Məhkəmə qərarları › İş №1(049)-421/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-421/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-421/2023 07.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 10.00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1968-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayında Lənkəran şəhəri, Böyük Bazar adlanan ərazidə müəyyən edilməyən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) bükümdə, ümumi təmiz çəkisi-0,730 qram olub şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 12 iyul 2023-cü il tarixdə, saat 18:20-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Lənkəran şəhəri Z.Əliyeva küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bükümdə və çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Lənkəran şəhərində yerləşən kafelərin birində ofsiant işləyir və gündəlik qazanc əldə edib ailəsini dolandırır. Son dövrlərdə psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. 12 iyul 2023-cü il tarixdə səhər saatlarında həmişəki kimi Lənkəran şəhəri, Böyük Bazar adalanan ərazidə üzdən tanıdığı şəxsdən 5 manat bir büküm metamfetamin alaraq istifadə etmək üçün saxlanmışdır. Həmin gün, saat 18 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində piyada hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmiş və o, da onlarla getmişdir. Şöbədə, xidməti otaqlarının birində təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində hər hansı, qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsini təklif etdikdə o, əynində olan şalvarın sağ yan cibindəki metamfetamini təqdim etmişdir. Mütəmadi olaraq psixotrop maddə istifadə etmir, ayda 1-2 dəfə istifadə etmişdir. Hazırda əməlindən çox peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsində Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və üzərində saxlaması barədə şöbənin əməliyyat müvəkkili Şahid1 icraatına daxil olmuş əməliyyat məlumatından sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilərək Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və o, da əməliyyataxtarış tədbirinin keçirilməsində iştirak etmişdir. 12 iyul 2023-cü il tarixdə, saat 18 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Səlimov X2 şəhəri, Z.Əliyeva küçəsində olarkən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə, xidməti otaqların birində təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı, qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsini təklif etdikdə Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş kütlə təqdim edərək psixotrop maddə metamfetamin olduğunu, Lənkəran şəhəri, Böyük Bazar ərazisində tanımadığı şəxsdən 5 manata aldığını demişdir. Bundan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsində Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və üzərində saxlaması barədə şöbənin əməliyyat müvəkkili Şahid1 icraatına daxil olmuş əməliyyat məlumatından sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilərək Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və o, da əməliyyataxtarış tədbirinin keçirilməsində iştirak etmişdir. 12 iyul 2023-cü il tarixdə, saat 18 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Səlimov X2 şəhəri, Z.Əliyeva küçəsində olarkən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə, xidməti otaqlarının birində təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı, qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsini təklif etdikdə Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş kütlə təqdim edərək psixotrop maddə metamfetamin olduğunu, Lənkəran şəhəri, Böyük Bazar ərazisində tanımadığı şəxsdən 5 manata aldığını demişdir. Bundan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmaqla araşdırılmış cinayət işinin 77-79-cu vərəqlərində olan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsində Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və üzərində saxlaması barədə icraatına daxil olmuş əməliyyat məlumatından sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilərək onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. 12 iyul 2023-cü il tarixdə, saat 18 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Səlimov X2 şəhəri, Z.Əliyeva küçəsində olarkən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə, xidməti otaqlarının birində təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı, qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsini təklif etdikdə Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş kütlə təqdim edərək psixotrop maddə metamfetamin olduğunu, Lənkəran şəhəri, Böyük Bazar ərazisində tanımadığı şəxsdən 5 manata aldığını demişdir. Bundan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 29-30-cu vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış “Şəxsi axtarışın keçirilməsi haqqında” 12 iyul 2023-cü il tarixli protokoldan görünür ki, 12 iyul 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs üzərinə Lənkəran Şəhər Rayon Polis Şöbəsində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən bir bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 31-ci vərəqində olan və məhkəmə iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə tədqiq edilmiş videoçəkilişdən də görünür ki, 12 iyul 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs üzərinə Lənkəran Şəhər Rayon Polis Şöbəsində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən bir bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 44-45-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış məhkəmə kimyəvi ekspertizasının 13 iyul 2023-cü il tarixli, 19/724 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə ümumi təmiz çəkisi 0.730 qram olan maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra 0.680 qram qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. Cinayət işinin 56-cı vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 13 iyul 2023-cü il tarixli, 730 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulu nəticəsində yaranan polinarkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 93-97-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış “Sübutların qiymətləndirilməsi haqqında” 03 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,680 qram psixotrop maddə metamfetamin, eləcə də şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmış 01 ədəd DVD disk iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və psixotrop maddə olan metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞnin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin 0.730 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət işinin 12-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdə, saat 18.20-də saxlanılaraq həmin tarixdə, saat 18.35-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 73-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, saat 16.50-də Təqsirləndirilən şəxs tutulmadan azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 83-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 87-88-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Səlimov X2 şəhəri, Z.Əliyeva küçəsi, ev 78/11, mənzil 33 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda xx.xx.2002-ci il təvvəllüdlü oğlu və arvadı ilə birlikdə yaşayır, yaşadığı dövrdə ailəsinə qarşı hörmətlə yanaşmışdır, qonşularla normal münasibətdə olmuşdur. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, ailəsinin qazanc gətirən şəxsi olması, habelə məhkəmə istintaqı zamanı islah yönündəki davranışlarını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını, habelə əldə olunmuş psixotrop maddənin miqdarını, yəni qanunda həmin miqdarda nəzərdə tutulmuş istehlak miqdarından az miqdarda çox olmasını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə, eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun özü və ailəsi ilə məhrumiyyətlər yaratmaqla yanaşı, iş üzrə müəyyən olunmuş cəzanın yüngülləşdirən halların, xüsusilə də əməlindən peşman olmaqla islah yönündəki səmimi davranışlarının nəzərə alınmaması ilə nəticələnə bilər. Məhkəmə, bu qənaətə gələrkən təqsirləndirilən şəxsin ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, onun polinarkomaniyadan müalicəsi azadlıqda olduğu təqdirdə daha effektiv ola bilər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdən 14 iyul 2023-cü il tarixədək tutulduğu müddətin hər günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ümumi müddət onun cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Lənkəran Rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞdə saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.680 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk CPM-nin 132.1-ci maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatlarının dəyəri 65 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə-narkoloji ekspertizasının 13 iyul 2023-cü il tarixli, 730 nömrəli rəyini nəzərə almaqla CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdən 14 iyul 2023-cü il tarixədək tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı 4 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona polinarkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.680 qram psixotrop maddə metamfetamin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar