Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-52/2023 17.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 12:10 xx xxxxxx 1982-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Lənkəran şəhəri, Mirsalayev küçəsi, ev 26-da qeydiyyatda olmaqla yaşamış, barəsində Lənkəran rayon həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayında Lənkəran rayonunda istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq, bir bükümdə 1.515 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, satışını realizə etmək üçün həmin narkotik vasitə heroini 0.230 qram, 0.245 qram, 0.244 qram, 0.246 qram, 0.284 qram və 0.266 qramdan ibarət hissələrə bölüb şəffaf sellofan kəsiklərində bükərək satış məqsədilə qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə məlumat almış Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının 05 sentyabr 2022-ci il tarixdə, saat 18:30-da Lənkəran şəhəri, Mirsalayev küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin küçədə piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən qeyd olunan çəkidə və bükümlərdə narkotik vasitə heroin sellofan kəsiklərinə bükülmüş halda əynində olmuş şalvarın sol yan cibindən və şalvarın sağ yan cibindən isə üzərində narkotik vasitə heroin izləri olan işlək vəziyyətdə bir ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 6 aydır narkotik vasitə olan heroindən qəbul edir. Narkotik vasitəni Lənkəran şəhərinin müxtəlif yerlərində, adını bilmədiyi şəxslərdən alır. 01 sentyabr 2022-ci il tarixdə, gecə saat 01 radələrində heroin almaqdan ötrü yaşadığı evdən çıxıb piyada Lənkəran şəhəri “böyük bazar” ərazisinə getmişdir. Orada əvvəllər də heroin aldığı üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsi görmüş və ona yaxınlaşaraq heroin olub-olmadığını soruşmuşdur. Həmin şəxs də cibindən 01 qramdan çox, bir bükümdə narkotik vasitə çıxarıb 40 manata satdığını demişdir. O da həmin şəxsə 40 manat pulu verib heroin bükümünü ondan almış və sonra da oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Evə çatdıqdan sonra aldığı heroin bükümünü açıb ondan bir az istifadə etmiş, qalanını isə özündə olan elektron tərəzidə çəkməklə bir dəfəlik istifadə üçün nəzərdə tutub 6 ədəd bükümlər halına salmış və bükümləri özünün istifadəsi üçün üzərində saxlamışdır. 05 sentyabr 2022-ci il tarixdə yaşadığı evdən çıxıb küçə ilə piyada gedərkən mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, narkotik maddələrin qanunsuz saxlanılması və satışı ilə məşğul olmağı barədə məlumatları olduqlarını, onlarla birgə Lənkəran şəhər rayon polis şöbəsinə getməsini bildirdikdə polis əməkdaşları ilə şöbəyə getmiş, orada hüquq və vəzifələri ona izah olunmuş, müdafiəçisinn iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl ona üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif edildikdə əynində olan şalvarının sol yan cibindən 6 ədəd sellofan bükümü, şalvarın sağ yan cibindən isə elektron tərəzini çıxarıb təqdim etmişdir. Polis əməkdaşı ondan həmin bükümlərdə nə olduğunu soruşduqda narkotik vasitə olduğunu, öz istifadəsindən ötrü üzərində saxladığını demişdir. Daha sonra polis əməkdaşı tərəfindən onun üzərinə baxış keçirilmiş, lakin hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş 6 bükümdə heroin elektron tərəzində çəkildikdən sonra müvafiq qaydada qablaşdırılmışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni şəxsi istifadəsi üçün almış, məqsədi satmaq olmamışdır. Üzərindən aşkar edilmiş elektron tərəzini isə təxminən 4 ay bundan əvvəl almışdır. Elektron tərəzini üzərində narkotik vasitə alanda çəkidə onu aldatmamaları üçün gəzdirmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü CM-nin 234.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran şəhər-rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1 Baləddin oğlu ifadəsində göstərmişdir ki, icraatına Lənkəran şəhəri, Mirsalayev küçəsi, ev 26-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, daşınması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik etmək şöbə rəhbərliyi tərəfindən ona həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri ilə birlikdə 05 sentyabr 2022-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Mirsalayev küçəsində piyada hərəkət etdiyini görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməsindən ötrü şöbəyə dəvət etmişlər. Polis şöbəsinə getdikdən sonra müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməsi təklif olunduqda sonuncu əynində olan şalvarının sağ yan cibindən bir ədəd elektron tərəzi, sol yan cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlələr olan 6 ədəd sellofan büküm təqdim etmişdir. Daha sonra onun üzərində axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 6 ədəd büküm elektron tərəzidə çəkildikdən sonra həmin bükümlər ekspertizaya göndərilməsi üçün zərfə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bükümlərdə narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, 1 ədəd elektron tərəzini üzərində narkotik vasitə alanda çəkidə onu aldatmamaları üçün saxladığını bildirmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və onu imzalamışlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 Şahid1 Baləddin oğlunun ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 05 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarının sağ yan cibindən bir ədəd elektron tərəzi, sol yan cibindən 06 bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 06 bükümdə kütlənin narkotik vasitə heroin olduğunu, həmin bükümlərdəki narkotik vasitəni Lənkəran şəhəri, “böyük bazar” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 40 manata aldığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X3 Bölməsinin 06 sentyabr 2022-ci il tarixli 19/937 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə....” sözlər və imzalar olan bir ədədə zərfdəki, 6 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0.230 qram, 0.245 qram, 0.244 qram, 0.246 qram, 0.284 qram və 0.266 qram, ümumi təmiz çəkisi: 1,515 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görnüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroinin 0.18 qramı tədqiqata sərf edilmişdir, qalıq çəkisi-1.335 qramdır. Tədqiqata təqdim edilmiş üzərində " Vət. S.Eldənizdən aşkar edilmiş e-tərəzi...." sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Tədqiqatın dəyəri 65 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 08 sentyabr 2022-ci il tarixli, 943 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2020-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Lənkəran Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 1(049)-62/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin tələbnaməsindən görünür ki, Səfərli X1 Rayon Məhkəməsinin 02 aprel 2021-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Aministiya” Qərarının 2.4-cü bəndi tətbiq edilərək həmin qərarın 36-cı bəndinə əsasən cəzadan azad edilməsinin barəsində narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qeyd olunmuşdur. “Amistiya aktının tətbiq edilməsi barədə” Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı CÇM-nin müvafiq qaydada razılaşdırılaraq təsdiq edilmiş qərarından görünür ki, “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Aministiya” Qərarının 2.4-cü bəndinə uyğun olaraq, məhkum Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmiş, Amnistiya Qərarının 36-cı bəndində əsasən cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-539/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsinin təqdimatı təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsinin 02 aprel 2021-cı il tarixli, 1(049)-62/2021 nömrəli hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Amnistiya qərarının 7-ci bəndində qeyd olunmuşdur ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Təqsirləndirilən şəxs cəzadan azad edildiyindən məhkumluğu götürülmüşdür. Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 10 noyabr 2022-ci il tarixli, 932 nömrəli arayışından görünür ki, Səfərli X1 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Lənkəran Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Maddi sübut hesab edilmə haqqında 27 sentyabr 2022-ci il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 06 ədəd bükümdə ümumi təmiz çəkisi -1,515 qram olan narkotik vasitə heroin, bir ədəd elektron tərəzi və onun üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin videogörüntüsünü əks etdirən 01 ədəd DVD disk maddi sübut hesab edilmiş, tədqiqata sərf edilmiş hissə çıxarılmaqla qalıq qalmış -1,335 qram narkotik vasitə heroin və elektron tərəzi saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmışdır. Lənkəran şəhər 1 nömrəli sahə İƏD nümayəndəliyinin verdiyi arayış və xasiyyətnamədən görünür ki, Səfərli X1 şəhəri, B.Mirsalayev küçəsi, 3/22 saylı evdə yaşamışdır, himayəsində 2013-cü il təvəllüdlü X4 adlı bir azyaşlı uşağı var və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi şahidlərin ifadələri, ekspert rəyi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla təsdiq olunur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə olan ittiham üzrə özünü təqsirli bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs 06 ədəd bükümdə heroini ayrı-ayrı hissələrə bölünməklə bükümlərdə saxlanması, ayrı-ayrı qablaşdırılması, elektron tərəzinin aşkar olunması məhkəməyə Təqsirləndirilən şəxs həmin narkotik vasitələri məhz satış məqsədilə əldə edib üzərində saxlaması və onları satmaq niyyətində olması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsini özünümüdafiəsinə yönəlmiş ifadə kimi qiymətləndirir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 05 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji xəstəxanasında 2020-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan ekspert təhqiqatından sonra qalmış 6 bükümdə ümumi təmiz çəkisi 1.335 qram çəkidə olan narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən 65 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 05 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji xəstəxanasında 2020-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut Lənkəran ŞRPŞ-də saxlanılan ekspert tədqiqatından sonra qalmış 6 bükümdə ümumi təmiz çəkisi 1.335 qram çəkidə olan narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin İş üzrə maddi sübut 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-52/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-52/2023
17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver