Məhkəmə qərarları › İş №1(049)-419/2022

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-419/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-419/2022 03.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 14.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1987-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixiotrop maddə оlаn metamfetamini əldə edib, üzərində saxlamаqlа dаşımışdır. Bеlə ki, о, 2022-ci ilin avqust ayında Lənkəran şəhərində məlum olmayan mənbədən və şəraitdə, satış məqsədilə qanunsuz olaraq bir ədəd sellofan torbanın içərisində yerləşdirilmiş dörd ədəd kağız bükümdə, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,176 qram, 0,096 qram, 0,174 qram, 0,209 qram, ümumi təmiz çəkisi 0,655 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 29 avqust 2022-ci il tarixdə, saat 18 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, Səttarxan küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən qeyd edilən çəkidə və bükümdə psixotrop maddə metamfetamin, şalvarının sağ yan cibindən isə üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd işlək vəziyyətdə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 16 yaşından narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkomaniyadan əziyyət çəkir, bir dəfə dispanserdə müalicədə olmuşdur. Özü bərbər olsa da, hazırda işləmir. 29 avqust 2022-ci il tarixdə, günorta saatlarında Lənkəran şəhərində “kiçik bazar” adlanan yerdə 20 manata öz istifadəsi üçün metamfetamin almış, çəkidə aldanmamaq üçün aldığı narkotik vasitəni elektron tərəzidə çəkmişdir. Həmin gün axşam saatlarında yaşadığı Lənkəran rayonu, Səttarxan küçəsi ilə hərəkətdə olarkən ona üç nəfər mülki geyimdə şəxs yaxınlaşaraq onu polis şöbəsinə dəvət etdikdə razılaşmışdır. Polis şöbəsində vəkilin iştirakı ilə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı şalvarının sol yan cibindən dörd büküm metafetamin, sağ yan cibindən isə elektron tərəzi aşkar edilmişdir. Daha sonra protokol tərtib edilmiş və imzalanmışdır. Onun satış məqsədi olmamışdır, narkotik vasitələri öz istifadəsi üçün almışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Baləddin оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlaması və satışı ilə məşğul olması haqqında daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar rəhbərliyə məruzə edildikdən sonra onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. 29 avqust 2022-ci il tarixdə, saat 18 radələrində Yusubov X1 şəhəri, Səttarxan küçəsində müəyyən edilmiş və polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmiş və polis şöbəsində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən dörd büküm psixotrop maddə metamfetaminə oxşar maddə, şalvarının sağ yan cibindən isə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsn həmin psixotrop maddə və elektron tərəzinin ona özünə məxsus olduğunu, narkotik vasitəni istifadə etmək üçün Lənkəran şəhəri, Mərkəzi bazar adlanan ərazidə tanımadığı şəxsdən 20 manata aldığını, elektron tərəzini isə narkotik vasitə alarkən çəkidə aldanmamaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra protokol tərtib edilmiş və imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlaması və satışı ilə məşğul olması haqqında əməliyyat məlumatı şöbənin əməliyyat müvəkkili Şahid1 icraatına daxil olmuş, bu barədə rəhbərliyə məruzə edildikdən sonra sonuncunun rəhbərliyi ilə yaradılmış əməliyyat qrupunda iştirak etmişdir. 29 avqust 2022-ci il tarixdə, saat 18 radələrində Yusubov X1 şəhəri, Səttarxan küçəsində müəyyən edilmiş və polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlmiş və polis şöbəsində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən dörd büküm psixotrop maddə metamfetaminə oxşar maddə, şalvarının sağ yan cibindən isə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsn həmin psixotrop maddə və elektron tərəzinin ona özünə məxsus olduğunu və istifadə etmək üçün Lənkəran şəhəri, Mərkəzi bazar adlanan ərazidə tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış cinayət işinin 77-79-cu vərəqlərində olan Şahid2 Rəfail oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlaması və satışı ilə məşğul olması haqqında əməliyyat məlumatı şöbənin əməliyyat müvəkkili Şahid1 icraatına daxil olmuş, bu barədə rəhbərliyə məruzə edildikdən sonra sonuncunun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupunda iştirak etmişdir. 29 avqust 2022-ci il tarixdə, saat 18 radələrində Yusubov X1 şəhəri, Səttarxan küçəsində müəyyən edilmiş və polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlmiş və polis şöbəsində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən dörd büküm psixotrop maddə metamfetaminə oxşar maddə, şalvarının sağ yan cibindən isə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin psixotrop maddə və elektron tərəzinin ona özünə məxsus olduğunu və istifadə etmək üçün Lənkəran şəhəri, Mərkəzi bazar adlanan ərazidə tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Elektron tərəzini isə narkotik vasitə alarkən çəkidə aldanmamaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonda tərtib edilmiş protokol istintaq hərəkətində iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Cinayət işinin 28-29-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması” 29 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən, şalvarının sol yan cibindən 04 ədəd bükümdə psoxotrop maddə metamfetamin, sağ yan cibindən isə elektron tərəzi aşkar edilərək götürülmüş, həmin psixotrop maddənin çəkisi 0.97 qram olmuş, Təqsirləndirilən şəxs həmin psixotrop maddənin və elektron tərəzinin özünə aid olduğunu bildirmişdir. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakları ilə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması barədə” 29 avqust 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən, şalvarının sol yan cibindən 04 ədəd bükümdə psoxotrop maddə metamfetamin, sağ yan cibindən isə elektron tərəzi aşkar edilərək götürülmüş, həmin psixotrop maddənin çəkisi 0.97 qram olmuş, Təqsirləndirilən şəxs həmin psixotrop maddənin və elektron tərəzinin özünə aid olduğunu bildirmişdir. Cinayət işinin 41-44-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 30 avqust 2022-ci il tarixli, 19/891 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş dörd ədəd bükümdə təmiz çəkisi 0.655 qram olan maddə metamfetamindir və kimyəvi tərkibinə görə eynidir. Aşkar edilmiş elektron tərəzi üzərində metamfetamin izləri vardır. Elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri vardır. Cinayət işinin 70-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 01 sentyabr 2022-ci il tarixli, 896 nömrəli ekspert rəyindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 86-87-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 09 sentyabr 2022ci il tarixli qərardan görünür ki, tədqiqat keçirildikdən sonra qalan 0.535 qram çəkidə metamfetamin maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli qərarından qeyd edilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 5(049)-313/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin barədə qərar ibtidai istintaq zamanı məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, təqsirləndirilən şəxsin dörd ayrı-ayrı bükümdə psixotrop maddə ilə yanaşı elektron tərəzi əldə edərək daşımasını və elektron tərəzi üzərində psixotrop maddə izlərinin aşkar edilməsini nəzərə alaraq və yuxarıda qeyd olunan Plenum qərarının müddəalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək psixotrop maddəni satış məqsədi ilə əldə etməməsi, üzərində saxlamаqlа dаşımaması barədə göstərdiyi dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarışın həyata keçirilməsi barədə protokolla və protokola əlavə edilmiş DVD disk və digər sənədlərlə təkzib olunur. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 11-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 29 avqust 2022-ci il tarixli “tutulma” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18.15-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 66-69-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 29 avqust 2022-ci il tarixdən hesab edilmişdir. Cinayət işinin 85-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni satış məqsədi ilə psixotrop maddə və həmin psixotrop maddənin çəkilməsi üçün elektron tərəzi əldə etməsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, yəni uzun müddət narkomaniyadan əziyyət çəkməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs müəyyən müddət azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 01 sentyabr 2022-ci il tarixli, 896 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomanioyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.535 qram psixotrop maddə metamfetamin və elektron tərəzi CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 avqust 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.535 qram psixotrop maddə metamfetamin və elektron tərəzi məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar