Məhkəmə qərarları › İş №1(049)-51/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-51/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-51/2025 05.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ 10:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Lənkəran rayonu Səpnəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Lənkəran rayonu Səpnəkəran kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 27 noyabr 2023-cü il tarixdə, saat 15 radələrində özünə məxsus olan və “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi Vaz 21074 minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə köhnə Ələt-Astara magistral avtomobil yolunun Lənkəran rayonu Digah kəndi ərazisindən keçən hissəsində 40-50 km/saat sürətlə üzü Lənkəran rayonu Şilavar kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin “Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçilməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsinin sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.” tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin maddənin tələbini, yəni yol hərəkəti qaydalarını pozaraq, texniki cəhətdən saz vəziyyətdə olan Vaz 21074 minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətini qeyd olunan yol şəraitində 50 km/saat sürətlə davam etdirib, qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan X13 Prado markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sürətini kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda onunla toqquşmanın qarşısını ala biləcəyi düzgün ara məsafəsi seçmədən idarə etməklə Şahid3 idarə etdiyi X13 Prado markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətini azaldaraq sevotoforda dayanarkən həmin avtomobillə arxadan toqquşmuş və nəticədə ehtiyatsızlıqdan özünün idarə etdiyi avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs avtomobilin salonunun qabarıq hissəsinin güclü zərbəsi nəticəsində əmələ gələn, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid sağ bud sümüyünün yerdəyişmiş sınığından ibarət xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bələrək, ifadəsində göstərdi ki, Lənkəran rayonu Səpnəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, ev ustası olaraq fəaliyyət göstərir. Əvvəllər məhkum olunmamışdır. Mülkiyyətində 2009-cu il istehsallı, Vaz 21074 marklı, 42BO554 dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Həmin avtomobili “BC” kateqoriyalı sürüclük vəsiqəsi ilə idarə edir. X9 onun əmisi, Zərərçəkmiş şəxs isə onun əmisi arvadıdır. X10 yaşadığı evini təmir etmək üçün müraciət etmişdir. O da onlarla birgə təmir məlumatları almaqdan ötrü Lənkəran rayonu, Digah kəndində yerləşən “Lider İnşaat” inşaat mağazasına getməyi qərar almışlar. 27 noyabr 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı evdə olan zaman idarə etdiyi Vaz 21074 marklı, 42BO554 dövlət qeydiyyat nişanlı minik avtomobilini işə salmışdır. Sonra onların evinin qarşısında əmisi X9 qabaq sərnişin oturacağında, əmisi arvadı Zərərçəkmiş şəxs isə avtomobilin arxa sərnişin oturacağında əyləşdi. Birlikdə Lənkəran rayonu, Digah kəndində yerləşən “Lider İnşaat” inşaat mağazasına getmiş, orada X11in evinin təmiri üçün aboy alıb avtomobilin arxa yük yerinə qoymuşdur. Həmin tarixdə saat 15 radələrində idarə etdiyi Vaz 21074 markalı avtomobillə köhnə Ələt-Astara yolunun Lənkəran rayonu, Digah kəndində keçən hissəsi ilə üzü Lənkəran rayonu, “Kürə” adlanan ərazisi istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olarkən “Diqaz” adlanan yanacaq doldurma məntəqəsinə çatmamış svetoforun qırmızı işığının yanmasını görüb təxminən ondan 5-6 metr mesafə ilə qarşısında hərəkətdə olan Prado markalı avtomobilin qırmızı işığın bitməsinə az qalmış keçəcəyini düşünüb əyləcdən istifadə etməmişdir. Bu zaman Prado markalı avtomobil hərəkətini qırmızı işığın tələbinə əsasən dayandırması nəticəsində idarə etdiyi avtomobildə əyləcdə istifadə edə bilməyib prado markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Bu zaman dərhal avtomobildən yerə düşmüş, avtomobilində olan sərnişinləri hadisə yerinə gələn şəxslərin köməkiliyi ilə avtomobildən çıxarmışdır. Əmisi Kazım və onun arvadı Rabikə xəsarət aldığına görə onları hadisə yerinə gələn Təcili və X5 avtomaşını ilə Lənkəran RMX-ya aparmışlar. Hadisə zamanı isə özü xəsarət almamışdır. Bundan sonra Lənkəran ŞRPŞ-nin əməkdaşları hadisə yerinə gəlmiş və hadisə yerinə baxış keçirilərək ora müayinə olunmuşdur. O da müayinədə iştirak etmiş və daha sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Bildirmək istəyirəm ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X8 və arvadı Zərərçəkmiş şəxs aldıqları xəsarət nəticəsində tərəfindən maddi və mənəvi köməklik edilmişdir. Belə ki, o, təxminən 1000 manat pul vəsaiti onların həkim xərclərinə xərcləmişdir. Spirtli içki və ya hansısa bihuşedici maddələrdən istifadə etməmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs ilə barışmış, onunla razılaşaraq vurulmuş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Buna görə də barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu Osaküçə kəndində doğulmuş, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Əvvəllər məhkum olunmamışdır, milliyətcə Azərbaycanlıdır. Rusiya Federasiyasının B,B1,C,C1 kaeqoriyalı sürcülük vəsiqəsi olsa da, Azərbaycan Respublikasına məxsus sürücülük hüququnu verən sənədi yoxdur. Baldızı Şahid2 mülkiyyətində X12 Prado Minik markalı, 90GX902 dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil faktiki olaraq onun olsa da sənədlə baldızı Gülarənin adındadır. 27 noyabr 2023-cü il tarixdə baldızı Şahid2 xəstə anası Mina Hüseynovaya baş çəkmək üçün Lənkəran rayonu Osaküçə kəndinə ona baş çəkməyə gəlmişdir. Bir müddət orada olduqdan sonra onu Prado markalı avtomobillə yaşadığı ünvana aparmağını xahiş etmişdir. 27 noyabr 2023-cü il tarixdə, saat 15 radələrində o, X12 Prado Minik markalı avtomobili işə salıb hərəkətə gətirdikdə arvadı X2 və baldızı Şahid2 idarə etdiyi avtomobilin arxa oturacağında əyləşmişdilər. Yaşadığı Lənkəran rayonu Osaküçə kəndində Köhnə Ələt-Astara magistral yolunun Lənkəran rayonu, Digah kəndindən keçən hissəsi ilə təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən “Diqaz” adlanan yanacaq doldurma məntəqəsinə çatmamış svetoforun qırmızı işığının yanmasını görüb avtomobilinin əyləc sistemindən istifadə etmişdir. Bu zaman arxadan gələn avtomobilin anidən avtomobilinin arxa hissəsinə çırpılmasını eşitmişdir. Bu zaman avtomobilini saxlayıb yerə düşdükdə, Vaz 21074 markalı avtomobilin idarə etdiyi avtomobilin arxa hissəsinə çırpıldığını və hər iki avtomobilin zərər aldığını görmüşdür. Hadisə zamanı o, sərxoş olmamışdır. Məhkəmə baxışı zamanı ifadəsi elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Səpnəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 27 noyabr 2023-cü il tarixdə, saat 14 radələrində həmkəndlimiz olan Təqsirləndirilən şəxs məxsus Vaz 21074 markalı, 42BO554 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Lənkəran şəhərinə evin təmiri üçün oboy almağa əri Şahid1 ilə birlikdə getmişlər. Oboy aldıqdan sonra evə qayıdan zaman köhnə Ələt-Astara yolunun Digah kəndindən keçən hissəsi ilə Lənkəran rayonu “Kürə” adlanan əraziyə gələn hissəsində sivetofora çatmamış, qarşıda 1 ədəd prado markalı avtomobil hərəkətdə olmuşlar. Sivetofora çatmamış Prado əyləci sıxaraq avtomobili dayandırmış, həmin vaxt avtomobilində olduqları Təqsirləndirilən şəxs isə əyləcə sıxmadan olduğu sürətlə həmin prado markalı avtomobilin arxa tərəfinə çırpılmışdır. Nəticədə o, hüşunu itirmiş, ayılandan sonra özünü Lənkəran RMX-da görmüşdür. Daha sonra sağ ayağının bud və diz nahiyələrinin sındığı üçün həkim vəziyyətinin ciddi olduğunu bildirmişdir. Bundan sonra onu Bakı şəhərinə aparmış və orada onun ayağı əməliyyat olunmuş və ayağına mil qoyulmuşdur. Bundan sonra bildirmişdir ki, hal-hazırkı dövrə qədər ona və əri Şahid1 ümumilikdə 25000 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 30 avqust 2024-cü il tarixli, 812 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində - sağ bud sümüyünün yerini dəyişmiş sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə sərnişin olduğu minik avtomaşının digər avtomaşınla toqquşması zamanı avtomaşın salonunun qabarıq hissəsinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 19 dekabr 2023-cü il tarixli, 8/3607 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən VAZ-21074 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Belə ki, mövcud vəziyyətdə Vaz 21074 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini təhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsinin sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Göstərilən vəziyyətdə sürücü Təqsirləndirilən şəxs qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan X13 Prado markalı avtomobildənhərəkətin təhlükəsizliyini təmin edən elə lazımi ara məsafəsi saxlayaraq hərəkət etməli idi ki, həmin avtomobilin sürücüsü sürətini kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda onunla toqquşmanın qarşısını ala bilsin. Yəni idarə etdiyi Vaz 21074 markalı avtomobilini X13 Prado markalı avtomobilə çatmadan dayandıra bilsin. Lakin istintaq tərəfindən göstərildiyi kimi, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21074 markalı avtomobili qeyd olunan yol şəraitində hərəkət etdirərkən qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan sürücü Şahid3 idarə etdiyi X13 Prado markalı avtomobilin sürətini azaldaraq dayanması, bu zaman Vaz 21074 markalı avtomobilin dayanmış vəziyyətdə olan X13 Prado markalı avtomobilin arxa hissəsi ilə oqquşması onu izah edir ki, mövcud hadisənin baş verməsi qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan avtomobillə təhlükəsizliyi təmin edən ara məsafəsi saxlamaması ilə əlaqədar olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil etmişdir. 27 noyabr 2024-cü il tarixli 001911 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə zamanı sürücü – Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. AR DİN-nin BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13-16- 5/18910-2024 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2020-ci il tarixdə “BC” kateqoriyalı sürücülük vəsiqəsi var və sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında deyil. AC№19695 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Vaz 21074 minik markalı, 42BO554 dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs adınadır. AF135291 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs BC kateqoriyalı sürücülük hüququ vardır. AR DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir məlumat aşkar edilməmişdir. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 07 saylı arayışından görünür ki, Caniyev X3 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs məxsus Vaz 21074 minik markalı, **-BO- *** dövlət qeydiyyat nişanlı avtomobil və Şahid2 məxsus X12 Prado markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılmasından ötrü mülkiyyət sahiblərinə qaytarılmışdır. Lənkəran ŞİHB-nın Səpnəkəran kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Caniyev X3 rayonu, Səpnəkəran kəndində qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş iddia ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs onun xeyrinə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş mənəvi ziyana dair 25.000 manat məbləğində onun xeyrinə tutulmasını xahiş etmişdir. Lənkəran ŞRPŞ-nin müstəntiqi, polis kapitanı Ülvi Yüsübzadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən imzalanmış və Lənkəran regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş (reyestr № 8i-1936, xx.xx.2025) ərizədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona dəymiş ziyan onun tərəfindən tamamilə ödənilmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişlər. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onların təqsirləndirilmələrinə dair cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 43.1 və 43.1.2-ci maddəsinə görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin (Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, hazırkı halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələri məsələsinin həll edilməsi üçün Lənkəran ŞRPŞ-nin X15 Bölməsinə göndərilməlidir. CPM-nin 346.1.19-cu maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar aşağıdakıları qeyd edir: CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan Vaz 21074 minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxs və X12 Prado markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Şahid2 təhvil verilməsi nəzərə alınmalıdır. CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə məhkəmə məsrəflərinin tutulması ilə əlaqədar aşağıdakılar qeyd edir: CPM-nin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2023-cü il tarixli, 8/3607 saylı rəyinə əlavə olunmuş bildirişdən görünür ki, ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Məhkəmə hökmü haqqında Ali Məhkəmənin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 72-ci bəndində göstərilmişdir ki, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Belə ki, mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək təqsirləndirilən şəxsdən cinayət nəticəsində ona vurulmuş mənəvi ziyana 25.000 manat pul vəsaitinin tutularaq ona verilməsini xahiş etmişdir. Məsələyə qiymət verərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən «Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur». Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən «Məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması». Hazırki iş üzrə mülki iddiaçı tərəfindən iddia ərizəsinə mənəvi ziyan tələbini əsaslandıran sübutlar əlavə edilməmişdir. Məhkəmə göstərilənləri və işin digər faktik hallarını nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə iddianın təmin olunması mümkün deyil. İddianın tam və ya qismən rədd edilməsi isə mülki iddiaçının zəruri sübutları toplamaqla məhkəməyə mülki icraat qaydasında müraciət etmək imkanından məhrum edə bilər. Ona görə də mülki iddia baxılmamış saxlanılmalı, mülki iddiaçıya təqsirləndirilən şəxsə qarşı məhkəmədə mülki icraat qaydasında iddia qaldırmaq hüququna malik olduğunu izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X15 Bölməsinə göndərilsin. Maddi sübut – Vaz 21074 minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxs və X12 Prado markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Şahid2 təhvil verilməsi nəzərə alınsın. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlanıldığından ümumi qaydada yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardan, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar