Məhkəmə qərarları › İş №1(049)-399/2022

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-399/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-399/2022 06.10.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12.00 Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafisəi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, 14 iyun 1974-cü il tarixdə Lənkəran rayonu, Gərmətük qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, 29 avqust 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı Lənkıran rayonu, Gərmətük qəsəbəsində olan evinin otağında olan zaman arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində, yəni sonuncunun onun haqqında xoşagəlməz ifadələr işlətməsi səbəbindən aralarında yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs sol göz almasına, boyun, sol bazu nahiyələrinə yumruq ilə qəsdən bir fəfə zərbə vurmaqla ona sol göz almasına yayılmış qansızma, sol göz qapaqları, gözaltı, sol kürək, boyun, bazu nahiyələrində qançırla nəticələnən Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2011-ci il tarixdə evlənmiş və birgə nikahdan iki övladları vardır. Hər ailədə olduğu kimi onların da ailəsində arabir söz-söhbət olmuşdur. xx.xx.2022-ci il tarixdə, gündüz vaxtı arvadından təzyiqini yoxlamasını, ona yemək və günəbaxan tumu verməsini demiş, arvadı isə təzyiqini ölçsə də, ona yemək və tum verməmişdir. Əsəbləşərək arvadına ona yemək və tum verməsini bildirmişdir. Rəvanə tum gətirib verdikdən sonra ona nalayiq sözlər demişdir. Bundan əsəbləşib arvadının qollarından tutub divana tərəf itələmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla 2011-ci il tarixdə evlənmiş və birgə nikahdan iki övladı vardır. İlk vaxtlar münasibətləri yaxşı olsa da, daha sonra əri onu tez-tez döyməyə başlamışdır. Dəfələrlə buna görə ərini polisə vermiş, bir dəfə ailəsinin təkidi ilə barışmışdır. Hazırda boşanmaq üçün məhkəməyə ərizə vermişdir, işləri mediasiya mərhələsindədir. xx.xx.2022-ci il tarixdə, gündüz saatlarında anası ona zəng edərək qohumlarına tibbi sistem qoşmaq lazım olduğunu bildirib gəlməsini dedikdə hazırlanmışdır. Yaşadığı kənddə avtobus rayon mərkəzinə saatda bir dəfə gəldiyi üçün gecikmək istəməmişdir. Ayaqqabılarını geyinib evdən çıxan zaman əri ondan yemək və tum istəmişdir. O, drəhal yemək və tumu mətbəxdə qoymuşdur. Lakin əri yemək yeməmiş və o, yeməyi soyuducuya qoymuşdur. Bundan sonra evdən çıxmaq istəyərkən əri yenidən yemək yemək istədiyini bildirmiş, o, da ərinə avtobusa gecikdiyini bildirib yeməyi yenə də əri üçün qoymuşdur. Bu zaman onunla əri arasında yenə mübahisə başlamış, bu zaman əri onun başına, qoluna zərbələr vurmuşdur. O ağladıqdan sonra əri sakitləşmişdir. Bundan sonra o, polisə məlumat vermişdir. Hazırda əri ilə barışmamışdır, artıq bezmişdir, lakin uşaqlarınən atasının olmağını nəzərə alıb Təqsirləndirilən şəxs cərimə cəzasının təyin edilməsini xahiş etdi. İş materiallarının 12-13-cü vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin Lənkəran rayonlararası şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı 29 avqust 2022-ci il tarixli, 828 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol göz almasına yayılmış qansızma, sol göz qapaqları, gözaltı, sol kürək, boyun, bazu nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bər küt əşyanın təsirindən əmələ gəlmişdir. Müayinədən bir neçə saat əvvələ uyğun gəlir. Dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarının 26-29-cu vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 05 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən fərdi yaşayış evidir. Baxış keçirilən zaman zərərçəkmiş Zərərçəkmiş şəxs salon otağını göstərərək əri Təqsirləndirilən şəxs tərəfindən məhz həmin salon otağında döyüldüyünü bildirmişdir. İş materiallarının 31-ci vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarının 33-36-cı vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı və 2013-cü il və 2016-cı il təvəllüdlü iki qız övladları ilə birlikdə Lənkəran rayonu, Gərmətük qəsəbəsində yaşayır və yaşadığı müddət ərzində özünü normal sakin kimi göstərmiş, onun barəsində heç bir şikayət olmamışdır. İş materillarında əlavə edilmiş 069255 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və müharibə veteranı olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar