Məhkəmə qərarları › İş №1(049)-50/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-50/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-50/2023 10.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 mart 2023-cü il tarixdə, saat 10.55-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq, psixotrop maddəni əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, 2022-ci ilin avqust ayında, Lənkəran şəhərində, istintaqa məlum olmayan mənbədən və şəraitdə, satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,262 qram, 0,231 qram, 0,256 qram və 0,222 qram, ümumi təmiz çəkisi 0,971 qram olan psixotrop maddə metamfetamin, həmçinin bir ədəd işlək vəziyyətdə elektron tərəzini əldə edib üzərində saxlamaqla daşımış və xx.xx.2022-ci il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saat 19:20-də Lənkəran şəhəri Ş. Xiyabani küçəsində olarkən saxlanılaraq şəhər-rayon polis şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən qeyd olunan bükümlərdə və çəkilərdə psixotrop maddə metamfetamin və əynində olan şalvarın sağ yan cibindən üzərində psixotrop maddənin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, narkomandır və uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə, Lənkəran şəhərində, “Böyük bazar” adlanan yerdə, günorta vaxtı üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özünün istifadəsi üçün 32 manat pulun müqabilində 4 bükümdə “şüşə” almış, həmin gün axşam saatlarında polis əməkdaşları onu yaxalayaraq şöbəyə aparmış, orada müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılımaqla üzərinə baxış keçirilmiş, baxış zamanı əynində olan şalvarın cibindən qeyd olunan bükümlərdə “şüşə” və elektron tərəzi aşkar edilərək ondan götürülmüşdür. Lakin tərəzi ona məxsus olmamışdır. Buna görə də, özünü yalnız “şüşə”ni daşımaqda təqsirli bilir. Məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, elektron tərəzini o, Lənkəran şəhərindəki mağazalardan birindən almışdır. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərmişdir ki, 15 ildən çoxdur ki, həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin istifadə edir. Psixotrop maddə metanfetamini tüstü yolu ilə qəbul edir. Narkotik vasitəni və psixotrop maddəni Lənkəran şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən alır. Çox vaxt Lənkəran şəhəri “Kiçik Bazar” ərazisində, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən alır. Sonuncu dəfə 31 avqust 2022-ci il tarixdə, günorta saat 2-3 radələrində Lənkəran şəhəri kiçik bazar ərazisinə getmiş, orada əvvəllər bir neçə dəfə narkotik vasitə və psixotrop maddə olan “şüşə” aldığı şəxsi görüb ona yaxınlaşmış və “şüşə” olub-olmadığını soruşmuşdur. O da olduğunu demişdir. Ondan şəxsi istifadəsi üçün 32 manat qarşılığında 4 bükümdə narkomanlar arasında “şüşə” kimi tanınan metanfetamin almışdır. Üzərində olan elektron tərəzini Lənkəran şəhərindəki mağazaların birindən almış və həmin şəxsin ona verdiyi metanfetamini çəkmişdir ki, həmin şəxsin onu aldadıb-aldatmadığını bilsin. Dörd ədəd bükümdə olan narkotik vasitəni üzərində saxlamışdır ki, ağrıları olan zaman qəbul etsin. Elektron tərəzi də çox zaman üzərində olurdu. 31 avqust 2022-ci il tarixdə, saat, təxminən 19 radələrində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində olan zaman mülki geyimdə olan üç şəxs ona yaxınlaşmış, özlərini Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşı kimi təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz saxlanması və satışı ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. İnzibati binaya gətirilənə kimi yolda və üzərində axtarış aparılanadək polis əməkdaşlarının nəzarəti altında olmuş və üzərində olan bükümləri, həmçinin elektron tərəzini harasa atmaq imkanı olmamışdır. İnzibati binada ona şübhəli şəxs qismində tutulduğunu elan edib hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərinə baxşı keçirilmişdir. Baxışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya, predmet olub-olmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O da, əynində olan şalvarın sol yan cibindəki 4 ədəd metanfetamin bükümünü və əynindəki şalvarının sağ yan cibinə qoyduğu elektron tərəzini çıxarıb təqdim etmişdir. Həmin metanfetamini şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən hər hansı bir qanunsuz əşya, yaxud predmet aşkar edilməmişdir. Polis əməkdaşı ona satış məqsədinin olub-olmadığını soruşmuş, o da, satış məqsədi olmadığını, sadəcə şəxsi istifadəsi üçün aldığını demişdir. Üzərində aşkar edilmiş 4 bükümdə metanfetamin elektron tərəzidə çəkildikdə çəkisi 1,11 qram olmuşdur. Sonra 4 bükümdə olan metanfetamin və 1 ədəd elektron tərəzi ekspertizaya təqdim olunması üçün zərflərə qoyulub möhürlənmişdir. Zərfin üstünə o və müdafiəçisi imza etmişlər. Üzərində aparılan axtarış videoçəkiliş ilə müşayiət olunmuş, sonda tərtib edilən protokol iştirakçılara ucadan oxunmuş, onun və müdafiəçisi tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 Baləddin oğlu göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdi edir. Onlara təqsirləndirlən şəxsin narkotik vasitələrdən və psixotrop maddələrdən satışı və istifadə etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində təqsirləndirlən şəxs küçədə saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada üzərində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman əynindən dörd bükümdə narkotik vasitə heroinə oxşar maddə və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı narkotik vasitəni özünün istifadəsi üçün üzərində göstərdiyini bildirmişdir. Lakin güman edir ki, təqsirləndirilən şəxs məhz satış məqsədilə narkotik vasitə ilə elektron tərəzini üzərində gəzdirmişdir. Məhkəmədə ifadələri elan edilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili X2 göstərmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatları şöbə rəhbərliyinə müraciət edilərək icazə alınandan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi Şahid1 etmiş, qrupun tərkibində o, və polis nəfəri, Şahid2 olmuşdur. 31 avqust 2022-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində piyada hərəkət etdiyini görmüş, onu nəzarətə götürmüşlər. Üzərində narkotik vasitələr olma ehtimalı yüksək olduğundan gözlənilməzliyi təmin edərək ona yaxınlaşmış və onun Lənkəran ŞRPŞ-ə dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti altında üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən 4 ədəd büküm və şarının sağ yan cibindən bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. Dörd ədəd bükümdə psixotrop maddə metanfetamin olduğunu bildirmişdir. Məhkəmədə ifadələri elan edilmiş Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 Rəfail oğlu da, ibtidai istintaq zamanı Tahir Mahirli ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, təqsirləndirlən şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sol yan cibindən 4 ədəd büküm, əynində olan şalvarın sağ yan cibindən isə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş maddənin metamfetamin olduğunu, onu Lənkəran şəhər Böyük bazar adlanan ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 32 manata öz istifadəsi üçün aldığını, elektron tərəzini isə narkotik vasitə alarkən onu aldatmasınlar deyə üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizanın xx.xx.2022-ci il tarixli, 19/908 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən çıxan kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,262 qr: -0,231 qr: -0,256 qram: -0,222 qram; ümumi təmiz çəkisi: -0,971 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə görə və kimyəvi komponentlərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqatdan sonra mütamfetaminin qalığı 0,851 qram olmuşdur. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 891 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, məhkəmə tədqiq edilmiş şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib özündə saxlaması kifayət qədər sübuta yetmişdir. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni satış məqsədi ilə dörd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,262 qram, 0,231 qram, 0,256 qram və 0,222 qram, ümumi təmiz çəkisi 0,971 qram olan psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, Şahid1 Baləddin oğlunun məhkəmə iclasında verdiyi təsdiqedici ifadəsi və ifadələri məhkəmə iclasında elan edilmiş şahidlər X2 ilə Şahid2 Rəfail oğlunun ifadələri, məhkəməkimyəvi ekspertizasının rəyi, maddi sübutlar, 31.08. 2022-ci il tarixli «şəxsi axtarışın keçirilməsi» barədə protokol, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsinin aşkar olunmuş elektron tərəzinin ona məxsus olmaması barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarışın həyata keçirilməsi barədə protokol və DVD diskdə olan videogörüntülərlə təkzib olunur. Belə ki, təqsirləndirlən şəxs ibtidai istintaq zamanı müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə istər şəxsi axtarış zamanı verdiyi ifadəsində, istərsə də təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində, həmçinin cinayət işinin materialları ilə tanış olan zamanı protokola etdiyi qeydlərdə üzərindən aşkar edilmiş psixotrop maddənin, həmçinin elektron tərəzinin ona məxsus olduğunu, lakin özünü CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, yəni satış məqsədinin olmadığını bildirmişdir. Buna görə də məhkəmə aşkar edilmiş, dövriyyəsi qadağan olunmuş psixotrop maddənin, həmçinin elektron tərəzinin təqsirləndirilən şəxsə məxsus olması hissəsində təqsirləndirilən şəxsin məhkəmə istintaqında deyil, ibtidai istintaq dövründə verdiyi ifadəsini inanadırıcı hesab edir. Məhkəmədə təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor və ya psixiki təsir göstərilməmişdir. Bu hal ona dəlalət edir ki, təqsirləndirlən şəxs heç bir təziqlə üzləşmədən sərbəst olaraq ibtidai istintaq zamanı ifadə vermiş və ondan aşkar olunmuş psixotrop maddə ilə elektron tərəzini özünə məxsus olduğunu göstərmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror və hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə sonuncunun üzərində elektron tərəzinin olmaması və psixotrop maddənin satış məqsədi olmadan üzərində gəzdirməsi barədə dəlilləri əsassızdır. Habelə ona qarşı irəli sürülmüş ittiham üzrə onun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci madddəsinə tövsif edilməsini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarlar onun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, yənin əvvələr 4 dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, yaşayış yeri üzrə mənfi xarakterizə olunduğunu, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından görünür ki, təqsirləndirlən şəxs bundan əvvəl oğurluq və narkotik vasitələrdən istifadəyə görə 5 dəfə məhkum olunmuş, sonuncu dəfə CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. CM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. CM-nin 234.2-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin əməli az ağır cinayətlər təsnifatına aiddir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində–onlar cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə yuxarıda qeyd olunanaları, eləcə də təqsirləndirlən şəxsin islah olunmayaraq yenidən cinayət əməlini törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56-cı maddəsinin tələblərinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan ümumi qalıq çəkisi 0,851 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan DVD disk iş materiallarında saxlanılmalıdir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ekspertiza dəyərini təşkil edən 65 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan ümumi qalıq çəkisi 0,851 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar