Məhkəmə qərarları › İş №1(049)-408/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-408/2023

13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-408/2023 13.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 11:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1966-cı ildə Lənkəran rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Lənkəran rayonu Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə toxumlarını 2023-cü ilin iyun ayında, Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən, özünə məxsus olan həyətyanı sahədə qanunsuz olaraq əkmiş, həmin toxumlardan bitən, tərkibində narkotik maddələr olan, əkib-becərilməsi qadağan edilmiş, 03 (üç) ədəd çətənə bitkisini suvarıb yetişdirmək üçün şərait yaradaraq aqrotexniki qulluq göstərməklə kultivasiya etmiş, 19 avqust 2023-cü il tarixdə saat 12 radələrində Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncunun yaşadığı, Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman yaş vəziyyətdə, ümumi təmiz çəkisi 5,675 qram olan 03 (üç) ədəd, tərkibində narkotik maddələr (komponentlər) olan çətənə (kannabis) bitkiləri kök üzərində aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, o, bir ilə yaxındır ki, bədənində olan ağrılar səbəbindən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2023-cü ilin əvvəllərində Lənkəran şəhəri mərkəzi bazarında narkotik vasitə quruulmuş marixuana almışdır, marixuanadan istifadə etməmişdən əvvəl onun içərisindən üç ədəd toxum götürüb saxlamışdır ki, həyətdə əksin, sonra isə qurudub istifadə etsin, çünki almaq üçün həmişə pul tapmaq olmurmuş. Bu ilin iyun ayında, həyətinin arxa hissəsində kiçik bir yer düzəltmiş və həmin üç ədəd toxumu ora əkmiş, onlara mütəmadi qulluq etmişdir. Avqust ayında artıq həmin toxumlar cücərmişdir. 19 avqust 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı evdə olduğu zaman kiminsə küçədən onu çağırdığını eşitmişdir. Səsə həyətinin giriş hissəsinə çıxmışdır. Bir neçə nəfər polis əməkdaşı həyət qapısının qarşısına gəlmişlər. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra ona həyətində qanunsuz olaraq narkotik vasitələr əkib becərməyi barədə onlara məlumat daxil olduğu, bununla əlaqədar əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini bildirmişlər. Həmin qərarla onu tanış etdikdən sonra həyətinə baxış keçirilməli olduqlarını bildirmiş, ona də baxış da iştirak etməyi təklif etmişlər. O da polis əməkdaşlarının həyətinə baxış keçirmələrinə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları onun icazəsi ilə həyətinə daxil olmuşlar. Polis əməkdaşları həyətinə baxış keçirilməsində iştirak etmək üçün bir nəfər də mütəxəssis aqronom dəvət etmişlər. Həyətinə baxış keçirilməyə başlandıqa ona həyətində narkotik tərkibli çətənə bitkilərini əkdiyi təqdirdə onları əkdiyi yeri könüllü olaraq təqdim etməyi təklif edilmişdir. O da baxış iştirakçılarını həyətinin arxa hissəsinə apararaq orada əkdiyi kolları təqdim etmişdir. Polis əməkdaşları və mütəxəssis aqronom tərəfindən çətənə bitkilərinə baxış keçirilmişdir. Həmin çətənə bitkiləri yerdən çıxarılıb sintetik torbaya qoyulmuş və qablaşdırılmışdır. Sonra həmin torbanın üzəri möhürlənmiş, tərəfindən torbanın üzəri imzalanmışdır. Həmin çətənə bitkilərini öz istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Baxış prosesi zamanı videoçəkiliş aparılmışdır. Baxış keçirilməsi barədə protokol yazıb onlara ucadan oxumuşlar. Protokolu o və başqa iştirakçılar imzalamışdır. Baxış başa çatdırıldıqdan sonra polis əməkdaşları onu Lənkəran şəhər rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin inzibati binasında ona şübhəli şəxs kimi tutulduğunu elan edib onun üçün müdafiəçi dəvət etmişlər, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı üzərindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Üzərinə axtarış keçirilməsi prosesi zamanı videoçəkiliş aparılmışdır. Axtarış aparılması barədə protokol yazıb onlara oxumuşlar. Protokolu o və başqa iştirakçılar imzalamışdır. Təqsirləndirilən şəxs son sözündə tutduğu əməlindən son dərəcə peşman olduğunu, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində törətdiyi cinayət əməlini etiraf etməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, icraatına Lənkəran rayonu Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkib kultivasiyası ilə məşğul olması barədə icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Onunla birlikdə əməliyyat qrupunun tərkibində əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Rəhman Əlizadə olmuşdur. 19 avqust 2023-cü il tarixdə saat 12 radələrində qeyd etdiyi polis əməkdaşları, Lənkəran şəhər-rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Fəhmin Nüsrətzadə və mütəxəssis Qulaməli Hüseynov birlikdə Təqsirləndirilən şəxs yaşadığı, Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmiş, qapını döymüşlər, Nail qapıya çıxmışdır. Özlərini polis əməkdaşları kimi təqdim etmiş və Nailə həyətində narkotik təbiətli bitkiləri əkib kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatlarının daxil olduğunu və həyətinə baxış keçirməli olduqlarını bildirmişlər. Naildən həyətinə baxış keçirməkləri ilə bağlı yazılı ərizəsini almışlar. Videoçəkiliş müşayiəti ilə həyətinə baxış keçirməyə başlamışlar. Videoçəkiliş Şahid2 tərəfindən həyata keçirilirmişdir. Nailin göstərdiyi istiqamətdə hərəkət etmiş, sonuncunun dediyi yerə gəlib çıxmışlar. Nailin göstərdiyi yer şiferlərlə və taxta parçaları ilə əhatə edilmiş balaca bir yer olmuşdur. Həmin yerdə çətənə bitkilərinə oxşar bitkilər olmuşdur. Həmin kollar kökündən çıxarılaraq qablaşdırılmışdır. Təyin edilmiş mütəxəssis şifahi olaraq bildirmişdir ki, kollara aqrotexniki qaydada qulluq etmişlər. Təqsirləndirilən şəxs ona verilən şifahi suallara cavab olaraq bildirmişdir ki, həmin bitkilər çətənə kollarıdır, həmin kolları öz istifadəsi üçün qurutmaq məqsədilə əkmişdir. Həmin kollar qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə istintaqında Şahid2 ifadələrində Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixdə saat 12:20-də saxlanılmış, saat 13:00-da isə şübhəli şəxs qismində tutulmuşdur. 19 avqust 2023-cü il tarixli “baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” protokoldan və protokola əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Lənkəran rayonu Gərmətük qəsəbəsində yrləşən fərdi yaşayış evinin həyətinə baxış keçirilən zaman taxta parçaları və şiferlərlə əhatələnmiş kiçik bir ərazidə 03 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 19 avqust 2023-cü il tarixli 19/811 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs məxsus 3 ədəd kol.....” sözlər və imzalar olan bir ədəd bağlamadakı ümumi sayı 3 ədəd olmaqla yaş vəziyyətdə ümumi təmiz çəkisi 5,675 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Ekspertiza tədqiqatı üçün 0,15 qram (hər.ob-0,05) qr çətənə bitkisi istifadə edilmiş, 5,525 qram çətənə bitkisi qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 23 avqust 2023-cü il tarixli 820 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərin istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. 19 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyətində, münbit olmayan torpaqda hər birinin boyu 30-35 santimetr hündürlüyündə olan 3 ədəd olan 3 ədəd çətənəbənzər bitkilər aşkar edilmişdir. Aşkar edilmiş çətənəbənzər bitkilərin toxumu 2 ay öncə torpağa səpilmişdir, həmin çətənəbənzər bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, dibi yumşaldılmış, gübrələnmiş, mütəmadi olaraq suvarma işləri aparılmışdır. Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə ümumi təmiz çəkisi 5,675 qram narkotik vasitə çətənə bitkisi və şəxsi axtarış zamanı videoçəkilişə dair 1 ədəd DVD disk maddi sübut qismində tanınmış, narkotik vasitə çətənə bitkisi ekspertizadan sonra qalıq qalan 5,525 qram hissəsi saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, şəxsi axtarış zamanı videoçəkilişə dair 1 ədəd DVD diskin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Lənkəran rayonu, Gərmətük qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 avqust 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, həyat yoldaşı X3 ilə birlikdə Lənkəran rayonu Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanında olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 237.1-ci maddəsinin dispozisiyasına görə Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ailədə yeganə qazanc gətirən şəxs olmasını, əməlindən səmimi peşiman olmasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 237.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət törətməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşını, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 19 avqust 2023-cü il tarixdən 21 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün müddət bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4(dörd) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzası üzrə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 5,525 qram narkotik vasitə çətənə bitkisi məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixdən 21 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4(dörd) gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 5,525 qram narkotik vasitə çətənə bitkisi məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60(altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar