Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-51/2024 26.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X10 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, Xüsusi ittihamçılar X8, X4 və X2, Təqsirləndirilən şəxs X1, Təqsirləndirilən şəxsin müdafiəçisi, Lənkəran Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1983-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, bir yetkinlik yaşına çatmayan uşağı olan, ortas təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu Liman şəhərində qeydiyyatda olmaqla, Darquba kəndində yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair X8, X4 və X2 xüsusi ittiham qaydasında şikayəti üzrə işə 26 noyabr 2024-cü il tarix, saat 17:11-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 yalan olduğunu bilə-bilə X8, X4 və X2 az ağır və ağır cinayətlər törətməkdə ittiham etməklə onların şərəf və ləyaqətlərini ləkələyən və onları nüfuzdan salan məlumatları kütləvi çıxışlarda yaymaqla böhtan atmış, eləcə də X8, X4 və X2 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onları təhqir etymişdir. Belə ki, xüsusi ittihamşılar xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək göstərmişlər ki, təqsirləndirlən şəxs X6 xüsusi ittihamçılar Şəhla Əliyeva və Sevanə Bəşirovanın bacısı, digər xüsusi ittihamçı X7in isə bacısı qızıdır. Təqsirləndirilən şəxs 2023-cü ildə müxtəlif vaxtlarda onlara qarşı təhqiramiz hərəkətlər həyata keçirməyə başlamışdır. Belə ki, o, “TİK-TOK” sosial şəbəkəsində özünün "@gunay_.quluyeva" profilində onlar haqqında təhqir və böhtan xarakterli video və foto məlumatlar paylaşmışdır. Belə ki, şikayətlərinə əlavə edərək məhkəməyə təqdim etdikləri (VİD- 20231031-WA0052.mp4) diskdə olan və təqsirləndirilən şəxs tərəfindən səsləndirilən videodan görünür ki, o, onların hər üçünə böhtan ataraq onun iş yeri üçün təhlükə yaratdıqlarını qeyd etmişdir. O, həmçinin həmin videonun davamında xüsusi ittihamçı Sevanə Bəşirova barəsində guya sonuncunun qaynanasına müraciət edərək "Nəsibə hara baxırsan, sənin gəlinin dələduzluq eliyir, gəlir mənim uşağımın üstünə bıçaq çəkir." kimi həqiqətə uyğun olmayan, böhtan xarakterli ifadələr işlətmişdir. Eyni zamanda o, həmin videonun davamında xüsusi ittihamçı Şəhla Əliyeva barəsində guya sonuncunun qaynanasına müraciət edərək "ay Gülsabah sən necə ağsaqqalsan sənin gəlinin türknən sevgilidir. Verdim da türkü sənə, görüşdün, sevişdin." kimi həqiqətə uyğun olmayan, böhtan xarakterli ifadələr işlətmişdir. Bundan əlavə təqsirləndirilən şəxs tərəfindən səsləndirilən videodan (VİD-20231031-WA0057.mp4) görünür ki, o, xüsusi ittihamçı İlham Kazımov barəsində "Haçana kimi İlham Kazımovun dələduzluğuna məruz qalacağam." kimi yalan və həqiqətə uyğun olmayan ifadə işlətmişdir. Təqsirləndirilən şəxs tərəfindən səsləndirilən videodan (VİD-20231031-WA00105.mp4) görünür ki, o, xüsusi ittihamçı Şəhla Əliyeva barəsində "Neçə illərdir mənə olmayan işgəncələri bu evdə eləyirdilər, 2 il mənə ağır həblər yedizdi Şəhla Əliyeva, bacım" kimi həqiqətə uyğun olmayan, böhtan xarakterli ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs tərəfindən səsləndirilən videodan (VİD- 2023103l-WA0042.mp4) görünür ki, o, onların hər üçünə böhtan ataraq "mənə neçə ildi işgəncələr eləyirlər, mənə güclü həblər yedizdirirlər." kimi həqiqətə uyğun olmayan, böhtan xarakterli ifadələr işlətmişdir. Bundan başqa, şikayətə əlavə edərək məhkəməyə təqdim etdikləri diskdə olan və təqsirləndirilən şəxs tərəfindən səsləndirilən videolarda o, onları cinayətkar, dələduz və cani adlandırır. Göstərilən hərəkətləri ilə təqsirləndirilən şəxs onların şərəflərini və ləyaqətlərini internet informasiya ehtiyatında nalayiq formada qəsdən alçaldaraq, habelə yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətlərini ləkələyən və nüfuzdan salan məlumatları, o cümlədən ağır və xüsusilə ağır cinayətlərdə ittiham etməklə bağlı məlumatları internet informasiya ehtiyatında yayaraq onlara mənəvi zərər vurmuş, bununla da Cinayət Məcəlləsinin 147.1,147.2 və 148-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Xüsusi ittihamçılar göstərilənləri nəzərə alaraq, X1 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmasını xahiş etmişlər. Məhkəmə iclasında xüsusi ittihamçı X8 şikayətini müdafiə edib göstərmişdir ki, Günay onun bacısıdır. Sonunsu onları təhqir edir. O, kənd gəlinidir. Günay “Tik-Tok” vasitəsilə ona şər və böhtanlar atır. Bunun səbəbini bilmir. Ona şər atır ki, güya o, onu türklə bir yerdə olduqları zaman tutmuşdur. Lakin onun türklə ünsiyyəti belə olmamışdır. Buna görə ailəsində söz-söhbət yaranmışdır. Günay onun ata-anasını da döymüşdür. Anası hətta Günayı tutdurmaq da istəmişdir. Anası Günaydan polisə şikayətdə etmişdir. Lakin o, biabırçılıq olmasın deyə bunu etməyə anasına imkan verməmişdir. Lakin indi o əməlinə görə peşmandır, gərək anası Günayı tutdurardı. O, bunu təsdiqləyən Günay barəsində olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətini də məhkəməyə təqdim edir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Günay onun türklə əlaqəda olduğunu bildirərək ona böhtan atır. Günay xəstədir, iki ilə yaxın nevrapotoloqda müalicə alıb, uşaqlıqdan bir yerdə yaşamışlar, həmin vaxt Günay həblər alıb qəbul etmişdir. Günay ata evlərində yaşasa da, indi də qardaşının evini zəbt edərək orada yaşayır. Günayın həbs olunmasını istəyir. Məhkəmə iclasında xüsusi ittihamçı X4 şikayətini müdafiə edib göstərmişdir ki, ailəlidir və iki uşağı var. Günay onun bacısı olduğuna görə xəcalət çəkir. Günay çoxlu yalanlar danışır. Onları ata evindən qovaraq onun qaynanasına demişdir ki, “Nəsibə hara baxırsan, gəlinin dələduzluq edir, uşağıma bıçaq çəkib”. Lakin onun qaynanasına söylədikləri hamısı böhtandır. Özü səhiyyə sistemində işləyir. Günayın böhtanları nəticəsində iş yoldaşlarının yanında biabır olmuşdur. Günayın həbs olunmasını istəyir. Verilən suallara cavab olaraq bildirmişdir ki, qaynanasına dediyi sözə görə Günay ona böhtan atmış, onu güya türkə satmaqda ittiham etməklə onu təhqir etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X9 şikayətini müdafiə edib göstərmişdir ki, Günay bacısı qızıdır. Sonuncu “Tik-Tok” sosialı şəbəkəsində onları təhqir edir, onu cinayətkar və cani adlandırmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Günay onları ona görə təhqir edir ki, o, xəstədir, uşaqlıqda tramva almış, onun psixiki problemləri var, onun həbs olumasını istəyir. Onun təhqirləri nəticəsində insult keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittihamda özümü təqsirli bilməyərək göstərmişdir ki, əsksinə xüsusi ittihamçılar ona qarşı qanunsuz hərəkətlər etmiş, kənddə onun üzünə tüpürmüş, qızına demişlər ki, anan pozğundur. O, 8 dəfə buna görə DİN-nin “102” Xidmətinə zəng də etmişdir. Lakin nəticəsini görməmiş, buna görə də həmin haqsızlıqlar barədə “Tik-Tok” sosial şəbəkəsində paylaşma etmişdir. İş o dərəcəyə çatmışdır ki, işlədiyi “Düşpərə” restoranın müdiriyyəti onu işdən çıxarmaq məcburiyyətində qalmışdır. Xüsusi ittihamçı Sevanə onun uşağını vurduğuna görə o, onun qaynanası Nəsibəyə şikayət etmiş, bundan sonra polisə müraciət etmiş, lakin heç bir tədbir görülməmişdir. Buna görə də məcbur qalıb qapısının açarını dəyişmişdir. Sərvət adlı türk yoldaşı olmuş, o, Azərbaycana gəlmiş, Şəhla Sərvətə zəng vurmuş, daha sonra bildirmişdir ki, o, türkü evinə qonaq çağırmaq istəyir. O, Sərvətlə Şəhlanı yaxalamış və buna görə də Sərvətdən boşanmışdır. O, öz gözü ilə bacısı Şəhlanın Sərvətlə olduğunu görmüşdür. Sevanə onu Zaur adlı şəxsə ərə vermək istəmişdir. Buna görə də Sevanə onu Bakı şəhərində, “Neftçilər” metrosunun yanındakı əxlaqsızlıq yuvasına aparmış, Zaur onu orada zorlamışdır. Bundan əvvəl isə ona həb verib onu yatızdırmışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, xüsusi ittihamçılardan birinin əlində bıçaq da görmüş, İlham onun üstünə balta ilə hücum çəkdiyinə görə onu “cani” adlandırmışdır. Zaurun onu zorlanması barədə polisə şikayət etməmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəmnəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirlən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin məhkəməyə ünvanladığı cavabdan görünür ki, təqsirləndirlən şəxs xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu ərazisində yaxalanaraq məhkəməyə təhvil verilmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəmnəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirlən şəxs barəsində axtarış elan edilməklə iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan diskə məhkəmə tərəfindən baxış keçirilmiş və xüsusi ittihamçıların istinad etdikləri hallar həmin diskdə öz əksini tapmışdır. Məhkəmə iclas iştirakçılarını dinləyib, işdəki sübutları araşdırıb, onlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, X6 tərəfindən xüsusi ittihamçılar haqqında yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətlərini ləkələyən və onları nüfuzdan salan məlumatlar yayması sübuta yetirildiyindən X6 CM-nin 147.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalı, CM-nin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi sübuta yetirilmədiyinə görə təqsirsiz hesab edilərək ona həmin maddələrlə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə nəzərdə tutulan böhtan cinayəti o vaxt yaranır ki, şəxs haqqında yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar təqsirli şəxs tərəfindən o cümlədən də kütləvi çıxışlarda yayılmış olsun. Məhkəmə iclasında sübuta yetirldi ki, təqsirləndirlən şəxs xüsusi ittihamçı Sevanə Bəşirova barəsində sonuncunun qaynanasına müraciət edərək "Nəsibə hara baxırsan, sənin gəlinin dələduzluq eliyir, gəlir mənim uşağımın üstünə bıçaq çəkir.", xüsusi ittihamçı Şəhla Əliyeva barəsində sonuncunun qaynanasına müraciət edərək "ay Gülsabah sən necə ağsaqqalsan sənin gəlinin türknən sevgilidir. Verdim da türkü sənə, görüşdün, sevişdin." və "Neçə illərdir mənə olmayan işgəncələri bu evdə eləyirdilər, 2 il mənə ağır həblər yedizdi Şəhla Əliyeva, bacım", xüsusi ittihamçı İlham Kazımov barəsində "Haçana kimi İlham Kazımovun dələduzluğuna məruz qalacağam.", onları barəsində cinayətkar, dələduz və cani sözlərini işlətməklə onlara böhtan atmışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz . İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 12-ci maddəsində qeyd olunmuşdur ki, heç kim şərəf və nüfuzuna özbaşına qəsdə məruz qala bilməz. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə axılması üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli № 3 qərarının 5-ci bəndində göstərilmişdir ki, Qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndində göstərilir, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin Qərarın 21-ci bəndində göstərilir, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında cinayət təqibi zamanı xüsusi ittihamçı məhkəmə istintaqı başlananadək CPM-nin 179 və 181-183-cü maddələrində nəzərdə tutulmuş qaydada maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia verdikdə məhkəmə həmin iddiaya baxmalı və məhkəmə baxışı ittiham hökmünün çıxarılması ilə nəticələndikdə hökmdə iddianın tam və ya qismən təmin edilməsi, yaxud da rədd edilməsi haqqında qərar qəbul etməlidir. Bu zaman məhkəmə ödənilməsini qərara almış ziyanın miqdarını müəyyən edərkən hər bir işə fərdi yanaşmalı, təhqir və ya böhtan xarakterli məlumatların yayılma dairəsini, müəlliflik, ixtiraçılıq, patent hüquqlarının pozulma dərəcəsini, xüsusi ittihamçıya yetirilmiş mənəvi və fıziki sarsıntıların xarakterini və dərəcəsini, təqsirləndirilən şəxsin əmlak vəziyyətini, işin sair hallarını, habelə ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxsin real imkanlarını və hökmün mülki iddianın təmin edilməsi hissəsində icrasının mümkünlüyünü nəzərə almalıdır. Məhkəmə toplanmış mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X6 tərəfindən X8, X4 və X5 dələduz, cani və s. adlandıraraq cinayət törətməkdə kütləvi çıxışda, yəni “Tik-Tok” sosial şəbəkədə onlara böhtan atmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ bəndinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin V bəndinə əsasən, məhkəmənin hökmü olmasa kimsə cinayətdə təqsirli sayıla bilməz. Məhkəmə qeyd edir ki, Günay Quliyeva kütləvi çıxışında, yəni “Tik-Tok” sosial şəbəkəsində xüsusi ittihamçıları az ağır cinayətlər törətmələri barədə yaydığı məlumatlarla bağlı sonuncuların Azərbaycan Respublikası CM-nin müvafiq maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsi sübuta yetirilmir. Çünki şəxsin cinayət törətdiyini o vaxt söyləmək olar ki, onun barəsində həmin cinayət üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mövcud olsun. Buna görə də məhkəmə hesab edir ki, onun əməlində CM-nin 147.1-ci maddəsinin tərkibi vardır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulan böhtan cinayəti o vaxt yaranır ki, şəxs haqqında yalan olduğunu bilə-bilə onu ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə yayılmış olsun. Xüsusi ittihamçılar hesab edirlər ki, internet informasiya ehtiyatında yayılmış "cani" ifadəsi barələrində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olmadan onların xüsusilə ağır cinayətdə ittiham olunmaqlarını ifadə edir. Çünki "cani" fikri quldur, adam öldürən anlamına gəlir və bu da cinayət əməli kimi nəzərdə tutulmuşdur. Həmin əmələ görə tövsifedici əlamətlər olmadan 9-14 il müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulur. CM-in 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Göründüyü kimi, "cani" adlandırmaqla təqsirləndirilən şəxs onları xüsusilə ağır cinayətdə ittiham etmişdir. Məhkəmə xüsusi ittihamçıların bu fikirləri ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan dilinin sinonimlər lüğətinə əsasən cani - cinayət etmiş, cinayətkar şəxs hesab olunur. Göründüyü kimi, “cani” sözü yalnız ağır və ya xüsusilə ağır deyil, ümumiyyətlə digər, o cümlədən də böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törədən şəxsə də aiddir. Buna görə də, təqsirləndirlən şəxs “cani” sözünü işlətməklə xüsusi ittihamçıları konkret olaraq ağır və ya xüsusilə ağır cinayət əməllərini törətməkdə ittiham etmədiyi üçün təqsirləndirlən şəxsi CM-nin 147.2-ci maddəsi ilə təqsirli hesab etmək olmaz. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsin əməlində CM-nin 147.2-ci maddəsinin tərkibi yoxdur və bu hissədə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulan təhqir cinayəti isə o vaxt yaranır ki, şəxs haqqında şərəf və ləyaqətini nalayiq formada alçaltma o cümlədən də öz əksini kütləvi çıxışlarda öz əksini tapsın. Məhkəmə qeyd edir ki, təqsirləndirlən şəxsin işlətdiyi “dələduz”, “uşağımın üstünə bıçaq çəkir”, “gəlinin türknən sevgilidir”, “verdim türkü sənə, görüşdün, sevişdin”, “mənə olmayan işgəncələri bu evdə eləyirdilər, 2 il mənə ağır həblər yedizdi Şəhla Əliyeva” sözləri təhqir cinayətinin tərkibini yaratmır, yuxarıda qeyd olunduğu kimi, böhtan cinayətinin tərkibini yaradır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsin əməlində CM-nin 148-ci maddəsinin də tərkibi də yoxdur və bu hissədə də ona bəraət verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X3 cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X1 ilk dəfə böyük ictimai təhlükə törtəməyən cinayət törətdiyini, qadın və himayəsində yetkinlik yaşına çatmayan bir qızının olmasını Azərbaycan Respublikasının CM-nin 59.2-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, X3 onun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 147.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinib 1300 (bir min üç yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirsiz hesab edilsin və təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilsin. Cəzanın icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X12
Məhkəmə qərarları › İş №1(049)-51/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-51/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver