Məhkəmə qərarları › İş №1(049)-50/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-50/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-50/2024 01.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Nurullayeva (Fərəcova) Kəmalə Dilərşab qızı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat 15:20 xx.xx.1976-cı il tarixdə Lənkəran rayonu, Şağlakücə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, subay, Lənkəran rayonu Şağlakücə kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində müxtəlif ünvanlarda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü Gülanə Fərəcova, xx.xx.2005-ci il təvəllüdlü Murad Fərəcov və xx.xx.2011-ci il təvəllüdlü Ələkbər Fərəcovun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130,00 manat sabit pul məbləğində aliment tutularaq Nurullayeva (Fərəcova) Kəmalə Dilərşab qızına verilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(049)-187/2021 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 03 avqust 2021-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 28 iyun 2022-ci il tarixədək zərərçəkmiş şəxs Nurullayeva (Fərəcova) Kəmalə Dilərşab qızına 5640,00 manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Nurullayeva (Fərəcova) Kəmalə Dilərşab qızı ilə xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikadan üç uşaqları doğulmuşdur. Evləndikdən sonra Kəmalə ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Zərərçəkmiş şəxs aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 25 may 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü Gülanə Fərəcova, xx.xx.2005-ci il təvəllüdlü Murad Fərəcov və xx.xx.2011-ci il təvəllüdlü Ələkbər Fərəcov yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130,00 manat sabit pul məbləğində aliment tutularaq Nurullayeva (Fərəcova) Kəmalə Dilərşab qızına ödəməlidir. Bu barədə icra sənədi Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmişdir. Lənkəran Rayon İcra və Probasiya Şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qalıq aliment borclarını maddi imkanı olmadığından vaxtında ödəmədiyindən dəfələrlə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra qurumu tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Lənkəran Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunmuş və bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcu ödəməyi barədə bildiriş verilmişdir. Bakı şəhərində bazarda fəhlə işləyir. Cinayət işinin ibtidai istintaqı zamanı 5640 manat aliment borcundan 500 manat, məhkəmə icraatı dövründə isə 3000 manat zərər çəkmişə ödəmişdir. Hazırda ödənilməmiş aliment borcu 2140 manat təşkil edir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, məhkəmə icraatı dövründə aliment borcundan bir hissəsinin ödənilməsini nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs Nurullayeva (Fərəcova) Kəmalə Dilərşab qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2006-cı ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan üç uşaqları doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Faktiki olaraq ayrı yaşadıqları müddətdə Təqsirləndirilən şəxs uşaqları ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Ona görə də aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü Gülanə Fərəcova, xx.xx.2005-ci il təvəllüdlü Murad Fərəcov və xx.xx.2011-ci il təvəllüdlü Ələkbər Fərəcovun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Lökbatan qəsəbəsində yerləşən Binə ticarət bazarında quru meyvələr və çərəzlər satmaqla ayda təxminən 1000,00- 1200,00 manat məbləğində qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. Uşaqlar böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsə də, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Təqsirləndirilən şəxs ona olan 5640 manat aliment borcundan ibtidai istintaq zamanı 500 manat, məhkəmə icraatı dövründə isə 3000 manat ödəmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona ödənilmiş məbləğ müxtəlif tarixlərdə poçt vasitəsi ilə bəzən də qeyri-rəsmi formada verilmişdir. Hazırda ödənilməmiş aliment borcu 2140 manat təşkil edir. Maddi vəziyyəti aşağı olduğundan öz aliment borcunu tam tələb edir. Aliment borcu tam ödənilmədiyindən Təqsirləndirilən şəxs cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Lənkəran Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(049)- 187/2021 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Lakin Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Lənkəran Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 03 avqust 2021-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilmiş və qətnaməni icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(049)-331/2021 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs aliment borcundan icra müddətində cəmi 600,00 manat ödəniş etmişdir. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs cəmi 5640,00 manat ödənilməmiş borcu qalmışdır. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən tarixədək məhkəmə qətnaməsini icra etmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: Lənkəran Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(049)-187/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2003-cü il təvəllüdlü Gülanə Fərəcova, xx.xx.2005-ci il təvəllüdlü Murad Fərəcov və xx.xx.2011-ci il təvəllüdlü Ələkbər Fərəcovun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130,00 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X1 verilməsi qət edilmişdir. xx.xx.2011-ci il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(049)-187/2021 saylı qətnaməsi üzrə icraata başlanılmışdır. Lənkəran Rayon Məhkəməsinin 3(049)-732/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi təqsirli billinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 8(049)-331/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Müvafiq bildiriş və xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin könüllü icrası tələb edilmiş, əks halda CM-nin 306-cı maddəsi ilə məsuliyyət barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Fərəcov X2 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(049)-292/2016 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 02 il islah işləri cəzasına məhkum olunmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 7(049)-05/2018 nömrəli qərarı ilə 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu” tətbiq edilərək cəzadan azad edilmişdir. CM-nin 83-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 1998 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs mülayim dərəcədə ifadə olunmuş nevrasteniya əlamətləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs müəyyən edilən nevrasteniya əlamətləri o dərəcədə ifadə olunmamışdır ki, öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Buna görə də Təqsirləndirilən şəxs qərarda göstərilən əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Axtarışda olan şəxsin tutulması barədə 25 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə gətirilmişdir. “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tutmadan azad edilərək barəsində qeyd olunan qətimkan tədbiri seçilmişdir. Lənkəran RİHB-nin Şağlaküçə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2023-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs 500 (beş yüz) manat məbləğində nağd pul göndərilmişdir. xx.xx.2023-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs 1000 (bir min) manat məbləğində nağd pul göndərilmişdir. xx.xx.2024-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs 800 (səkkiz yüz) manat məbləğində nağd pul göndərilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə sonuncunun ona olan 3240 (üç min iki yüz qırx) manat aliment borcundan 1000 (bir min) manat ödənilmiş, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə olan aliment borcu 2240 (iki min iki yüz qırx) manat təşkil edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahid ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən məhkəmə qərar və qərardadları, habelə digər sənədlərlə təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; Həmin Qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84- 2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Cinayət işinin materiallarından göründüyü kimi, Fərəcov X2 Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(049)-187/2021 saylı qətnaməsi əsasında verilmiş müvafiq icra vərəqəsini icra etməməyə görə inzibati qaydada məsuliyyətə cəlb edilmiş, icra məmuru tərəfindən yeni müddət təyin edilməklə o, icra sənədlərini üzrsüz icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs dəymiş ziyanı qismən ödəməsini CM-nin 59.1.14-cü madəsinə əsasən, əməlini etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdən 26 aprel 2023-cü il tarixədək 2 gün həbsdə olduğu müddət - bir günə iki gün hesablanmaqla, dörd gün müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdən 26 aprel 2023-cü il tarixdək iki gün həbsdə olduğu müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 4 gün cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran rayonu Şağlakücə kəndində yerləşən evi təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar