Məhkəmə qərarları › İş №1(049)-53/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-53/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-53/2024 06.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Raqib Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə hökmünə əsasən 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və çəkilməmiş 1(bir) il 4(dörd) ay 13(on üç) gün azadlığın məhdudlaşdırılması cəzası qalan, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayının əvvəlində Lənkəran şəhəri Böyük bazar adlanan ərazidə 1(bir) bükümdə, təmiz çəkisi-0,558 qram olub şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 07 avqust 2023-cü il tarixdə, saat 11:30-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Ş.Zahid küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bükümdə və çəkidə narkotik vasitə olan heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bundan sonra o, təkrarən 2023-cü ilin sentyabr ayının əvvəlində Lənkəran şəhəri, Böyük bazar adlanan ərazidə 1(bir) bükümdə, təmiz çəkisi -0,735 qram olub şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən ağ rəngli, kristal formalı psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 03 sentyabr 2023-cü il tarixdə, saat 09:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən rayon polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bükümdə və çəkidə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Vətən Müharibəsinin iştirakıçısıdır. 44 günlük müharibə zamanı aldığı travmalara görə narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 07 avqust 2023-cü il tarixdə polis əməkdaşı Şahid1 onu yaşadığı ünvan 3-də yerləşən mənzilindən götürmüş onu polis şöbəsinə aparmışdır. Evdən aparılarkən üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis əməkdaşları onu döymüş, onun üzərinə heroin qoymuşlar. O da qorxusundan üzərinə videoçəkilişlə axtarış keçirilən zamanı həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Daha sonra onun barəsində məhkəmə tərəfindən ev dustaqlığı qətimkan tədbiri seçilmiş, o tutulmadan buraxılmışdır. Bundan sonra 03 sentyabr 2023-cü il tarixdə yenə də polis əməkdaşı Şahid1 onu yaşadığı ünvana gəlmiş, onu polis şöbəsinə aparmışdır. Polis şöbəsində aparılan zaman üzərində heç bir qadağan edilmiş əşya olmamışdır. Yenə də o Faiq Baxşıyev tərəfindən döyülmüş, üzərinə psixotrop maddə metamfetamin qoyulmuşdur. O yenə də üzərinə şəxsi axtarış keçirilən zaman qorxusundan üzərindən guya aşkar edilmiş psixotrop maddə metamfetaminin ona məxsus olduğunu bildirmişdir. Üzərinə axtarış keçirilən 2 iki halda müdafiəçiyə malik olmuşdur. Lakin digər ifadə vermiş polis əməkdaşları orada olmamış, onu tutmamışlar. Onu saxlayan yalnız Faiq Baxşıyev olmuşdur. Təqsirləndirilən şəxs son sözündə barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o ünvan 3-də yaşayır, subaydır və heç bir yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Narkotik vasitə olan heroindən istifadə edir, narkotik vasitələr qəbul etməyəndə bədənində kəskin ağrılar olur. 07 avqust 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhərində, Böyük Bazar adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat pul qarşılığında 01 ədəd bükümdə narkotik vasitə olan heroini öz istifadəsi üçün almış, həmin gün, yəni 07 avqust 2023-cü il tarixdə o, Lənkəran şəhəri, Ş.Zahid küçəsi ilə hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu demiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, şöbənin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün öz istəyi əsasında dövlət hesabına vəkil Əbdülhəsən Əzimov təyin edilmiş, daha sonra vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməyini ona bildirilmişdir. O da əynindəki şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini bükümünü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi bükümün içərisinə baxış keçirilmiş və həmin bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə heroindir, ona məxsusdur. Həmin kütləni 07 avqust 2023-cü il tarixdə Lənkəran şəhəri Böyük Bazar ərazisində tanımadığı şəxsdən 10 manat pulun qarşılığında almışdır. Təqdim etdiyi kütlə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra 08 avqust 2023cü il tarixdə barəsində müvafiq sənədlər tərtib olunmuş, ona oxunmuş və o da həmin sənədlərin düzgünlüyünü imzasıyla təsdiq etmişdir. Bunun ardınca barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi üçün iş materialları məhkəməyə təqdim edilmişdir. Məhkəmə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçmiş və azad edilmişdir. Bir neçə həftə qətimkan tədbirinin şərtlərinə əməl etmiş, daha sonra bir neçə dəfə narkotik vasitə qəbul etmək istəmiş, lakin özünü saxlamış, buna baxmayaraq daha çox dözə bilməyib 03 sentyabr 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhərində, Böyük Bazar adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat pul qarşılığında 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini öz istifadəsi üçün almışdır. Həmin gün, yəni 03 sentyabr 2023-cü il tarixdə o, Lənkəran şəhəri, Ş.Zahid küçəsi ilə hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu dedilər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş və şöbənin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün öz istəyi əsasında dövlət hesabına vəkil Elşən Musazadə təyin edilmiş, daha sonra vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməyi ona bildirilmiş, o da əynindəki şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamin bükümünü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi bükümün içərisinə baxış keçirilmiş və həmin bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə metamfetamindir, ona məxsusdur. Həmin kütləni 03 sentyabr 2023-cü il tarixdə Lənkəran şəhəri Böyük Bazar ərazisində tanımadığı şəxsdən 10 manat pulun qarşılığında almışdır. Təqdim etdiyi kütlə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir, daha sonra bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərində aşkarlanmış narkotik vasitə və psixotrop maddəni öz istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Bundan başqa o, polis şöbəsinə gətirilərkən və gətirildikdən sonra hər hansı bir təsir və təzyiqə məruz qalmamışdır. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CABnin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis baş leytenantıdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlandıqdan sonra tərəfimdən əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibində onunla birlikdə Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 və NMQ-nun əməliyyat müvəkkili polis mayoru Şahid1 da iştirak etmişdir. 07 avqust 2023-cü il tarixdə saat 11 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Əlizadə X2 şəhəri, Ş.Zahid küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsinin xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi Əbdülhəsən Əzimov dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi və müdafiəçi Əbdülhəsən Əzimovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan kütləni təqdim etmişdir. Təqdim edilən bükümə baxış keçirilən zaman içərisində heroinə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroindir, həmin büküm özünə məxsusdur, Lənkəran şəhəri Böyük Bazar adlanan ərazidə tanımadığı narkotik vasitə istifadəçisi olan şəxsə 10 manat vermiş və narkotik vasitəni almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin kütlə elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə istintaqında Şahid3 digər Şahid2 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. (buna görə də məhkəmə həmin ifadələri təkarlamağa zərurət görmür) Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CABnin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində çalışır, polis mayorudur. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 icraatına daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlandıqdan sonra Şahid2 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibində onunla birlikdə Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 da iştirak edirmiş. 07 avqust 2023-cü il tarixdə saat 11 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Əlizadə X2 şəhəri, Ş.Zahid küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsinin xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan kütləni təqdim etmişdir. Təqdim edilən bükümə baxış keçirilən zaman içərisində heroinə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroindir, həmin büküm özünə məxsusdur, Lənkəran şəhəri Böyük Bazar adlanan ərazidə tanımadığı narkotik vasitə istifadəçisi olan şəxsə 10 manat vermiş və narkotik vasitəni almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin kütlə elektron tərəzidə çəkildikdən sonra ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. 08 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Lənkəran rayon məhkəməsi tərəfindən “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Bundan başqa 03 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı icraatına daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlandıqdan sonra onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilərək əməliyyat qrupu yaradılmış, qrupun tərkibində ondan başqa Lənkəran ŞRPŞ-nin PPXBnün polis nəfəri, polis serjantı Şahid5 və Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru Şahid4 da iştirak etmişdir. 03 sentyabr 2023-cü il tarixdə saat 09 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Əlizadə X2 şəhəri, Ş.Zahid küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsinin xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan 01 ədəd sellofan bükümdə olan kütləni və 02 ədəd alışqanı təqdim etmişdir. Təqdim edilən bükümə baxış keçirilən zaman içərisində ağ rəngli, kristal formalı olan psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edildi. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr psixotrop maddə metamfetamindir, həmin bükümlər özünə məxsusdur, Lənkəran şəhəri Böyük Bazar adlanan ərazidə tanımadığı psixotrop maddə istifadəçisi olan şəxsə 10 manat vermiş və psixotrop maddəni almış, psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin kütlə elektron tərəzidə çəkilərək ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədilə şöbədə əməliyyat-axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Lakin onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Məhkəmə istintaqında Şahid5 digər Şahid1 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. (buna görə də məhkəmə həmin ifadələri təkarlamağa zərurət görmür) İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 07 avqust 2023-cü il tarixdə saat 11:30-da saxlanılmış, saat 11:55-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 07 avqust 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 12:05-də Lənkəran ŞRPŞ-də xidməti otaqlarının birində müdafiəçinin iştirakı, videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə şəffaf sellofana bükülmüş kütlə aşkar edilmişdir. Həmin bükümün içinə baxış zamanı spesifik iyə malik, qəhvəyi rəngli, toz formasında narkotik vasitə olan heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Bükülü elektron tərəzidə çəkilərək 0,58 qram olması müəyyən edilmiş və ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən götürülmüş kütlə narkotik vasitə heroindir və öz istifadəsi üçün üzərində saxlamışdır. Üzərində aşkarlanmış narkotik vasitəni Lənkəran şəhəri Böyük Bazar adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 07 avqust 2023-cü il tarixli 19/781 saylı rəyində qeyd olunur ki, -tədqiqata təqdim edilmiş üzərində: «Təqsirləndirilən şəxs məxsus 1 ədəd büküm.....» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,558 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram heroin sərf edilmiş, tədqiqatdan sonra 0,508 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(049)-227/2023 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığının əvvəli 08 avqust 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 791 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət aşkar olunmamışdır. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2023-cü il tarixdə saat 09:00-da saxlanılmış, saat 09:30-da şübhəli şəxs qismində tutulmuşdur. «Şəxsi axtarış və götürmə aparılması haqqında» 03 sentyabr 2023-cü il tarixli protokoldan və DVD diskdən görünür ki, həmin tarixdə saat 09:40-da Lənkəran ŞRPŞ-də xidməti otaqlarının birində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən, əynindəki şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə kütlə aşkar edilmişdir. Həmin bükülünün içinə baxış zamanı ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Bükülü elektron tərəzidə çəkilərək 1,08 qram olması müəyyən edilmiş və ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən götürülmüş kütlə psixotrop maddə olan metamfetamindir və öz istifadəsi üçün üzərində saxlamışdır. Üzərində aşkarlanmış psixotrop maddəni Lənkəran şəhəri Böyük Bazar adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 03 sentyabr 2023-cü il tarixli 19/842 saylı rəyində qeyd olunur ki, -tədqiqata təqdim edilmiş üzərində: «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) büküm metamfetaminə bənzər kütlə....» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,735 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqata 0,05 qram metamfetamin sərf edilmiş, tədqiqatdan sonra 0,685 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(049)-245/2023 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 03 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran rayonlararası MNEK-nin xx.xx.2023-cü il tarixli, 859 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs stimulyatorları və opioidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. DİN-nin BƏSİİ-nə verilmiş tələbnamədən, hökmdən və Lənkəran Rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-5252022 №-li hökmünə əsasəm CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 05 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasının 01 ay 13 gün hissəsini çəkmiş, çəkilməyən hissəsi 1 il 04 ay 13 gün təşkil edir. Lənkəran şəhər İHB-nın 1 saaylı ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli Arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası və qardaşı ilə birlikdə ünvan 3 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası medalının vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs «Xocavəndin azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunmuşdur. «Sübutların qiymətləndirilməsi» haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,508 qram narkotik vasitə heroin və 0,685 qram psixotrop maddə metamfetamin və 2 ədəd DVD disk maddi sübut qismində tanınmış, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilməsi və 2 ədəd DVD diskin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün ibtidai istintaqda verdiyi etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində özünü təqsirli bilməməsi, istər xx.xx.2023-cü il tarixdə, istərsə də xx.xx.2024-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilərkən hər hansı qanunla qadağan olunmuş əşyanın olmaması, yalnız polis əməkdaşı Faiq Baxşıyevin onun evindən tutaraq aparması və polis şöbəsində döyülməsi ilə bağlı ifadələrinə qiymət verərək hesab edir ki, həmin dəlillər iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlar təkzib edildiyindən özünü müdafiə xarakterli dəlillərdir və təqsirləndirilən şəxsə elan edilmiş ittiham üzrə bəraət verilməsi üçün əsas kimi qəbul olun bilməz. Belə ki, təqsirləndirilən şəxsin üzərinə baxış keçirildikdən sonra hər iki dəfə, yəni xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə o tibbi ekspertizadan keçirilmiş və bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Digər tərəfdən müdafiə tərəfinin vəsatəti əsasında məhkəmənin verdiyi sorğu əsasında təqdim edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və daxil olarkən bədənində hər hansı xəsarət olmamışdır. Göründüyü kimi təsqirləndirilən şəxsin döyülməsi barədə ifadələr yuxarıda qeyd edilənlərlə təkzib edilir. Məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməli olmasını təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarlar onun CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı göstərdiyi igidlik və şücaiətə görə medallarla təltif olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə 1 il 5 ay 26 gün müddət azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixədək 01 ay 13 gününü çəkmiş, 1 il 4 ay 26 gün çəkilməmiş cəzası qalmışdır. CM-nin 18.4.4-cü maddəsinə əsasən o əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı cəza çəkmədiyindən əməlində cinayətlərin residivi yaranmır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsina və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən yuxarıda qeyd olunan normalarından göründüyü kimi, məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı göstərdiyi igidli və şücaiətə görə «Xocavəndin azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin təkrar törədilməsini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 67.1-ci və 68.1.1-1-ci maddələrinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş qalan 1 il 4 ay 13 gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrum etmə cəzasının bir günü kimi hesablanmaqla hazırda təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Belə ki, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 07 avqust 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan və polinarkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 0,508 qram narkotik vasitə heroin və 0,685 qram psixotrop maddə metamfetamin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 2 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə məsfərləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 120(bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 9(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 1(bir) il 4(dörd) ay 13(on üç) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günə bir gün hesabı ilə 8(səkkiz) ay 6(altı) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş 9(doqquz) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 07 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan və polinarkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 0,508 qram narkotik vasitə heroin və 0,685 qram psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 2 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 120(bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar