Məhkəmə qərarları › İş №1(049)-40/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-40/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-40/2025 24.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat 16:45 xx xxxxxxxx 1981-ci il tarixdə Yardımlı rayonu Ərus kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Yardımlı rayonu Ərus kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2024-cü ilin iyul ayında Lənkəran şəhəri, Ləvəngi adlanan ərazidə istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) bükümdə, təmiz çəkisi-1,335 qram olub xeyli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, bu barədə məlumat alan Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən 29 iyul 2024-cü il tarixdə, saat 11:10-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Ləvəngi adlanan ərazidə küçədə saxlanılaraq regional polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bükümdə və çəkidə narkotik vasitə olan heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisi deyil. 29 iyul 2024-cü il tarixdə səhər saatlarında “Xan Lənkəran” otelində nömrələrin birində istirahət edərkən otağın qapısını döyən şəxs özünü ofisiant kimi təqdim etmiş, o otağın qapısını açdıqdan sonra mülki geyimli şəxslər otağa daxil olmuşlar. O, həmin vaxt yuxudan oyandığı üçün yarıçılpaq vəziyyətdə olmuşdur. Otağa daxil olmuş şəxslər özlərinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları bildirərək onu otaqda olan divana üzüüstə uzadaraq əşyalarını axtarmışlar. O da polis işçilərinə onda narkotik vasitə olmadığını bildirmişdir. Daha sonra o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən regional şöbəyə gətirilmişdir. Şöbədə olarkən polis əməkdaşları ona “ sən bizim İranla sərhəddə əməliyyat tədbirimi pozmusan” deyərək ona verilən bükümü öz üzərinə götürməyi təklif etmişlər. O bundan imtina etdikdə polis işçiləri əgər veriləni götürməsən ona daha yuxarıda çəkidə narkotik vasitə ilə onu rəsmiləşdirəcəklərini bildirdiyi üçün məcbur qalıb ona verilən bükümü öz üzərinə götürmüş və şəxsi axtarış zamanı da özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona elan olunmuş ittihamla özünü təqsirli hesab edir. Yardımlı rayonu Ərus kəndində yaşayır, heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur. Subaydır, narkotik maddə nəşə (qurudulmuş marixuana) və heroin qəbul edir. 29 iyul 2024-cü il tarixdə saat 11 radələrində Lənkəran şəhərində yerləşən “Ləvəngi” adlanan avtovağzalın ərazisində küçədə olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu ona bildirmişlər. Sonra onu Lənkəran şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinə gətirmişlər. Regional şöbədə ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə video çəkilişlə axtarış keçirilməyə başlanılmışdır. Üzərinə şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış olmuş və verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər məhkum olunmuş, narkotik maddə nəşə və heroin qəbul edir və satışı ilə məşğul olmur. Sonra ona üzərində qanunsuz əşya və maddə olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra əynindəki cins şalvarının sağ yan cibində gizlətdiyi bir ədəd sellofan bükümdə heroini, cəmi 137 manat pulu, bir ədəd «Birbank» kartını, adına olan şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, şalvarının digər ciblərindən bir ədəd alışqan, içərisində siqaret dənələri olan «Vinçestr» markalı siqaret qutusunu və «Samsung» markalı mobil telefonunu çıxarıb təqdim etmiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərsində narkotik maddə heroin var, özünə məxsusdur, əvvəllər İranda olan vaxtı tanış olduğu “Məhəmməd” adlı İran vətəndaşı ilə sırağagün telefonla danışıb Lənkəran şəhərində «Ləvəngi» adlanan ərazinin yaxınlığında yol kənarından özü qəbul etmək üçün 40 manat müqabilində gedib götürmüş, əldə etdiyi heroindən özü qəbul etmiş, heç kimə verməmiş və satmamışdır. Bundan başqa, onda narkotik maddə olmamışdır. Təqdim etdiyi sellofan bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Sonra üzərinə şəxsi axtarış keçirildikdə hər hansı bir qanunsuz əşya, narkotik maddə aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş alışqan və siqaret qutusu ona qaytarılmışdır, mobil telefon, bank kartı, sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi və cəmi 137 manat pul götürülərək protokola əlavə olunmuşdur. Təqdim etdiyi selofan büküm elektron tərəzidə çəkildikdə heroin kütləsi 1,43 qram çəkidə olmuşdur, həmin büküm zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalanmışdır. Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayəti və tələbi yoxdur, törətdiyi əmələ görə peşmandır. Üzərinə şəxsi axtarış keçirilməsi barədə polis əməkdaşları tərəfindən tərtib edilmiş protokolun məzmunu ucadan oxunduqda doğru bilinib imzalarla təsdiq etmişlər. Üzərinə şəxsi axtarış keçirilərkən qeyd etdiyi məlumatlar doğrudur və bir daha bunları təsdiq etmişdir. O, narkotik vasitə qəbul edir, həmin bir bükümdə narkotik vasitəni üzərində saxlamaqda məqsədi sonradan istifadə etmək olmuşdur. O, həmçinin narkotik vasitələrin satışı ilə indiyə kimi məşğul olmamışdır. Özü narkotik vasitə olan heroin istifadəçisidir və ondan çəkmə üsulu ilə istifadə edir. Polis bölməsinə gətirilərkən və ya gətirildikdən sonra ona qarşı hər hansı bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanı rütbəsindədir. Yardımlı rayonu Ərus kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində daşıması və saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı icraatına daxil olmuşdur. Əməliyyat məlumatının doğruluğu yoxlanıldıqdan sonra raportla şöbə rəisinə məruzə edilmişdir, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərliyi özü etmişdir. BNMİ-nin CBRŞnin polis nəfərləri, polis baş serjantı Şahid2 və polis serjantı Şahid3 Beykəs oğlu da qrupun üzvləri olmuşlar. 29 iyul 2024-cü il tarixdə, saat 11:10-da keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abiyev X3 şəhəri, Ləvəngi adlanan avtovağzalın ərazisində saxlanılaraq regional şöbəyə gətirilmişdir. Şöbədə xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmişdir, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm, cəmi 137 manat pul, bir ədəd “Birbank” bank kartı, öz adına olan sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsi, şalvarının digər ciblərindən isə bir ədəd alışqan, içərisində 08 ədəd siqaret olan “Vinçestr” markalı siqaret qutusu və 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Daha sonra üzərində axtarış aparılmış və başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra həmin sellofan bükümə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd büküm olan narkotik vasitə heroin elektron tərəzidə çəkilmişdir. Həmin bükümün təqribi çəkisi 1,43 (bir tam yüzdə qırx üç) qram olması müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə aparılmış şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş həmin kütlə ona məxsusdur, həmin kütləni əvvəllər İranda olan vaxt tanış olduğu “Məhəmməd” adlı şəxsdən bir neçə gün əvvəl telefonla danışıb, 40 manat pulun qarşılığında həmin narkotik vasitəni “Ləvəngi” adlanan ərazidə yol kənarında qoydurduqdan sonra əldə edərək götürmüşdür. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs da heç bir təzyiq altında olmadan protokola imza etmişdir. Təqsirləndirilən şəxs bildirdiyi İranlı “Məhəmməd” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də onun şəxsiyyətinin müəyyən edilməsi və Təqsirləndirilən şəxs həqiqətən narkotik vasitəni ondan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 bükümdə narkotik vasitə olan heroini nə vaxt, harada, kimdən almasını müəyyən etmək məqsədilə regional şöbədə əməliyyat-axtarış tədbirləri keçirilmiş, hələki müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqında şahidlər Şahid2 və Şahid3 Beykəs oğlu Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2024-cü il tarixdə saat 11:10-da saxlanılmış, həmin gün saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur. 29 iyul 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm, cəmi 137 manat pul, bir ədəd “birbank” bank kartı, öz adına olan sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsi, şalvarının digər ciblərindən isə bir ədəd alışqan, içərisində 08 ədəd siqaret olan vinçestr markalı siqaret qutusu və 01 ədəd samsung markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Daha sonra üzərində axtarış aparılmış və başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra həmin sellofan bükümə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd büküm olan narkotik vasitə heroin elektron tərəzidə çəkilmişdir. Həmin bükümün təqribi çəkisi 1,43 (bir tam yüzdə qırx üç) qram olması müəyyən edilmişdir və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə aparılmış şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş həmin kütlə ona məxsusdur, həmin kütləni əvvəllər İranda olan vaxt tanış olduğu Məhəmməd adlı şəxsdən bir neçə gün əvvəl telefonla danışıb, 40 manat pulun qarşılığında həmin narkotik vasitəni Ləvəngi adlanan ərazidə yol kənarında qoydurduqdan sonra əldə edərək götürmüşdür. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə-kimyəvi ekspertizasının 29 iyul 2024-cü il tarixli 19/585 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1,335 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 22 iyul 2024-ci il tarixli 604 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 29 iyul 2024-cü il tarixli, 627 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs son dövrlərdə narkotik vasitələrdən əldə edərək istifadə etməyə başlamışdır. 29 iyul 2024-cü il tarixli, 707 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və şəxsin tutmadan azad edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il tarixdə tutmadan azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Abiyev X4 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(038)-07/2016 №-li hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 67.1-ci maddələrinə əsasən 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cinayət əməli CM-nin 178.2.4-cü maddəsindən CM-nin 178.1-ci maddəsinə tövsif edilərək cəza müddəti 05 il müddətdən 2 il 8 aya endirilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən əməlində residivliklə bağlı müddəalar xaric edilmiş, cəzası 2 ilə endirilmiş və xx.xx.2018-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad olunmuşdur. Məhkumluğu yoxdur. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:50 radələrində saxlanılaraq Lənkəran ŞRPŞyə gətirilmişdir. Qətimkan tədbirinin təsdiq edilməsi haqqında 08 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixli 4059 nömrəli Lənkəran Şəhər Psixiatriya xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada hər hansı bir diaqnozla qeydiyyatda deyildir. Yardımlı RİHB-nin Ərus KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Abiyev X4 rayonu, Ərus kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Sübutların qiymətləndirilməsi haqqında” 08 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi-1,335 qram narkotik vasitə heroin və 01 ədəd DVD diskdə videogörüntü maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,285 qram çəkidə narkotik vasitə olan heroin Lənkəran ŞRPŞ-nin saxlama kamerasına verilmiş və şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin qeydə alındığı DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2025-ci il tarixli, 3-16-xx/xx/2896/2025 nömrəli məlumatından görünür ki, Abiyev X4 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(038)-07/2016 №-li hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 67.1-ci maddələrinə əsasən 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cinayət əməli CM-nin 178.2.4-cü maddəsindən CM-nin 178.1-ci maddəsinə tövsif edilərək cəza müddəti 05 il müddətdən 2 il 8 aya endirilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən əməlində residivliklə bağlı müddəalar xaric edilmiş, cəzası 2 ilə endirilmiş və xx.xx.2018-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsindən azad olunmuşdur. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00 radələrində könüllü olaraq Lənkəran ŞRPŞyə gəlmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 xx.xx.2025-ci il tarixli, 3-16-17/60/2-43155/2025 nömrəli məlumatından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün X2 gətirilmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin və müdafiə tərəfinin çıxışının «təqsirləndirilən şəxsin “Ləvəngi” dairəsi adlanan yerdə deyil, “Xan Lənkəran” otelində saxlanılması, saxlanılarkən üzərində hər hansı narkotik vasitə olmaması, onun polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalaraq ona verilmiş narkotik vasitə heroini öz üzərinə götürməyə məcbur olması», barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin ifadələr özünümüdafiə xarakterli olmaqla təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik vasitə heroini əldə etməsi, üzərində saxlamaqla daşıması cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və ona əlavə edilmiş videoçəkiliş, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadə ilə yanaşı, şahidlərin ifadələri, habelə məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və məhkəmə tibb ekpertiza rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı ifadəsinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə və məhkəmə tibb ekspertiza rəyi ilə təkzib olunur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zaman daha inandırıcı ifadə vermiş, məhkəmə istintaqı zamanı isə cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə ona bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMnin 59.2-ci maddəsinə əsasən onun əməlini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdiriən halın olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 29 iyul 2024-cü il tarixdən 30 iyul 2024-cü il tarixədək və 8 dekabr 2024-cü il tarixdə ümumilikdə 3 gün həbsdə olduğu müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 18 iyun 2025-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 1 ədəd bükümdə 1,285 qram çəkidə narkotik vasitə olan heroin və şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 29 iyul 2024-cü il tarixdən 30 iyul 2024-cü il tarixədək və 8 dekabr 2024-cü il tarixdə ümumilikdə 3 gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalan Lənkəran ŞRPŞ-də saxlanılan 1 ədəd bükümdə 1,285 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar