bacılarımızdıpolislər dubinka ilə vurublar gözü də görmür. Görümnəz yerlərinə ha. Onda dilini soxmuşdun dalına ha, kişiliyin çatmadı səsini çıxarmağa. Camaat acından günorta durur, niyə durur, sözünü demirsən, camaata deyirsən eşşəksən. Sən də o, Aydın Əbilov kimi deyirsən ki, dünyaya bu qədər uşaq gətirirlər eşşəkdirlər. Eşşək özünsən, özdə lap yekəsindən. Özdə sənin əcayaib gözlərin var e, əsl Qazax eşşəyinsən, Şıxlı eşşəyi, tərbiyəsizsən sən. Tüpürüm sənin tərbiyənə, tüpürüm sənin təhsilinə, guya sən ziyalısan. Eşşək, eşşək, mədəniyyətsiz, gör kimlərə deyirsən, onu mən də tənqid elemişəm onu. Eşşək sənsən, səni dünyaya gətirənlərdir, nəslindir.” Göstərilən hərəkətləri ilə təqsirləndirilən şəxs şərəf və ləyaqəti internet informasiya ehtiyatında nalayiq formada qəsdən alçaltmış, bununla da CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X4 şikayəti müdafiə edərək bildirdi ki, təqsirləndirilən şəxsi tanımır. Sosial şəbəkədə cənab prezidentin Rasimk Balayevi təltif etməsi ilə bağlı sonuncunu tənqid edənlərə uzunquulaq hekayəsi ilə münasibət bildirmişdir. X11 sosial şəbəkəsinə sıhifəsi yoxdur, lakin bu yaxınlarda qohumları ona bir nəfər şəxsin onu təhqir etdiyini bildirmişlər. Sonradan bilmişdir ki, həmin adam X8 Hüseyn oğludur. Hazırda təqsirləndirilən şəxsin ondan üzr istəməsini qəbul etmir, hesab edir ki, təqsirləndirilən şəxs məhkum edilməlidir ki, digər şəxslər üçün də presedent olsun. Göstərilənlərə əsasən, təqsirləndirilən şəxsə qanunla nəzərədə tutulmuş cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X8 Hüseyn oğlu ona qarşı irəli sürülmüş xüsusi ittiham üzrə özünü təqsirli bilərək göstər ki, tik tok sosial şəbəkəsində @ elihuseyn839909 səhifə özünə məxsusdur və həmin kanalda daim videolar paylaşır. Elçin Şıxlını tanıyır və onu Rasim Balayevi müdafiə edərək Rasim Balayevi tənqid edənləri eşşək adlandırdığına görə tik tok sosial şəbəkəsində təndiq etmişdir. X10 üzr istəyir, lakin üzr istəməsini qəbul edilmirsə ən ağır cəzaya da razıdır. Cinayət işinin materiallarına əlavə edilmiş CD diskə baxışdan müəyyən edilmişdir ki, @ elihuseyn839909 adlı istifadəçi adı ilə X8 Hüseyn oğlu aşağıdakı məzmunda çıxış edir: “Salam hörmətli izləyicilər. Elçin Şıxlı, İsmayıl Şıxlının oğlu. Sənin atanın avtoqraf yazdığın kitabı tulladım. Elçin Şıxlı, deməli, deyirsən ki, canavar deyir ot yaşıldır, eşşək deyir qaradır, gedirlər hakimin yanına, hakim canavara deyib ki, günah səndədir ki, sən eşşəyə baş qoşursan. İndi sən Rasim Balayevi elədin canavar, bizi də elədin eşşək də, kim Rasim Balayevi tənqid eliyib. Biz düz demişik də, Rasim Balayev təşəkkür eləsin prezidentə ki, ona istiqlal ordeni verib, onun nə ixtiyarı var deyə ki, xalqın bütün təbəqələrinin arasındayam hamı sizdən razılıq eliyir. Elçin Şıxlı eşşək sənsən, səni dünyaya gətirlənlərdir, eşşək sənin əzizlərindir, bütün nəslin nəcabətindir. Tərbiyəsiz. Sənin kişiliyin çatırdı səsini qaldırardın. O, Söyüdlüdə, hamımızın ana bacımızı-bunlar hamısı bizim ana bacılarımızdı-polislər dubinka ilə vurublar gözü də görmür. Görümnəz yerlərinə ha. Onda dilini soxmuşdun dalına ha, kişiliyin çatmadı səsini çıxarmağa. Camaat acından günorta durur, niyə durur, sözünü demirsən, camaata deyirsən eşşəksən. Sən də o, Aydın Əbilov kimi deyirsən ki, dünyaya bu qədər uşaq gətirirlər eşşəkdirlər. Eşşək özünsən, özdə lap yekəsindən. Özdə sənin əcayaib gözlərin var e, əsl Qazax eşşəyinsən, Şıxlı eşşəyi, tərbiyəsizsən sən. Tüpürüm sənin tərbiyənə, tüpürüm sənin təhsilinə, guya sən ziyalısan. Eşşək, eşşək, mədəniyyətsiz, gör kimlərə deyirsən, onu mən də tənqid elemişəm onu. Eşşək sənsən, səni dünyaya gətirənlərdir, nəslindir.” Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və xüsusi ittihamçının ifadələrini, CD dsik görüntüsünü tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X8 Hüseyn oğlu ona qarşı verilmiş xüsusi ittihamda özünü təqsirli bilməsi ilə yanaşı məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin X8 Hüseyn oğlu tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli CM-nin 148-ci maddəsi ilə tövsif edilir. Təqsirləndirilən şəxs X8 Hüseyn oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təsdiq edən, tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, araşdırılan sübutlara əsasən X8 Hüseyn oğlunun tik tok sosial şəbəkəsində X1 təhqir etməsi tam təsdiq olunur. "İnsan Hüquqlarının və X5 Haqqında" Konvensiyanın “Fikri ifadə etmək azadlığı” ilə bağlı 10-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Həmin maddənin 2-ci bəndinə əsasən bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Həmin Konvensiyanın 8-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 4-cü bəndində də qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmin maddənin İİİ hissəsinə əsasən dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən xüsusi ittihamçının təhqir edilməsi sosial şəbəkədə açıq formada ifadə edilmişdir. Hazırki xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə təqsirləndirilən şəxsin səsləndirdiyi söz və ifadələrin təhqir xarakterli olub-olmaması mübahisəli olmamış, həmin ifadələrin açıq-aşkar şəkildə təhqir olduğu müəyyən edilmişdir. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X8 Hüseyn oğlu yuxarıda qeyd edilən, xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim edilən ifadələri işlədərək xüsusi ittihamçını cəmiyyət qarşısında, o cümlədən ailə üzvlərinin, onu tanıyanların, habelə qeyri məhdud şəxslər əhatəsində şərəf və ləyaqətini ləkələmiş, nüfuzdan salmaqla onun ağır psixoloji sarsıntı keçiməsinə səbəb olmuşdur. Yəni, təqsirləndirilən şəxs X8 Hüseyn oğlunun sosial şəbəkədə çıxışı zamanı xüsusi ittihamçı barəsində səsləndirdiyi söz və ifadələr birbaşa təhqir xarakterli olmuş, yəni ünvanlandığı şəxsin şərəf və ləyaqətini alçaltmaq, işgüzar nüfuzunu ləkələmək xarakteri daşımışdır. Təqsirləndirilən şəxs X8 Hüseyn oğlu həmin söz və ifadələrlə onların aid olduğu şəxsin cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi, mədəni keyfiyyətlərini alçaltmış, onun cəmiyyətdə tutduğu mövqelərini ləkələmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs X8 Hüseyn oğlu tərəfindən xüsusi ittihamçı barəsində təhqir xarakterli söz və ifadələr kütləvi çıxşında yaymışdır. Ali Məhkəmənin yuxarıda qeyd olunmuş Plenum qərarından göründüyü kimi kütləvi çıxışda şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma isə birbaşa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibini yaradır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs X8 Hüseyn oğlu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə də məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X8 Hüseyn oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı ilə öz təsdiqini tapmış və ona törətdiyi cinayət əməlinə görə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə törədilən hazırkı cinayətə görə xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini, cəzanın növünü və həddini müəyyən edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Avropa Məhkəməsi presedentlərində vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlığı nəzərə alınmalı amillərdir (Ceylan Türkiyəyə qarşı və Skalka Polşaya qarşı). Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin və qanunvericiliyin yuxarıdakı tələblərinə əməl edərək aşağıdakıları da nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs X8 Hüseyn oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin ağırlığı, xarakteri və ictimai təhlükəliliyi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini də nəzərə almağı vacib hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin yaşını, habelə etdiyi əmələ görə xüsusi ittihamçıdan üzr istəməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X8 Hüseyn oğlunun CM-in 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X8 Hüseyn oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar