Məhkəmə qərarları › İş №1(049)-401/2022

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-401/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-401/2022 29.09.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12.10 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi: X4, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1965-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan təsbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, o, 23 iyul 2022-ci il tarixdə, saat 21 radələrində Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində sahibi olduğu “«VAZ 21074» minik” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunlara əməl etməyərək hərəkətini davam etdirib həmin vaxt yolu soldan sağa keçmək istəyən piyada Zərərçəkmiş şəxs vurmuş və nəticədə yol hərəkət qaydalarını pozması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ İ-Xİ və sol İ-Vİİ qabırğaların ik tərəfli yerini dəyişən sınıqları, hər iki plevra və ağciyərlərin zədələnməsi, döş boşluğundı qansızma, sağ alın-təpə nahiyəsinin yumşaq toxumalar altına yayılmış qansızma, döş qəfəsinin yumşaq toxumaları altına qansızmalar, sol almacıq, alt çənə, sağ qulaq sırğalığı, hər iki dirsək nahiyələrində sıyrıqlar, döş qəfəsi nahiyəsində qançırlar kimi ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb, döş qəfəsinin küt travması ilə əlaqədar qabırğaların ikitərəfli sınığı, ağciyərlərin zədələnməsi və daxili qanaxmadan ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 23 iyul 2022-ci il tarixdə, saat 21 radələrində Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi ilə Şəhidlər Xiyabanı küçəsinə tərəf özünə məxsus «VAZ 21074» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə 50 km/saat surətlə gedərkən, həmin vaxt arvadı Şahid1 da avtomobildə olmuşdur. Hava qaranlıq olsa da, yol kənarları gecə işıqları ilə işıqlandırılmışdır. Hərəkət zamanı təxminən 30 metr məsafədən yolu soldan sağa çəpəki qaçaraq keçmək istəyən bir nəfər qadın görmüşdür. O, digər avtomobillərin həmin qadına yol verəcəyini güman edib hərəkətə davam etmişdir. Lakin qəfildən həmin qadın avtomobilin qarşısına çıxmış və avtomobilin tam ortasına çırpılmışdır. Həmin an o, əyləci basmağa imkan tapmamışdır. Vurduğu adamın başı avtomobilə dəydikdən sonra asfalt üzərinə düşmüşdür. O, dərhal avtomobili saxlayıb vurduğu adamın yanına qaçmışdır. Ətrafda olanlar ona köməklik edib qadını avtomobilinə qoyub Lənkəran rayon mərkəzi xəstəxanasına gətirmişlər. Xəstəxanaya çatanda artıq qadın vəfat etmişdir. O, sonradan bilmişdir ki, həmin şəxs Zərərçəkmiş şəxsdır. Əməlindən peşmandır, ilk dəfə belə hadisəsi törətmişdir, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X4 ilə barışmışdlr. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərdi ki, mərhum X3 onun bacısıdır. 23 iyul 2022-ci il tarixdə, saat 21 radələrində bacısı Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində yolu keçmək istəyəndə Lənkəran şəhər sakini, qiyabi olaraq tanıdığı, Təqsirləndirilən şəxs avtomobillə bacısını vurmuşdur. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs bacısını xəstəxanaya gətirmiş, lakin artıq xəstəxanaya çatdırsa da, bacısı vəfat etmişdir. Hadisəni törətmiş Təqsirləndirilən şəxs lazım olan maddi və mənəvi ehtiyaclarını qarşılamışdır. Buna görə də iş üzrə hər hansı bir şikayəti və tələbi olmamışdır. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirib təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. 23 iyul 2022-ci il tarixdə, saat 21 radələrində Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi ilə Şəhidlər Xiyabanı küçəsinə tərəf ərinə məxsus avtomobillə gedərkən qəfildən avtomobilə nəyinsə dəydiyini görmüşlər. Əri avtomobili saxlayaraq dərhal həmin yerə getmiş, o, həmin vaxt qışqırıb ətrafdakıları köməyə çağırmışdır. Ətrafda olanların köməyi ilə vurulan qadını ərinin avtomobili ilə xəstəxanaya aparmışlar. Sonradan bilmişdir ki, ölən qadın Zərərçəkmiş şəxsdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran Şəhər Rayon X6 X7 yol patrul xidməti inspektoru vəzifəsində işləyir. Hadisə baş vermiş ərazi onun xidməti ərazisidir. Hadisə barədə məlumat daxil olduqda dərhal hadisə yerinə getmiş, lakin həmin vaxt artıq vurulmuş piyada sürücü tərəfindən xəstəxanaya aparılmışdır. O, xəstəxanaya getdikdə sürücünün Təqsirləndirilən şəxs olduğu, piyadanın isə X2 olmaqla artıq vəfat etdiyini müəyyən etmişdir. Bundan sonra sürücü barəsində müvafiq hərəkətlər edilməklə sərxoşluq vəziyyətinin yoxlanılması məqsədi ilə narkoloji dispanserə aparılmışdır. Cinayət işinin 5-ci vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 23 iyul 2022-ci il tarixli, 1369 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:50-də ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 5-13-cü vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 23 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs «VAZ 21074» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurma hadisə yeri Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi ilə Şəhidlər Xiyabanı küçəsi istiqamətində olması müəyyən edilmişdir. Cinayət işinin 14-18-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş “Avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi «VAZ 21074» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin ön hissəsinə piyadanın vurulması nəticəsində zədələrin olması müəyyən edilmişdir. Cinayət işinin 21-ci vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş AF 101601 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Cinayət işinin 21-ci vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş AB N seriyalı 251252 nömrəli Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «VAZ 21074» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin 88-ci vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 07 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüquqnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 51-55-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 24 iyul 2022-ci il tarixli, 23 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər-sağ İ-Xİ və sol İ-Vİİ qabırğaların iki tərəfli yerini dəyişən sınıqları, hər iki plevra və ağciyərlərin zədələnməsi, döş boşluğunda qansızma (1450 ml), sağ alın-təpə nahiyəsinin yumşaq toxumalar altına yayılmış qansızma, döş qəfəsinin yumşaq toxumaları altına qansızmalar, sol almacıq, alt çənə, sağ qulaq sırğalığı,hər iki dirsək nahiyələrində sıyrıqlar, döş qəfəsi nahiyəsində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, xx.xx.2022-ci il tarixdə hərəkətdə olan minik avtomaşının xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində piyadanın vurulması zamanı əmələ gələ bilər və ümumilikdə dərəcəsinə gorə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhumun ölümünə döş qəfəsinin küt travması ilə əlaqədar qabırğaların ikitərəfli sınığı, ağciyərlərin zədələnməsi və daxili qanaxma səbəb olmuşdur. Cinayət işinin 61-62-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə eksperizasının 18 avqust 2022-ci il tarixli, 8/2029 nömrəli rəyindən görünür ki, «VAZ 21074» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 28-ci vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş “Maddi sübut qismində tanıma haqqında” qərardan görünür ki, «VAZ 21074» markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işinin 96-cı vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş qəbzdən görünü ki, Təqsirləndirilən şəxs «VAZ 21074» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili işlək vəziyyətdə təhvil almışdır. Cinayət işinin 28-ci vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 47-48-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı və oğlu ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, yaşadığı müddətdə ictimai işlərdə, abadlıq işlərində fəal iştirak etmişdir, onun barəsində hər hansı şikayət daxil olmamışdır. Cinayət işinin 84-cü vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş 03 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 87-ci vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş 07 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X4 ilə Təqsirləndirilən şəxs barışmış, ona vurulmuş maddi və mənəvi ziyan tam ödənilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama apararaq belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi hökmün təsviriəsaslandırıcı hissəsində sadalanan hallarla tam sübuta yetirilir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsinə dair iş üzrə özünün və zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarını sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda məsuliyyətə səbəb olur. CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir.Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş səxsin hüquqi varisinə dəymiş zərərin ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. CM-nin 56.1.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi «VAZ 21074» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 85 (altmış beş) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti alrına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut «VAZ 21074» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfləri 85 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar