Məhkəmə qərarları › İş №1(049)-426/2022

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-426/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-426/2022 24.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Şıxəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 10 iyun 2022-ci il tarixdə, saat 18 radələrində tanışı Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs ilə aralarında mövcud olmuş pul mübahisəsini həll etmək məqsədilə idarə etdiyi “Mersedes” markalı avtomobil ilə Zərərçəkmiş şəxs yaşadığı Lənkəran şəhəri, S.Vurğun küçəsinə getmiş, Zərərçəkmiş şəxs aralarında olan pul məsələsini həll edəcəyini bildirərək onun maşına oturmasını bildirmiş, maşını idarə edən zaman aralarında mübahisə düşmüş, həmin zaman Zərərçəkmiş şəxs qollarına, üz, alın və dizlərinə yumruq zərbələri vuraraq Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan-sol əlin V daraq sümüyünün yerini dəyişməmiş sınığı sol diz qapağı, hər iki bazu, alın, sol əl nahiyələrində qançırlar kimi xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığna az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Ülkər Abdullayeva ilə münasibətləri olmuş və sonuncudan bir neçə dəfə borc pul almış və hissə-hissə qaytamışdır. Sonuncu dəfə 4000 manat borcu qalmışdır. Daha sonra pandemiya ilə əlaqədar olaraq işləmədiyi üçün borclarını qaytara bilməmişdir. Buna görə də zərərçəkmiş şəxslə münasibətləri pisləşmişdir. 10 iyun 2022-ci il tarixdə, saat 18 radələrində özünə məxsus “Mersedes” markalı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı Lənkəran şəhəri, S.Vurğun küçəsinə getmişdir. Bir qədər gözlədikdən sonra Zərərçəkmiş şəxs gəldiyini görmüş və sonuncunu avtomobilə oturmağa dəvət etmişdir. Zərərçəkmiş şəxs avtomobilə oturduqdan sonra Lənkəran şəhəri, aeroport istiqamətində hərəkət etmişlər. Yolda olarkən yenə mübahisə etmişlər və mübahisə zamanı o, Ülkər Həsənovanı qol üz və dizlərinə vurmuşdur. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə bir neçə il əvvəl tanış olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. Təxminən üç il əvvəl Təqsirləndirilən şəxs 8000 manat borc pul vermiş, sonuncu həmin borcdan 2000 manat qaytarsa da, 6000 manat borcu qalmışdır. Buna görə aralarında mübahisə olmuş və münasibətləri pisləmişdir. 10 iyun 2022-ci il tarixdə, saat 18 radələrində evə gedərkən həyətlərində Təqsirləndirilən şəxs avtomobildə oturduğunu görmüşdür. Təqsirləndirilən şəxs onu görüb avtomildə əyləşməyi təklif etdikdə avtomobilə əyləşmiş və sonra aeroport istiqamətində hərəkət etmişlər. Yolda olarkən yenə pul məsələsinə görə aralarında mübahisə olmuş və Təqsirləndirilən şəxs onun başına, qolların və dizlərini əli ilə vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə notariat qaydasında təsdiq edilmiş ərizə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 10-12-ci vərəqlərində olan “Baxış keçirilməsi haqqında” 12 iyun 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən zaman zərərçəkmiş şəxs hadisə yerini göstərərək 10 iyun 2022-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs tərəfindən məhz həmin ünvanda döyüldüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 17-18-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli, 538 nömrəli məhkəmə ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs Əfrasiyav qızında aşkar edilmiş xəsarətlər, sol əlin V daraq sümüyünün yerini dəyişməmiş sınığı sol diz qapağı, hər iki bazu, alın, sol əl nahiyələrində qançırlardır, bərk küt əşyanın təsirindən törənmişdir, müayinədən 3-4 gün əvvəllə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 38-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 avqust 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş notarial qaydada təsdiq edilmiş 17 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ona qaşı şikayət və tələbi yoxdur, onlar artıq barışmışlar. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CMin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət işinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar