Məhkəmə qərarları › İş №1(049)-417/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-417/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-417/2023 21.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Raqib Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1973-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/6, mənzil 73-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə Lənkəran şəhərində müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) bükümdə təmiz çəkisi- 0,533 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 11 iyul 2023-cü il tarixdə, saat 17:30-da Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Lənkəran şəhəri, Z.Əliyeva küçəsində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən göstərilən çəkidə və bükümdə olan psixotrop maddə metamfetamin əynindəki şalvarın sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmənin hazırlıq iclası zamanı dövlət ittihamçısı vəsatətlə müraciət edərək cinayət təqibini istisna edən hal aşkar edildiyindən təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini bildirmiş, vəsatətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölmüşdür, bəraətverici əsaslar yoxdur və bu səbəbdən də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsini təklif etmişdir. Təqsirləndirilən şəxsin hüquqi varisi X1 yazılı ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müdafiəçi hazırki iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazlarının olmamasını bildirmişdir. İş materiallarında olan 11 iyul 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, vət. Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olmuş şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü təqdim etmiş və şifahi verilən suallara cavab olaraq təqdim etdiyi həmin 1 ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri “Böyük Bazar” ərazisində tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 5 manata aldığını bildirmişdir. X2 üzərindən aşkar olunaraq götürülmüş 1 bükümdə psixotrop maddə metamfetamin kütləsi elektron tяrяzidя çяkilmiş, zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 11 iyul 2023-cü il tarixli 19/719 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs aşkar olunan kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,533 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. İş materiallarında əlavə edilmiş 13 iyul 2023-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 02 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin, 21 ədəd DVD disk maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.483 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun xx.xx.2023-cü il tarixli cavabından və Quba rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildə Quba rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə xx.xx.2016-ci il tarixli Aministiya qərarı ilə cəzası 6 ay azaldılmış və xx.xx.2016-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilmişdir. İş materiallarında olan Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs, 11 iyul 2023-cü il tarixdə saat 17:45-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 13 iyul 2023-cü il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilmədiyindən, eyni tarixli qərarla “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin 30 noyabr 2023-cü il tarixli, 3-16-17/36/2- 3898/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə müalicə müəssisəsində vəfat etmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ölmüşdür. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan CM-nin 234.1-ci maddəsi ilə cinayət işinə xitam verilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət işinə xitam verilməlidir. Belə ki, CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. CPM-nin 39.3-cu maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. CPM-nin 300.1.7-ci maddəsi məhkəmə hazırlıq iclası zamanı qəbul edilən qərarlar arasında iş üzrə icraata xitam verilməsi müəyyən etmişdir. CPM-nin 305-ci maddəsinin tələblərinə görə, məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Həmin Məcəllənin 305.2-ci maddəsinin tələbinə görə cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin ölməsini və təqsirləndirilən şəxsin hüquqi varisinin iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi barədə ərizəsini, o cümlədən onun müdafiəçisinin işə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazlarının olmamasını nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə olan cinayət işinə xitam verilməlidir. CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunan hüquq normasının tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.483 qram qalıq çəkisi olan metamfetamin CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli, 1 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 65 manat dəyərində məhkəmə məsrəfi müəyyən edilmişdir ki, bununla bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs öldüyündən həmin məbləğ dövlət büdcəsinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39, 41, 300, 3005-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin. Maddi sübut – Lənkəran ŞRPŞ-da saxlanılan 0.483 qram psixotrop maddə metamfetamin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən 60 manat məbləğində pul dövlət büdcəsinə aid edilsin. Qərar tərəfə rəsmi qaydada verildikdən sonra ondan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar