Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-395/2023 22.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1971-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli,işləməyən Lənkəran rayon məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 1(049)-344/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsim ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 7(002)-941/2021 nömrəli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək onun azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, xx.xx.2021-ci il tarixdə cəzadan azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Tərcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayının ortalarında, Lənkəran şəhəri “kiçik bazar” adlanan ərazidə, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 02 (iki) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,463 qram, 0,554 qram, ümumi təmiz çəkisi 1,017 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 10 avqust 2023-cü il tarixdə saat 15:55 dəqiqədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri “Ləvəngi” dairəsi adlanan ərazidə piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinin ünvanı ünvan 2 keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ arxa cibindən qeyd edilən çəkidə və bükümdə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həyat yoldaşı və 16 yaşlı övladı ilə birlikdə yaşayır. Narkotik vasitədən tüstüsünü udmaq yolu ilə qəbul edir. Narkotik vasitə və psixotrop maddəni Lənkəran şəhərində üzdən tanıdığı şəxslərdən alır. Sonuncu dəfə 10 avqust 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri “kiçik bazar” adlanan əraziyə gedib orada əvvəllər bir neçə dəfə psixotrop maddə aldığı şəxsə yaxınlaşıb ondan şəxsi istifadəsi üçün 20 manat qarşılığında 2 ədəd bükümdə metamfetamin almışdır. Günorta saatlarında Lənkəran şəhəri “Ləvəngi” dairəsi yaxınlığında hərəkətdə olarkən tanımadığı üç şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis şöbəsinin əməkdaşı kimi təqdim etmişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. İnzibati binada üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarının sağ arxa cibindən iki ədəd sellofan bükümdə olan metamfetamini çıxarıb təqdim etmişdir. Üzərində aşkar edilmiş psixotrop maddəni şəxsi istifadə etmək məqsədilə almışdır. Tutduğu əməlindən peşmandır. Himayəsində həyat yoldaşı və bir azyaşlı övladı vardır. Göstərilənlərə əsasən ona ən yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin İTB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması ilə məşğul olması barədə məlumatlar daxil olmuşdur. Şöbə rəisinin əmri ilə əməliyyat qrupu yaradılmış və o, da əməliyyat qrupunun tərkibində olmuşdur. 10 avqust 2023-cü il tarixdə, saat 15 radələrində Lənkəran şəhəri “Ləvəngi” dairəsinə getmişlər. Orada bir müddət müşahidə apardıqdan sonra Təqsirləndirilən şəxs aşkar etmişlər. Sonuncu tək şəkildə piyada hərəkətdə imiş, çevikliyi və gözlənilməzliyi təmin edərək ona yaxınlaşmışlar. Özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə getməsini bildirmişlər. Şöbənin inzibati binasına gələndən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan iki bükümdə olam metamfetaminə bənzər psixotrop maddəni cibindən çıxarıb təqdim etmişdir. Ona qarşı heç bir təzyiq göstərilməmişdir. Şifahi sorğu zamanı həmin bükümləri şəxsi istifadəsi üçün Lənkəran şəhəri “kiçik bazar” ərazisində 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili Tağıyev X3 Ruhid Valeh oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, həmçinin təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarında olan: Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 10 avgust 2023-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmiş DVD diskdə olan videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən ilkin çəkisi 1,1 qram olan iki ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdılaraq götürülmüş, Təqsirləndirilən şəxs psixotrop maddənin ona məxsus olmasını etiraf edmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi tərəfindən təqdim edilmiş 11 avgust 2023-cü il tarixli 19/786 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ““Təqsirləndirilən şəxs məxsus 2 ədəd büküm.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,463 qram, 0,554 qram, ümumi təmiz çəkisi 1,017 qram qram olan ağ rəngli kristal formada olan maddələr metamftamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 14 avgust 2023-cü il tarixli, 800 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs stimulyatorların və opioidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından verilmiş tələbnamədən görünür ki, İsayev X2 rayon məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 1(049)- 344/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsim ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 7(002)-941/2021 nmrəli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək onun azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, xx.xx.2021-ci il tarixdə cəzadan azad olunmuş və məhkumluğu ödənilməmişdir. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixdə saat 15:55-də şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin qərarından görünür ki, 12 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 avqust 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Lənkəran ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnaməyə əsasən, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2007-ci il təvəllüdlü X1 adlı övladı vardır. Sübutların qiymətləndirilməsi haqqında 01 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 2 ədəd bükümdə 1,017 qram çəkidə psixotrop maddə - metamfetamin və 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitənin ekspertizadan sonra qalıq qalmış 0,917 qram hissəsi Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarışın 1 ədəd DVD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət əməlini səmimi etiraf etməsini, tutduğu əməlindən peşman olmasını, himayəsində övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtardıqdan az müddət keçməmiş yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 10 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi naroloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,917 qram psixotrop maddə – metamfetamin məhv edilməli, İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 avqust 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi naroloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2 bükümdə 0,917 qram təşkil edən psixotrop maddə – metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-395/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-395/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver