Məhkəmə qərarları › İş №1(049)-415/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-415/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-415/2023 15.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1986-cı il tarixdə Abşeron rayonu Aşağı- Güzdək qəsəbəsində anadan olmuş, həmin qəsəbədə qeydiyyatda olan və yaşayan, evli, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, 2023-cü ilin iyun ayının sonlarında Bakı şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd bükümdə təmiz çəkisi 0,676 qram olaraq şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən, ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq tanışı Şahid1 idarə etdiyi “Mercedes VİTA” markalı, 90EY181 dövlət qeydiyyat nişanlı avtomobildə ondan xəbərsiz Lənkəran rayonuna daşımış, sonuncu xx.xx.2023-cü il tarixdə saat 20 radələrində idarə etdiyi avtomobillə Lənkəran rayonu Girdəni kəndi ərazisində yol hərəkəti qaydalarını pozması əsası ilə Lənkəran şəhər-rayon X12 X13 Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra o, özünü şübhəli apardığı üçün polis şöbəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasına dəvət edilib üzərində şəxsi axtarış aparılarkən həmin bükümdə və çəkidə psixotrop maddə metamfetamin əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı qeyd etdi ki, xx.xx.2023-cü il tarixdə, təxminən, saat 20 radələrində Lənkəran rayonu Girdəni kəndi ərazisində Şahid1 yol hərəkəti qaydasını pozmuş, bu səbəbdən DYP əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra onları müayinə etmək məqsədi ilə Lənkəran şəhər-rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt Şahid1 polis əməkdaşları ilə mübahisə edib polis şöbəsinə getmək istəməmiş, lakin sonradan şöbəyə getməyə razı olmuşdur. O, da Şahid1lə gəldiyindən onunla birlikdə polis şöbəsinə getmişdir. Daha sonra Şahid1 müayinə olunması üçün xəstəxanaya aparmışlar. Polis şöbəsində əvvəlcə YPX-nin yerləşdiyi xidməti otaqlardan birində kamera çəkilişindən və vəkilin iştirakından əvvəl onun üzərində şəxsi axtarış aparılmışdır. Onun şalvarının cibində olan pul qabının içərisindən öz istifadəsi üçün üzərində saxladığı bir büküm psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Polis şöbəsində narkotik vasitəni yenidən ona qaytarıb vəkil dəvət olunandan sonra və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağını bildirərək cibinə qoymasını demişlər. Daha sonra Polis şöbəsinə vəkil dəvət olunmuş, təhqiqatçının xidməti otağında vəkilin iştirakı ilə və videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı əynindəki şalvarının cibinə qoyduğu və öz istifadəsi üçün saxladığı bir büküm psixotrop maddə olan metamfetamin üzərindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu Aşağı-Güzdək qəsəbəsində yaşayır. Son bir ildə və demək olar ki, hər gün psixotrop maddə metamfetamindən siqaretin zərli kağızında yandırma yolu ilə tüstüsünü udmaqla qəbul edir. O, istifadə etdiyi psixotrop maddəni Bakı şəhər ərazisində təsadüfən rastlaşdığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslərdən alır. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri “20 Yanvar” adlanan ərazidə əvvəllər tanımadığı bir şəxslə rastlaşmış, onunla söhbət edərkən narkotik vasitə istifadəçisi olduğunu bilmiş və ondan psixotrop maddə istədikdə həmin şəxs ona 10 manata bir bükümdə psixotrop maddə olan metamfetamin satmışdır. O, aldığı psixotrop maddəni bədənində ağrılar olan zaman istifadə etməsi üçün əynindəki şalvarının cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə onunla eyni məhəllədə yaşayan dostu Şahid1 birlikdə Lənkəran rayonu Sinovlu kəndinə getmələrini ondan xahiş etmişdir. O, səbəbini soruşanda Şahid1 bir şəxsdən at balası alacağını demiş və beləliklə də onlar Azərin idarə etdiyi “MERCEDES” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonundan Lənkəran rayonuna yola düşmüşlər. Elə həmin gün, təxminən, saat 20:05 radələrində Lənkəran rayonu Girdəni kəndi ərazisində Azər yol hərəkəti qaydasını pozmuş, bu səbəbdən yol polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra onları müayinə etmək məqsədi ilə Lənkəran şəhər-rayon Polis Şöbəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə birgə polis şöbəsinə getmişlər. Orada polis əməkdaşları tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı əynindəki şalvarının sol yan cibindən öz istifadəsi üçün saxladığı bir büküm psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Elektron tərəzidə çəkildikdən sonra həmin metamfetamin zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərinə o özü və vəkili də imza etmişlər. Bu barədə protokol tərtib olunmuş və həmin protokol da imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları ilə şifahi sorğuda bildirmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamindir və həmin metamfetamini öz istifadəsi üçün üzərində saxlamışdır. Onun narkotik vasitə istifadə etməsindən və həmin gün üzərində metamfetamin olmasından Şahid1 xəbəri olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, ilk dəfədir ki, cinayət törədir. Törətdiyi cinayət əməlini könüllü etiraf edir. Psixotrop maddə metamfetamini əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Onun üç azyaşlı uşağı vardır, onlardan biri hazırda onun özünün himayəsindədir, digər iki uşağı isə əvvəlki nikahından olmaqla, anaları ilə birgə yaşayırlar və o, həmin uşaqlar üçün hər ay aliment ödəyir. Ailəsində ondan başqa əmək qabiliyyətli şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid1 ifadə verərək göstərdi ki, Abşeron rayonu Aşağı-Güzdək qəsəbəsində ailə üzvlərilə birlikdə yaşayır. Etibarnamə ilə idarə etdiyi “MERCEDES VİTA” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Lənkəran rayonu ərazisində hərəkətdə olan zaman ötmə əməliyyatını düzgün şəkildə etmədiyinə görə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona yaxınlaşan zaman o, avtomobildən yerə enmiş və polis əməkdaşları ona hərəkətlərindən şübhələndiklərini bildirərək onu tibbi müayinə olunması üçün şöbəyə dəvət etmişlər. O, əvvəl şöbəyə getməyə razı olmasa da, sonradan polis əməkdaşları ilə şöbəyə getmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan vaxt tanışı Təqsirləndirilən şəxs da sərnişin qismində onun avtomobilində olmuşdur. Təqsirləndirilən şəxs onunla birgə Lənkəran rayonuna getməsini o özü xahiş etmişdir. Onu və Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər, daha sonra müayinədən keçməsi üçün onu xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs isə polis şöbəsində qalmışdır. Müayinə olunub polis şöbəsinə qayıtdıqdan sonra vəkillə təmin edilmiş, sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Onun üzərinə şəxsi axtarış aparılarkən hər hansı qanunsuz əşya aşkar edilməmiş, bundan sonra o, sərbəst buraxılmışdır. Tanışı Təqsirləndirilən şəxs üzərində isə narkotik vasitə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə onun əvvəlcədən heç bir məlumatı olmamış, polis əməkdaşları onları saxlayarkən Təqsirləndirilən şəxs əlindəki hər hansı əşyanı yerə atmaq istədiyinin şahidi olmamışdır. Əlavə olaraq bildirir ki, polis əməkdaşları onları saxlayarkən yalnız o, polis əməkdaşları ilə ünsiyyətdə olmuş, Təqsirləndirilən şəxs isə avtomobildə qalmışdır. Şahid Lənkəran şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru Şahid3 Xəqani oğlu ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 20 radələrində Lənkəran rayonu Girdəni kəndində DYPB-nin YPX inspektoru Şahid4 ilə birlikdə xidmətdə olarkən həmin ərazidə hərəkətdə olan “MERCEDES VİTA” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “ötmə qadağandır” yol nişanının tələblərini pozduğu üçün onu saxlamışlar. Avtomobil saxlanıldıqdan sonra sənədlərə baxış zamanı müəyyən olunmuşdur ki, avtomobildə olan şəxslər Abşeron rayonu sakinləri olan sürücü Şahid1 və sərnişin Təqsirləndirilən şəxsdur. Həmin vaxt Təqsirləndirilən şəxs və Şahid1 hərəkətləri şübhə doğurduğu üçün onları Lənkəran ŞRPŞ-nin inzibati binasına dəvət etmişlər. Şahid1 əvvəlcə polis şöbəsinə getməyə etiraz etsə də, sonradan onlarla şöbəyə gəlmişdir. Həmin vaxt Şahid1 yanında sərnişin qismində olan Təqsirləndirilən şəxs da onunla birgə şöbəyə aparılmışdır. Onlar Şahid1lə Təqsirləndirilən şəxs saxlayan zaman Təqsirləndirilən şəxs əlindəki hər hansı əşyanı yerə atmaq istəməsini görməmişdir. Çünki, həmin vaxt o, efir vasitəsilə komandiri ilə danışmışdır. Şübhələndikləri şəxs Şahid1 üzərindən və avtomobilindən qeyri-qanuni hər hansı əşya aşkar olunmadığı halda, həmin avtomobildə sərnişin qismində olmuş Təqsirləndirilən şəxs barəsində hansı səbəbdən tutulma tətbiq edildiyini bilmir. Ancaq polis şöbəsinə gətirilən hər bir şəxsin üzərində şöbəyə gətiriləndən sonra şəxsi axtarış aparıldığına görə qanunsuz əşyalar həmin vaxt da aşkar edilmiş ola bilərdi. Onlar polis şöbəsinə gəldikdən sonra vəkilin iştirakı ilə Şahid1 üzrərində şəxsi axtarış aparılmışdır. Onların olduğu avtomobilə baxış keçiriməsi və üzərlərində şəxsi axtarış aparılması üçün Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və PPXB-nin polis nəfəri Şahid5 Asəf oğlu da dəvət olunmuşlar. Polis şöbəsində YPX-nin yerləşdiyi xidməti otaqlardan birində videoçəkiliş və vəkilin iştirakı olmadan Təqsirləndirilən şəxs üzərində əvvəlcədən şəxsi axtarış aparılmasından məlumatı olmamışdır, çünki, o həmin vaxt Şahid1 müayinə üçün xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunduqdan sonra onun üzərində videoçəkiliş aparılmaqla və vəkilin iştirakı şəxsi axtarış aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sol yan cibindən bir bükümdə gümüşü rəngli kağıza bükülmüş, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imza və möhürlə təsdiq edilmişdir. Təqsirləndirilən şəxsla şifahi sorğu keçirilərkən o, üzərindən aşkar edilmiş kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri “20 Yanvar” adlanan ərazidə üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən bir bükümdə olmaqla 10 manata alıb öz istifadəsi üçün cibində saxladığını, tanışı Şahid1 onun üzərində olan psixotrop maddədən heç bir məlumatı olmadığını bildirmişdir. Sonra bu barədə protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs və onun vəkili də həmin protokola imza etmişlər. Şahid3 Xəqani oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə, təxminən, saat 20 radələrində Lənkəran rayonu Girdəni kəndində DYPB-nin YPX inspektoru Şahid4 ilə birlikdə xidmətdə olarkən həmin ərazidə hərəkətdə olan “MERCEDES VİTA” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “ötmə qadağandır” yol nişanının tələblərini pozduğu üçün onu saxlamışlar. Avtomobil saxlanıldıqdan sonra sənədlərə baxış zamanı müəyyən olunmuşdur ki, avtomobildə olan şəxslər Abşeron rayonu sakinləri olan sürücü Şahid1 və sərnişin Təqsirləndirilən şəxsdur. Həmin vaxt Təqsirləndirilən şəxs və Şahid1 hərəkətləri şübhə doğurduğu üçün onları Lənkəran ŞRPŞ-nin inzibati binasına dəvət etmişlər. Onların olduğu avtomobilə və üzərlərinə baxış keçirilməsindən ötrü Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və PPXB-nin polis nəfəri Şahid5 Asəf oğlu da dəvət olunmuşlar. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunduqdan sonra onun üzərinə videoçəkilişlə baxış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sol yan cibindən gümüşü rəngli kağıza bükülmüş bir bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imza və möhürlə təsdiq edilmişdir. Təqsirləndirilən şəxsla şifahi sorğu keçirilərkən o, üzərindən aşkar edilmiş kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri “20 Yanvar” adlanan ərazidə üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən bir bükümdə olmaqla 10 manata alıb öz istifadəsi üçün cibində saxladığını, tanışı Şahid1 onun üzərində olan psixotrop maddədən heç bir məlumatı olmadığını bildirmişdir. Sonra bu barədə protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs və onun vəkili də həmin protokola imza etmişlər. Şahid Lənkəran şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru Şahid4 ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, təxminən, saat 20 radələrində Lənkəran rayonu Girdəni kəndində DYPB-nin YPX inspektoru Şahid3 Xəqani oğlu ilə birlikdə xidmətdə olarkən həmin ərazidə hərəkətdə olan “MERCEDES VİTA” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “ötmə qadağandır” yol nişanının tələblərini pozduğu üçün onu saxlamışlar. Avtomobil saxlanıldıqdan sonra sənədlərə baxış zamanı müəyyən olunmuşdur ki, avtomobildə olan şəxslər Abşeron rayonu sakinləri olan sürücü Şahid1 və sərnişin Təqsirləndirilən şəxsdur. Həmin vaxt Təqsirləndirilən şəxs və Şahid1 hərəkətləri və zahiri əlamətləri şübhə doğurduğu üçün onları müayinədən keçirmək üçün Lənkəran ŞRPŞ-nin inzibati binasına dəvət etmişlər. Şahid1 əvvəlcə polis şöbəsinə getməyə etiraz etsə də, sonradan onlarla şöbəyə getmişdir. Onlar Şahid1lə Təqsirləndirilən şəxs saxlayan zaman onun şübhəli hərəkətlər etməsini, avtomobildən yerə enib onlardan uzaqlaşaraq əlində olan hansısa bir əşyanı yerə atmaq istədiyini görmüşlər. Həmin vaxt YPX əməkdaşı Şahid3 həmin əşyanı Eşlən Səfərovdan alaraq YPX əməkdaşlarının xidməti avtomobilinə qoymuşdur. Daha sonra o, X16 Kərimlinin idarə etdiyi YPX avtomobilinə əyləşdirmiş, özü isə Şahid1 idarə etdiyi avtomobili idarə edərək polis şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs alınmış bükülü şəklində olan əşya polis şöbəsində təhqiqatçının otağında yenidən onun özünə qaytarılmışdır. Həmin şəxslərin olduğu avtomobilə baxış keçirilməsi və üzərlərində şəxsi axtarış aparılmasından ötrü Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və PPXB-nin polis nəfəri Şahid5 Asəf oğlu da dəvət olunmuşlar. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunduqdan sonra üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və həmin vaxt o, əynindəki boz rəngli şalvarının sol yan cibindən gümüşü rəngli kağıza bükülmüş bir bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Bu barədə müvafiq protokol tərtib edilmişdir. Daha sonra Şahid1 üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən, həmçinin avtomobilindən hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, Lənkəran ŞRPŞnin YPX inspektoru Şahid3 Xəqani oğlu xx.xx.2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin rəisinə raportla müraciət edərək həmin gün saat 20 radələrində Lənkəran rayonu Girdəni kəndində “MERCEDES VİTA” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün “ötmə qadağandır” yol nişanının tələblərini pozduğu üçün saxlanıldığını bildirmişdir. Həmin avtomobil saxlanıldıqdan sonra sənədlərə baxış zamanı müəyyən olunmuşdur ki, avtomobildə olan şəxslər Abşeron rayon sakinləri sürücü Şahid1 və sərnişin Təqsirləndirilən şəxsdurlar. Həmin vaxt Təqsirləndirilən şəxs və Şahid1 hərəkətlərində şübhə yarandığı üçün o və Şahid3 həmin şəxsləri Lənkəran ŞRPŞ-nin inzibati binasına dəvət etmişlər. Onların avtomobilinə və üzərlərinə baxış keçirilməsindən ötrü poli əməkdaşları Şahid2 və Şahid5 də dəvət olunmuşlar. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ cibindən gümüşü rəngli kağıza bükülmüş bir bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 0,98 qram olmuşdur. Sonra həmin kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmiş, zərfin üzərində Təqsirləndirilən şəxs və onun müdafiəçisi də imza etmişlər. Təqsirləndirilən şəxs ilə şifahi sorğu keçirilərkən bildirmişdir ki, üzərindən aşkar olunmuş bir bükümdə psixotrop maddə olan metamfetamini xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhərində “20 Yanvar” adlanan ərazidə üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 10 manata satın almış, həmin bir büküm metamfetamini cibinə qoyaraq öz istifadəsi üçün üzərində saxlamışdır. Tanışı Şahid1 onun üzərində metamfetamin olması barədə heç bir məlumatı olmamışdır. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu iştirakçılar və Təqsirləndirilən şəxs da imzalarla təsdiq etmişlər. Bundan əlavə, Şahid1 də təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuş, videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış, idarə etdiyi avtomobilə isə baxış keçirilmişdir. Şəxsi axtarış və baxış zamanı Şahid1 üzərindən, idarə etdiyi avtomobilindən hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Bu səbəbdən onun şübhəli şəxs kimi tutulmasına xitam verilmişdir. Şahid1 tanışı Təqsirləndirilən şəxs üzərində olan metamfetamindən heç bir məlumatı olmadığını bildirmişdir. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu iştirakçılar və Şahid1 də imzalarla təsdiq etmişlər. Şahid Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, təxminən, saat 20 radələrində Lənkəran rayonu Girdəni kəndində DYPB-nin YPX inspektorları Şahid3 Xəqani oğlu və Şahid4 birlikdə xidmətdə olarkən həmin ərazidə hərəkətdə olan “MERCEDES VİTA” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “ötmə qadağandır” yol nişanının tələblərini pozduğu üçün onu saxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs və Şahid1 hərəkətləri şübhə doğurduğu üçün onları müayinədən keçirmək üçün Lənkəran ŞRPŞ-nin inzibati binasına dəvət etmişlər. Onların olduğu avtomobilə baxış keçirilməsi və üzərlərində şəxsi axtarış aparılmasında ötrü o və Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri Şahid5 Asəf oğlu da dəvət olunmuşlar. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunduqdan sonra videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmış, bu zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sol yan cibindən gümüşü rəngli kağıza bükülmüş, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imza və möhürlə təsdiq edilmişdir. Təqsirləndirilən şəxsla şifahi sorğu keçirilərkən o, üzərindən aşkar edilmiş kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri “20 Yanvar” adlanan ərazidə üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən bir bükümdə olmaqla 10 manata alıb öz istifadəsi üçün cibində saxladığını, tanışı Şahid1 onun üzərində olan psixotrop maddədən heç bir məlumatı olmadığını bildirmişdir. Sonra bu barədə protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs və onun vəkili də həmin protokola imza etmişlər. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri Şahid5 Asəf oğlu da Şahid2 ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən edilir ki, həmin tarixdə saat 20:40-dan başlayaraq Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən o, əynindəki boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd falqaya bükülmüş içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxarıb könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, onun özünə aid olduğunu və öz istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar edilmiş kütlə Təqsirləndirilən şəxs özünün və vəkilin iştirakı ilə elektron tərəzidə çəkilərək çəkisinin 0,98 qram olması müəyyən edilmiş, daha sonra həmin kütlə zərfə qoyularaq möhürlənmişdir. Qeyd olunan hərəkətlər barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs özü və vəkili də protokola imza etmişlər. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-X3 regional bölməsinin xx.xx.2023-cü il tarixli 19/694 nömrəli rəyi və həmin tarixli aktla müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə...” sözləri və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,676 qram olan ağ rəngli kristiallardan ibarət kütlə psixotrop maddə -metamfetamindir. Tədqiqat obyektinin 0,05 qramdan ibarət hissəsi tədqiqata istifadə olunduqdan sonra çəkisi 0,626 qram olan maddə qalığı bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır (Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir). İş materiallarına əlavə edilmiş Lənkəran şəhər-rayon X9 Bölməsinin müstəntiqi X1 qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibi rədd edilmiş, onun üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatları zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 0,626 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Lənkəran şəhər-rayon Polis Şöbəsinin maddi sübutların saxlanması kamerasına təhvil verilmişdir. Şəxsi axtarış zaman video çəkiliş aparılmasına dair 2 ədəd DVD disk maddi sübut kimi tanınaraq işə əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər narkoloji xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli 852 nömrəli rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstiensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin, öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:05-də polis əməkdaşları tərəfindən saxlanılaraq Lənkəran şəhər-rayon Polis Şöbəsinə gətirilmiş və həmin gün saat 20:30-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbiri seçmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan və həmin tarixli aktdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:50-də li Lənkəran ŞRPŞ-nin MSY-dən azad edilərək onun haqqında həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Abşeron rayon Mənzil-kommunal X2 Təmiri Birliyinin Aşağı Güzdək Mənzil X2 Təmir sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 162 nömrəli, Abşeron rayon İcra Hakimiyyəti başçısının Aşağı Güzdək qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 684/A nömrəli arayışlardan, xx.xx.2021-ci il tarixli AZ-İV 579366 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Aşağı Güzdək qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvada arvadı X8 və xx.xx.2020-ci il tarixdə anadan olmuş uşağı X6 ilə birgə yaşayır. İş materiallarına əlavə edilmiş elektron informasiya məlumat sistemi üzrə xx.xx.2023-cü il tarixli çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə anadan olmuş X4 başqa xx.xx.2007-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X10 adlı iki yetkinlik yaşına çatmayan uşağı da vardır. İş materiallarına əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının Aşağı Güzdək qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 685 nömrəli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazi üzrə nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokolla, həmçinin, iş üzrə şahid qismində dindirilmiş Lənkəran şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin əməkdaşları Şahid3 Xəqani oğlu və Şahid4 məhkəmə istintaqı zamanı verdikləri ifadələrin ibtidai istintaq zamanı verilmiş ifadələrdən fərqli xüsusiyyətləri ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetaminin aşkar olunma məqamı, şəraiti və bu prosesin rəsmiləşdirilməsi məsələsi ilə bağlı kifayət qədər ziddiyyətli halların olması müəyyən edilmişdir. Qeyd olunan hallar təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılması ilə bağlı tərtib edilmiş prosessual sənədin (ittiham tərəfindən məhkəməyə təqdim edilmiş sübutun) mötəbərliyini şübhə altına alır. Belə ki, işin məhkəmədə müəyyən edilmiş hallarından, eyni zamanda, şahid qismində dindirilmiş YPX-nin əməkdaşlarının ifadələrindən də göründüyü kimi, xx.xx.2023-cü il tarixdə Elşən Şəfərovun sərnişin qismində olduğu, Şahid1 idarə etdiyi avtomobil sonuncunun Lənkəran rayonu ərazisində hərəkətdə olan zaman ötmə əməliyyatını düzgün şəkildə yerinə yetirmədiyinə görə YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Başqa sözlə, şübhə doğuran və araşdırma tələb edən hallar Elşən Şəfərovun deyil, məhz Şahid1 hərəkətlərində müəyyən olunmuşdur. Avtomobil YPX-nin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Şahid1 üzərində, avtomobilində hər hansı qanunsuz əşya aşkar olunmadığı, tibbi müayinənin nəticələrinin də neqativ olduğu halda, onun avtomobilində sərnişin qismində olan şəxsin, yəni Təqsirləndirilən şəxs polis şöbəsinə aparılması, barəsində tutulma qərarı qəbul edilməklə üzərində şəxsi axtarış aparılması və məhz bu zaman psixotrop maddənin aşkar olunması ağlabatan deyildir. Təqsirləndirilən şəxs da hərəkətləri şübhə doğurmuş olsaydı belə, avtomobildə sərnişin qismində olduğu üçün YPX-nin əməkdaşlarının onu saxlaması, PPX-nin əməkdaşlarını hadisə yerinə dəvət etmədən onu özləri polis şöbəsinə aparmaları qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr saxlaması, onlardan istifadə etməsi barədə əvvəlcədən əməliyyat məlumatının olması barədə iş materiallarında da hər hansı sənəd aşkar edilmədiyinə görə ehtimal edilir ki, psixotrop maddənin onun üzərində olması məhz həmin gün avtomobil saxlanıldıqdan sonra, lakin polis şöbəsinə aparılanadək və müdafiəçinin iştirakı ilə tutulma barədə qərar qəbul edilənədək müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı tərtib edilmiş protokoldan və videogörüntülərdən də müəyyən edilir ki, onun üzərində hazırki ittihamda istinad edilən psixotrop maddədən başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Psixotrop maddənin Təqsirləndirilən şəxs aid olması inkar edilmədiyi də nəzərə alınmaqla, bu hal onu deməyə əsas verir ki, həmin maddənin onun üzərində olması barəsində tutulma qərarı qəbul edilməzdən və üzərində şəxsi axtarış aparılmazdan daha əvvəl aşkar olunmuşdur. Bundan əlavə, məhkəmə iclasında şahid qismində dindirilmiş, həmin vaxt hadisə yerində olan YPX-nin əməkdaşlarından biri Təqsirləndirilən şəxs saxlayan zaman onun əlindəki hər hansı əşyanı yerə atmaq istəməsinin şahidi olmadığını bildirsə də, digəri Təqsirləndirilən şəxs saxlayan zaman onun şübhəli hərəkətlər etməsini, avtomobildən yerə enib onlardan uzaqlaşaraq əlində olan hansısa bir əşyanı yerə atmaq istədiyini gördüklərini, bu zaman YPX əməkdaşı Şahid3 həmin əşyanı Təqsirləndirilən şəxs alaraq YPX əməkdaşlarının xidməti avtomobilinə qoyduğunu, Təqsirləndirilən şəxs alınmış bükülü şəklində olan əşyanın polis şöbəsində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçının otağında yenidən onun özünə qaytarıldığını qeyd etmişlər. Eyni zamanda, məhkəmə iclasında şahid qismində ifadə verən YPX əməkdaşları hadisənin baş vermə şəraiti ilə bağlı məhkəmə istintaqında ibtidai istintaqdan fərqli, habelə, hadisə vaxtı eyni məkanda birlikdə olmalarına baxmayaraq biri digəri ilə ziddiyyət təşkil edən ifadələr vermişlər. Bütün bunlar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, onun üzərində psixotrop maddə olduğu halda belə, bu faktın aşkar edilmə prosesi və bunun rəsmiləşdirilməsi ilə bağlı prosessual hərəkətlər qanunvericiliyin tələbinə uyğun şəkildə yerinə yetirilməmişdir. Qanunvericiliyin tələbinə görə sübutlara obyektiv qiymət verilməsi dedikdə, sübutun məzmununu təşkil edən dəlillərin və faktların məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən qiymətləndirilməsi başa düşülür və bu da ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu araşdırmağı tələb edir. Sübut o halda mötəbər hesab edilə bilər ki, onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə, bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda, məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetaminin aşkar olunma məqamı, şəraiti və bu prosesin rəsmiləşdirilməsi ilə bağlı tərtib edilərək ittiham tərəfindən məhkəməyə təqdim edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokol və şahid qismində dindirilmiş şəxslərin ifadələrinin bununla əlaqədar hissəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı, psixotrop maddə olan metamfetaminin Təqsirləndirilən şəxs üzərindən nə zaman və hansı şəraitdə aşkar olunmasından asılı olmayaraq onun şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən, 0,676 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxladığı inkar olunmadığından və təqsirləndirilən şəxs özü də həmin psixotrop maddənin onun özünə aid olmaqla öz istifadəsi üçün üzərində gəzdirdiyini həm ibtidai istitaq zamanı bildirdiyinə, həm də hər hansı təsir və ya təzyiq olmadan məhkəmə iclasında da etiraf etdiyinə görə məhkəmə törədilmiş əmələ məhkəmə istintaqında araşdırılmış faktlar və mötəbər sübutlar əsasında hüquqi qiymət verməklə Təqsirləndirilən şəxs tərəfindən ona elan edilmiş ittihamda qeyd edilən cinayət əməlinin törədildiyini sübuta yetirilmiş hesab edir. Məhkəmə tədqiq edilmiş mötəbər sübutlara bir-biri ilə əlaqəli şəkildə və müqayisəli təhlil aparılmaqla qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tamamilə sübuta yetirilmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edib özündə saxlasa da, polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən onun könüllü olaraq psixotrop maddəni təqdim etdiyini, həmin psixotrop maddənin özünə məxsus olduğunu dərhal etiraf etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirməyə çalışır. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə, ailəsinin vəziyyətinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə, təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 20:05-dən xx.xx.2023-cü il saat 19:50-dək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzasından çıxılmalıdır. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs hazırda təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 19/694 nömrəli rəyinin və Təqsirləndirilən şəxs barəsində polis əməkdaşlarının tərtib etdiyi “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokolun nəticələrini müqayisə edərək narkotik vasitənin çəkisinin məhkəmə-bioloji ekspertizası tərəfindən daha dəqiq müəyyən edilməsini nəzərə almaqla, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitənin xalis çəkisinin ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda - 0,676 qram olmasını qəbul edir. İş üzrə maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 0,626 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - şəxsi axtarış zaman video çəkiliş aparılmasına dair 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 60 manat ekspertiza xərci Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbinin olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 20:05-dən xx.xx.2023-cü il saat 19:50dək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 4 gün müddət ona təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Abşeron rayonu ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Abşeron rayonu Aşağı-Güzdək qəsəbəsində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji xəstəxanada qeydiyyata alınsın. İş üzrə maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 0,626 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - şəxsi axtarış zaman video çəkiliş aparılmasına dair 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 60 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbinin olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində həmin hökmdən Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar