Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-42/2025 28.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1988-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkum olunmamış, Astara şəhəri Nizami küçəsi ev 104-də qeydiyyatda olmaqla Lənkəran şəhəri Nizami küçəsi ev 29-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 24 iyul 2024-cü il tarixdə Lənkəran şəhərində qohumu X1 məqsədi olmadan, qanunsuz olaraq, öz istifadəsi üçün xeyli miqdarda, 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,434 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini hədiyyə kimi əldə edib üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran ŞRPŞ-nın əməkdaşları tərəfindən 24 iyul 2024-cü il tarixdə saat 19:10 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanında saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibində bir ədəd plasmas qabının içərisindən qeyd edilən bükümdə və çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək bildirmişdir ki, o, arabir narkotik vasitə qəbul edir. O, Bakı şəhərində yaşayır və Lənkərana gələndə bibisinin evində qalıq. O, 24 iyul 2024-cü il tarixdə Lənkəran şəhəri, Hacı Nasir küçəsində yerləşən bibisinə məxsus olan evdə bibisi oğlu X14 ilə birlikdə olarkən narkotik vasitə vasitə - heroin qəbul etmək istəmişlər. Narkotik vasitəni bibisi oğlu Cavid əldə etmişdir və ona da qəbul etməyi təklif etmişdir. Həmin vaxt narkotik vasitəni stolun üstünə qoymuşlar. Həmin vaxt polis əməkdaşları evə daxil olaraq, onu və bibisi oğlu Cavidi tutaraq, polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərində şəxsi axtarış aparılmamışdan əvvəl polis əməkdaşı Əlvan adlı şəxs ona narkotik vasitəni verərək, videoçəkiliş zamanı onu təqdim edərək, özünə məxsus olduğunu bildirməsini ondan tələb etmişdir. O, da məcburiyyət qarşısında videoçəkiliş zamanı polis əməkdaşı tərəfindən ona verilmiş narkotik vasitə heroini və metamfetamini cibindən çıxararaq, polis əməkdaşlarına təqdim etmiş və özünə məxsus olduğunu bildrmişdir. Lakin həmin heroin və metamfetamin ona məxsus olmamışdır. Eyni zamanda polis əməkdaşları Cavidlə birlikdə onları küçədə deyil, evin içində tutmuşlar. Barəsində müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılan ifadəsində özünü ona qarşı irəli sürülən ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o Astara şəhəri Nizami küçəsi ev 104-də qeydiyyatda olmaqla Lənkəran şəhəri Nizami küçəsi ev 29-da yaşayır. Subaydır. Təxminən 5-6 ildir ki, anası Elmira Abbasova və bacısı Susanna Kərimova ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində kirayə ev tutub yaşayırlar. Hərdəm Lənkəran şəhəri Nizami küçəsində yerləşən evə gəlib baş çəkirlər. Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olurmuş. Anası və bacısı da heç bir yerdə işləmir. Əvvəllər narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. Daha sonra istifadə etməmişdir. Çünki işləyirmiş. Belə ki, Bakı şəhərində onu sürücülük hüququndan 6 ay müddətinə məhrum etdikləri üçün işləyə bilmədiyindən 2023-cü ilin noyabr ayında Lənkərana gəlmişdir. Anası və bacısı Bakı şəhərində qalmışdır. Lənkərana gələndən sonra özünə iş tapa bilmədiyi üçün kakos adlanan narkotik vasitə heroin və şüşə adlanan metamfetamindən istifadə etməyə başlamışdır. Narkotik vasitəni və metamfetamini zər kağızında yandırmaqla tüstüsünü qəbul edir. O yaşadığı evdə tək olduğu üçün hərdən bibisi oğlu Cavid Nağızadənin evinə gedib onunla birlikdə qalırmış. Cavid orada ailə üzvləri ilə birlikdə yaşayır. Cavid özüdə narkomandır və birlikdə hətta narkotik vasitədən evdə gizlin istifadə edirmişlər. O narkotik vasitəni çox vaxtlar Cavidin özündən alırmış. Belə ki, 23 iyul 2024-cü il tarixdə bibisi oğlu Cavidin yaşadığı ünvan 1 ünvanına getmişdir. Gecə orada qalmışdır. Həmin axşam Cavidlə birlikdə narkotik vasitədən istifadə etmişlər. O qonaq qismində ora getdiyi üçün axşam orda qalmışdır. 24 iyul 2024-cü il tarixdə saat təxminən 17 radələrində Caviddən xahiş etmişdir ki, ona şüşə adlanan metamfetamin və kakos adlanan narkotik vasitə heroin versin. O heç bir yerdə işləmədiyi üçün Cavid ona təxminən yarım qram metamfetamin və iki büküm heroin vermişdir. Həmin metamfetamini və heroini şalvarının sol cibində sarı rəngli plasmas qaba qoymuşdur ki, istifadə edər. Cavidə pul verməmişdir. Cavid həmin metamfetamini və heroini hədiyyə kimi vermişdir. Həmin gün saat 19 radələrində Cavidlə birlikdə evdən çıxırmış. O evinə getmək istəyirmiş. Caviddə harasa gedirmiş. Onlar birlikdə həyət qapısından çıxıb küçəyə çıxmaq istəyəndə bir avtomobil gəlib yanlarında saxlamışdır. Avtomobildən bir neçə şəxs düşüb onlara yaxınlaşmışlar. Həmin şəxslər onlara yaxınlaşıb özlərini təqdim edib Lənkəran ŞRPŞ-nın əməkdaşları olduqlarını bildirmişlər və üzərində narkotik vasitə olduğundan şübhəli olduqlarını deyib onu və Cavidi Lənkəran şəhərində yerləşən şöbəyə dəvət etmişlər. Daha sonra polis əməkdaşları onu Lənkəran ŞRPŞ-nə gətirmişlər. Polis şöbəsində müdafiəçi ilə təmin olunmuş və təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra üzərinə videoçəkilişlə axtarış keçirtmişlər. Çəkiliş zamanı təhqiqatçı ona təklif etmişdir ki, üzərində nə varsa təqdim etsin. O əynində olan şalvarının sol yan cibindən plasmas qaba qoyduğu bir büküm metamfetamini və iki büküm heroini, şalvarının sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu və şalvarının arxa cibindən 1 ədəd “Bir bank” plastik kartı təqdim etmişdir. Daha sonra təhqiqatçı üzərinə şəxsi axtarış keçirmişdir. Aşkar edilmiş plasmas qabda olan metamfetamini və iki büküm heroini təhqiqatçı elektron tərəzidə çəkmiş, metamfetaminin çəkisi 0,48 qram, iki büküm heroin isə 0,10 qaram olmuşdur. Həmin bükümlər qablaşdırılmış və götürülmüşdür. Həmçinin plastik kart və mobil telefonu da götürmüşlər. Mobil telefonda istifadə etdiyi ***- ***-**-** saylı nömrə olmuşdur. Daha sonra protokol tərtib edilmiş və doğruluğunu imzlarla təsdiq etmişlər. Tutduğu cinayət əməlindən peşmandır. Psixotrop maddə və narkotik vasitə qəbul etməklə cinayət törətdiyini bilir, narkotik vasitələrin və yaxud psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. İstintaq zamanı iş üzrə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantıdır. 24 iyul 2024-cü il tarixdə Astara şəhəri Nizami küçəsi ev 104-də qeydiyyatda olmaqla, Lənkəran Nizami küçəsi ev 29-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qəbul etməsi, üzərində gəzdirməsi ilə məşğul olması barədə məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini müəyyən edib, ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə şöbənin rəisi tərəfindən əməliyyat qrupu yaradılmış, təsdiq edilmiş 24 iyul 2024-cü il tarixli qərarə əsasən o, Lənkəran ŞRPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili polis mayoru Şahid3 və Liman PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. 24 iyul 2024-cü il tarixdə saat 19 radələrindən Təqsirləndirilən şəxs ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Həmin gün saat 19:10 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri H.Nəsir küçəsində sonuncunun qohumu Cavid Nağızadənin yaşadığı evin küçə qapısında sonuncu ilə birlikdə olduğunu görüb onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu, narkotik vasitələrin, psixotrop maddələrin üzərində gəzdirməsində, istifadə etməsində və satmasında şübhəli olduğunu demişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs və yanında olmuan Cavid Nağızadəni də, polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və bu səbəbdən də, onu avtomobillə Lənkəran ŞRPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra müdafiəçi ilə təmin olunmuş və şöbənin baş təhqiqatçısı polis mayoru Vurğun Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt polis mayoru Şahid3 tərəfindən çəkiliş aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, predmet və narkotik vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 1ədəd plastik oyuncaq qabını, şalvarının sağ yan cibindən 1 ədəd “redmi” markalı mobil telefonu, şalvarının arxa cibindən 1 ədəd plastik bank kartını təqdim edərək bildirmişdir ki, plastik qabda metamfetamin və heroin vardır. Həmin plastik qab açıldıqda içərisində 1 büküm metamfetaminə bənzər kütlə, 2 büküm narkotik vasitə heroinə bənzər kütlələr aşkarlanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 bükümdə metamfetaminə bənzər kütlə və 2 büküm heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, metamfetaminin çəkisi 0,48 qram, heroinə bənzər kütlələrin çəkisi 0,10 qram olmuşdur. Daha sonra metamfetaminə bənzər kütlə və heroinə bənzər kütlələr ayrı-ayrı zərflərə qoyulub qablaşdırılmış, möhürlənmiş, zərflərin üstü imzalarla təsdiq edilmişdir. Redmi markalı mobil telefon və 1 ədəd plastik kart Təqsirləndirilən şəxs götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr metamfetamin və heroindir, özünə məxsusdur, həmin kütlələri həmin gün bibisi oğlu Cavid Nağızadədən həmin gün istifadəsi üçün almışdır. X15 də, bildirmişdir ki, həmin bir büküm metamfetamin və iki büküm heroini qohumu Təqsirləndirilən şəxs pay vermişdir. Bu barədə baş təhqiqatçı Vurğun Məmmədov tərəfindən protokol tərtib edilmiş, doğruluğunu imzalarla təsdiq etmişlər. İş üzrə dindirilmiş şahidlər Şahid2 və Şahid3 digər şahid X6 ifadəsinə uyğun ifadə vermişdir. Şahid3 həmçinin ifadəsində bildirmişdir ki, saxlanılarkən və sonradan onun tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmiş və ona narkotik vasitə və psixotrop maddə verilməmişdir. İşin məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. 24 iyul 2024-cü il tarixdə Elvin onlara qonaq gəlmişdi və qardaşı Cavid Nağızadə ilə qardaşı Cavidin otağında olmuşlar. Həmin gün 5-6 polis əməkdaşı onların yaşadıqları evə daxil olaraq qardaşı Cavidi və Elvini həbs edərək, özləri ilə aparmışlar. Həmin vaxt o, qardaşı Cavidi tutub saxlayaraq, polis əməkdaşlarının onu həbs etmələrinə mane olmağa çalışmışdır, polis əməkdaşları isə Cavidi onun əlindən alaraq, özləri ilə aparmışlar. Hadisə vaxtı o, özündən getmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, həmçinin təqsirləndirilən şəxsin ifadəsi və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 24 iyul 2024-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilən şəxsi axtarışın videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olmuş şalvarının sol yan cibindən bir ədəd kiçik plastik qabda bir bükümdə 0,48 qram psixotrop maddə metamfetamini və iki bükümdə ümumi 0,10 qram narkotik vasitə heroni çıxarıb təqdim etmiş, həmin psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin özünə məxsus olduğunu, istifadəsi üçün bibisi oğlu Cavid Nağızadədən sonuncunun yaşadığı evində alıb üzərində gəzdirdiyini göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X8 Bölməsi tərəfindən “məhkəmə-kimyəvi ekspertizası” üzrə verilmiş 25 iyul 2023-cü il tarixli 19/574 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi: -0,434 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri: -0,041 qr: -0,035 qram: ümumi təmiz çəkisi; -0,076 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici görünüşünə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynidir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İ). Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir (Siyahı İ). Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. Məhkəmə-kimyəvi ekspertizasının 25 iyul 2024-cü il tarixli, 19/575 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “X7 üzərindən aşkar edilmiş 1 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə”, “X7 üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər kütlələr olan 9 ədəd bükümlər” və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 büküm metamfetamin və 2 büküm heroin” sözlər və imzalar olan zərflərdəki ümumilikdə 2 ədəd bükümdə olan metamfetaminlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; ümumilikdə 11 ədəd bükümdə olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş ambulator məhkəmə-narkoloji ekpertizasının 25 iyul 2024-cü il tarixli, 612 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixdə saat 19:56 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur. 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə saat 17:00-da “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və tutulmadan azad edilmişdir. 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Lənkəran ŞRPŞ-nin CAB-nin A/Ü baş əməliyyat müvəkkili, polis mayoru Elçin Fətullayevin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2024-cü il tarixdə Bakə şəhəri, Binəqədi rayonu ərazisində yaxalanaraq, Lənkəran ŞRPŞ-nin MSY-nə təhvil verilmişdir. 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılaraq, o, həmin tarixdə tutulmadan azad edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,434 qram olan psixotrop maddə-metamfetamin, 02 (iki) ədəd bükümdə, təmiz çəkisi 0,076 qram olan narkotik vasitə heroin və şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,384 qram olan psixotrop maddə-metamfetamin, 02 (iki) ədəd bükümdə, təmiz çəkisi 0,046 qram olan narkotik vasitə heroin Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarışın 01 ədəd DVD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin cinayət məsuliyəti yaratmaması nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən tərtib edilmiş 29 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Astara şəhər İHB-nın Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1761 nömrəli 10 dekabr 2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2ünvanında qeydiyyatda olmaqla ailə üzvləri – anası 1963-cü il təvəllüdlü X12, bacısı 1987-ci il təvəllüdlü X2 ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 29 iyul 2024-cü il tarixli, 3000 nömrəli arayışından görünür ki, Kərimov X4 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 5 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X9 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək polis əməkdaşının narkotik vasitəni psixotrop maddəni üstünə qoyması, şəxsi axtarış zamanı təqdim edərək, özünə məxsus olmasını bildirməsini ondan tələb etməsi, şəxsi axtarış zamanı üzərində olan narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması və polis əməkdaşı tərəfindən üzərinə qoyulması barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu və əlavə edilmiş DVD disk, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin vəsatətinə əsasən dindirilmiş şahid X3 ifadəsinə qiymət verərək, hesab edir ki, həmin şahid Təqsirləndirilən şəxs bibisi qızı olmaqla ifadəsində təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, həmin şahid Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş narkotik vasitənin olub-olmamasına deyil, yalnız Təqsirləndirilən şəxs polis əməkdaşlar tərəfindən tutulması yeri ilə əlaqədar ifadə vermiş, sonuncunun üzərində narkotik vasitənin və psixotrop maddənin olub-olmamasından məlumatlı olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsini subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı üzərindən cinayətini törətməsini etiraf etməsini, məhkəmə araşdırması zamanı isə ziddiyyətli ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyrisəmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 24 iyul 2024cü il tarixdən 26 iyul 2024-cü il tarixədək, eləcə də 06 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 3 gün müddət (həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla) azadlığın məhdudlaşdırılması cəzasının 6 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Astara rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,384 qram olan psixotrop maddəmetamfetamin, 02 (iki) ədəd bükümdə, təmiz çəkisi 0,046 qram olan narkotik vasitə heroin məhv edilməli, 1 ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, eləcə də xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı Astara şəhəri, Nizami küçəsi ev 104 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Astara rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi naroloji kabinetində qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,384 qram olan psixotrop maddə-metamfetamin, 02 (iki) ədəd bükümdə, təmiz çəkisi 0,046 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyat yeri üzrə Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-42/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-42/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver