Məhkəmə qərarları › İş №1(049)-56/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-56/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-56/2024 30.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16.15 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2 iştirakları ilə xx xxxxxx 1966-cı il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublilasının vətəndaşı, Lerik rayonu, Cəngəmiran kəndində qeydiyyatda olmaqla yaşayan, subay, orta təhsilli, Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.3, 66.5-ci maddələri ilə 3 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 09 ay 10 gün vaxtından əvvəl şərti azad edilmiş, həmçinin, Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3, 76.6.3 və 67.1-ci maddələri ilə 03 il mddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3; 177.2.4; 29,180.2.2 və 29,1880.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdara ziyan vurub oğurluq etmiş və təkrarən yaşayış sahəsinə qanunsuz girməklə özgənin əmlakını açıq olaraq talayıb soyğunçuluq etməyə cəhd etmişdir. Belə ki, o, 29 may 2023-cü il tarixdə, saat 08-dən saat 16-ya qədər olan müddət ərzində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə hərəkət edərək Zərərçəkmiş şəxs1 məxsus olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi Şimali Dres yaşayış massivində inşa edilmiş fərdi yaşayış evinə sonuncunun qaz açarının üzərinə qoyduğu açardan istifadə edib evin qapısını qapını açarla açaraq həyətyanı sahəyə qanunsuz olaraq daxil olduqdan sonra pəncərəni daşla sındırıb nərdivandan istifadə edib pəncərədən fərdi yaşayış evinə daxil olaraq yataq otağında keçib orada olan dolabdan ümumi dəyəri 5000 manat olan, 1 cüt sırğa, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı və 1 ədəd üzükdən ibarəd olan qızıl komplekti, 1 ədəd 2 qram çəkisi olan 200 manat dəyərində qızıl qolbaq, bir ədədinin qiyməti 50 manat, ümumi qiyməti 100 manat olan iki ədəd 3 qram çəkisi olan gümüş üzük, bir ədəd 6 qram çəkidə olan 100 manat dəyərində gümüş boyunbağı, bir ədəd 8 qram çəkidə olan 150 manat dəyərində gümüş sırğa, içərisində 100 manat pul olan 15 manat dəyərində (pul qabı), 80 manat dəyərində 1 ədəd əl çantası olmaqla Zərərçəkmiş şəxs1 məxsus, xeyli miqdar təşkil edən 5745 manat qiymətində özdə əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 07 iyul 2023-cü tarixdə axşam saat 19 radələrində Lənkəran rayonu, Velədi kəndində Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək həmin evin küçə qapısının və evin giriş qapısının qıfıllarını sındırıb yaşayış sahəsinə qanunsuz daxil olduqdan sonra evin 2-ci mərtəbəsinə qalxıb, yataq otağına girərkən bu vaxt yataq otağında qarşılaşdığı xx xxx 2013-cü il təvəllüdlü Şahid3 onu müşahidə etməsini şüurlu surətdə anlayıb bunu dərk etməsinə baxmayaraq əhəmiyyət verməyib sonuncunun gözü qarşısında özgənin əmlakını soyğunçuluq, yəni açıq talamaq qərarına gəlib bu məqsədlə əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərək termonun üzərində olan 20 manat dəyərində pulqabı, pulqabının içərisində olan 22 manat pul, termonun üstündəki qiyməti 2000 manat olan 1 ədəd 28 qramlıq qızıl qolbaq və qiyməti 10 manat olan bijuteriya olmaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 2052 (iki min əlli iki) manat qiymətində əmlakını özü ilə götürüb çantasına qoyub həyətə çıxarkən özü ilə götürdüyü əmlakdan istifadə etmək və onun üzərində sərəncam vermək üçün real imkan əldə etmədən sonuncunun qohumu X4 onu görüb itələdiyindən və əlindəki çantanı götürüb əşyalarla birlikdə aldığı üçün oradan uzaqlaşdığından öz iradəsindən asılı olmayan həmin səbəblərə görə niyyətini başa çatdıra bilməyərək təkrar yaşayış sahəsinə qanunsuz girməklə Zərərçəkmiş şəxs2 məxsus 2052 manat qiymətində özgənin əmlakını açıq talamağa, yəni soyğunçuluğa cəhd etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər dəfələrlə məhkum edilmişdir və yeni azadlığa çıxmışdır, valideynləri vəfat etmişdir. İttiham olunduğu əməllərdən Bakı şəhəri, Xəzər rayonu ərazisində baş vermiş oğurluğu o, törətməmişdir. Lənkəran rayonunda törətdiyi əməl zamanı da azyaşlı uşağın evdə olmasını görməmiş və bilməmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədə verdiyi ifadəsində fərqli olaraq ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilməklər araşdırılmış cinayət işinin 246-24-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, “əslən Lerik rayonu Cəngəmiran kəndindəndir və qeydiyyatı oradır. Subaydır, heç bir yerdə işləmir. Əvvəllər oğurluq əməlinə görə məhkum olunmuşdur. 27 may 2023-cü il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar cəzaçəkmə müəssisəsindən çıxmışdır. Qızının Bakı şəhəri Yasamal rayonunda yerləşən evinə getmişdir. 29 may 2023-cü il tarixdə şəhərə çıxıb gəzmək qərarına gəlmişdir. Cibində yol pulu olmuşdur. Müxtəlif marşrutlar dəyişərək gəzirmiş. Saat, təxminən, 14 radələrində Xəzər rayonuna gəlib çıxmışdır. Orada fərdi yaşayış evləri olan küçədə gəzən zaman gözünə bir ev çarpmışdır. Həmin evə yaxınlaşmış, heç kəs olmamışdır. Həyətin qapısı bağlı olmuşdur. Küçədə olan qaz sayğacının arxa hissəsinə baxan zaman açarı orada tapmışdır. Ora baxmağına səbəb insanların çox zaman darvazının açarını sayğac qutusunun ya arxasında, ya da içərisində gizlətməyi olmuşdur. Əvvəllər dəfələrlə məhkum edildiyindən bu məsələləri yaxşı bilir. Darvazanı açıb həyətə daxil olmuşdur. Həyətdə mişar daşından tikilmiş birmərtəbəli ev olmuşdur. Evin arxa hissəsinə getmiş, həyətdə tapdığı daşla pəncərənin şüşəsini sındırmış, sonra isə həyətdə tapdığı dəmirdən düzəldilmiş nərdivanı evin arxa hissəsində olan pəncərəyə söykəyərək evə daxil olmuşdur. Daxil olduğu otaq yataq otağı olmuşdur. Orada olan dolabları axtarmağa başlamışdır. Dolabdan müxtəlif qızıl-zinət əşyaları, içərisində 100 manat pul olan pulqabı və bir ədəd çanta götürmüş, daha sonra isə gəldiyi formada əvvəlcə evdən, sonra isə həyətdən çıxmışdır. Oğurladığı qızıl-zinət əşyalarını Yasamal rayonunda olan tanımadığı qızıl mağazalarından birinə, ümumilikdə, 1000 manata satmış, pulqabının içərisində olan pulu götürüb pulqabını və çantanı atmışdır. Bir neçə gündən sonra isə Lerik rayonuna qayıtmış və pulu şəxsi ehtiyaclarım üçün xərcləmişdir. Cəzaçəkmə müəssisəsindən yenicə çıxdığından qorxurmuş, bu səbəbdən də törətdiyi oğurluq əməlini etiraf etməmişdir. Daha sonra Lənkərana gəlməyə qərar vermişdir. Belə ki, 07 iyul 2023-cü il tarixdə Lerik rayonunda olan yol maşınlarından birinə minib Lənkəran rayonunda düşmüşdür. Daha sonra piyada hərəkət edib adını sonradan bildiyi Lənkəran rayonu Velədi kəndinə gəlmişdir. Velədi kəndində olarkən evlərdən birinə oğurluq etmək qərarına gəlmişdir. 07 iyul 2023-cü il tarixdə saat 19 radələrində tanımadığım evlərdən birinə yaxınlaşıb, küçə qapısının qıfılını sındırdım və həyətə daxil oldum. Həyətə daxil olduqda ona məxsus, içərisində paltar olan çanta əlində olmuşdur. Daha sonra evin qapısından evə daxil olmuşdur. Evə daxil olduqda ikinci mərtəbəyə qalxmış və həmin mərtəbədə olan yataq otağına girmişdir. Yataq otağında olarkən otağı axtarmağa başlamışdır. Güzglü şkafın qarşısına gedib orada olan əşyaları götürərkən qapıda azyaşlı uşağın dayanıb mənə baxdığını gürmüşdür. Lakin əməlindən əl çəkməyərək davam etmişdir. Belə ki, otaqda olarkən 1 ədəd pul qabı görmüş və içində pul olduğunu düşünüb götümüşdür, həmin pulqabını əlində saxladığı, özünə məxsus çantanın içərisinə qoymuşdur. Daha sonra güzgülü şkafın qarşısında 1 ədəd reket qızıl qolbaq, 1 ədəd bijuteriya olduğunu görmüşdür. Evdən əldə etdiyi bütün əşyaları çantanın içərisinə qoymuşdur. Daha sonra qapıda dayanıb onu izləyən uşağı keçib otaqdan çıxmışdır. Tez-tələsik aşağı düşüb həyətdən çıxmaq istədikdə küçə qapısında dayanan tanımadığı qadın onu itələyərək əlindəki çantanı almışdır. O da yaxalanmamaq üçün qaçmağa başlamışdır. Qaçarkən bir iki dəfə ayağı fırlanıb yerə dəymiş və xəsarətlər almışdır. Daha sonra su kanalı görüb özünü kanala atmaq istəmiş, həmin zaman kolluqdan keçərkən qolları, ayaqları xəsarət almışdır. Kolluqdan keçdikdən sonra özünü kanala atmışdır. Bir müddət suda qaldıqdan sonra kanalın digər tərəfindən çıxmaq qərarına gəlmişdir. Kanaldan çıxdıqda artıq kənd camaatının və polis əməkdaşlarının onu gözlədiklərini görmüşdür. Kanaldan çıxdıqda polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. Qeyd edilən əməli tək töprətmiş, uşağın evdə onu izlədiyini gördükdən sonra da əməlini davam etdirmişdir. Xəzər Rayon Polis İdarəsindən daxil olmuş cinayət işində qeyd edilən oğurluq hadisəsi ilə əlaqədar bildirmişdir ki, Lakin sonradan o dərk etmişdir ki, hadisə yerindən ona məxsus barmaq izləri çıxmışdır, bu səbəbdən də inkar etməyin mənasız olduğunu başa düşür.” Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 07 iyul 2023-cü il tarixdə axşam saat 19 radələrində oğlu Mübariz ilə evdən çıxmış və fərdi yaşayış evinin küçə qapısını qıfılla bağlamışdır. Oğlu Mübarizi anasıgilə yola salmış, özü isə şəxsi işləri ilə bağlı xalasıgilə getmişdir. Bir müddət keçdikdən sonra Mübariz ona zəng edərək evlərinin küçə qapısının qıfılının sındığını, tanımadığı bir qadının evlərinə girdiyini bildirmişdir. Daha sonra həmin qadın oğlunun onu gördüyünü demişdir. Həmin qadın ona məxsus 1 ədəd 28 qramlıq, 2000 manat dəyərində reket qızıl qolbağı, 1 ədəd 20 manat dəyərində pulqabını, pulqabının içərisində olan 22 manat pulu, 1 ədəd metro kartı, 1 ədəd “Kapital bank”a məxsus kartı, 1 ədəd işıq sayğacı kartı, 1 ədəd “ABB”-yə məxsus debit kartı, oğluna məxsus şəxsiyyət vəsiqəsini və 1 ədəd 10 manat dəyərində bijuteriyanı götürüb evdən çıxmış, qapıda çıxarkən bibisinin gəlini Vəsilə Bəşirova həmin qadının həyətlərindən çıxdığını görmüş, əlindəki çantanı almışdır. Daha sonra onun evindən oğurluq edən həmin qadın kolluğa girərək qaçmışdır. Daha sonra Vəsilə Bəşirova onu mobil telefonla yığaraq hadisə barədə məlumat vermişdir. O da dərhal evə gəlmişdir. Vəsilə Bəşirovanın həmin qadının əlindən aldığı çantaya baxdıqda ona məxsus bütün əşyalar çantanın içərisində olmuşdur. O da həmin əşyaları götürmüşdür. Daha sonra isə dərhal hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən qısa müddətdə həmin qadın saxlanılmışdır. Ona, ümumilikdə, 2052 manat maddi ziyan dəymişdir. Ona vurulmuş ziyan tam olaraq ödənilmişdir, buna görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 cinayət işinin 230-231-ci vərəqlərində olan və məhkəmədə elan edilməkdə araşdırılmış ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospektində yerləşən Yeni Klinikada kiçik tibb bacısı işləyir. Hadisə baş verən gün, yəni 29 may 2023-cü il tarixdə saat 08 dən saat 16:30 dək olan müddət ərzində işdə olmuşdur, oğlu isə onunla birlikdə işdə olmuş, evdə heç kəs olmamışdır. Evə qayıdanda pəncərənin şüşəsinin sınıq olduğunu görüb əvvəlcə düşünmüşdür ki, kimsə daşla pəncərəsinin şüşəsini sındırıb. Sonradan evə daxil olanda ona məlum olmuşdur ki, evə oğru daxil olub, çünki ev dağınıq vəziyyətdə olmuşdur. Əlavə olaraq bildirir ki, darvazanın açarını həmişə qaz sayğacının arxa hissəsinə qoyur. O, evə qayıdanda darvaza açıq olsa da ilkin olaraq başa düşməmişdir. Naməlum şəxs və ya şəxslər darvazanı açarla açıb pəncərəni sındırmaq yolu ilə evə daxil olaraq yataq otağında dolabda olan ümumi dəyəri 5000 manat olan qızıl komplekti (1 cüt sırğa, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 ədəd üzük), 1 ədəd 2 qram çəkidə, dəyəri 200 manat olan qızıl qolbağ, ümumi dəyəri 100 manat olmaqla hər birinin dəyəri 50 manat olan ayrı- ayrılıqda 3 qram çəkidə 2 ədəd gümüş üzük, 1 ədəd 6 qram çəkidə 100 manat dəyərində gümüş boyunbağı, 1 cüt 8 qram çəkidə dəyəri 150 manat olan gümüş sırğa, içərisində 100 manat pul olan 15 manat dəyərində pulqabı, 1 ədəd 80 manat dəyərində əl çantasını oğurlamışlar. Oğurluq nəticəsində ona 5745 manat ziyan dəymişdir. Qızıllar 583 əyarda olmuşdur. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram göndərərək Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona vurulmuş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 iyul 2023-cü il tarixdə Lənkəran rayonu Velədi kənd sakini Zərərçəkmiş şəxs2 DİN-in102 xidməti-zəng mərkəzinə müraciət edərək evinin qapısının sındırılması yolu ilə evinə daxil olan şəxsin evdən qızıl-zinət əşyaları və pul oğurlamaq istədiyini, qadının yaxınlıqda gizləndiyini bildirib polis əməkdaşlarının hadisə yerinə gəlməsini istəmişdir. O da ərazinin əməliyyat müvəkkili olaraq sahə rəisi Şahid2la birlikdə əraziyə getmişdir. Ərazidə müşahidə apardıqdan sonra cinayəti törətməkdə şübhəli şəxs olan Təqsirləndirilən şəxs orada aşkar etmişlər. Sonuncuya yaxınlaşıb özlərini təqdim etmiş və izahatının alınması üçün polis şöbəsinə dəvət etmişlər. Baödagül Səmədova heç bir narazılıq etmədən onlarla gəlməyə razılıq vermiş və şöbədə verdiyi izahat və ifadələrində törətdiyi əməli etiraf etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsində polis sahə rəisi vəzifəsində işləyir. 07 iyul 2023-cü il tarixdə Lənkəran rayonu Velədi kənd sakini Zərərçəkmiş şəxs2 DİN-in102 xidməti-zəng mərkəzinə müraciət edərək evinin qapısının sındırılması yolu ilə evinə daxil olan şəxsin evdən qızıl-zinət əşyaları və pul oğurlamaq istədiyini, qadının yaxınlıqda gizləndiyini bildirib polis əməkdaşlarının hadisə yerinə gəlməsini istəmişdir. Ərazinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə əraziyə getmişdir. Ərazidə müşahidə apardıqdan sonra cinayəti törətməkdə şübhəli şəxs olan Təqsirləndirilən şəxs orada aşkar etmişlər. Sonuncuya yaxınlaşıb özlərini təqdim etmiş və izahatının alınması üçün polis şöbəsinə dəvət etmişlər. Baödagül Səmədova heç bir narazılıq etmədən onlarla gəlməyə razılıq vermiş və şöbədə verdiyi izahat və ifadələrində törətdiyi əməli etiraf etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 оğlu ifаdəsində göstərdi ki, Lənkəran rayonu Velədi kəndində ailəsi birlikdə yaşayır. Orta məktəbin 4-cü sinfini bitirmişdir. 07 iyul 2023cü il tarixində 19 radələrində anası ilə birlikdə evdən çıxıb nənəsigilə getmişdir. Evdən çıxarkən anası küçə qapısını açarla bağlayıb açarı ona vermişdir. O da velosipedi ilə nənəsigilə baş çəkib qısa müddətdə evə qayıtmışdır. Həyət qapısına yaxınlaşarkən qapının kilidinin qırıldığını görmüşdür. İlk olaraq anasının evə gəldiyini düşünmüşdür. Evin ikinci mərtəbəsinə qalxmışdır. Yataq otağının işığının yandığını görüb ora yaxınlaşmışdır. Bu zaman tanımadığı bir şəxsin yataq otağında olan güzgünün qabağında olduğunu görmüşdür. İlk olaraq həmin şəxsin qohumlarından kimsə olduğunu düşümüşdür. Həmin qadın ondan orada nə etdiyini soruşmuşdur. O da qorxduğu üçün bir söz deməmişdir. Daha sonra həmin şəxsin evlərinə oğurluq etmək üçün girdiyini anlamışdır. Həmin qadın gözünün qarşısında otaqdakı güzgünün qarşısında olan əşyaları götürüb otaqdan çıxmışdır. Küçə qapısından çıxarkən qapını bərk sıxmışdır ki, həmin qadının arxasınca getməsin. Bu zaman qohumu olan Vəsilə adlı şəxs həmin qadını görüb onun əlindəki çantanı almışdır. Həmin qadın qaçmağa başlamışdır, qaçarkən yolda yıxılmış, lakin yenidən qalxıb qaçmağa davam etmişdir. O da dərhal anasına zəng edib hadisə ilə bağlı məlumat vermişdir. Cinayət işinin 84-cü vərəqrində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 24 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Lənkəran ŞRPŞ-dən 08 iyul 2023-cü il tarixli məktub vasitəsilə 07 iyul 2023-cü il tarixdə Lənkəran rayonu Velədi kəndində yerləşən X1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 17 iyul 2023-cü il tarixdə idarəyə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi xx xxxxxx 1966-cı il tarixdə Lerik rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağı (9 nömrəli razetkanın üzərindən götürülmüş iz) və sol əlinin ovucu (dəhlizin 1 nömrəli giriş qapısının çöl tərəfindən götürülmüş iz) ilə eynilik təşkil etmişdir. Cinayət işinin 138-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş DİNin Kriminalistik Tədqiqatlar İdarəsinin 07 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Xəzər Rayon Polis İdarəsinin 30 may 2023-cü il tarixli məktubu vasitəsilə 29 may 2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimali Dres yaşayış sahəsi ünvanında yaşayan vətəndaş Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 31 may 2023-cü il tarixdə idarəyə daxil olmuşdur. Həmin əl izləri KRİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ıdıdi xx xxxxxx 1966-cı il ildə Lerik rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət (pəncərə üzərindən götürülüb) barmağının əksi və sol əlinin ovuc (pəncərə üzərindən götürülüb) əksi ilə eynilik təşkil etmişdir. Cinayət işinin 236-cı vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş mütəxəssis rəyindən görünür ki, bir ədəd 583 əyarlıq 28 qramlıq reket qızıl qolbağın orta bazar qiyməti 1960 manat, bir ədəd sadə pulqabının orta bazar qiyməti 20 manat, bir ədəd, ictimai nəqliyyat vasitələrində ödəniş üçün nəzərdə tutulmuş kartın orta bazar qiyməti 5 manat, bir ədəd sadə zinət əşyasının orta bazar qiyməti 10 manat, bir ədəd 583 əyarlıq 2 qram çəkidə olan qızıl qolbağın orta bazar qiyməti 180 manat, bir ədəd 3 qram çəkisi olan gümüş üzüyün orta bazar qiyməti 50 manat, bir ədəd 6 qram çəkisi olan gümüş boyunbağının orta bazar qiyməti 120 manat, bir cüt 8 qram çəkisi olan gümüş sırğanın orta bazar qiyməti 160 manat, bir ədəd qadın dəri əl çantasınının orta bazar qiyməti 80 manatdır. Cinayət işinin 251-257-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Sübutların tanınması haqqında” 15 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd bijuteriya, 1 ədəd 26 qramlıq reket qızıl qolbaq, bir ədəd pulqabı, Təqsirləndirilən şəxs məxsus olan əl-barmaq izlərinin salanıldığı 02 (iki) ədəd zərf maddi sübut qismində tanınmış, qeyd edilən əşyalar saxlanılmasından ötrü Zərərçəkmiş şəxs2 qaytarılmış, zərflər cinayət işi materiallarında saxlanılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlər ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, mütəxəssis rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, xüsusilə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimali Dres yaşayış sahəsi ünvanında yaşayan vətəndaş Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq etməməsi, habelə Lənkəran rayonu Velədi kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evdə azyaşlı uşağı görməməsinə dair ifadələri məhkəmə iclasında araşdırılmış Şahid3 ifadəsi ilə yanaşı DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin məktubları ilə də tam təkzib edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. CM-nin 177-ci maddəsinin “Qeyd”inin 2-ci bəndinə əsasən Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. CM-nin 177-ci maddəsinin “Qeyd”inin 3-cü bəndinə əsasən Bu Məcəllənin 177—183cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3, 177.2.4, 29,180.2.2 və 29,180.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 21-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “tutulma haqqında” 08 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 59-60-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 iyul 2023-cü il tarixdən hesab edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnmə və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ümümilikdə on bir dəfə məhkum edilmiş, o cümlədən Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin xx.xx.2003-cü il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 79-cü maddəsi ilə uşağı 8 yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınmışdır. Bundan başqa, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-nin 177.3.3-cü maddəsi ilə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67-ci maddəsi ilə xx.xx.2003-cü il tarixli hökmlə qəti 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə 2 il 11 ay 25 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 29,177.3.3 və 67.1-ci maddələri ilə 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2011-ci il tarixli qərarla cəzası 8 il azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Xətai rayon məhkəməsinin CM-yə dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli qanun tətbiq edilərək xx.xx.2011-ci il tarixli məhkum edilməsi barədə qərar, Apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cinayət əməlinə xitam verilərək əvvəlki hökmlə təyin edilmiş 2 il 11 ay 26 gün çəkilməmiş qalan cəzası çəkmiş hesab olunduğundan cəzadan azad edilmişdir. Bundan başqa, Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddələri ilə 3 il 6 ay azadlıqdan məhum etmə cəzasına məhkum edilmiş, Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 09 ay 10 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2021-ci ildə qeydiyatdan çıxarılmışdır. Bundan başqa, Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.3, 66.5-ci maddələri ilə 3 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 09 ay 10 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa, Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3, 76.6.3 və 67.1-ci maddələri ilə 03 il mddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin xx.xx.2003-cü il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 6 il müddətə azadlıqdan məhrum etmə cızasına məhkum edilmiş, CM-nin 79-cü maddəsi ilə uşağı 8 yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınmış Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda onun zərərçəkmiş şəxsə külli miqdar təşkil edən 1.473.500 və 633.950 manat (həmin tarixli məzənnə ilə) məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. Bundan başqa, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-nin 177.3.3-cü maddəsi ilə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67-ci maddəsi ilə xx.xx.2003-cü il tarixli hökmlə qəti 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə 2 il 11 ay 25 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda onun zərərçəkmiş şəxsə külli miqdar təşkil edən 1.660.000 və 777.200 manat (həmin tarixli məzənnə ilə) məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 29,177.3.3 və 67.1-ci maddələri ilə 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixli qərarla cəzası 8 il azadlıqdan məhrum etmə cəzasına endirilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda onun zərərçəkmiş şəxsə külli miqdar təşkil edən 48 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. Bağdagül Kəkül qızına qeyd edilən hökmlərlə verilmiş ittiham üzrə zərərçəkmiş şəxsə külli miqdar təşkil edən ziyan qüvvədə olan CM-nin əsasən dekriminallaşmışdır. CM-nin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. CM-nin 10.3-cü maddəsində göstərilmişdir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Bundan başqa, Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3, 76.6.3 və 67.1-ci maddələri ilə 03 il mddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 18 və 83-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəx Zərərçəkmiş şəxs2 vurulmuş ziyanı ödəməsi, törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşman olmasını CM-nin 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtrardıqdan iki aydan az müddət keçməmiş yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 iyul 2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iki ədəd zərf CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfinin olmaması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxs1 tərəfindən vurulmuş ziyana görə mülki iddia vermədiyindən ona vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 29,180.2.2 və 29,180.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 29,180.2.2 və 29,180.2.4-cü maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 08 iyul 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut –01 ədəd bijuteriya, 01 ədəd reket qızıl qolbağ və pulqabının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın və 2 ədəd zərf cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs X3 vurulmuş ziyana dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar