Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-407/2023 30.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Canıyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat : 18:00 xx.xx.1969-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(049)-164/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad edilmiş və məhkumluğu ödənilməmiş, Lənkəran rayonu Mamusta kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2023-cü ilin iyul ayında Lənkəran şəhəri, Nizami küçəsində istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) bükümdə, ümumi təmiz çəkisi -0,699 qram olub şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 12 iyul 2023-cü il tarixdə, saat 11:15-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Lənkəran şəhəri, Vidadi küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bükümdə və çəkidə narkotik vasitə olan heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 12 iyul 2023-cü il tarixdə o, Lənkəran şəhəri, Vidadi küçəsində velosipedlə hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu bildirərək, onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt o, spirtli içkinin təsiri altında olduğundan nə üçün polis şöbəsinə dəvət edilməsini başa düşməmiş, səbəbini soruşduqda onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmişdir. O, polis işçilərinə üzərində heç bir narkotik vasitə olmadığını bildirdikdə, Lənkəran ŞRPŞ-nin “Ruhid” adlı polis işçisi onun döş qəfəsinə yumruqla vuraraq onu polis şöbəsinə gətirmişdir. Şöbədə olarkən 1 bükümdə narkotik vasitə heroini ona verərək öz üzərinə götürməli olduğu bildirilmiş, o da döyülməsindən qorxduğu üçün həmin 1 bükümdə narkotik vasitə heroini götürərək, şifahi sorğu zamanı ona verilmiş narkotik vasitə heroinin özünün şəxsi istifadəsi üçün aldığını bildirmiş, eləcə də ibtidai istintaq zamanı həmin məzmunlu etirafedici ifadələr vermişdir. Polis şöbəsinə gətirilərkən üzərində psixotrop və narkotik maddələr olmamışdır. Bədən səthi üzərində olan çapıq izləri uzun illər əvvəl özü-özünə yetirdiyi xəsarətlər nəticəsində meydana gəlmişdir. Təqsirləndirilən şəxs son sözündə barəsində ədalətli hökm çıxarılmasını və ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. Heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur. Narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitələr qəbul etməyəndə bədənində kəskin ağrılar olur. 11 iyul 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhərində, məhkəmə ərazisində tanımadığı şəxsdən 05 manat pul qarşılığında 01 ədəd bükümdə narkotik vasitə olan heroini öz istifadəsi üçün almışdır. 12 iyul 2023-cü il tarixdə o, Lənkəran şəhəri, Vidadi küçəsində olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Şöbənin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün öz istəyi əsasında dövlət hesabına vəkil təyin edilmiş, daha sonra vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməyi ona təklif edilmişdir. O da əynindəki şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroin bükümünü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi bükümün içərisinə baxış keçirilmiş və həmin bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə heroindir, ona məxsusdur. Həmin kütləni 11 iyul 2023-cü il tarixdə Lənkəran şəhəri, məhkəmə ərazisində tanımadığı şəxsdən 05 manat qarşılığında almışdır. Təqdim etdiyi kütlə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Üzərindən aşkar edilərək götürülmüş bir bükümdə narkotik vasitə olan heroini 11 iyul 2023-cü il tarixdə Lənkəran şəhəri məhkəmə ərazisində tanımadığı şəxsdən 05 manata almış və istifadəsi üçün üzərində saxlamışdır. O, narkotik vasitə qəbul edir, həmin 01 bükümdə narkotik vasitəni üzərində saxlamaqda məqsədi sonradan istifadə etmək olmuşdur. O, narkotik vasitələrin satışı ilə indiyə kimi məşğul olmamışdır. Özü narkotik vasitə olan heroin istifadəçisidir və çəkmə üsulu ilə istifadə edir. Ona qarşı heç bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Məhkəmə istintaqında şahid Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində daşıması və saxlaması ilə məşğul olması barədə icraatına daxil olmuş əməliyyat məlumatının doğruluğu tərəfindən yoxlanıldıqdan sonra raportla şöbə rəisinə məruzə edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərliyi özü etmiş, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Lənkəran ŞRPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı X2 da qrupun üzvləri olmuşlar. 12 iyul 2023-cü il tarixdə, saat 11 radələrində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Cabbarov X3 şəhəri, Vidadi küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə, xidməti otaqların birində tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmiş, bundan sonra videoçəkiliş vasitəsi ilə və müdafiəçi Bəhrəm Muxtarovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Həmin sellofan bükümə baxış keçirildikdə içərisində 01 ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd büküm olan narkotik vasitə heroin elektron tərəzidə çəkilmişdir. Həmin bükümlərin təqribi çəkisi 0,74 qram olması müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş həmin kütlə özünə məxsusdur, narkotik vasitə heroindən zərdə çəkmə yolu ilə qəbul edir. Üzərindən aşkar edilmiş həmin kütləni 11 iyul 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri, Lənkəran Rayon Məhkəməsinin yerləşdiyi ərazidə tanımadığı şəxsdən 05 manat pulun qarşılığında əldə etmişdir. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 bükümdə narkotik vasitəni nə vaxt, harada, kimdən almasını müəyyən etmək məqsədilə şöbənin cinayət axtarış bölməsində əməliyyat-axtarış tədbirləri keçirilmiş, hələki müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 12 iyul 2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin 01 ədəd bükümdə olan narkotik vasitə olan heroinin çəkisi 0,74 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə heroindir, həmin kütlə özünə məxsusdur. Həmin kütləni Lənkəran şəhəri, Lənkəran Rayon Məhkəməsinin yerləşdiyi ərazidə tanımadığı şəxsdən 01 bükümdə, 05 manat qarşılığında almışdır. Məhkəmə-kimyəvi ekspertizasının 12 iyul 2023-cü il tarixli 19/723 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə....” sözlər və imzalar olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi - 0,699 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatının dəyəri 65 manat müəyyən edilmişdir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 13 iyul 2023-cü il tarixli, 734 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 681 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(049)-164/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkun edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 1(049)-164/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 4(049)-206/2023 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 12 iyul 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 20 avqust 2023-cü il tarixli 10476 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. Lənkəran ŞİH başçısının Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 sentyabr 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Cabbarov X3 rayonu, Mamusta kəndində qeydiyyatdadır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. «Sübutların qiymətləndirilməsi» haqqında 16 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə, ümumi təmiz çəkisi -0,699 qram narkotik vasitə heroin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 01 ədəd bükümdə, ümumi təmiz çəkisi -0,649 qram narkotik vasitə heroin Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından xx.xx.2023-cü il tarixdə daxil olmuş Təqsirləndirilən şəxs adına istintaq təcridxanasında açılmış tibbi kitabçanın surətindən görünür ki, ilkin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs hər iki döş nahiyəsində, hər iki saidin ön səthində, qarnın ön divarında çoxsaylı köhnə çapıq izləri aşkar edilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün ibtidai istintaqda verdiyi ifadəsi, şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında verdikləri təsdiqedici ifadələri, məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizalarının rəyləri, maddi sübutlar, 12 iyul 2023-cü il tarixli «şəxsi axtarış və götürmə» barədə protokol və protokola əlavə edilmiş DVD disk, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində aşkar olunmuş narkotik vasitə heroinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərmələri nəticəsində məcburiyyət qarşısında qalaraq videoçəkilişdə və istintaq mərhələsində özünə məxsus olması barədə etirafedici ifadə verməsi barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarışın həyata keçirilməsi barədə protokolla və protokola əlavə edilmiş DVD disk və digər sənədlərlə təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşı Şahid1 tərəfindən döyülməsi ilə bağlı ifadəsinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər iş materiallarında olan hər hansı sənədlə öz təsdiqini tapmamış, əksinə işdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 681 nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından xx.xx.2023-cü il tarixdə daxil olmuş tibbi kitabçanın surəti və digər sənədlərlə təkzib olunur. Digər tərəfdən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılarkən məhkəmə iclasında Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını bildirməklə yanaşı, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi və fiziki təzyiq və təsir göstərilmədiyini bildirmişdir. Məhkəmə, göstərilənlərə əsasən bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə bəraət verilməsi barədə təqsirləndirilən şəxsin dəlilləri əsassızdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zaman daha inandırıcı ifadələr vermiş, məhkəmə istintaqı zamanı isə cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə vermişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş müvafiq tələbnamə əsasında müəyyən edilir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(049)- 164/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad edildiyindən onun məhkumluğu ödənilməmiş və götürülməmişdir. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cinayətə görə məhkumluğu ödənilməmiş və götürülməmiş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18 və 83-cü maddələrinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1 və 65.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli və bu cəzanın müddəti onun təqsirli bilindiyi maddədə nəzərdə tutulan daha ciddi cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 18.1 və 65.2-ci maddəsinin tələbi baxımından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 12 iyul 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 0,649 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 01 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 12 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,649 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-407/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-407/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver