Məhkəmə qərarları › İş №1(049)-441/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-441/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-441/2023 06.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 və barəsində şikayət verilən şəxs X2 iştirakı ilə, X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148, 147.2 və 147-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X4 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında şikayət verərək, xx.xx.1955-ci il təvəllüdlü Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148, 147.2 və 147-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, X3 həmin maddələrdə nəzərdə tutulmuş cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayətin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 şikayətin əsassız olduğunu və məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilmiş şikayətlə tanış olaraq məhkəmə hesab edir ki, şikayətin məhkəmənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, şikayətçi Ramal X1 təhqiredici ifadələr işlədib yaydıqlarına görə sonuncuların cinayət məsuliyyətinə cəlb edilməli olmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Şikayətin məzmunundan görünür ki, şikayətdə törədilməsi istinad olunan cinayət əməlinin nə vaxt törədildiyi göstərilməmişdir. Halbuki həmin halların müəyyən edilməsi ittihamın dəqiqliyi və işin icraata qəbul edilməsi üçün zəruridir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci madddəsinə görə; 147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma —min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırki iş üzrə xüsusi ittiham qaydasında şikayətdən isə görünür ki, şikayətdən və şikayətçinin hazırlıq iclasında verdiyi izahatından müəyyən olunur ki, Nizami Quliyev təhqir və böhtan hesab etdiyi məlumatları hüquqi ünvanı Bakı şəhərində olan kütləvi informasiya vasitələrində yayıldığını bildirmişdir. Halbuki, Xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. CPM-nin 74.1-ci maddəsində cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılması, 74.2.1-ci maddəsində uzanan cinayətin başa çatdığı yerin onun törədildiyi yer hesab olunması, 74.2.2-ci maddəsində cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yerin davam edən cinayətin başa çatdığı yer hesab olunması, 74.3-cü maddəsində xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aid olması, 74.4-cü maddəsində cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aid olması və 74.8–ci maddəsində eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılması müəyyən olunmuşdur. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3№-li Qərarının 5-ci bəndində qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Lakin xüsusi ittihamçı Ramal Əliyev CPM-nin 74-cü maddəsi ilə müəyyən olunmuş məhkəmə aiddiyyəti qaydalarını pozaraq böhtan və ya təhqir xarakterli məlumatların yayıldığı kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəməsinə müraciət etməli olduğu halda buna heç bir əsas göstərmədən və kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanını barədə sübutları şikayətə əlavə etmədən təhqir və böhtan xarakterli məlumatların kütləvi informasiya vasitəsində (internet informasiya ehtiyatında) yaymış şəxslərin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə Lənkaran Rayon Məhkəməsinə müraciət etmişdir. CPM-nin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Lakin işə məhz Lənkəran Rayon Məhkəməsində baxılmalı olmasını təsdiq edən sənədləri təqdim etmək vəzifəsi xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin üzərinə düşdüyündən, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs isə həmin sübutları şikayətə əlavə etmədiyindən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Beləliklə, qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət CPM-nin 293.3.1-293.3.7-cü maddəsində göstərilən xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair tələblərinə riayət edilmədən verildiyindən, habelə şikayətə Lənkəran Rayon Məhkəməsində baxılmalı olmadığından xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148, 147.2 və 147ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar